AZE | RUS | ENG |

Abidələşən ömür

Abidələşən ömür
Azərbaycan mədəniyyət tarixinə, kino sənətinə adı əbədi həkk olunmuş İzzət Orucova görkəmli alim, məşhur kimyaçı və akademik idi. Amma buna baxmayaraq, onu xatırlayanda kino sənətinin yaradıcıları sırasında şərafətli yeri olan, cəsarəti ilə seçilən bir xanımın həyat yolu göz önündə canlanır. Əslində, İzzət xanım qeyri-üzvi və fiziki kimya sahəsində böyük kəşfləri olan və uzun illər Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri işləmişdir. O, ixtisasca mühəndis idi. 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun texnoloji fakültəsini bitirmişdi. İlk iş yeri də Elmi-Tədqiqat Neft Emalı İnstitutu olmuşdur. Onun bir kimyaçı alim kimi elmə gətirdiyi yeniliklərin sayı çoxdur. İzzət Orucovanın kəşfləri dünya alimlərinə də yaxşı məlumdur və onlar tərəfindən yüksək qiymətləndirilmişdir. Texnika elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi İzzət Orucova xarici ölkələrdə keçirilən simpoziumlarda, konfranslarda elmi məruzələrlə çıxış edirdi. O, həm də bu sahənin ilkinlərindən sayılırdı.

Maraqlısı odur ki, İzzət Orucovanın milli kinomuzun inkişafında elə bir xidməti var ki, hər dəfə məmnunluqla xatırlanacaq, ehtiramla yad ediləcək. O, bizim ilk kino aktrisamızdır. Tamamilə tərs mütənasib olan bu sahələrin hər ikisində zirvələri fəth edə bilən İzzət Orucova sonralar heç bir filmə çəkilməsə də, xidmətləri kino tarixində əbədi qaldı.

Ötənlərə boylandıqca heyrətlənməyə bilmirsən. İzzət Orucova zülmətdə parlayan işıq ömrü yaşayıb. O, elə bir vaxtda cəsarətli addım atdı ki, həmin dövrdə Bakıda qadınlar qara çarşablardan çox uzağa gedə bilmirdilər. İzzəti kinoya dəvət edən, ondakı qabiliyyəti və istedadı üzə çıxaran isə böyük dramaturq və rejissor Cəfər Cabbarlı idi.

Arxiv materiallarından bəllidir ki, Cəfər Cabbarlının "Sevil" pyesinin ilk tamaşası 1928-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Teatrında olmuşdur. Bu tamaşa teatr tarixinə unudulmayan və möhtəşəm məqamları ilə daxil oldu. Səhnədə baş verənlər tamaşaçıları elə məftun etdi ki, pərdə enməmiş qadınlar aldıqları emosional təsirdən ruhlanaraq çarşablarını başlarından atdılar. Bu, qeyri-adi və görünməmiş bir iş idi. Bu, unudulmaz Cəfər Cabbarlının bir ədib və rejissor kimi böyük uğuru oldu. Sevil həqiqətən azadlıq carçısına çevrildi. Onun sədası Azərbaycanı deyil, Yaxın Şərqi də bürümüşdü. Fanatiklikdən, cahillikdən, nadanlıqdan xilas olmağın yolunu təhsildə, maariflənməkdə axtaran Cəfər Cabbarlı Azərbaycan qadınlarını firavan, azad, qurub-yaradan, mübariz və sözün həqiqi mənasında geniş dünyagörüşünə malik şəxsiyyət kimi görmək istəyirdi. Bu niyyətlə də "Sevil" tamaşasından başlayan niyyətini indi kinoda həyata keçirmək arzusuna düşdü. Çətinlik onda idi ki, o dövrdə teatrlarda qadın rollarını adətən kişilər, yaxud da yad millətdən olan aktrisalar oynayırdılar. Həmkarları ona neçə yabançı aktrisa məsləhət görsələr də, Cəfər Cabbarlı inadından dönmürdü. Fikri qəti idi. "Sevil elə bir fərdi xarakterə malikdir ki, onu mütləq türk qızı oynamalıdır". O dövrdə belə bir cəsarət sahibini necə tapmaq olardı? Müsəlman qızlarını filmə çəkilməyə qoyardılarmı? Bu sahədə ilk addım atan aktyorlar belə qınağa çevrilər, hətta bəzən həyatlarına qəsd edilərdi. Məşhur aktyor Hüseyn Ərəblinski məhz belə bir nadanlığın qurbanı olmuşdu. Əlbəttə, ziddiyyətli bir zamanda filmə uyğun aktrisa tapmaq çox müşkül idi. Cəfər Cabbarlı uzun müddət axtarışda oldu. Nəhayət, günlərin birində öz axtardığını tapdı. Tələbə İzzət Orucova rəfiqəsi ilə kinoteatrda səssiz xarici filmə baxarkən unudulmaz ədibin diqqətini çəkdi. İri, cazibədar gözlərin simasında Sevil obrazını görən Cəfər Cabbarlı qət etdi ki, bu qız ilk kino aktrisası olacaq və mütləq qadınların əl-qolunu bağlayan xurafat zəncirlərini məhz o açacaq. Fikrini qızın ailəsinə bildirmək üçün seans başa çatandan sonra rəfiqələrin arxasınca düz onların evlərinə qədər getdi.

