Yeni ildə uşaqları hara aparaq?
2018-ci
ili qarşılamağa sayılı günlər qalıb. Yeni il yeni çoşğu, həvəs, gözəl günlərin
xəbərçisidir. Deyirlər, köhnə ili necə
yola salarsansa, yeni ili elə keçirərsən. Yeni ilin gəlməsinə isə daha çox
uşaqlar sevinir. Çünki Yeni il Şaxta baba, Qar qız, şam ağacı, hədiyyələr –
bayram deməkdir. Bayram günlərində uşaqların istirahətini səmərəli keçirmək
üçün mədəniyyət ocaqlarımız maraqlı repertuarlar təqdim edirlər. Biz də
valideynlərin bu bayram günündə işlərini yüngülləşdirmək üçün mədəniyyət
ocaqlarımızın Yeni ilə necə hazırlaşdıqlarını və uşaqlara hansı şənlikləri
hazırladıqlarını öyrəndik.
Yeni
il üçün zəngin repertuarımız var
İlk
olaraq Heydər Əliyev Sarayının sözçüsü
Anar Fərəczadə ilə əlaqə saxladıq. Onların Yeni ildə uşaqlara nə vəd
etdiklərini soruşduq. A.Fərəczadə deyir ki, ölkənin ən böyük konsert salonu
olan Sarayda Yeni il üçün uşaqlara zəngin repertuar təqdim olunacaq: "Dekabrın
24-də Heydər Əliyev Sarayında "Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası
təqdim edəcəyik. Belə ki, Luntik artıq xeyli müddətdir günəş tarlasında yaşayır
və onun bütün sakinləri ilə dostlaşmağa vaxt tapıb. Luntik üçün ilk qış mövsümü
başlayır və onu yeni açılışlar və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin
dostları ona qışı bütün gözəlliyi ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş
ibrətamiz qış əhvalatı gözləyir. Əhvalatlarda onlara fəal rol verilib, axı
uşaqlar qışı yaxşı tanıyırlar və çətin vəziyyətdə kömək edə biləcəklər.
Bundan başqa, şənlikdə Şaxta Baba Vupsen və Pupseni ifşa edir və hamı sevinclə
Yeni ili qarşılayır. Dekabrın 29 və 30-da Heydər Əliyev Sarayının səhnəsində
"Fiksi-şou: Zaman xilasediciləri” ("Fiksi-şou: Spasateli vremeni")
adlı çox gözəl uşaq tamaşası təqdim olunacaq. Bu Yeni il tamaşası
"Fiksiklər" ("Fiksiki") serialının motivləri əsasında
hazırlanmış lisenziyalı tamaşadır. Fiksiklər effektli şəkildə peyda olacaqlar.
Nolik zalın üzərindən təyyarə ilə uçaraq tamaşaçıları və DimDimıçı kiçildəcək
ki, hər bir uşaqla ayrıca tanış olsun (və bu, həqiqətən baş verəcək!), birlikdə
oynasınlar və şənlənsinlər. Lakin oyuna çağırılmamış qonaq qarışır... Kompüter
Botu dünyada ən əsas saatları həmişəlik dayandırmaqla hədələyir!
Dekabrın
23-də Heydər Əliyev Sarayında "Barboskinlər və ya kitab rəfinin sirri"
adlı uşaq tamaşası təqdim ediləcək. Yeni il hətta ən mümkünsüz hadisələrin baş
verə biləcəyi, möcüzələrin gerçək olduğu, nağılın isə həqiqətən inanıldığı
halda canlandığı vaxtdır. "Barboskinlər və ya kitab rəfinin sirri"
tamaşasında Barboskinlərin ailəsini bu dəfə növbəti həyacanlandırıcı və
əyləncəli səyahət gözləyir”.
