400 ildir istilik yayan ocaq - Fotolar
Bu
yaxınlarda Türkiyənin Kastamonu şəhərinə etdiyimiz səfərimiz çərçivəsində sadə
və zəhmətkeş kənd camaatı ilə tanış olmaq, insanlarla ünsiyyət qurmaq istədik. Beləcə,
Kastamonunun ən tanınmış ebesi (mamaçası), türklər demiş "namı” olan Sabiha İzbelinin
evində qonaq olduq.Kastamonu
əhli ona "ana”, "ebe” deyə müraciət edir. Çünki o zamanlar ginekoloqların az
tapıldığı bu məmləkətdə Sabiha anaya müraciət olunar, o da evlərə gedərək
uşaqların dünyaya sağlam şəkildə gəlməsi üçün əlindən gələni edərmiş. Bugünkü
gənclərin çoxu dünyaya gəlmələrin köməyi olan Sabiha anaya minnətdardır. Ona
görə bu məmləkətdə böyüyən hər kəs bayramlarda, özəl günlərdə bu ocağa - Sabiha
ananın əlini öpməyə gəlir.
Kastamonu
əhalisinin Sabiha anaya böyük hörməti və sevgisi var. O, öz əməyi və xoş
rəftarı ilə hamının hörmətini, duasını qazanıb. Üzərindən illər keçsə də, ona ərməğan
qalan evinin tarixiliyinə heç bir xələl gətirməyib. Bu evdə müasir texnika
deyilən şey, hətta televizor belə yoxdur.
Tarix
qoxan qapalı ferma
78
yaşı olmasına baxmayaraq, Sabiha ana bizi qapıda gülərüzlə qarşıladı. Nurani
siması ilə adamı özünə valeh edən bu xanım deyilənlər qədər də varmış. Tarixi
365 il əvvələ söykənən bu bağ evinin ətrafında ikinci bir ev görmək mümkün
deyil. Kastamonu-Ankara hava limanı istiqamətində yerləşən bu qapalı ferma
təxminən 860 hektar sahəni əhatə edir. Arxası geniş meşəyə dayanan bu bağın
həyətində nələr yoxdur, nələr...
Həyətdə
qoyun, keçi, dovşan, qaz, ördək, - ev heyvanları dedikdə ağlınıza nə gəlirsə, hamısı
ilə rastlaşmaq mümkündür. Qapıdan evə daxil olduğumuzda tam fərqli bir mənzərə
ilə qarşılaşdıq. Evin içərisi indiyə qədər burada istifadə olunan əşyalarla
bəzədilib. Burada antikvar əşyalarla bərabər, qədim silahlar, fermadakı
tikililərin köhnə açarları xüsusi qayğı ilə saxlanılır.
Əvvəllər
mamaça kimi məşhurlaşan Sabiha ana indi Kastamonunun turizm işçisi olaraq evinin
qapılarını turistlərin üzünə açıb. Tarixdən bu günə ərməğan olan bu
ikimərtəbəli qədim evdə köhnə masaların üzərinə ağ süfrə sərilib, süfrələrin
tam mərkəzində böyük bir soba qoyulub. Bu evin nə plastik pəncərələri, nə də istilik
sistemi var. Qədimdəki kimi, ev soba ilə isidilir. Qonaqlara təqdim edilən
yeməkləri də Sabiha ana öz əlləri ilə bişirir. Hətta yayda müxtəlif turşular, kompotlar
bağlayır, mürəbbələr bişirir. Qışda isə onları qonaqları üçün açır.
Sabiha
ana həyətdəki toyuqların yumurtasından bizə qayğanaq bişirdi, yenicə sağdığı
inəyin südünə qonaq etdi. Üstəlik, təndirdə bişən isti çörəyini də uzadıb "buyurun,
bunu sizin üçün bişirmişəm” deyə, ev sahibi kimi qulluq etməyi özünə borc bildi.
Süfrədə öz əlləri ilə hazırladığı mürəbbələri, yağı, pendiri dadmağın tamam
başqa bir ləzzəti var idi. Bura gələn hər bir insan istər-istəməz, öz
məmləkətini, kəndini xatırlayır. Sabiha ananın timsalında sanki hər kəs öz nənəsini
görür, köhnə adət-ənənələri xatırlayır. O, evinə təşrif buyuran insanlara böyük
sevgi ilə yanaşır. Qonaqlarına təqdim etdiyi mürəbbələrin nədən hazırlandığını
və necə ərsəyə gəldiyini danışır, onların reseptini bölüşür.
