“6 milyonu heç gözləmirdim...” - Fotolar
Artıq yeni mövsüm başlayıb. İsti yay günlərinin ən
çox dinlənilən mahnısı, siması o qədər də məşhur olmayan Fərhad Xəlifin "Badamı”
mahnısı oldu. İki ay ərzində 6 milyondan çox izləyici toplayan mahnının
müəllifi F.Xəlif "Kaspi”nin qonağı oldu.
- Səsinizin
olduğunu nə zamandan hiss etdiniz?
- Əvvəllər bir qrupda çıxış edirdim. Əslində
onda da səsimin olduğunu düşünmürdüm. Qrup dağıldıqdan sonra bir mahnını zümzümə
etdim və bu mahnı bəyənildi. Daha sonra solo fəaliyyətə başladım. Əslində babam
aşıq, əmim isə qəzəlxan olub. Bu istedadın mənə gendən gəldiyini düşünürəm. Özümün
də söz yazarlığım var.
- Yəqin
ki, "Badamı” mahnısının sözlərini də siz yazmısınız.
- Elədir.
- Niyə
məhz badamı?
- Gözlər
qəlbin aynasıdır. Gözə aid mahnı yazmaq istəyirdim. Düşündüm ki, ala gözlərə
mahnı yazılıb. Qara gözlər haqqında kifayət qədər mahnılarımız var. Badamı
gözlər haqqında isə mahnı azdır. Onun üçün belə bir mahnı yazdım. Əslində
mahnını 1 il bundan qabaq yazmışdım. Bir dəfə də onun studiyada səsyazmasını
etdirmişdik. Ancaq həmin səsyazma ürəyimcə olmadığı üçün yenidən hazırladıq. Bu
işdə mənə aranjemançı Ələkbər Əhmədzadə və Nail Yusifov kömək etdi. Mahnını
indiki formaya gətirdik.
- "Badamı”nın İran
mahnısı olduğu da deyilir.
- Bunu birinci dəfədir eşidirəm. Əslində onu türk
mahnılarına bənzədənlər olub, amma İran mahnısı deyənlərlə rastlaşmamışam. Bu
mahnı bizimdir, yerli istehsaldır.
- Mahnının bu
qədər dinləniləcəyini gözləyirdinizmi?
- Düzünü desəm, gözləmirdim. Mahnını ifa edəndə
düşünürdüm ki, ən çoxu 100 000 baxış sayı olar. Artıq mahnının izlənmə sayı 6
milyonu keçib. Bu çox sevindirici haldır. Mahnı tanımadığım insanlar tərəfindən
paylaşılır, dinlənilir. Getdiyim məkanlarda, yolda gedərkən maşınlarda, sosial
şəbəkələrdə mahnımı eşidirəm. Bir ifaçı üçün bundan gözəl heç nə ola bilməz.
- Bu gün sənətə
yeni gələn ifaçının tanınması üçün sosial şəbəkələrin rolu nə qədərdir?
- Mən buna bariz nümunəyəm. Sosial şəbəkə bir
meydandır. Hansı ki, bu meydanda sizi redaktorlar deyil, xalq seçir və o
dəstəkləyir. Orta və yaşlı nəsil günün çoxunu sosial şəbəkədə keçirir və orada
seçim imkanları daha çox olur. Düzdür efir, televiziya, radioların da ifaçının
tanınmasında böyük rolu var. Ancaq mənim üçün tamaşaçılarla daha yaxın olmağın
ən asan və sadə üsulu elə sosial şəbəkələrdir. Çünki tamaşaçı ilə ünsiyyət qura
və onların fikirləri ilə tanış ola bilirsən. Bu baxımdan sosial şəbəkələrin
bizə yaratdığı imkanlardan istifadə etməyə üstünlük verirəm.
- Televiziyalar
sizi efirə dəvət etmək üçün ödəniş haqqı tələb edirlərmi?
- Olub ki, məndən efirə çıxmaq üçün pul istəsinlər.
Hətta əvvəllər deyirdilər ki, sizi efirə dəvət edirik. Hamıya baha qiymətə olsa
da, mahnınız sevildiyinə görə sizi ucuz qiymətə dəvət edirik. Heç vaxt bunu
qəbul etməmişəm, çünki pul verib efirə çıxmağı özümə sığışdırmıram. Bunu məhsulumu
pis yolla satmış kimi qiymətləndirirəm. Ancaq indi qonaq olaraq məni efirlərə ödənişsiz
dəvət edirlər. Haqqımda verilişlər hazırlanır və tək olaraq o verilişə dəvət
alıram.