Yanvarın
2-3-də Heydər Əliyev Sarayında uşaqlar üçün "Yeni il gəlir, xoş gəlir” adlı
interaktiv, əyləncəli və musiqili şənlik keçiriləcək. Yeni ilin ən sevilən
personajları olan Şaxta Baba və Qar qız interaktiv şənlikdə uşaqlarla
ünsiyyətdə olacaq, onları mahnılar, oyunlar, milli və müasir rəqslər ilə
sevindirəcək və onlarla birgə əylənəcəklər. Azyaşlı tamaşaçılara təqdim olunacaq
bayram proqramının musiqili qonaqları da olacaq. Tanınmış estrada ulduzlarının
çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou
bəxş edəcək. İlk dəfə təqdim olunacaq Veniamin şou proqramı Yeni ilin gəlişini
səbirsizliklə gözləyən uşaqların əyləncəsinə əlavə rəng qatacaq. Saat 13:00-da
başlayacaq şənliklərin biletlərinin qiyməti 6 manatdan başlayır.
"Rəqs
edən pinqvinlər” uşaqların görüşünə gələcək
Akademik Milli Dram Teatrında da Yeni il
şənlikləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bayram
münasibəti ilə hazırlanan "Rəqs edən pinqvinlər” adlı səhnə əsərinin müəllifi
və rejissoru Anar Sadıqov, rejissor assistentləri Xanım Həsənova və Könül
Kərimovadır.
Maraqlı
dekorasiyası, nağılvari tərtibatı və maraqlı obrazları ilə uşaqları
sevindirəcək tamaşanın rəssam işi əməkdar mədəniyyət işçisi İlham Elxanoğluna,
rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur.
Tamaşada
əməkdar artist Elxan Quliyev və aktyor Mətləb Abdullayev (Şaxta baba)
aktrisalar İlahə Həsənova (Qar qız), Rada Nəsibova (Nono), əməkdar artistlər
Əlvida Cəfərov (Toto), Şəlalə Şahvələdqızı (Lolo), Mehriban Xanlarova (La),
Mirzə Ağabəyli və aktyor Elnur Qədirov (Luz), aktrisa Firuzə Balayeva (Yoyo) və
aktyor Rüstəm Rüstəmov (Panda) çıxış edəcəklər.
Yeni
il şənlikləri 23, 24, 28, 29, 30, 31 dekabr tarixlərində və eləcə də yanvarın
7-dək hər gün dörd seansda təqdim olunacaq.
"Qış
nağılı”na qonaq olmaq istəyirsiniz?
Kukla
Teatrı uşaqların Yeni il şənliyinə xüsusi hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova deyir ki, Abdulla
Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və
Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün "Qış nağılı” adlı yeni səhnə
işi ərsəyə gətirir: "Teatrın quruluşçu rejissoru Anar Məmmədovun
səhnələşdirdiyi "Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcəyik.
Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqili tərtibat
əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır.
Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən
hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin
edir. Canavar, Ayı, Dovşan, Uzunqulaq kimi personajların Küpəgirənin
hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa
rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir.
Zəngin səhnə tərtibatlı tamaşaya səhnədə qurulan möhtəşəm şam ağacı maraqlı bir
ovqat qatacaq. Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova,
Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur
Xəlilov və başqaları ifa edirlər”.
Məlumat
üçün bildirək ki, 27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək
hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans (saat 12:00, 14, 16)
Azərbaycan, bir seans isə (saat 18:00) rus dilində göstəriləcək. Tamaşaya
biletlərin qiyməti 3 manatdır.
"Qoğalın
Yeni il macərası”na nə deyirsiniz?
