• cümə, 26 Aprel, 11:40
  • Baku Bakı 12°C

2018 inkişaf və yeniliklər ili olacaq - Fotolar

06.01.18 09:00 2234
2018 inkişaf və yeniliklər ili olacaq - Fotolar
Dünyada baş verən proseslər, o cümlədən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda Cənubi Qafqazın lider dövləti Azərbaycan 2017-ci ili böyük uğurlarla başa vurub. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd olunduğu kimi, 2017-ci ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr icra olunub, ölkəmizdə sabitlik təmin edilib. Dövlət başçısının sözləri ilə desək, baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, ölkəmiz apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilib.


Ötən ilin 11 ayının yekunlarına görə, ölkədə 63 071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb. Həmçinin bu dövrdə ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artıb. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13 milyard 688,4 milyon manat təşkil edib. Həmin vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna yönəldilib.
Qeyri-neft bölmələrinə yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövriyyəsi artıb, əmtəə dövriyyəsində müsbət saldo yaranıb. 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon dollar həcmində olub. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi genişlənib. Bu siyasətin mühüm uğuru olaraq ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollardan artıq çoxalıb.
Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu iqtisadi siyasətin nəticəsidir. Məhz bu inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir. Ötən ilin yekunları, əldə edilən nailiyyətlər, sosial-iqtisadi nəticələr, həmçinin 2018-ci ildə baş verməsi gözlənilən hadisələr onu deməyə əsas verir ki, car il də Azərbaycan üçün düşərli olacaq, ölkəmiz daha böyük uğurlara imza atacaq. Xatırladaq ki, ötən il olduğu kimi, 2018-ci ildə də Azərbaycanda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan ən önəmlisi 2018-ci il oktyabrın 17-də ölkəmizdə baş tutacaq növbəti prezident seçkiləridir.

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq.Bunlarla yanaşı, əvvəlki illərdə olduğu kimi, bu il də Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlamaq niyyətindədir. Cari ildə ölkəmiz bir sıra mühüm beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Belə ki, 5-9 iyun tarixlərində Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatı keçiriləcək. Bakı şəhəri 15-18 mart 2018-ci il tarixlərində idman gimnastikası üzrə Dünya Kubokuna, 12-15 aprel 2018-ci il tarixlərində batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa çempionatına, 27-29 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kubokuna və 22-23 iyun tarixlərində yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək.
27-29 aprel tarixlərində ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb edəcək.Bu il Azərbaycan, bir sıra mühüm siyasi tədbirlərə də ev sahibliyi edəcək. 2018-ci ilin 3-6 apreldə Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək.2018-ci ildə ölkəmiz üçün gözlənilən ən mühüm hadisələrdən biri də Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi olacaq.

88 ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı da bu il ölkəmizdə baş tutacaq. Bundan əlavə, 2018-ci ildə Azərbaycanda beynəlxalq turizm, qida, neft və qaz, energetika və alternativ enerji, nəqliyyat, tranzit və logistika sərgi və konfransları keçiriləcək. Daha bir önəmli tədbiri də qeyd etmək mütləqdir - cari il 15-17 mart tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VI Qlobal Bakı Forumu keçiriləcək.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzuya dair fikirlərini "Kaspi”yə bölüşərkən ötən ili Azərbaycan üçün uğurlu il kimi xarakterizə edib. Bildirib ki, 2017-ci ildə həyata keçirilən tədbirlər və iqtisadi inkişafın sabitləşməsi 2018-ci il üçün də dinamik inkişafa şərait yaradıb: "2018-ci ildə Ümumi Daxili Məhsulun 2-4 faiz artması planlaşdırılır. Bu ilin büdcə gəlirləri də keçən ilə nisbətən 20 faiz artıq planlaşdırılıb. 2018-ci ildə qeyri-neft sektorunun ÜDM-də payının 70 faizi keçməsi proqnozlaşdırılır. 2018-ci ildə TANAP layihəsinin işə düşməsi və Türkiyə bazarına illik 6 mlrd m3 qazın ixracına başlanması planlaşdırılır. Bu hadisə 2020-ci ilə qədər Azərbaycan qazının Avropaya çatdırılmasında mühüm mərhələ olacaq. Sumqayıt Kimya Sənayesi Parkında Azərbaycanda son 40 il ərzində növünə və miqyasına görə həyata keçirilən ilk neft-kimya layihəsi olan SOCAR Polymer Zavodu fəaliyyətə başlayacaq. Zavodda illik 120 min ton yüksək sıxlıqlı polietilen və 180 min ton polipropilen istehsalı nəzərdə tutulur. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması da planlaşdırılır. 2018-ci ildə Türkiyədə istismara verilməsi planlaşdırılan STAR neftayırma zavodu yaxın 10 il ərzində illik 10 milyon ton yanacaq istehsalı gücü ilə Mərkəzi və Şərqi Avropa ölkələrində ən yeni texnologiyalı zavod olacaq. Bu il Hacıqabulda sənaye məhəlləsi yaradılacaq, Mingəçevir Yüngül Sənaye Parkında yeni müəssisənin açılışı planlaşdırılır. Kənd təsərrüfatında görülən tədbirlər, suvarılan torpaqlarının sahəsinin artması 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalını və ixracını artıracaqdır. Bütün bu yeniliklər təbii olaraq, Azərbaycan iqtisadiyyatının inkişafı ilə müşayiət olunacaq, yeni iş yerlərini yaradılmasına, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına və iqtisadi aktivliyin artmasına təkan verəcək”.


Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov da hesab edir ki, yola saldığımız 2017-ci ildən sonra Azərbaycan iqtisadiyyatının 2018-ci ildə daha da sürətlə inkişafı ən böyük gözləntilər sırasındadır: "2018-ci il "Şahdəniz-2” yatağından Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə nəql edilməyə başlanması ilə əlamətdar olacaq. Sosial sahədə yeniliklər büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının və təqaüdlərin artması ilə müşahidə olunacaq. Bu il ölkə iqtisadiyyatının real sektorundan ixracın, həcminin yola saldığımız illə müqayisədə əhəmiyyətli dərəcədə artması gözləniləndir. Eyni zamanda, iqtisadi islahatların daha da sürətləndirilməsi, struktur islahatlarının dərinləşməsi, oxşar fəaliyyətlə məşğul olan qurumların bir araya gətirilməsi yolu ilə idarəçilikdə çevikliyin daha da artırılması gözlənilir. Bu il həm də Prezident seçkiləri ilidir. Azərbaycan xalqı cari ilin oktyabr ayında öz layiqli seçimini edəcəkdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər