NATO-nun istiqaməti haradır?

NATO-nun istiqaməti haradır?

Siyasət
06 Dekabr 2019, 20:19 840
2020-ci ildə Alyansın sammiti baş tutmayacaq
 
NATO-da təmsil olunan dövlətlərin Böyük Britaniyanın Uotford şəhərində  keçirilən görüşü Alyansın ən ziddiyyətli sammiti kimi tarixə düşə bilər. Sammit iştirakçıları üç saat ərzində fikir ayrılıqlarını nizamlamağa çalışsalar da, buna qismən nail olublar. Qərb mediası yazır ki, liderlər ictimaiyyətə, əhali sayı bir milyarda çatan Alyansın təhlükəsizliyinin hədəf olduğunu - "hamı bir nəfər, bir nəfər hamı üçün” prinsipinin dəyişilməzliyini çatdırmaq istəyiblər. Müəyyən mənada bunu nümayiş etdirmək də mümkün olub. Məsələn, Türkiyə son anda Baltikyanı ölkələrin və Polşanın yenilənmiş müdafiəsi planını bloklamaq planından əl çəkib. Lakin media və ekspertlərin də qeyd etdiyi kimi, əsas məsələ - NATO-nun hara istiqamət götürdüyü sualı açıq qalıb. Sammitin ilk günlərində əksər ekspert və politoloqlar NATO daxilində ciddi fikir ayrılıqları və parçalanmaların olduğunu iddia etsələr də, görüşün özü hər hansı bir  çətinliklər olmadan baş tutdu. Hətta antiqlobalistlərin aksiyalarına belə rast gəlinmədi. Adətən onlar belə tip aksiyaların keçirilməsinə qarşı etiraz aksiyaları keçirirlər. Elə onların "qorxusun”dan da aksiyanı Londonda deyil, Uotford şəhəri yaxınlığında – "The Grove” qolf otelində keçirmək qərara alındı. O da bəlli olub ki, 2020-ci ildə NATO-nun sammiti baş tutmayacaq. Növbəti sammitin 2021-ci ildə keçirilməsi razılaşdırılıb.
Sammit ərəfəsində ən gərgin məsələ, qeyd etdiyimiz kimi, Türkiyə ilə bağlı idi. Rəsmi Ankara bəyan edirdi ki, əgər Alyans kürdlərin separatçı YPG təşkilatını terror qruplaşması kimi tanımasa, yeni müdafiə planını bloklayacaq. NATO-nun baş katibi Yens Stolnberq də açıq etiraf etdi ki, vəziyyət dalana dirənib. Yalnız Türkiyə prezidenti ilə sammitin əsas görüşünə yaxın aparılan müzakirə zamanı məsələ öz həlini tapmış oldu.
Yeri gəlmişkən, kurioz hal ABŞ prezidenti Donald Trampla bağlı yaşanıb. Belə ki, Tramp sammitin ardınca planlaşdırılan mətbuat konfransını ləğv edib. O, son iki gündə çox sayda söhbətlərin olduğunu əsas gətirsə də, ABŞ liderinin incikliyi aşkar hiss olunurdu. O daha bir tvit yazmışdı: "Bugünkü görüşlər başa çatandan sonra mən birbaş Vaşinqtona qayıdacağam. Biz NATO sammitinin bağlanışında mətbuat konfransı keçirməyəcəyik, çünki son iki gündə çox belə konfranslar keçirmişik. Hamıya uğurlu yol!” Sammitin başa çatmasına az qalmış Tramp Kanadanın baş naziri, "ikiüzlü” Castin Tradeaunın əlindən hirsləndiyini dilə gətirmişdi. Tradeau, iddia edildiyinə görə, Trampın mətbuat qarşısında uzun-uzadı görünməsini lağa qoyan qeydlər edərkən, kameraya düşmüşdü. Tradeau yekun mətbuat konfransında vəziyyəti bir qədər yumşaltmağa çalışıb və bildirib ki, o və ABŞ prezidenti "əla görüş” keçiriblər: "Ötən gecə mən prezident Trampla görüşümdən əvvəl planlaşdırılmamış mətbuat konfransı barədə müəyyən fikir söyləmişdim. Mən bundan çox məmnun idim, amma konfransın planlaşdırılmamış olması nəzərə çarpırdı”.
Jurnalistləri maraqlandıran digər məsələ Fransa prezidenti Emmanuel Makronun NATO-nun "beyninin ölməsi” barədə qalmaqallı bəyanatı idi. Xatırladaq ki, Alyansla bağlı bu xarakteristikanı verməsi, həmkarları tərəfindən sərt etirazla  qarşılanmışdı. "NATO-nun "beyin ölümü” barəsində açıqlamalarıma görə xəcalət çəkmirəm, çünki bu açıqlamalar Şimali Atlantika alyansındakı vəziyyət barədə mühüm müzakirələrin aparılmasına səbəb oldu”, - deyə Fransa prezidenti sammitdə fikrini bir daha təkrarlayıb. "Biz bir çox məsələyə, o cümlədən, beynəlxalq terrorizmə qarşı necə mübarizə aparacağımıza aydınlıq gətirməliyik. Fikir ayrılıqlarını aradan qaldırmalı və strateji müzakirələrə başlamalıyıq”, - deyə Makron bildirib. "NATO beyin ölümü yaşamır, əksinə, aktivdir və sürətlə dünyadakı dəyişikliklərə adaptasiya olunur”. Bunu isə NATO Baş katibi Yens Stoltenberq deyib. "NATO aktivdir, situasiyaya uyğunlaşır. NATO tarixin ən uğurlu hərbi alyansıdır. Biz ətrafımızda dünya dəyişdiyi zaman hər zaman dəyişə bilərik”, – deyə o bildirib. Təşkilatın baş katibi bildirib ki, NATO aktiv şəkildə vəziyyətə adaptasiya olunur: "İndi NATO ölkələri müdafiəyə xərcləri artırırlar və artıq Avropada ABŞ hərbçilərinin sayının artdığının şahidi oluruq”.
Lakin o, bir sıra ölkələrin, konkret olaraq Almaniyanın müdafiəyə xərcləri artırmaq istəməməsinə aydınlıq gətirə bilməyib.
Yeri gəlmişkən, ziddiyyətlərə baxmayaraq, NATO liderləri təşkilatın Londonda keçirilən yubiley sammitinin yekununda 29 üzvün hamılıqla müdafiəni nəzərdə tutan nizamnamə maddəsinə sadiqliyini ifadə edən bəyannamə imzalayıblar: "Biz Avropa və Şimali Amerika arasında sarsılmaz bağları bir daha təsdiq edir və Vaşinqton Müqaviləsinin 5-ci maddəsində ehtiva edilən belə bir öhdəliyimizə müqəddəs sadiqliyimizi bildiririk ki, bir müttəfiqin üstünə hücum, hamımızın üstünə hücum hesab ediləcəkdir”. Bu sənəddə habelə Çinin artmaqda olan nüfuzu və beynəlxalq siyasətlərindən doğan "imkan və sınaqları” nəzərə almaq zərurətinin olduğu qeyd edilir.

Azər