Azərbaycan Dövlət Musiqili Teatrı da Yeni ilə
ciddi-cəhdlə hazırlaşan teatrlardandır. Teatrdan verilən məlumata görə, onlar
bu il "Qoğalın Yeni il macərası” adlı tamaşa hazırlayırlar. Yeni il şənlikləri
29 dekabr tarixində başlanacaq. Bu münasibətlə "Qoğalın Yeni il macərası” adlı
Azərbaycan və rus dillərində tamaşa hazırlanır. Azərbaycan dilində hazırlanan
tamaşanın quruluşçu-rejissoru Elməddin Dadaşovdur. E.Dadaşov deyir ki, bayram
tamaşası uşaqlıqdan hamıya maraqlı olan "Qoğal” nağlının motivləri əsasında hazırlanır:
"Yeni ilin müjdəçisi olan Şaxta baba Yeni il axşamı istəkli nəvəsi Qar qızı
sevindirmək, təəccübləndirmək istəyir. O, bayram süfrəsi üçün Qar qızdan qoğal
bişirməyi xahiş edir. Qar qız qoğal bişirir. Qoğal Şaxta baba və Qar qızdan
qaçaraq meşəyə gedir. Hər şey də elə bundan sonra başlayır. Əyləncəli, macəra
dolu hadisələr, oyunlar, sirli-sehrli, möcüzəli olaylar sürətlə bir-birini
əvəzləyir. Məhz elə bu səbəbdən də biz tamaşamızı möcüzəli oyun adlandırmışıq”.
Səhnə
əsərində balaca tamaşaçılar əyripəncə Ayı, şələquyruq Tülkü, müftə yem axtaran
tənbəl Canavar, qoçaq Dovşan və başqa meşə sakinlərinin Qoğalla macəralarını
izləyə biləcəklər. 29 dekabrdan etibarən hər gün dörd seansın keçirilməsi
nəzərdə tutulur. Tamaşalar saat 10.30, 12.30, 14.30 və 16.30-da baş tutacaq.
"Hörümçək
adam” ADGTT-nın səhnəsində
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrıyeni tamaşanın hazırlanmasına start verib. Kollektiv
hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq yeni - 2018-ci ilin tətil
günlərində kiçik yaşlı tamaşaçılara maraqlı tamaşa hazırlayır. Bu dəfə teatr
sevimli uşaqların görüşünə Sten Linin "Hörümçək adam” tamaşası ilə gələcək.
"İnanıram
ki, digər tamaşalarımız kimi, bu tamaşa da bizim kiçik yaşlı tamaşaçılarımızda
böyük marağa səbəb olacaq. Onlar hər il olduğu kimi, bayram ovqatlarına xüsusi
rəng qatan ADGTT-dan yüksək əhval-ruhiyyə ilə gedəcəklər. Hesab edirəm ki,
tamaşa həm uşaqlar, həm də böyüklərə gözəl bayram hədiyyəsi olacaq, onların
sevincinə sevinc qatacaq” - teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz
Həmidov bu fikirləri yeni tamaşanın hazırlıq prosesinə başlayan yaradıcı heyətə
xeyir-dua verərkən söyləyib.
Tamaşanın
quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur,
səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur.
Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından əməkdar
artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel
Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə
Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə
Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq
Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.
Tamaşanın
premyerası dekabrın 29-da saat 12:00, 14:00, 16:00-da baş tutacaq.
Bakı
Dövlət Sirki qış proqramına hazırdır
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri
Mahir Hümbətov bizimlə söhbətində dekabrın 23-dən start
götürəcək "Hindistan fili və dostları” adlı proqramın yanvarın 10-dək davam edəcəyini
dedi: "Bakı Dövlət Sirki bayram günləri fasiləsiz işləyəcək. Belə ki, ilk dəfə
olaraq Macarıstandan sirk artistləri dəvət olunub, onlar əhliləşdirilmiş fillər
və atlarla olan nömrələrlə çıxış edəcəklər”.
M.Hümbətovun
sözlərinə görə, sirkin qış proqramında həmişə olduğu kimi, Rusiya Dövlət
Sirkinin əməkdaşları da yer alır: "Qış proqramımızda Rusiyanın əməkdar
artistləri Ruslan və Qalina Qubkayevlər, Rauf Rəsulovun rəhbərliyi ilə akrobat
qrupu iştirak edəcək. Proqramda kloun çıxışları ilə bir yerdə 17 nömrə olacaq:
"Proqram iki saatdan artıq davam edəcək. Proqram gün ərzində 3 seans olmaqla,
saat 12:00, 15:00 və 19:00-da nümayiş olunacaq”.
Qeyd
edək ki, qış proqramı üçünbiletlərin qiymətləri sıraya görə 10, 12, 15
manat təşkil edir.
Xəyalə
Rəis