- Qeyd
etdiniz ki, uzun müddətdir mahnı ifa edirsiniz. Ancaq araşdırma etdikdə, çox az
mahnılarınızın olduğunu görürük.
- "Youtube”da olan mahnılarımı bilərəkdən silmişəm.
Çünki "Badamı”dan əvvəlki mahnılarım mənə uğur gətirməmişdi. Uğursuz olduqları
üçün ləğv etmək qərarına gəldim. Bəzi materialları saxlamışam. Bundan sonra
daha keyfiyyətli, uğurlu mahnılarımı təqdim edəcəyəm.
- "Badamı” mahnısı kimə yazılıb?
- Dəqiq bir
insana ünvanlanmayıb. Şeiri, qeyri-real kimisə nəzərimdə tutub yazmışam. Bu
mahnının obrazı yoxdur. Mövzunun ideyası gəlib, ona uyğun yazmışam.
- Qeyri-real
da olsa, o xanım kimdirsə sizi çox məşhurlaşdırıb.
- Allah onun canını sağ eləsin (gülürük).
- Məşhurluq sindromu
sizi tutmayıb ki?
- Bu anlayışı qəbul edə bilmirəm. Amma dəyişmək
lazımdır. Elə məqamlar olur ki, orada insanlar sənin sadəliyindən istifadə edirlər.
İstifadə olunmağı isə sevmirəm. Bunun üçün bəzi şeylərə sərhəd qoyuram.
- Misal üçün
nələrə?
- Hər hansı birinə salam verəndən sonra daha səmimi
olmağa, özlərini doğma hiss etməyə başlayırlar. Onların hərəkətləri, lazımsız
yerdə mənə qarşı rəftarı heç də xoş olmur. Hər zaman sadə olmuşam və sadəliyin
tərəfdarıyam. Məni tanıdan, Fərhad Xəlif edən xalq olub və mən o insanlara
borcluyam.
- Düşünürsünüzmü
ki, bundan sonra ifa edəcəyiniz mahnı "Badamı” qədər dinləniləcək?
- Əgər bir ifaçının mahnısı hit olursa, o, 2-ci
mahnı haqqında düşünməlidir. İfa edəcəyim növbəti mahnımın bunun qədər olmasa
da, seviləcəyinə inanıram. İkinci mahnını qorxaraq, bir az da həyəcanla ifa
edəcəm. Həmin effekti verə biləcəyini öncədən demək olmaz. Artıq yeni mahnı
hazırdır - adı "Sən”dir. Mahnıya ad seçərkən uzun cümlələr qurmağı sevmirəm.
Qısa və konkret olmalıdır. Mahnıda 3 xarakter var: söz, musiqi və onun PR-ı.
- "Badamı”-nın
PR-nı sizmi aparmışdınız?
- Bu mahnıya demək olar ki, vəsait xərcləmədim.
- Yayın isti
günlərində, hər kəsin istirahət etdiyi bir zamanda mahnınız hitə çevrildi. Sizcə,
meydanın boş olduğu bir zamanda mahnı ərsəyə gəldiyi üçünmü bu qədər sevildi?
- Mən elə düşünmürəm. Nəinki yerli tamaşaçılar
mahnını sevir, hətta xaricdə yaşayan vətəndaşlar da mahnını orda dinlədiklərini
qeyd edirlər. Bu da Allahın qismətidir. Qismətdən qaçmaq olmaz.
- Bəzən olur ki,
ifaçıların bir mahnısı tutduqdan sonra növbəti mahnını da həmin ruhda ifa
edirlər. Sanki mahnı özünü təkrarlayır.
- O, bir az qorxulu məsələdir. Qulaq artıq həmin
mahnını eşidir və ehtimallar qorxuludur. Yeni mahnım başqa bir formada olacaq.
Ancaq o mahnını dinləyən biləcək ki, oxuyan
kimdir. Həmin mahnıda "Badamı” mahnısının izi azacıq da olsa seziləcək. Ancaq
mahnının ritmi tamamilə fərqlidir.
- Bu mahnıdamı o
qıza həsr olunub?
- Kimə?
- Badamı gözləri
olana.
- Bu, başqasına həsr olunub.
