AZE | RUS | ENG |

Hər bir azərbaycanlının Prezidenti - Fotolar

Hər bir azərbaycanlının Prezidenti - Fotolar
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmin layiqli üzvünə çevrilib

XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa edən Azərbaycan varlığını qorumaq üçün böyük çətinliklərə sinə gərib. 90-cı illərin əvvəllərində iqtisadi-siyasi böhranla üzləşən, vətəndaş müharibəsi, müstəqilliyin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycan nicatını ulu öndər Heydər Əliyevdə tapdı. Xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Naxçıvandan Bakıya - siyasi hakimiyyətə qayıtdı. Məhz ulu öndərin uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi Azərbaycanı yox olmaq təhlükəsindən qurtardı, sabitlik, əmin-amanlıq yarandı. Onun müəyyənləşdirdiyi neft strategiyası ölkəmizdə iqtisadi inkişafa, hərtərəfli islahatlara səbəb oldu. Sonradan həyata keçirilən bir sıra tədbirlər sayəsində Azərbaycan sözün əsl mənasında dünyaya günəş kimi doğdu. 2003-cü ildən etibarən bu siyasi kurs onun layiqli varisi, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
 
 
 
Zəngin və şərəfli ömür yolu
 
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olan İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ali təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti olub. Ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İlham Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə partiyanın sədri seçilib. O, 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycanın Baş naziri təyin olunub. 
 
 
 
Xalqın davamlı etimadı
 
Ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan, Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilən, bir siyasi xadim kimi beynəlxalq aləmdə də tanınan İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycanın Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faizinin səsini qazanıb. 2018-ci il aprelin 11-də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçilib.
 
 
 
Vədinə sadiq Prezident
 
Dövlət başçısı İlham Əliyev Azərbaycanın milli-dövlətçilik maraqlarına söykənən, ərazi bütövlüyümüzün təmininə, dövlət olaraq beynəlxalq aləmdə nüfuzumuzun artmasına, iqtisadiyyatın inkişafına, vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına hesablanan daxili və xarici siyasəti ilə daim diqqət çəkib. O, hələ 2003-cü ildə prezident seçkilərindən öncə keçirdiyi görüşlərdə bəyan edib ki, Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasıdır. Dövlət başçısı ötən illər ərzində problemin həllinə nail olmaq üçün əməli tədbirlərin görülməsi ilə paralel olaraq, 1 milyona yaxın qaçqın və məcburi köçkünün sosial-məişət qayğılarının həlli istiqamətində də mühüm addımlar atıb. O, vəd etdiyi kimi, prezidentliyi dövründə qaçqın və məcburi köçkün şəhərciklərinin ləğvinə, orada müvəqqəti məskunlaşan insanların yeni mənzillərlə təmin olunmasına nail olub. Şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllində neqativ halların tam aradan qaldırılması istiqamətində ciddi işlər görülüb. 
 
 
 
Müharibə əlillərinə və şəhid ailələrinə qayğı
 
İndiyə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Təkcə cari ildə 20 min köçkün və ya 5800 ailə, ötən il isə 12 min köçkün yeni evlərlə təmin edilib. 2017-ci il ərzində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 400 nəfərə yaxın şəxs mənzil və fərdi evlə təmin edilib. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına imkan yaradıb. Bu il 700-ə yaxın şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Bununla yanaşı, Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən minik avtomobilləri ilə də təmin olunublar. İndiyə qədər ümumilikdə müharibə əlillərinə 6144 avtomobil verilib.
 
