AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“2+1” oyunu

“2+1” oyunu

Mədəniyyət
21 Noyabr 2013, 09:14 1594
Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirdiyi “2+1” adlı ikinci Eksperimental Teatr Festivalı oktyabr ayının 28-dən noyabrın 2-dək bu qurumun Xaqani küçəsi 16 ünvanında yerləşən tamaşa salonunda baş tutdu

Festivalın ilk günü KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında ATXİ-nin və təşkilat komitəsinin sədri, xalq artisti, professor Azər Paşa Nemətov bildirdi ki, festivalın keçirilməsində başlıca məqsəd Azərbaycan teatr məkanında baş verən yaradıcılıq proseslərini təhlil edərək fəallaşdırmaqdır. Bununla yanaşı niyyətimiz gənc teatr mütəxəssislərini yeni yaradıcılıq axtarışlarına sövq etmək, onların müasir dünyanın teatr proseslərinə qoşulmaq meyllərinə istiqamət və dəstək verməkdir. Ən yaxşı tamaşalar mötəbər teatr mütəxəssisləri tərəfindən müəyyən edilib seçilərək ittifaqın Beynəlxalq Festivallar Bankına daxil ediləcək və gələcəkdə iştirak üçün mötəbər festivallara təqdim olunacaq. Üç, iki ya bir aktyorun ifası üzərində tamaşalar quruluş həllini tapdığı üçün Eksperimental Teatr Festivalı məhz belə “2+1” adlanır.

Elə festivalın ilk günündən bəlli oldu ki, müxtəlif səbəblərə görə müvafiq olaraq festivalın ikinci və üçüncü günlərində çıxışları proqrama daxil edilmiş İrəvan Dövlət Azərbaycan Dram Teatrının, eləcə “Yuğ” Dövlət Teatrının tamaşaları olmayacaq. Bu hər kəsdən çox bizləri, hər gün saat 3-də keçirilən dəyirmi masada müzakirələrə cəlb olunmuş teatr mütəxəssislərini çox narahat etdi. Belə ki, iki gün dalbadal müzakirələrdən sonra saat 17-yə nəzərdə tutulan bu tamaşalar olmadığından 19-da göstəriləcək tamaşalaraqədərki vaxtı boş, səmərəsiz keçirməli olduq.

Təəssüf ki, adları çəkilən teatr kollektivləri belə bir səhlənkarlığa yol verməklə, necə qəbahət işlətdiklərinin hələ də fərqində deyillər. Heç bir bəhanə belə bir intizamsızlığa bəraət qazandıra bilməz. Eksperimental tamaşanı dekorasiyasız, digər teatr atributları olmadan da göstərmək olardı. Hörmətli həmkarlarımız yəqin gələcək festivallarda iştirak etmək niyyətinə düşəndə yəqin ki, bu qeydlərimizi nəzərə alacaq, olub keçənlərdən nəticə çıxaracaqlar.

Festivala gətirilən tamaşaların əksəriyyəti sosial problemlərə həsr olunduğundan öz mövzu aktuallığı ilə də diqqət çəkirdi.

İlk olaraq Teatr Xadimləri İttifaqının tamaşa salonunun səhnəsinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təmsilçiləri çıxdılar. Onlar Nofəl Vəliyevin
quruluşunda əslən İran Azərbaycanından olan dramaturq-aktyor Məcid Vahidzadənin “Bir səbət tənhalıq” əsərini təqdim etdilər. Fiziki qüsurlu (qozbel) olduğu üçün evdən bayıra çıxmağa həsrət qoyulan gənc qız (Güşvər Şərifova) məcburiyyət qarşısında qalıb pəncərədən onların evinə soxulan (oğru) bəxtsiz cavanla (Eşqim Quliyev) üzləşəndə, ikili hisslər yaşayır. Onu ələmi versin, yoxsa... Təbii ki, ömrünün gözəl çağını yaşayan qızın humanist duyğuları onda hiddət həddinə çatmış nifrət hisslərini üstələyir, oğlana rəhmi gəlir. Xırda-para qüsurlar nəzərə alınarsa tamaşanı baş tutmuş hesab etmək olar.

Festival çərçivəsində təqdim edilən tamaşalardan biri məni həm tematik, həm də səhnə həlli baxımından daha çox cəzb etdiyi üçün bu yazıda ona diqqət çəkməyi, daha geniş yer ayırmağı özümə borc bildim.

Bu ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınan yazıçı-dramaturq Elçin Hüseynbəylinin “İki nəfər üçün oyun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşadır. Onu da xatırladım ki, bu əsər 2004-cü ildə həyatdan erkən köçmüş, tanınmış rejissor Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında, 2011-ci ildə isə Loğman Kərimovun rejissor yozumunda I Eksperimental Teatr Festivalı zamanı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdu.
Rəşad Nurinin quruluşunda, Hacıbaba Məmmədovun plastik həll üzrə rejissorluğu ilə bu əsər üçüncü həyatını Bakı Uşaq Teatrının səhnəsində yaşadı. Çağdaş həyatımızın başlıca bəlalarından olan sosial problemlər, milli mentalitetimizə xas olmayan ailə bağının qırılmasına, boşanmalara gətirib çıxarır. Qeyri-rəsmi statistikaya görə təkcə 2012-ci ildə ölkəmizdə bağlanan 14 min nigahdan yaranmış ailələrin 10 mini dağılıb. Belə halların özü ilə bərabər cəmiyyətimiz üçün nə qədər fəsadlar gətirdiyi də danılmazdır.

Müəllifin dramaturji materialda kinayə, ironeska qarışıq qabartdığı bu problem tamaşanın quruluş həllində öz düzgün təzahürünü tapıb.
Adından da bəlli olduğu kimi, həyatımızı çulğayan sosial problemlər taleyimizi öz əlində bir oyuncağa, özümüzü isə bu müdhiş tamaşanın oyunçularına çevirir.
Əsərin qəhrəmanları, yəni, əsas personajları olan ərlə arvad, rəssam və evdar qadın olan kardioloq-həkim - yaşadıqları maddi sıxıntılar üzündən tez-tez bir-birini ittiham edir, dava-dalaş salırlar. Belə yeknəsəq, cansıxıcı həyat tərzindən bezikib ayrılmaq qərarına gəlirlər. Ancaq onların bir-birini itirmək qorxusu, əsl sevgisi buna yol vermir. Səhnədə bir-biriylə didişən, dava edən ərlə-arvadın səhnə arxasından eşidilən dialoqu onların daxilən bir, zahirən ayrı-ayrı adamlar olduğunu üzə çıxarır.

Sevgi, ailə bağı Elçin Hüseynbəyli əsərlərinin leytmotivi olmaqla yanaşı, həm də onun əsl vətəndaş mövqeyinin bir göstəricisidir.

Müəllif əsərdə öz qəhrəmanlarına biri-biriylə oynadıqları müdhiş oyunun sonunda şərti xəyanətlərinə görə ölüm hökmü kəsir. Finalda ərlə arvad çox miqdarda yuxu dərmanı içərək biri-birinə sarılıb ölürlər. Müəllif öz qəhrəmanlarına qarşı belə amazsız olsa da, bu tamaşanın quruluşçu rejissyoru və ifaçıları isə biçarə qəhrəmanlarını bütün günahlara rəğmən finalda həyat şərtlərinə uyğun olaraq yaşatmaq qərarına gəlirlər.

Əsərin fabulası, ana xətti belədir ki, öz yeknəsəq güzəranlarından bezən ərlə arvad həyatları ilə oyun oynamaq qərarına gəlirlər. Onlar şərti olaraq taksidə, təyyarədə və qayıqda yad bir ölkəyə gedirlər. Yad turistlər kimi, əylənmək məqsədiylə biri-biriylə yenidən tanış olub eşq macərası yaşayırlar. Bəlkə bu yolla cansıxıcı, monoton həyatlarından kam alıb biri-birinə sarılaraq ya ölələr, ya da qalalar deyə bu ailə cütlüyü sadə yol seçir. Yəni, məşhur Şeksprin ölüm-qalım probleminin bugünkü təzahürü Teatr aləminin yaşama məktəbi (Konstantin. Stanislavski) ilə göstərmə məktəbinin (Bertold Brext) sintezini özündə ehtiva edən, tamaşa elementləri ilə zəngin olan bu səhnə əsəri bir tamaşaçı kimi, məni də bu oyunun içinə çəkərək yaşatdı, duyğulandırdı.

