• şənbə, 27 Aprel, 05:48
  • Baku Bakı 14°C

80 yaşlı «Azərbaycan müəllimi»

24.07.14 09:15 3408
80 yaşlı «Azərbaycan müəllimi»
Bu il «Azərbaycan müəllimi» qəzetinin 80 illik yubileyidir. Qəzet 22 iyulda - Milli Mətbuatın 139 illiyinə həsr olunan mərasimdə Mətbuat Şurasının Ali Media Mükafatına üçüncü dərəcəsinə layiq görülüb. Kollektiv bu mükafatı əməklərinə və qəzetin ümumi fəaliyyətinə verilən qiymət kimi dəyərləndirir.
Qəzetin qocaman işçisi, Əməkdar jurnalist Yusif Əliyevlə müsahibəmizdə «Azərbaycan müəllimi»nin keçdiyi tarixi yola nəzər salmaqla bərabər qəzetin bugünkü fəaliyyəti haqqında da söhbətləşdik.
Pedaqoji ictimaiyyətin sevimli mətbu orqanı

- Yusif müəllim, «Azərbaycan müəllimi» qəzeti yüksək mükafata –Ali Media Mükafatına layiq görülüb. Qəzetinizə verilən bu qiyməti necə dəyərləndirirsiniz?
- Bu il qəzetimizin 80 illik yubileyidir. Mənə elə gəlir ki, bu mükafat bizim yubileyə gözəl töhfədir. Təkcə biz yox, oxucularımız da, təhsil ictimaiyyəti də, bu sahədə uzun illər çalışan mütəxəssislər də bu fikirdədirlər ki, «Azərbaycan müəllimi» qəzeti təhsilimizin inkişafında, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində həmişə böyük rol oynayıb və bu gün də fəaliyyətini həmin istiqamətdə davam etdirir. Qəzetimiz əvvəldən götürdüyü xətti – maarifləndirmə, dövlətin təhsillə bağlı siyasətinin işıqlandırılması, təhsildə baş verən yeniliklərin oxuculara çatdırılması, bu sahədəki islahatların izahı və təbliği missiyasını uğurla yerinə yetirir. Hazırkı dövrdə təhsilimizdə gedən bütün proseslər qəzetimizdə öz əksini tapır. Həmçinin bu sahədə olan mövcud problemləri də rəhbər təhsil orqanlarının diqqətinə çatdırırıq. Bütün bunlar yekunda təhsilimizin bugünkü mənzərəsinin qəzetimizdə əks olunmasına yol açır. Təhsildən başqa, qəzetin səhifələrində ölkənin mədəniyyəti, ictimai-siyasi həyatı və s. sahələrə də toxunuruq. Bilirsiniz ki, bu gün dünyaya çıxış imkanları həddindən artıq çoxdur. Ona görə dünyada təhsil sahəsində baş verən mütərəqqi və müsbət meyllər də qəzetimiz vasitəsilə pedaqoji ictimaiyyətə çatdırılır. Mənə elə gəlir ki, Ali Media mükafatı veriləndə qəzetimizin bu fəaliyyəti nəzərə alınıb və bizim əməyimizi yüksək qiymətləndiriblər. Təbii ki, bu mükafat hər nəşrə verilmir. Bu il məhz bizim qəzeti layiq gördüklərinə görə minnətdarlığımızı bildiririk!
- Qəzetin keçdiyi tarixi yol da oxucular üçün maraqlı olar.
