6-cı görüşün üzdə və pərdə arxasındakı məqamları
Soçidə prezident iqamətgahında baş tutan növbəti Rusiya-Türkiyə
danışıqları məhsuldar keçib. Hər halda, iki ölkə prezidentlərinin səsləndirdikləri
bəyanatlar bu qənaətə gəlməyə əsas verib. Lakin media başqa fikirlər də var. Görüşdən
əvvəl Ərdoğan Rusiya və ABŞ prezidentlərinin Suriya ilə bağlı mövqelərini
tənqid edərək bildirmişdi ki, Suriyada münaqişənin həlli adıçəkilən ölkədən
xarici qoşunların çıxarılması və hərbi bazaların bağlanmasından keçir. Soçi
danışıqlarında da bununla bağlı hər hansı bir razılıq əldə olunmayıb. Rusiya
Xarici İşlər Nazirliyinə yaxın "Kommersant” qəzeti də yazır ki, Türkiyə lideri
Soçidə Suriya problemi ilə bağlı qarşısına qoyduğu hədəflərə çata bilməyib.
Yeri gəlmişkən, Türkiyə lideri görüşdən bir qədər əvvəl danışıqlarda
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacağını
desə də, liderlər bununla bağlı mətbuata hər hansı bir açıqlama verməyiblər.
Düzdür, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "yüksək səviyyəli
görüş zamanı mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana
bilməz” kəlməsini işlədib. "RİA Novosti” agentliyininverdiyi xəbərə görə,
ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandıran
Peskov deyib:"Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, təbii ki,
onların detalları açıqlana bilməz”. Maraqlıdır ki, bu açıqlamadan az sonra
gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyi
barədə xəbər yayılıb. Səfərlə bağlı iki versiya olduğu iddia edilir.
Artıq E.Məmmədyarovun Moskvaya səfər edəcəyi də təsdiqini tapıb. Əksər
ekspertlər hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi Soçidə müzakirə olunub. Sadəcə,
detallar gizli saxlanılır. Çox güman ki, Qarabağla bağlı müzakirələrin
ictimailəşdirilməməsi Putinin istəyi olub.
Beləliklə, Rusiya və Türkiyə prezidentləri arasında Soçidə dörd
saatdan artıq davam edən danışıqlarda hansı məsələlər prioritet olub? Bəlli
olduğu kimi, iki ölkə arasında münasibətlər hazırda özünün pik dövrünü yaşayır.
Elə tərəflər də görüşdən sonra münasibətlərin yüksək səviyyəyə qalxmasından
məmnun olduqlarını bildiriblər. Rusiya prezidenti deyib ki, iki ölkə arasında
münasibətlər normal vəziyyətinə qayıdıb: "Görüşümüzün əvvəlində qeyd etmək
istərdim ki, bizim aramızda münasibətlər praktik olaraq tam bərpa olunmuş hesab
edilə bilər”. Türkiyə lideri isə bəyan edib ki, "Əlbəttə ki, bu səviyyə bizi
qane edə bilməz. Biz o fikirdəyik ki, ölkələr və xalqlar bütün istiqamətlərdə
əməkdaşlığı daha da dərinləşdirməli və daha sıx əməkdaşlıq etməlidirlər”. Prezidentin
sözlərinə görə, tərəflər müdafiə sənayesi sahəsində də birgə addımlara xüsusi
əhəmiyyət verir. Türkiyə prezidentiölkəsinin Rusiyadan raketdən müdafiə
sistemi almaq niyyətini təsdiqləyib. Lakin Türkiyə 2 milyard dollarlıq raket
sövdələşməsini təsdiqləsə də, sistemləri əldə etməyi iki il çəkə bilər.
Rusiyadan silah almaq Ankaranı ABŞ-ın bu yaxınlarda Rusiyanın müdafiə
sənayesinə qarşı elan etdiyi sanksiyalara məruz qoya bilər. Ancaq Pentaqon
rəsmiləri deyiblər ki, bu sonucdan yaxa qurtarmaq üçün Ankarayla danışıqlar
aparılır. R.T.Ərdoğan həmçinin, Türkiyə və Rusiya arasında iqtisadi sahədə
mövcud olan əlaqələrə də diqqət çəkib: "İkitərəfli əmtəə dövriyyəsinin 100
milyard dollara çatdırılmasına nail olmaq üçün ilk növbədə viza məsələsi də
daxil olmaqla sahibkarların yolunda olan bütün əngəlləri aradan qaldırmaq
lazımdır. Yəni iki ölkə arasında vizasız rejimə qayıtmaq vaxtıdır”. Ərdoğan
bildirib ki, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi ilə bağlı razılıq
əldə olunub: "Putinlə 6-cı görüşümüz baş tutdu. Siyasi dialoqumuzla yanaşı,
iqtisadi əlaqələrimiz də yüksəliş dövrünü keçirir. Martda səfərim zamanı kənd
təsərrüfatı məhsullarının Rusiyaya daxil olmasına icazə verilməsi və
vətəndaşlarımızın iş icazəsi ilə bağlı Putin bizə müjdə vermişdi. Bu müddət
ərzində iqtisadi sahədə olan maneələrin aradan qaldırılması üçün fəaliyyətimizə
davam etdik. Viza rejiminin əvvəlki qaydada sadələşdirilməsi xüsusi önəm kəsb
edir”. Prezident əlavə edib ki, ilin ilk 9 ayında Rusiyadan Türkiyəyə 4 milyon
turist gəlib, gələcək ildə bu rəqəm bir az da artacaq.
Son olaraq onu da qeyd edək
ki, iki ölkə prezidentinin görüşündə kurioz da yaşanıb. Mətbuat nümayəndələri
üçün bəyanatlar səsləndirilən zaman tərcümə problemi yaranıb. Lakin Rusiya
prezidenti vəziyyətdən dərhal çıxış yolu taparaq, tərcüməçini birbaşa mikrafona
dəvət edib. Putin bəyanatın əvvəlində danışıqlar zamanı ikitərəfli
münasibətləri, həmçinin Suriya problemini müzakirə etdiklərini deyib. Bu zaman
dövlət başçısına bildirilib ki, onun çıxışı sinxron tərcümə olunmur.
"Tərcümə yoxdur? Tərcümə ilə bağlı nə problem var?", — deyə o
təşkilatçılardan soruşub. "Tərcümə yoxdur? O zaman, bəlkə birbaşa tərcümə
etsin, belə daha asan olar", — deyə o tərcüməçini mikrofona dəvət edib.
Azər NURİYEV