• cümə, 26 Aprel, 23:26
  • Baku Bakı 22°C

ABŞ bu cür hesabatlarla kiçik dövlətlərə ağalıq etmək istəyir

04.03.14 09:48 1331
ABŞ bu cür hesabatlarla kiçik dövlətlərə ağalıq etmək istəyir
ABŞ Dövlət Departamenti 2013-cü il üzrə dünyada insan haqlarına dair hesabatında ölkəmizə qarşı hər zaman nümayiş etdirdiyi qərəzli mövqeyini bir daha ortaya qoyub. Qeyd olunub ki, ötən ildə Azərbaycanda insan haqları sahəsində - fikir azadlığı, sərbəst toplaşma və seçkilər zamanı çatışmazlıqlar müşahidə edilib.
Təbii ki, hesabat kəskin etirazla qarşılanıb. Xarici İşlər nazirinin müavini Araz Əzimov Dövlət Departamentinin insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatında yer alan fikirlərin qərəzli olduğunu, mövcud vəziyyəti əvvəlki ilə müqayisə etməklə qiymətləndirməyin ədalətli olduğunu söyləyib: “Hər bir cəmiyyətin öz xüsusiyyətləri var. Nəyisə təbliğ və ya tədris edən bir tərəf, yaxud şəxs əvvəlcə özü buna uyğun olmalıdır. Belə yaxınlaşsaq, bu cür hesabatları, ümumiyyətlə, lazımsız hesab edərdim. Amma bilirəm ki, artıq bu cür məruzələr ABŞ və Qərb ölkələri haqqında da başqa dövlətlər tərəfindən hazırlanır və olduqca əsaslanmış hesab oluna bilər. Burada məruzələri hazırlayan mənbələri də nəzərə almaq lazımdır və heç bir vəchlə deməzdim ki, mənbələr hər zaman obyektiv hesab oluna bilər. İnsan hüquqları ilə bağlı vəziyyətə hökumətin göstərdiyi qayğıdan tutmuş real vəziyyətdə olan inkişaflara qədər bu məsafədə olan boşluqları nəzərdən keçirmək və boşluqlar varsa, onları aradan qaldırmaq üçün yolları göstərmək lazımdır. Bu məsələlərlə Azərbaycanda həm hökumət, həm də qeyri-hökumət təşkilatları məşğuldur. Hökumətin QHT-lərlə əməkdaşlıq etməsi üçün kifayət qədər mexanizmlər var”.
Nazir müavini bu cür halları şişirtməyin əleyhinə olduğunu da açıqlayıb. Bu mövzuda qəzetimizə açıqlama verən politoloq Elşən Musayev də ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı qərəzli, heç bir ciddi status daşımayan bu hesabatının da öncəkilər kimi ümumiləşmiş və şablon xarakter daşıdığını bildirdi: “Hesabatı hazırlayanlar və yayanlar kiçik dövlətlərə münasibətdə sanki subordinasiyanı gözləyirmişlər kimi saxta imic yaratmaq iddiasındadırlar. Halbuki abstrakt prioritetləri ön plana çəkib daha yaxşı gediş etməklə səmimi görüntüyə qismən nail ola bilərdilər. Göründüyü kimi, hələ də “çevir tatı-vur tatı” fəlsəfəsindən kənara çıxmır, klassik təfəkkürlərindən vaz keçə bilmirlər. Adama sual verərlər ki, niyə durduq yerdə 3-4 ildən sonra qərara gəldiniz ki, Azərbaycanda keçirilən seçkilərdə nöqsanlar olub? Yoxsa sizə birdən-birə vəhy gəldi? Bəlkə, “Human Rights Watch” kimi “işverənlər”in donosları köməyinizə çatdı? Prezident seçkiləri ilə bağlı məqamlarda hansı məhdudlaşdırmanı nəzərdə tutursunuz? Sklerozlara xatırlatmaq lazımdır ki, seçkidə hər kəs üçün təbliğat imkanları bərabər yaradılmışdı. Qərəzli davranmaq bu qədər?”
