• cümə axşamı, 18 aprel, 23:31
  • Baku Bakı 21°C

“7 saatdan çox davam edən danışıqlarda əslində detallı müzakirələr getməlidir”

30.01.20 20:18 11409
“7 saatdan çox davam edən danışıqlarda əslində detallı müzakirələr getməlidir”
Elxan Şahinoğlu: "Son 25 ildə münaqişənin həlli ilə bağlı mümkün bütün planlar ortaya qoyulub və yeni nəsə ixtira etmək mümkün deyil”

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, tərəflərin 2020-ci ildə ilk təması idi. Görüşün 7 saat davam etməsi, bu ərəfədə Ermənistan tərəfindən təxribat xarakterli addımların atılması, Fransa prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevə telefonla zəng etməsi diqqətləri yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə cəlb etdi. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə bu mövzuda söhbətləşdik.

- Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə keçirilən son görüşünü necə qiymətləndirirsiniz?

- Qarabağ danışıqlarında irəliləyiş yoxdur, amma ATƏT-in Minsk qrupu nədənsə, nazirləri görüşdürməyə qərar verib. Əgər Ermənistanın mövqeyində dəyişiklik yoxdursa, bu görüş nəyə xidmət edirdi, məndə suallar yaratdı. Yeganə ağlıma gələn o oldu ki, yəqin həmsədrlər qorxurlar ki, əgər danışıqlarda irəliləyiş yoxdursa, cəbhə bölgəsində vəziyyət hər an gərginləşə bilər. Ona görə də gərginlik olmaması üçün ara-sıra nazirləri görüşdürürlər ki, sanki bir az yumşalma olsun. Səhv etmirəmsə nazirlər arasında danışıqlar 7 saatdan çox davam edib. Bu qədər vaxt sürən danışıqlarda əslində detallı müzakirələr getməlidir. Əgər mövqelər 180 dərəcə biri-birindən fərqlənirsə, görüş tez bir zamanda yekunlaşmalı idi. Amma göründüyü kimi, görüş 7 saat ərzində davam edib. Bu müddətdə hansı detallar müzakirə olunub, onu söyləmək çətindir. Çünki hələ nazirlərin heç birinin açıqlaması yoxdur. Düşünmürəm ki, Minsk qrupunun yeni bir planı var. Ötən 25 ildə münaqişənin həlli ilə bağlı mümkün bütün planlar ortaya qoyulub və yeni nəsə ixtira etmək mümkün deyil Hamı da bilir ki, bu münaqişə mərhələli həll planı ilə nizamlana bilər. Dünyadakı heç bir münaqişə dərhal həll olunmur. Yəni, ilk növbədə Dağlıq Qarabağın ətrafındakı rayonlar boşaldılmalıdır, azərbaycanlılar geri qayıtmalıdır. Sonra digər məsələlər həll olunmalıdır. Hətta Paşinyan da bunu etiraf etdi. O son müsahibələrində çağırış etdi ki, keçmiş hakimiyyət dövründə gündəmdə olan Azərbaycana 7 rayonun qaytarılması ilə bağlı müzakirələrdə iştirak edək. Paşinyan bu açıqlaması ilə iki məqsəd güdürdü. Birincisi, rəqibi olan "Qarabağ klanı”nı zəiflətmək və cəmiyyətə göstərmək istəyirdi ki, guya bu klan Qarabağı Azərbaycana qaytarmaq istəyir. İkinci hiyləgər məqsədi odur ki, bununla cəmiyyətə mesaj verir ki, masa üzərindəki mərhələli həll planıdır və bundan qaça bilməyəcəyik. Düzdür, o bununla razılaşmır, əksinə deyir ki, "Qarabağ Ermənistandır” və yenə də Qarabağa təxribatçı səfərlər edir. Onun bu açıqlaması göstərir ki, bütün qüsurlarına rəğmən, masadakı mərhələli həll planıdır. Amma nazirlərin görüşünə gəldikdə mərhələli həll planı ilə bağlı müzakirələrin aparıldığını düşünmürəm. Çünki biz mərhələli həll planı deyirik, Ermənistan isə "paket həll varinatı”, status məsələsi, referendum deyir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir.

- Görüş 7 saat davam edib. Bir gün sonra yenidən davam etdirilməsi də qərara alınıb. Demək olarmı, hansısa detallı danışıqlar üzərində müzakirələr aparılıb?

- Bilirsiniz, qeyd edilən detallar münaqişənin həllini sürətləndirmir. Rusiyada bir sıra detallar təklif etmişdi. Jurnalistlərin qarşılıqlı səfərləri, birbaşa rabitə xətti və s. Birbaşa xətti yaradıldı, jurnalistlərin nəticəsiz səfərləri də oldu. Bakıya gəlib-gedən erməni jurnalistləri sonradan dedilər ki, Qarabağ müstəqil olmalıdır. Göründüyü kimi, bunun da xeyri olmadı. Jurnalistlərin səfərləri gizli saxlanıldı. Gizli saxlanılan səfərin münaqişənin həllinə nə kimi müsbət təsiri ola bilərdi?
O cümlədən "xalq diplomatiyası”ndan çox danışırlar. 25 ildə "xalq diplomatiyası” çərçivəsində müxtəlif ölkələrdə görüşlər keçirilib. Elə özüm onlarla belə görüşlərdə iştirak etmişəm və bu qənaətə gəlmişəm ki, bu da münaqişənin həllini sürətləndirmir. Birinci siyasi həlli olmalıdır, sonra xalq diplomatiyası işləyə bilər. Ola bilər ki, xarici işlər nazirləri hansısa bir əhəmiyyətsiz detalla bağlı razılaşa bilərlər. Necə ki, Lavrov jurnalistlərin qarşılıqlı səfəri və birbaşa rabitə xəttinin yaradılmasını təklif etmişdi. Yenə də təkrar edirəm, kiçik bir detal razılaşdırılsa belə, konseptual məsələlər həll olunmursa, həmin o detalın münaqişənin həllinə ciddi təsiri olmayacaq.

- Bu görüş keçirildiyi ərəfədə Fransa prezidenti azərbaycanlı həmkarına zəng etməsi nədən xəbər verir?

- Burada bir neçə məqsəd ola bilər. Fransa Minsk qrupunun üç həmsədr dövlətindən biridir. Fransa görür ki, Rusiya daha çox təşəbbüskardır, fəaldır. Ona görə də rəsmi Paris istəyir ki, bu məsələdə Rusiyadan geri qalmasın.
Digər tərəfdən, Fransa prezidenti Makronun Azərbaycana səfəri olmalıdır. Bu, keçən il olmalı idi, amma reallaşmadı. Çox təəssüf ki, Fransa prezidenti Azərbaycana gəlmək əvəzinə Ermənistan gedib çox mənasız Frankofaniya sammitinə qatıldı. Əldə etdiyim məlumata görə bu ilin birinci yarısında Makron Azərbaycana səfər etməlidir. Ola bilsin ki, prezidentlərin telefon danışığında bu məsələ də müzakirə olunub.

- Ermənistanın xarici işlər naziri görüşə qatılır və bu ərəfədə baş nazir Paşinyan Kəlbəcərə səfər edir. Bu, danışıqları pozmaq cəhdi kimi qiymətləndirilə bilərmi?

- Həqiqətən də danışıqlar gedir və hamıya bəllidir ki, Kəlbəcər də Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Bu mənada danışıq gedə-gedə Paşinyanın Kəlbəcərə getməsi o deməkdir ki, biz bu rayonu da azad etməyəcəyik, orada məskunlaşdırma aparılacaq, müəssisələr açılacaq. Göründüyü kimi, ermənilər təxribatçı siyasətlərini davam etdirir. Münaqişəni həll etmək istəyən bir ölkənin lideri danışıqlar ərəfədə işğal altındakı torpaqlara səfər etməməlidir. Amma bunu edirsə və üstəlik Kəlbəcərə də gedirsə, bu, o deməkdir ki, biz danışıqlardan real nəticə gözləyə bilmərik. Yəni, Ermənistan hakimiyyəti mərhələli həll planı ilə hələlik razılaşmır və Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağı düşünmür. Bilmirəm, Azərbaycanın xarici işlər naziri bunu vurğulayıb, ya yox. Fikrimcə, Elmar Məmmədyarov bu təxribatla bağlı Minsk qrupunu məlumatlandırmalıdır. Həmsədrlər də Ermənistan xarici işlər nazirini tənbeh etsin ki, biz danışıqlara hazırlaşırıq, İsveçrədə danışıqların tarixini müəyyənləşdiririk, Paşinyan isə işğal olunmuş əraziyə təxribatçı səfər edir. Bu məqamda Minsk qrupu öz rolunu oynamalı idi. Ancaq bilmirəm ki, belə bir tənbeh olub, ya yox. İnamım yoxdur ki, Ermənistana bununla bağlı xəbərdarlıq edilsin.

- Müsahibənin əvvəlində vurğuladığınız kimi, Paşinyan bir müddət əvvəl erməni ictimaiyyətinə Qarabağ probleminin həlli ilə bağlı özündən əvvəlki hakimiyyətin razılaşdığı planı açıqladı. Bəziləri iddia edirlər ki, Ermənistanın baş naziri bu açıqlamaları verməklə məsuliyyəti öz üzərindən atmaq istəyir...

- Deyək ki, keçən il Paşinyan hakimiyyətə yeni gəlmişdi və ona zaman tanınmalı idi. Amma indi real addımlar atılmalıdır. Ölkəsinin iqtisadi və sosial məsələlərini həll etməlidir. Qarabağ münaqişəsinin həllində bir mövqe ortaya qoymalıdır. Bütün bunlar olmadığına görə, Paşinyana müxtəlif istiqamətlərdən təzyiq artacaq. Artıq Ermənistan daxilində ona olan təzyiq artıb, müxalifət də fəallaşıb, insanlar da sosial durumlarından narazıdırlar. Onu da qeyd edim ki, Azərbaycan olaraq biz də təzyiqi artırmışıq. Çünki biz hərbi qüdrətimizi gücləndiririk və təsadüfi deyil ki, Ermənistan rəsmiləri, o cümlədən qondarma rejimin "ombudsman”ı açıqlama verdi ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu doğru mövqedir və biz müharibəyə hazırlaşırıq. Qeyd etdiyim məqam Ermənistana təzyiq formasıdır ki, olan-qalan maliyyələrini öz iqtisadiyyatlarına deyil, hərbi sahəyə xərcləmək məcburiyyətindədirlər. Çünki Azərbaycanın müharibə edəcəyi ehtimalı ermənilərin düşüncəsində var. Buna rəğmən yenə də işğal olunmuş torpaqları boşaltmırlar. Hesab edirəm ki, bu il həm Qarabağ münaqişəsi, həm də ölkədə aparılacaq islahatlar baxımından Paşinyan üçün daha ağır il olacaq. Artıq Ermənistanda kriminogen vəziyyət də ağırlaşıb. Bu günlərdə Ermənistanın keçmiş milli təhlükəsizlik nazirini qətlə yetirdilər. Başqa kriminal hadisələr də oldu.
O cümlədən "Qarabağ klanı” güclənə bilər. Xatırlatmaq yerinə düşər ki, qondarma rejimdə "prezident seçkiləri” keçiriləcək. Qarabağdakı separatçılar iqtisadi zəmində Paşinyandan asılı olsa da, onu qəbul etmirlər və lider kimi isə Koçaryan və Sarksiyana etibar edirlər. Bu məsələ də Pşainyanın mövqelərini zəiflədə bilər. Ona görə də Paşinyan üçün 2020-ci il ağır olacaq.

- 2019-cu ili Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda itirilmiş il hesab etdilər. Bəs 2020-ci ili necə proqnozlaşdırmaq olar və danışıqlarda irəliləyiş ola bilərmi?

- Bu fikri dövlət başçısı İlham Əliyev də təəssüflə qeyd etdi ki, 2019-cu il itirilmiş oldu. Bu il nə baş verəcək? Hələ ki, nə müharibə, nə sülh prosesi davam edir. Sülh alınmır, müharibə də yoxdur, lakin müharibə riski qalır. Düzdür, böyük dövlətlər müharibənin əleyhinədirlər və 2016-cı ildə də müəyyən təzyiqlər oldu. Yoxsa biz 4 gün deyil, 2 həftə, bir ay hücuma keçsəydik, bəlkə də məsələni böyük ölçüdə həll edə bilərdik. Əlbəttə ki, müharibənin riskləri də var. Düşünürəm ki, 2020-ci ildə Azərbaycanın strategiyası "addım-addım irəli” olacaq. Mən belə dşünürəm. Yəni, əgər müharibənin riskləri varsa, müəyyən qığılcım qısa müddətdə toqquşmaya gətirib çıxara bilər. 2016-cı ilin əvvəlində heç kim aprel ayında savaş olacağını proqnozlaşdıra bilməzdi. Amma bir qığılcımla 4 gün müharibə oldu. Ondan sonra Naxçıvanda və keçən ilin sonuna yaxın isə Qazaxda sərhəddə əməliyyat keçirildi. Düşünürəm ki, bu siyasəti davam etdirməliyik və bu da Ermənistana təzyiqdir. Böyük dövlətlər müharibənin əleyhinə olsa da, heç kim Azərbaycana addım-addım irəliləməyə mane olmur.

Bəxtiyar MƏMMƏDLİ


banner

Oxşar Xəbərlər