ABŞ Azərbaycanla əməkdaşlığa üstünlük verir
Dövlət katibi Entoni Blinkenin ölkə başçısı İlham Əliyevlə məhz indi danışması, ermənilərə soyuq duş effekti yaradıb
ABŞ dövlət katibi Entoni Blinken aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür edib. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb.
Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir
Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırmıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib. Prezident İlham Əliyev regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqqlarının təmin olunması, siyasi pluralizmin qorunmasıvə təmin edilməsinin önəmini vurğulayıblar. Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib. Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib. Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayir və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.
Torpağı işğal edilən ölkəni işğalda suçlandırmaq
ABŞ dövlət katibi ilə Azərbaycan Prezidenti arasındakı telefon danışığını, müzakirə olunan məsələləri "Kaspi” qəzetinə şərh edən millət vəkili Sahib Alıyev bildirib ki, indiki həssas məqamda Vaşinqton rəsmisinin Bakı ilə təması mühüm əhəmiyyət kəsb edir. O, bu təmasın Ermənistan Baş naziri Nikol Paşinyanla mart ayının 6-dakı telefon danışığı ilə paralel deyil, ABŞ Prezidenti Co Baydenin uydurma hay soyqırımını tanımasından sonra gerçəkləşməsinə diqqət çəkib. Deputatın qənaətincə, rəsmi Vaşinqtonu hərəkətə gətirən, bununla bağlı Azərbaycanda bütün səviyyələrdə baş qaldıran haqlı narazılıqdır: "ABŞ Azərbaycanın regiondakı rolunu düzgün qiymətləndirərək heç də düzgün olmayan hərəkətindən qaynaqlanan bu narazılığın yumşaldılıması yönündə addımlar atmağa çalışır. Yəni bu təmas da mahiyyətcə Baydeinin buraxdığı "tarixi səhv” öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana edilən telefon zənginin eynisidir. Digər tərəfdən, telefon danışığı zamanı Blinkenin "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bu il də müvəqqəti dayandırıldığını vurğulaması o deməkdir ki, 44 günlük savaşın yaratdığı reallıq ABŞ-ın ürəyincə olmasa da, bununla barışır. Xarıtladım ki, sözügedən üzdəniraq düzəliş 1992-ci ildə "Dağlıq Qarabağın işğalı" və Ermənistana qarşı blokadaya görə tətbiq olunmuşdu. Bax, bu faktın özü də okeanın o tayındakıların beynəlxalq hüquqa yanaşmada nə qədər sayğısızcasına davrandıqlarının və bizə qarşı necə böyük ədalətsizlik etdiklərinin bir göstəricisidir. Onlar torpağı işğal edilən bir ölkəni işğalda suçlandırırdılar. Əgər ABŞ Prezidenti Vətən savaşından sonra "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi müvəqqəti dayandırırsa, demək, o, indiki Azərbaycan dövləti ilə 1992-ci ildəkinin arasındakı fərqi yaxşı dərk edir, bizimlə əməkdaşlığı özləri üçün mühüm sayır və ona görə də qərbdəki bəzi çevrələrin növbəti "işğal” haray-həşirlərinə, sadəcə çərənləmə kimi yanaşmağı üstün tutur”.
Mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsini gecikmiş addım sayıb. Onun fikrincə, Blinkenin daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla danışması və Bakıya zəng etməməsi İlham Əliyevin narazılığına səbəb olmuşdu. Siyasi şərhçi deyib ki, bu baxımdan Vaşinqton-Bakı arasındakı təmas hər iki tərəf üçün vacib idi: "Telefon danışığında ABŞ-ın dövlət katibinin ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirməsi, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd etməsi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulaması və Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirməsi rəsmi Vaşinqtonun Azərbaycana verdiyi dəyəri göstərir. Təsadüfi deyil ki, Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Əlbəttə, ədalətli olardı ki, bu düzəliş, ümumiyyətlə ləğv edilsin. Ancaq mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir. Ağ Evin illərdir düzəlişi dondurması da bizim üçün kafidir”.
"Soyqırımı” ifadəsinin Türkiyəyə aidiyyatı yoxdur
Politoloq qeyd edib ki, ABŞ dövlət katibinin Prezident İlham Əliyevlə məhz indi danışması ermənilər üçün soyuq duş effektidir: "Ermənilər neçə gündür ki, ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı” ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki, Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd var. Orada göstərilib ki, prezidentin "soyqırımı” ifadəsinin Türkiyə Cumhuriyyətinə aidiyyatı yoxdur. Oxşar açıqlama Pentaqondan da yayınlanıb. Ayrıca, Entoni Blinken telefonda dövlət başçısı İlham Əliyevin Amerika Prezidentinin "erməni soyqırımı” ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub. Prezident İlham Əliyevin dilindən "Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır” sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir”.
Rufik İSMAYILOV