Politoloq vurğuladı ki, müxalifətin yarıtmaz mitinqlərini, Cəmil Həsənlinin təhqiramiz çıxışlarını hər kəs görüb. Hətta onun atdığı iftiraları qüvvədə olan Cinayət Məcəlləsinin müəyyən maddələri ilə tövsif etmək olardı: “Hakimiyyət humanist addım atıb belə bir təşəbbüsdən vaz keçdi. Bir məqamı da deyim ki, amerikanların “QHT-lər haqqında” qanuna edilən dəyişikliklərlə bağlı narahatlıqlarını anlaya bilmirəm. Çox güman, dəyişikliklərdən sonra Qərb əlaltılarını yemləmək üçün bir yol tapa bilməyib. İlqar, Erkin, Xədicə kimilərə qoyulan maya batıb. Departament də bu cür hesabatla özünə ürək-dirək verməyə çalışır. Bir məqamı da deyim ki, hesabatda Azərbaycandakı məhkəmə sisteminin beynəlxalq standartlara uyğun olmadığı qeyd olunub. Sənədi hazırlayanlara demək istəyirəm ki, beynəlxalq standart dediyiniz həbsxanalarda insanları aylarla, illərlə, ailə üzvlərinə belə xəbər vermədən saxlamaqdırsa, bütün Beynəlxalq Konvensiyaları yalnız sizə sərf etdikdə xatırlamaqdırsa, o zaman istəmirik sizin “qanunları”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət ABŞ-ın dünya ölkələrində insan haqlarının təmin olunmasının hansı durumda olması ilə bağlı hesabatlar açıqlamasının səbəbini anlamadığını söylədi: “ABŞ özünü dünyanın başına təyin olunmuş jandarm kimi aparır. Onların hesabatlar hazırlamaq kimi bir öhdəlikləri yoxdur. Bu iş üçün başda BMT olmaqla, Azərbaycanın üzv olduğu Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlar var. Onlar Azərbaycanda insan haqları ilə bağlı məsələlərə birbaşa müdaxilə də edə bilərlər. Buradakı durumu dəyərləndirməyə ixtiyarları çatır. ABŞ-ın bu cür yanaşma ortaya qoymasının səbəbini dəqiqliyi ilə deyə bilmərəm. Təəssüf ki, hesabatı nəzərdən keçirdikdə çox kəskin münasibət sərgiləndiyini görürük. Sanki Azərbaycanda insanlar bir-birini yeyir, bu ölkədə qanlar axır, qeyri-sabit atmosfer var. Hətta guya insanlar küçəyə çıxmağa qorxur, fikrini ifadə edənlər dərhal həbsə atılır. İnternet məkanı, mətbuat boğulur. Amma əslində belə bir şey yoxdur Azərbaycanda. Ölkəmizdə fikrini hər kəs sərbəst şəkildə ifadə edir, istədiyi media orqanı ilə əməkdaşlığını qurur, internetdə fikirlərini paylaşır. Yəni, heç də küçədə insanlar bir-birinə güllə atmır, kimsə döyülmür, öldürülmür. Dünyanın nadir stabil ölkə nümunələrindən olan Azərbaycanda sadalananların heç biri mövcud deyil”.
CASCFEN sədri bir çox ölkələrdə olmuş təcrübəli biri kimi Azərbaycanda heç ABŞ-ın özündə olmayan sabitliyin olduğunu dedi: “Burada insanlar dinc və sülh şəraitində yaşayır. Onların iddia etdiyi kimi ölkəmizdə heç nə qara rəngdə deyil. Təbii ki, müəyyən qüsurlarımız var. Bu, hər bir ölkədə mümkün olan haldır. Çatışmazlıqların olmasında qeyri-adi bir şey yoxdur. Amma bu o demək deyil ki, ABŞ gözüyumulu şəkildə hər şeyin qara olduğunu iddia etməlidir. Seçki məsələsinə gəldikdə isə bunda da ABŞ ifrata varır. Çünki xüsusən, keçən ilin oktyabrında keçirilən seçkilərlə bağlı əksər beynəlxalq müşahidəçilər müsbət rəy veriblər. Düzdür, xırda nüanslar haqda danışılırdı. Hətta radikal rəy vermiş ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları bürosu belə açıqlamasında seçkinin nəticələrinə təsir etməyəcək pozuntuların qeydə alındığını bildirmişdi. Bu o deməkdir ki, seçkilər legitimdir. Nəticələr tanınır və ciddi problemlərlə üz-üzə qalınmayıb. Əfqanıstan, İraq kimi silahların, ağır topların altında seçkiləri keçirilən ölkələrlə bağlı fikirləri müsbət olur, Azərbaycan kimi insanların qarşıdurmaya getmədən səs verdiyi ölkə ilə bağlı isə qərəzli açıqlamalar verirlər. Bu da ondan irəli gəlir ki, ABŞ bir qayda olaraq, kiçik dövlətlərə ağalıq etmək istəyir. Ona görə ölkəmizlə bağlı mənfi rəy yaratmaq yolundadır. Guya bizi beynəlxalq səviyyədə küncə sıxacaqmışlar. Unutmasınlar ki, Azərbaycan artıq o dövlət deyil. Xalqımız birdir, bütövdür, vahiddir. Bizim ölkəmiz onların problem yaratdığı Ukrayna, Suriya, Misirdən fərqli olaraq bu cür avantüralara getməyəcək. İnsanlarımız hər şeyi ağıllı və soyuq başla dəyərləndirməyi bacarırlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər