2020-ci ildə dünya iqtisadiyyatını nə gözləyir?

2020-ci ildə dünya iqtisadiyyatını nə gözləyir?

İqtisadiyyat
10 Yanvar 2020, 09:30 1544
Ekspertlər Brexit-in AB və Böyük Britaniya iqtisadiyyatına təsirini və ABŞ-la Çin arasındakı ticarət müharibəsinin hansı məcrada davam edəcəyini əsas amillər kimi qiymətləndirirlər
 
Dünya iqtisadiyyatının artma templərinin 2019-cu ilin 2.4 faizindən 2020-ci ildə 2.5, 2021-ci ildə 2.6, 2022-ci ildə isə 2.7 faizə qalxması gözlənilir. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının (WB) "Dünya iqtisadiyyatının inkişafı perspektivləri" adlı yanvar hesabatında deyilir. Bu il sənəd "İqtisadi artımın aşağı templəri, siyasi problemlər" adlanır. Hesabatın müəllifləri qeyd edir: "2020-ci ildə dünya iqtisadiyyatının artımı ötən ilki azalmadan sonra investisiya və ticarətin tədricən bərpası fonunda bir qədər sürətlənəcək və 2.5 faizə çatacaq, lakin bu göstəricilərin azalması riskləri qalmaqdadır".

Eyni zamanda, Dünya Bankı 2020-ci və 2021-ci illərdə dünya ÜDM-in artım proqnozunun iyun ayı proqnozu ilə müqayisədə (2020-ci ildə 2.7%, 2021-ci ildə 2.8%) 0.2 faiz daha az olmasını bildirməkdədir. Dünya Bankı ABŞ-ın iqtisadi artımının 1,8 faizə, Avrozonada isə 1 faizə qədər azalacağını proqnozlaşdırır. Gözlənilir ki, ümumilikdə, inkişaf etmiş ölkələrdə bu göstəricilər 2019-cu ilin 1.6 faizindən 2020-ci ildə 1.4 faizə düşəcək. Buna rəğmən, inkişafda olan ölkələrdə iqtisadi artım 2019-cu ilin 3.5 faizindən 2020-ci ildə 4.1 faizinə qalxacaq. Lakin bunun yaxın keçmişdə iqtisadı göstəricilərində azalma müşayiət edilən bir sıra böyük dövlətlərdə baş verəcəyi gözlənilir.

Bəs görəsən proqnozlar özünü doğrulda biləcəkmi? 2020-ci ildə dünya iqtisadiyyatında nələr gözlənilir?

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, 2019-cu ildə dünya iqtisadiyyatında qeydə alınan artım tempi qənaətbəxş sayıla bilməz: "Ötən ilin əvvəlindən ABŞ-la Çin arasında olan anlaşılmazlıq ticarət müharibəsinə çevrildi. O cümlədən, bir sıra siyasi-iqtisadi məsələlər ABŞ başda olmaqla dünya iqtisadiyyatının aparıcı ölkələri olan Çin, Almaniya, Böyük Britaniyada iqtisadi artım tempini ciddi şəkildə aşağı saldı. Bunun nəticəsində əvvəlcədən proqnoz edilən artım səviyyəsi özünü doğrultmadı. Düzdür, ciddi böhran halları və tənəzzül də müşahidə edilmədi. Bütün bunların fonunda deyə bilərik ki, bu il üçün konkret proqnoz irəli sürmək çətin məsələdir. Böyük Britaniyanın Avropa Birliyindən ayrılması, o cümlədən ticarət müharibələrinin hansı istiqamətdə inkişaf edəcəyi hələlik bəlli deyil. Ümumi vəziyyət haqqında tədricən nə isə söyləmək mümkün olacaq. Hal-hazırda ABŞ-la İran arasında siyasi gərginlik davam edir. Bu da dünya iqtisadiyyatında əsas strateji xammal olan neftin qiymətinə ciddi təsir edir. Hələlik qiymətlərdə artıb-azalma müşahidə olunur. Hesab edirəm ki, iki ölkə arasındakı gərginlik müharibə ilə nəticələnməyəcək. Hərbi toqquşma baş vermədiyi təqdirdə, neftin dünya bazarındakı qiyməti çox ciddi şəkildə artmayacaq. Bu mənada ABŞ-İran münasibətlərindəki gərginliyin dünya iqtisadiyyatının artım tempinə ciddi təsir edəcəyini düşünmürəm. Dünya iqtisadiyyatı üçün hal-hazırda daha ciddi təhlükələr var. Böyük Britaniyanın AB-dən ayrılmasının hansı nəticələr doğuracağı məlum deyil. Brexit-in AB və Böyük Britaniya iqtisadiyyatına necə təsir edəcəyi haqda proqnoz vermək çətindir. Həmçinin ABŞ-la Çin arasındakı ticarət müharibəsinin hansı məcrada davam edəcəyi bilinmir. Bu iki fakt dünya iqtisadiyyatının artım tempinə siyasi məsələlərlə müqayisədə daha ciddi təsir göstərir”. 
 