- «Qommunist Məarifi» adı ilə ilk dəfə nəşrə başlayan qəzetin ilk nömrəsi 1934-cü il sentyabrın 2-də işıq üzü görüb. Qəzet Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının orqanı kimi fəaliyyətə başlayıb. İndikindən bir qədər kiçik formatda, 4 səhifə həcmində çıxan qəzetin ilk redaktoru 1934-1937-ci illərdə Azərbaycanın xalq maarif komissarı vəzifəsində çalışan Mahmud Ağayev olub. Bu faktın özü əvvəlki araşdırmalarda yol verilmiş bir yanlışlığı düzəltməyə imkan verir. Belə ki, indiyədək mənbələrdə, o cümlədən də Mahmud Ağayevin tərcümeyi-halında onun «Kommunist» qəzetinin redaktoru işlədiyi qeyd olunur. Bizim araşdırmamız isə göstərir ki, o, «Kommunist» qəzetinin deyil, məhz «Qommunist Məarifi» qəzetinin ilk redaktoru olub. Fikrimizcə, yanlışlığın səbəbi qəzetimizin adındakı «kommunist» sözü ilə bağlıdır. Yəqin bu sözlə rastlaşan araşdırıcılar onun «Kommunist» qəzetində işlədiyini güman edib və belə qeyd ediblər. Araşdırmalar göstərir ki, qəzetimiz ilk nömrəsindən başlayaraq kifayət qədər yüksək tirajla nəşr olunub. Qəzetin ilk nömrəsində tiraj göstərilməsə də, nəşrə başladığı ilk ilin son – 10-cu nömrəsində onun 5000 tirajla çıxdığı qeyd edilib. Redaksiya «Bakı, doktor döngəsi, N 5» ünvanında yerləşib. Qəzet «Yefim Saratov küçəsi, N29» ünvanında yerləşən III internasional mətbəəsində nəşr olunub. Qəzetin ilk nömrəsində onun «5 gündə bir çıxan» (həftəlik) qəzet olduğu qeyd edilsə də, ilk dövrlərdə buna əməl olunmayıb və o, təxminən ayda iki dəfə nəşr olunub. Həftədə bir nömrə hesabı ilə 1934-cü ilin 4 ayı (sentyabr-dekabr) ərzində qəzetin ən azı 16 nömrəsi çıxmalı olduğu halda cəmi 10 nömrəsi nəşr olunub. Sonrakı illərdə dövrilik qaydasına düşüb. İlk nömrədə verilmiş baş məqalədə qəzetin bir növ məramı öz əksini tapıb. «Yeni qələbələrə doğru» adlı baş məqalədə qeyd olunub ki, məktəblər, texnikum və ali məktəblər sosializm istehsalatının hər cəhətdən inkişaf etmiş adamlarının kommunizm cəmiyyətinin savadlı yaradıcılarını hazırlamaq üçün meydana gəlmişlər. Həmçinin məqalədə sovet məktəblərinin yarandığı vaxtdan bəri əldə etdiyi uğurlu nəticələrdən söz açılır, o dövrün bir nömrəli problemi olan yaşlı əhali arasında savadsızlığın aradan qaldırılmasında böyük uğur qazanıldığı və s. qeyd olunur. Baş məqalədə eyni zamanda, nöqsanlara da geniş toxunulur. Ümumiyyətlə, qəzetin ilk nömrələrindən başlayaraq mövzu dairəsi kifayət qədər geniş olub. Təhsilə dair partiya və hökumətin qərarlarından, digər direktiv sənədlərdən tutmuş, məktəb kitabxanaları, məktəb ictimai təşkilatlarının həyatına, yeni dərs ilinə hazırlığın vəziyyətinə kimi ən müxtəlif məsələlər qəzetin səhifələrində öz əksini tapıb. Qəzet bu məramına – dövlətin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, ölkənin təhsil həyatını geniş işıqlandırmaq, müəllimlərə, digər təhsil işçilərinə, təhsil müəssisələrinə öz fəaliyyətlərində dəstək vermək, yenilikləri yaymaq kimi fəaliyyət prinsiplərinə həmişə sadiq qalıb. Həmçinin çoxmilli müəllim ordusunu pedaqoji, psixoloji, metodik biliklərlə silahlandırmaq, qabaqcıl təcrübəni aşkara çıxarmaq və təbliğ etmək, təhsil sahəsindəki mövcud nöqsanlara qarşı mübarizə aparmaq kimi vəzifələri qarşısına qoyduğu üçün hər zaman pedaqoji ictimaiyyətin sevimli mətbu orqanı olub.
Açıq tribuna

- Heç şübhəsiz, bu illər ərzində qəzetdə bir neçə nəslin əvəzlənməsi olub. Hansı görkəmli simalar çalışıb bu mətbu orqanda?