- Tanındıqdan sonra
yəqin "dostlarınız” da çoxalar.
- Elədir. Hətta yeni qohumlarım, iş yoldaşlarım
peyda oldu. 20 ildir görmədiyim sinif yoldaşlarım məni axtarmağa başlayıb. Əslində
mən bunlara normal baxıram.
- Bəs sosial
şəbəkədə?
- Sosial şəbəkədə izləyicilərimin sayı artdı. "İnstagram”da
yeni səhifə açdım. Bundan əvvəl başqa bir səhifəm var idi. Orda cəmi 300
izləyicini xahişlə yığmışdım (gülürük). Mahnı çıxdıqdan sonra yeni bir səhifə
açdım və hazırda izləyicilərimin sayı 7000-ə yaxındır. Süni izləyici toplayan səhifə
deyil.
- Yəqin ki, oradan
sizə yazanlar da az deyil.
- Bəli, mənə yazıb xoş sözlərini bildirirlər.
- Sevgi etirafı
edənlər necə?
- Sevgi etirafı edən yoxdur. Hərdən evli olub-olmadığımı
soruşurlar. Açığı, bu mövzu ilə bağlı danışmağı sevmirəm. Daha çox isə hansı
bürcdən olduğumu, neçənci ildə doğulduğumu, hətta ayaqqabımın ölçüsünü belə
soruşanlar olur. Yazılan mesajları oxuyuram.
- Mahnını
sevənlərlə bərabər, sevməyənlər də var. Belə ki, "Badamı”nın həddindən artıq
çox səsləndirildiyini və mahnıdan bezdiklərini dilə gətirirlər.
- Mən da rastlaşmışam belə insanlarla. Onların
fikirləri mənə stimul verir. 2001-ci ildən indiyə qədər çalışıram. Əvvəllər
uğursuzluqla qarşılaşdığımda, gülürdüm. Düşünürdüm ki, daha da prinsipial
olmalıyam. İnsan əziyyətinin bəhrəsini görəndə ondan həzz alır. Uğursuz olduqda,
daha da həvəslənirdim. Tez həvəsdən düşsəydim, indi "Badamı” mahnısını
oxumazdım.
- Mahnıya klip
çəkdirməyi necə, düşünürsünüzmü?
- Açığını desən, klip çəkdirmək istəmirəm. Bu
mahnıya pulsuz klip çəkəcəklərini mənə söz vermişdilər. Ancaq bu, söz olaraq
qaldı. Klip mahnının ikinci nəfəsi kimidir. İfa edəcəyim "Sən” mahnısını kliplə
təqdim edəcəm.
- Bu mahnı sizi
tanıtmamışdan əvvəl harda çalışırdınız?
- Bir şirkətdə korporativ satış və marketinq üzrə
direktor idim. Orda rahatlıq tapa bilmədiyim üçün öz istəyimlə ayrıldım. Çünki
zamanımın çoxunu işdə keçirdiyim üçün musiqi ilə məşğul ola bilmirdim.
- Bu işdə pul
olmasa, geri qayıdarsınız?
- İnanmıram. Marketinqi düzgün qurduqdan sonra niyə
də olmasın.
- Mahnınız bu
qədər izlənildiyi üçün "Youtube” kanalı sizə ödəniş edirmi?
- Etmir. Çünki mahnı başqa bir rəsmi kanalda paylaşıldı.
Öncədən də kanalla danışmadıq. Bundan sonra öz kanalımı açacam. Mahnılarımı
orada paylaşacam. "Yotube”un bəzi şərtləri var ki, onlara əməl edilməlidir.
Hazırda bunun üzərində iş gedir.
- İfa etdiyiniz
mahnıda simanız görünmür. Ona görə də səsiniz simanızdan məşhurdur.
- Həmin şəkli özüm seçdim. Səbəb isə üzümün düşməməsidir.
Tamaşaçılara maraqlı qalsın ki, o mahnını oxuyan kimdir. Elə olub ki, yolda
gedərkən qarşıma mahnıya qulaq asaraq keçiblər, ancaq məni tanımayıblar.
- Bu yolda sizə
kim dəstək olub?
- Mənə heç kim dəstək olmayıb. Qohumlarım,
dostlarım arasında bu sahənin adamları olub ki, kömək edə bilərlərdilər, ancaq
etməyiblər.
Xəyalə Rəis