Öyrəndik
ki, Sabiha ananın təqdim etdiyi səhər yeməyi süfrəsi "Hürriyyət” qəzetində
Türkiyənin ən yaxşı 10 yemək məkanı arasında yer alıb. O özü buna təəccüb edir,
deyir ki, burada qeyri-adi heç nə yoxdur, bunlar Allahın bizə verdiyi
nemətlərdir.
Ayaqda
qalmağı bacaran tarixi məkan
Qonaqlarını
yerləşdirdikdən sonra bizim süfrəyə təşrif buyuran Sabiha ana bu bağçalı evin tarixini
və nə üçün Kastamonu əhalisi üçün bu qədər qiymətli olduğunu açıqladı. Bu evə
69 il əvvəl gəlin gələn Sabiha ana evin təxminən 400 ilə yaxın yaşı olduğunu,
Osmanlı sultanı 4-cü Mehmet tərəfindən 365 il əvvəl otaqlı ailəsinə calaqlı
sipahi (süvari) ərazisi olaraq verildiyini dedi.
IV
Mehmet (Ovçu Məmməd) tərəfindən 1651-ci ildə İzbeli ailəsinə bağışlanmış,
Osmanlı Ordusunda saysız-hesabsız qələbələrə imza atan süvarilər bu fermada dünyaya
gəlib. Sultana aid fərman, əsrlərlə tarixini qoruyub saxlayan bu ferma kastamonulular
üçün həm də bir muzeydir. Otaqların
hər birində tarixin müxtəlif dövrlərini özündə əks etdirən əşyalar mövcuddur. Bu
əşyalar Sabiha ana tərəfindən illərlə qorunub saxlanır. Hətta Atatürkün 1925-ci
ildə Kastamonu ziyarətində istifadə etdiyi yataq örtüyü Sabiha ana tərəfindən
Şəhər Tarixi Muzeyinə bağışlanıb.
Sabiha
ana deyir ki, bura onun izmirli atasının qonaqlığıdır: "Tanınmış, köklü bir
ailənin qızıyam. Sənəd üzərindən yaşımı çoxaltdılar və ginekologiya ixtisasını
bitirtdim. Sonra Kastamonu Şəkər
Zavodundan təqaüdə çıxdım. Daha sonra fermaya gəldim. Fermada də turizmə
başladım. Bura tarixi bir məkandır. Türkiyədə
ad dəyişmədən 400 ildir ayaqda qalan yeganə sipahi ocağıdır bura. Bu bizim üçün
də Kastamonu üçün də şərəf duyulacaq bir şeydir”.
Sabiha
ananın evində diqqətimizi çəkən bir məqam da divardan asılmış qədim xəncər və
silahlar oldu. Oğlu Sərdar dedi ki, fermada sipahi ocağından qalma 10-a yaxın
antikvar silah, ən azı 200 illik xəncər ilə yanaşı, müxtəlif əşyalar mövcuddur:
"Bura əvvəllər əsgər ocağı olduğundan, bu silahlardan bizdə daha çox var. Onların
bir qismi itib, bir qismi isə muzeyə verilib. Yerdə qalan isə divarda
gördüyünüz bu silah və xəncərlərdir”.
Sabiha
ana bu qədim ocağın necə turizm obyektinə çevrilməsini də bizə nəql etdi.
Bildirdi ki, şəhərin başbilənləri ferma və içindəki malikanələri muzey olaraq
saxlamaq istəsələr də, sonradan buranın turizm məkanı olaraq istifadə
edilməsini məsləhət görüblər: "Əvəllər evimə gələnləri qonaq edirdim,
həyətimdəki nemətlərlə onları qarşılayır və yola salırdım. Sonra məndən
insanların bura daha rahat gəlməsi üçün fermanı turizm obyektinə çevirməyimi istədilər.