 
 
Milli iqtisadiyyat üçün əsas prioritet istiqamət
 
Prezident İlham Əliyevin iqtisadi siyasəti nəticəsində 2003-2016-cı illərdə Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 5 dəfədən çox artıb. Dünya Bankının statistikalarına əsasən, İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən Azərbaycanın ÜDM-i 7,276 milyard ABŞ dolları idisə, 2016-cı ildə bu göstərici 37,848 milyard ABŞ dolları olub. Prezident İlham Əliyev 6 mart 2007-ci ildə "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında”, 20 aprel 2016-cı ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, 6 noyabr 2017-ci ildə "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanlar, eləcə də müxtəlif sahələri əhatə edən islahat xarakterli sərəncamlar imzalayıb, ixracın şaxələndirilməsini milli iqtisadiyyat üçün gələcəkdə əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu siyasət nəticəsində Azərbaycanda neft sektoru ilə paralel olaraq, qeyri-neft sektoru da ilbəil inkişaf edib, ölkəyə yatırılan xarici sərmayənin, valyuta ehtiyatlarımızın həcmi artıb. 
 
 
 
Azərbaycan dünyada həm də sosial dövlət kimi tanınıb
 
Bu inkişafdan, əldə edilən gəlirlərdən asılı olaraq, Azərbaycan vətəndaşının maraqları, onun rifahı, xüsusən də gənclərə dövlət qayğısının göstərilməsi daim diqqət mərkəzində saxlanılıb. Görülən işlər sayəsində Azərbaycan dünyada həm də sosial dövlət kimi tanınıb. Son 15 ildə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsinə enib. Həyata keçirilən çoxsaylı tədbirlər, yaradılan yeni müəssisələr hesabına son 15 ildə 1,5 milyona yaxın yeni iş yeri yaradılıb. Bundan başqa, ötən illər ərzində Azərbaycanda 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib, bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Prezident İlham Əliyev 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə İsveçrədə keçirilən Davos Dünya İqtisadi forumlarında davamlı iştirak edərək, Azərbaycanın əldə etdiyi bu nailiyyətləri, həyata keçirilən islahatları, dövlət olaraq qarşımızda dayanan hədəfləri bütün dünyaya çatdırıb. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərindən inamlı, cəsarətli, məntiqli çıxışları ilə də daim diqqəti cəlb edib, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyub, müstəqil xarici siyasət yürüdüb.
 
 
 
Dünyanın 50 ən güclü ordusundan biri
 
Təhsil, səhiyyə, idman və sair sahələrə dövlət qayğısının göstərilməsi ilə paralel olaraq, şübhəsiz ki, müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli iş aparıb. Həyata keçirilən tədbirlər sayəsində bu gün Azərbaycanda dünyanın 50 ən güclü ordusundan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə hər an qadirdir. Üstəlik də, vaxtilə bütün silahları xaricdən alırdıqsa, indi Azərbaycan özü müasir silah və texnika istehsal edir, həmçinin digər dövlətlərə də satır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu istiqamətdə atılmış ən önəmli addımlardan biridir. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirib. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ alıb. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi olub. Prezidentin Sərəncamına əsasən, Cocuq Mərcanlıda qısa müddətdə yeni qəsəbə salınıb və kənd sakinlərinin öz doğma torpağında yaşayışı təmin edilib. Bu hadisə "Böyük qayıdış”ın başlanğıcı kimi qiymətləndirilir. 
 
 
 
Silahlı Qüvvələrimizin qüdrəti
 
Silahlı Qüvvələrimizin qüdrətini göstərən daha bir hadisə isə cari ilin may ayında baş verib. May ayının sonunda Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərdə möhkəmlənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, "Qızılqaya” dağı  və "Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuzun nəzarət etməsinə imkan verməsidir.
 
 
 
Müasir və çevik siyasətçi
 
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında da mühüm uğurlar əldə edilib. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanıb. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Ölkə jurnalistlərinin dostuna çevrilən İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Təsadüfi deyil ki, hətta qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
 
 
 
Onun siyasətinin mərkəzində insan amili dayanır
 
Son olaraq vurğulayaq ki, Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Dövlət başçısının özünün də dəfələrlə qeyd etdiyi kimi, onun siyasətinin mərkəzində insan amili, qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaq məqsədi dayanır. Dekabrın 24-də 57 yaşını qeyd edəcək Prezident İlham Əliyev üçün xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq həyat fəlsəfəsidir.
 
Rufik İSMAYILOV
 












Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896