İzzət xanımın atası Mirzağa kişi bağban olsa da, geniş dünyagörüşü, mütaliəsi olan bir adam idi. Elmə, mədəniyyətə böyük həvəsi və marağı var idi. Belə bir mühitdə böyüdüyü üçün də İzzət Orucova ali məktəbdə oxuyurdu. Amma dövrün qanun-qaydaları, qohum-əqrəbanın fikirləri, qonum-qonşunun münasibəti Mirzağa kişinin qarşısına ağır sədlər çəkirdi. Teatrı, kinonu sevməsinə baxmayaraq, ata övladının aktrisa olmasını heç zaman qəbul edə bilmirdi.

Cəfər Cabbarlı isə öz təkidində qalmışdı. Bir neçə dəfə sənət dostları, dövrün tanınmış ziyalıları ilə Mirzağa kişini dilə tutmağa çalışsa da, heç bir müsbət nəticə alınmırdı. Həmişə eyni sual, eyni cavab: "Mən nə edim? Axı kino bizlik deyil". Nəhayət, inadkarlıqdan yorulmuş Mirzağa kişi günlərin birində Cəfər Cabbarlını çox mehriban qarşıladı. Bu barədə İzzət Orucova öz xatirələrində yazırdı: "Atam mənim kinoya çəkilməyimə bir şərtlə icazə verdi ki, Cəfərin özü məni faytonla aparacaq və faytonla da geri qaytaracaq. Mənimlə söhbətində də atam demişdi ki, bilirəm, məni danlayacaqlar, amma neyləyim, bu kişinin sözündən çıxa bilmədim".

Beləliklə, "Sevil" filminin çəkilişinə başlandı. Balaş rolunu da Ağasadıq Gəraybəyli oynayırdı. Hələ səsli filmlər meydana çıxmamışdı. Bu səbəbdən İzzət Orucovanın çəkildiyi "Sevil" filmi də səssiz oldu. Ona görə də belə bir filmdə mövzunun təsirli olması, tamaşaçıya çatması baş rolun ifaçılarından çox asılıdır. Cəfər Cabbarlı bir rejissor kimi (o, həmin filmdə ikinci rejissor idi) ekran üçün nəyin gərəkli olduğunu dəqiq bilirdi və kino sənətinin imkanlarından məharətlə istifadə edirdi. Ssenariyə bir sıra epizodlar, əlavə obrazlar salmışdı. Bütün bunların da nəticəsində "Sevil" uğurlu ekran əsərinə çevrildi. Əsas odur ki, Cəfər Cabbarlı istəyinə çatdı. Film öz tamaşaçısını tapdı. Ailə-məişət mövzusunda çəkilməyinə baxmayaraq, "Sevil" Azərbaycan qadınının zəngin daxili aləmini, mübarizliyini əks etdirə bilmişdir.

"Sevil"dən sonra İzzət Orucova "Almaz" filminə çəkildi. Əlbəttə, bu filmlər məzmunca bir-birindən fərqli olsa da, ideyaca çox yaxındır. Aktrisa bu obrazı C.Cabbarlının arzusunca yarada bildi. Bu filmi çəkmək və görmək böyük ədibə qismət olmadı. Kinoşünas Aydın Kazımov yazır ki, əslində, bu filmə Cəfər Cabbarlı özü quruluş verməli idi. O, hətta filmin çəkilişi ilə bağlı bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfil ölüm onun işini yarımçıq qoydu. Həmkarları, eləcə də rejissor Ağarza Quliyev bu filmi Cəfər Cabbarlının işıqlı xatirəsinə ithaf etdilər. "Almaz" kinomuzun sonuncu səssiz filmi oldu. Dialoqlar yazılar vasitəsilə verilmişdi, filmdə hadisələri yalnız musiqi müşahidə edirdi. Bəlkə də, Cəfər Cabbarlı yaşasaydı, İzzət Orucova aktrisalığa "əlvida" deməzdi. Dramaturqun qəfil ölümü onu bərk sarsıtmışdı. Bu səbəbdən də bir daha kinoya çəkilmədi. Amma onun çətinliklə saldığı cığırlarda kino sənətimizin inkişafında böyük xidmətləri olacaq ardıcılları - Həqiqət Rzayeva, Hökumə Qurbanova inamla addımlayırdılar.

İctimai Televiziyada  yayımlanan "Yadıgarlar” verilişinin bir sayını bu unudulmaz sənət və elm fədaisinə həsr etdik. Həmsöhbətimiz, qocaman jurnalist həmkarımız, hörmətli Ülkər Hüseynova maraqlı bir fakt söylədi ki, Bakımızdakı Azad Qadın heykəli məhz İzzət Orucovanın prototipidir. Heykəltəraş Fuad Əbdürrəhmanov bu abidəni işləyərkən İzzət Orucovanın yaratdığı Sevil obrazının cizgilərini əbədiləşdirərək ona belə bir yaşamaq və düşündürmək səadəti bəxş edib. Əlbəttə, aktrisalar da, akademiklər də nəsillər kimi bir-birini əvəz edəcək, amma ilkinlər həmişə yaşar və əvəz edilməzdilər, bizim sevərək xatırladığımız İzzət Orucova kimi...
 
Flora Xəlilzadə 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000