İqtisadçı millət vəkili Tahir Mirkişili bildirdi ki, dünya iqtisadiyyatında artım tempi müasir dövrdə bir sıra amillərlə müəyyən olunur: "Hal-hazırda gedən inteqrasiya prosesi, ticari dinamikanın artması və ölkələr arasındakı ziddiyyətlərin hansı səviyyədə olması artıma təsir edən əsas faktorlardandır. Proqnozlara əsasən, bu il qlobal tempin aşağı düşəcəyi gözlənilirdi. Bu mənada dünya bankının bu il üçün iqtisadi artım tempinin 2,5 faiz olacağına dair proqnozu konservativ yanaşmadır. ABŞ və İran arasındakı ziddiyyətlər iqtisadi aktivliyin tempini aşağı sala bilər. Amma ümumilikdə götürdükdə, bu göstərici hazırki situasiyada reallığı əks etdirir. Hazırki iqtisadi potensial və ziddiyyətlərin inkişafı qeyd olunan göstəricinin real olduğunu deməyə əsas verir. ABŞ-la Çin arasındakı ticarət müharibəsinin yekunlaşacağı gözlənilir. İki ölkə arasında müqavilənin bağlanacağına dair informasiyalar yayılıb. Hər iki ölkə öz milli maraqlarını müdafiə edir. Amma hesab edirəm ki, hər iki ölkənin bir-birinə çox ciddi ehtiyacı var. Çünki iki ölkə dünya iqtisadiyyatının aparıcı güclərini təmsil edir. Dünya iqtisadiyyatının inkişafı üçün bu anlaşılmazlıq qısa müddətdə öz həllini tapmalıdır. Düşünürəm ki, bunun həlli üçün axtarılan yollar öz nəticəsini verəcək. ABŞ-la Çin arasındakı anlaşılmazlıq dünya iqtisadiyyatı üçün böyük təhlükədir. Hal-hazırda Çində iqtisadi artım tempi aşağı düşməkdədir. ABŞ-da da bənzər hallar müşahidə olunur. Bu fakt özlüyündə bir daha sübut edir ki, iki dövlət anlaşılmazlığın aradan qalxması üçün əlindən gələni edəcək. Yayılan informasiyalar da bunu təsdiq edir. Hal-hazırda siyasi və iqtisadi proseslər o qədər sürətlə inkişaf edir ki, qısamüddətli dövr üçün proqnoz vermək çox çətindir. ABŞ-la İran arasındakı siyasi gərginlik neftin qiymətini artırdı. Verilən hər bir bəyanat və siyasi risklər qiymətləri artırır və azaldır. Bu onu göstərir ki, iqtisadi artım tempinə siyasi amillər də ciddi təsir göstərir. Siyasi amillər isə kifayət qədər dinamikdir və gözlənilmədən baş verir. Ümumilikdə götürdükdə isə, neftin dünya bazarındakı hazırki qiyməti kifayət qədər məqbul göstəricidir. Siyasi hadisələr qiymətləri qısa müddətli dövr üçün dalğalandırsa da, ümumilikdə bu il qiymətlər 65 dollar ətrafında dəyişəcək”.
 
Şəbnəm Mehdizadə