Əvvəlcə tərəddüd etdim, axı mən pul qarşılığında necə insanlara xidmət edə
bilərdim? Axır, məni yola gətirdilər. 2002-ci ildə fermanı turizm obyektinə çevirdik.
Həmin ərəfələrdə heç kimdən pul almadım. İndi evimizdə yemək və yerli məhsullar
veririk. Çox sayda yüksək səviyyəli qonaq da gələrək ferma və evlə tanış olur. Mən
bura oturmağa, bağ-bağçada çalışmağa gəlmişdim. Bu işə güclə başladım, amma
indi məni bu işə təşviq edənlərə təşəkkür edirəm. Çünki bir çox mükafatlar alıram.
17 ildir ki, burada yaşayıram. Əsas məqsədimiz Osmanlı dövründən olduğu kimi qalmış
bu fermanı yaşatmaqdır”.
Sərdar
bəy deyir ki, onlar burada heyvandarlıqla da məşğuldurlar: "Anam bu heyvanları
buraya gələn uşaqların canlı şəkildə görməsi üçün saxlayır. Şəhərdən çox
tez-tez qonaqlarımız gəlir. O uşaqların kənd həyatı yaşamaları üçün belə bir
mühitin yaranması şərtdir. Uşaqlar böyük şəhərlərdə hətta toyuq da görə
bilmirlər. Elə təkcə qoyun-quzunu, keçini görmək üçün gələn uşaqlar var”.
Səhər
yeməyinə qonaq olduğumuz fermada "yalnız səhər yeməyimi verilir” deyə sual etdik.
"Müştərilər bura hər zaman səhər yeməyinə gəlirlər. Süfrədə gördüyünüz nemətlərdən
zeytundan başqa hər şeyi özümüz düzəldirik. İndi mənim gözüm yaxşı görmür. Ona
görə bir neçə xanım işçi də tutmuşam, onlar mənim sağ və sol əlim kimidirlər.
Əsas işi isə oğlum Sərdar görür” - deyə Sabiha ana cavab verdi.
Zamanın
sınağından çıxan ferma
Açığı,
tarixi bir evin yüz illərdir küləyə, zəlzələyə, qar-yağışa necə sinə gərdiyini
və dimdik ayaqda qalmağına təəccüb etdik. Sabiha ana deyir ki, bu ev betondan
daha çox dayanıqlıdır: "Zəlzələ vaxtı belə taxta tikililər hələm-hələm
yıxılmaz. Bu vaxta qədər dayanıb, inşallah, bundan sonra da bir şey olmaz. Bu
il təmir etdirəcəyik. 500 il qalan, xidmət göstərən belə evlər var. Əvvəllər
burada gələn qonaqların qala bilməsi üçün hər otaqda bir şkaf, bir çarpayı və
hər otağın özünün hamamı vardı. İndi əlbəttə ki, turizm olunca biz o otaqları
boşaltdıq. Yalnız bir otaq belə qalır”.
Sabiha
anadan 78 yaşı olmasına baxmayaraq, bu qədər qıvraq və təravətli qalmasının
sirlərini də xəbər aldıq. Dedi ki, gənclik və gözəllik çox tez keçir. Bunun
üçün də hər şeyi ürəyinizə salıb, dərd etməyin. Dərd etməkdənsə dua edin.
Sabiha
ananın evində bizdən də bir yadigar qalması üçün qapıya - Türkiyə bayrağının
yanına Azərbaycan bayrağı sancdıq. Sabiha ana bu bayrağın hər zaman Türk bayrağının
yanında olaçağını və qardaşı qardaşdan aralı qoymayacağını dedi: "Azərbaycanlılar
bizim qardaşımızdır, bayrağınız qəlbimizin tacıdır”.
Sonra
bizə bu fermaya gələn tanınmış qonlaqların ürək sözlərini yazdıqları dəftəri
uzatdı. Biz də dəftərə ürək sözlərimizi qeyd etdikdən sonra isti soba ətrafına
cəmlənib, bir ailə ortamında yazdıqlarımızı oxuduq. Görünür, yazdıqlarımız
Sabiha ananı razı salmışdı. Simasına o məşhur gülüşü qondurub, "övladlarımın
sayının biri də artdı”- dedi. Biz də bir ana qazanmış olduq...
Xəyalə
Rəis