Günümüzün və cəmiyyətimizin ən aktual və həlli vacib problemlərinə işıq tutan bu tamaşa dünyanın istənilən ölkəsinin səhnəsində özünə geniş tamaşaçı auditoriyası qazana bilər. Bu gözəl və mənalı səhnə əsərində arvad-Lili-obrazıının ifaçısı, aktrisa və rejissor Könül xanım Şahbazovanın öz qəhrəmanının xarakterinə uyğun şəkildə tapdığı ştrixlər, teatr və plastika elementləri yüksək dərəcədə cazib və müqayisəolunmazdır. Onun tərəf müqabili istedadlı aktyor Niyaz Qasımov da bu oyunun qaydalarına mükəmməl şəkildə uyaraq yaratdığı çılğın ər-Mimi-obrazına bu tamaşa ilə öz damğasını vurdu.

Tamaşanın plastik həll üzrə rejissoru Hacıbaba Məmmədov- bu səhnə işində də Vaqif İbrahimoğlu məktəbinin layiqli davamçısı olduğunu göstərdi.

Tamaşanın müəllifi Rəşad Nuriyə gəlincə, o, bu tamaşada aktyorlara müstəqillik verməklə bu maraqlı səhnə əsərinin daha da baxımlı olmasını təmin edib. Necə deyərlər, əndrabadi mizanlar və digər ünsürlərdən imtina etməklə, özü nəzərə çarpmasa da, bu yolla tamaşanın uğurunu təmin edib. Bu mənalı sənət əsərinin digər gözəl xüsusiyyəti müəllif dilinin axıcılığı, rəvanlığı və lakonikliyidir.

II Eksperimental teatr festivalına Qusar Dövlət Ləzgi Dram Teatrının gətirdiyi tamaşa “Öldür məni can-cigər” adlanır. Türk dünyasının görkəmli satira ustası Aziz Nesinin bu əsərinə özünə xas tərzdə quruluş verən aktyor və rejissor Bağır Əhmədov bu tamaşada həm də baş rollardan birini ifa edir. Bu maraqlı səhnə əsərinin digər rollarının ifaçıları Tamara Məmmədova ilə Lalə Qurbanova da yadda qala biləcək obrazlar yaratmağa çalışmışlar. Əgər bu tamaşa dramatik yox, komik müstəvidə öz həllini tapsaydı, daha çox baxımlı və cəzb edici olardı.

Tolerant ölkə olan Azərbaycanın milli azlıqlarından olan qardaş Ləzgi xalqını təmsil edən bu kollektivin festivala qatılması çox təqdirə ayiq və əlamətdar hadisədir.

Mingəçevir Dövlət Dram Teatrı bu festivala Türk dramaturqu Turqay Narın “Zibillik” əsəri əsasında hazırlanmış tamaşa ilə qatılmışdı. Yaradıcı heyətində gəncləşmə müşahidə olunan bu teatrın gənc baş rejissoru Günay Səttarın psixoloji dram janrında yuxu yozmaları uğurlu alınıb. Tamaşa müəllifinin yozumunda dünyada gedən qloballaşma və deqrodasiya proseslərinin özü ilə gətirdiyi fəsadlara, anomaliyalara münasibət bildirilir. Bu tamaşa digərlərindən öz zəngin dekorasiya, bufatoriya və rekvizitləri ilə də seçilir.

Afıq Yusifovun, Fəridə Məmmədovanın aktyorluq məharətinə də söz ola bilməzdi. Ara-sıra, Asim Məmmədovun ifasında artikulyativ qüsurların nəzərə çarpması tamaşanın temporitminin düşməsinə səbəb olurdu. Amma bu faktor da tamaşanın baxımlılığına xələl gətirmirdi.

Bakı “Vahid” Satira Teatrının festival tamaşaçılarına təqdim etdiyi “Kor kürsü” əsərinin müəllifi və quruluşçu rejissoru Maarif Məmmədovdur. Ölkədə baş verən neqativ hallara qarşı barışmaz mövqe sərgiləyən personaj-Natiq Fərzəliyev tamaşa boyu öz tərəf müqabili-Məhərrəm Qurbanovu cəmiyyətdə, ətrafında baş verən hadisələrə reaksiya vermədiyinə, biganə qaldığına görə ittiham edir. Bu üsyankar adam öz mübarizəsində tək qaldığını, heç nəyə nail olmayacağını anlayıb özünə əl qatır, yəni öz gözlərini tökür. Cəmiyyətimizdə baş verən bəzi dözülməz hallara qarşı vətəndaş harayı kimi səslənən bu əsərsə xeyli tamaşaçı alqışı qazandı. Natiq Aslanla-Məhərrəm Qurbanovun sərgilədikləri yüksək peşə xüsusiyyətləri könülaçan oldu.

Azərbaycanın dörd qaçqın, laməkan teatrından biri olan Şuşa Dövlət Musiqili Dram Teatrı bu festivala Loğman Kərimovun quruluşunda tanınmış filosof Firuz Mustafanın “Qadın həsrəti” əsəri ilə qatılmışdı. Ailə -məişət problemlərindən, ər-arvad münasibətlərindən bəhs edən bu əsər vodevil-sevgi üçbucağı şəklində qurulub. Personajların birinin tamamilə, digərinin qismən kölgədə qalması, ərin ehtimal edilən məşuqəsinin tamaşa boyu siluetlinin ayaq hissəsinin işıq effektiylə təqdim edilməsi tamaşaçı üçün bir qədər qaranlıq qalır. Müğənni qadının bəstəkar əri evindən, ailəsindən ayıracaq təsir gücünə malik olması tamaşada nəzərə çarpmır.

Bu əsər bütövlükdə istedadlı aktrisa Şükufə Musayevanın üzərində qurulmuş bir mono tamaşaya bənzəyirdi. Aktrisanın bu ağır, ağır olduğu qədər də zəngin çalarları ilə seçilən obrazın cilalanması üçün xeyli axtarış apardığı və buna nail olduğunu xüsusi vurğulamaq lazımdır. O, öz parlaq ifası ilə tərəf müqabilləri Azad Məmmədovla Dürdanə Dünyamalıyevanı kölgədə qoydu.

Festivalın qonağı, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının İftixar Piriyevin “Eşqin tikan dairəsi” tamaşası haqqında onu qeyd etmək istərdim ki, Turqay Vəlizadənin quruluş verdiyi və əsas rollardan birini ifa etdiyi Aslan və Marianna Məmmədovların da baş rollarını bölüşdüyü bu tamaşa da geniş auditoriyanın sevgisini qazandı.

Şedevr kimi qəbul ediləcək tamaşa ilə fərqlənməsə də, bütövlükdə festivala qatılan teatr kollektivlərinin hər biri tamaşaçılara özlərinə xas olan yeni teatral elementlər sərgiləyə bildilər. Xırda-para əyər-əksiklərə baxmayaraq bütövlükdə Festival baş tutdu.
Azərbaycan Teatr Xadimləri Ittifaqı bütün iştirakçıları diplom və qiymətli xatirə hədiyyələri ilə təltif edərək, bu sənət fədailərinə ruh və ilham verərək yeni-yeni nailiyyətlərə səslədi.

İnanırıq ki, “2+1” ikinci Eksperimental teatr festivalı gələcəkdə beynəlxalq status alacaq və Azərbaycan teatrlarının səhnəsi yaxın-uzaq ölkələrdən gələn truppaların sənət yarışması meydanına çevriləcək.

Saleh Salahzadə
Teatrşünas