- Bu qəzetdə keçən əsrin 30-40 illərində görkəmli alim və jurnalist Şirməmməd Hüseynov, Qılman İlkin, Nurəddin Babayev, Əlfi Qasımov, 60-80-ci illərdə Adil Cavadlı, Tofiq Mahmud, Bahəddin Yunusov, 90-2000-ci illərdə Şamxəlil Məmmədov, Malik Novruzov, Zaman Əsgərli, İkram Süleymanlı kimi tanınmış qələm sahibləri çalışıb. Bu qəzetin redaktorları içərisində Rüstəm Hüseynov, Ağali Bədəlov, Şahin Səfərov, Məhəmməd Baharlı, Valeh Mirzə kimi qələm sahiblərinin adları var. Hazırda isə qəzetin baş redaktoru Bayram Hüseynzadədir.
Qəzet respublikanın bütün bölgələrini əhatə edən materiallarla çıxış edir. Bizim geniş müxbir və müəllif şəbəkəmiz var ki, onlar qəzetin səhifələrində çıxış edirlər. “Azərbaycan müəllimi” bütün pedaqoji sahələrdə çalışan insanlar üçün açıq tribunadır. Bunu redaksiyamıza gələn məktublar da göstərir. İl ərzində redaksiyamızın poçtuna 1000-ə yaxın müxtəlif səpkili materiallar daxil olur. Biz o materiallardan da istifadə edirik. Düzdür, qəzetimizin imkanları bir qədər məhduddur – həftədə bir dəfə çıxır. Oxucuların tələbatını bu məhdudluqla tam ödəyə bilmirik. Çünki redaksiyaya daxil olan materiallar həddən artıq çoxdur. Hazırda qəzetdə rəhbər, jurnalist və texniki heyət daxil olmaqla 21 nəfər çalışır. Qəzet 6 min tirajla işıq üzü görür. Həmçinin qəzet elektron formada yayılır.
- Sirr deyil ki, bu gün onlayn media ənənəvi medianı sıxışdırır. Necə bilirsiniz, yaxın gələcəkdə qəzetlərin sıradan çıxma təhlükəsi varmı?
- Təbii ki, onlayn medianın təsiri var. Yəqin ki, belə də olmalıdır – müasir dövr elektron media dövrüdür. Bu, bizi bir qədər qayğılandırır və yaxın 5-10 ildə ənənəvi mətbuatın sıradan çıxmaq təhlükəsini hiss etdirir. Ancaq fikirləşirik ki, bu nəşrlər də qalacaq. Yəni az da olsa qəzetlər çıxmalıdır. Biz bu təhlükəni hiss etdiyimizdən qəzetimizin daha yaxşı çıxmasına çalışırıq ki, rəqabətdə çox da geri qalmayaq. Ona görə də qəzetimizdə son illər həm dizayn, həm mövzu, həm hadisələrə operativ reaksiya vermək baxımından irəliləyiş var. Biz bunu düşünülmüş şəkildə edirik ki, elektron medianın basqısına tam məruz qalmayaq.
- Ənənəvi sual: 80 illik yubiley sizin üçün nə deməkdir?
- Bu uzun yolda jurnalistikamızın inkişafı var. Bu inkişaf hansı xətlə gedibsə qəzetin tarixi bunu əks etdirir. Qəzet böyük bir nəsil pedaqoqların yetişməsində mühüm xidmət göstərib. Bu gün Azərbaycan təhsilinin önündə gedən, ölkənin pedaqoji elminin əsas simaları olan alimlərimizin hamısı demək olar ki, bu qəzetin şinelindən çıxıb. Onların ilk yazılarından tutmuş ən bitkin əsərlərinə qədər, cəmiyyət arasında tanınanadək yaradıcılıqlarını bu və ya digər dərəcədə işıqlandırıb və ictimaiyyətə çatdırıb. Qəzet bununla həm də pedaqoji elmimizin inkişafına xidmət göstərmiş olub.
80 illik yubileylə bağlı il ərzində bu sahədə müəyyən işlər görmüşük. Qəzetimizin tarixi ilə bağlı vaxtilə bu qəzetdə dərc olunan yazıları dərc etmişik. Yəni təbliğatımızı aparırıq. 80 illik yubiley bizim üçün sevindirici hadisədir. Böyük bir tarixi yol keçilib. Bu yola yubiley günlərində bir daha qiymət verilir. Həmçinin qəzetdə işləyən əməkdaşların əməyi hansısa formada qiymətləndirilir. Mən bunu əməkdaşlarımız üçün bayram hesab edirəm.
Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər