• cümə, 26 Aprel, 07:02
  • Baku Bakı 12°C

2015-ci ilin prioritetləri

14.01.15 10:23 1061
2015-ci ilin prioritetləri
2015-ci ildə bütün sosial proqramlar tam həcmdə icra ediləcək
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləyib. Prezident nitqində mövcud vəziyyəti təhlil edib, 2015-ci ilin uğurla başa vurulması istiqamətində atılmalı olan addımları müəyyənləşdirib.
Məlum olduğu kimi, hazırda dünya iqtisadiyyatında baş verən böhran 2015-ci ilin sınaqlar ili olacağını deməyə əsas verir. Lakin, prezidentin nitqində söylədiyi kimi, əvvəlki illərdə aparılmış siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazırlığın 2015-ci ili də uğurla başa vurmaqda yardımçı olacağı şübhəsizdir: “Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Son illər ərzində əsas prioritetlər arasında biz həmişə makroiqtisadi sabitliyi qeyd edirdik. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir, xarici investisiyaların cəlb edilməsi üçün çox önəmli amildir. Eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşması üçün makroiqtisadi sabitlik ən önəmli məsələdir və biz bu sabitliyi uzun illərdir ki, təmin edirik. Böhranlı illərdə - 2008-2009-cu illərdə də təmin etmişik. Keçən il də təmin etmişik və bu il də təmin edəcəyik”.
Hazırkı böhranlı şəraitdə, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü bir dövrdə Azərbaycan iqtisadiyyatının öz dayanıqlığını qoruyub saxlamasında qeyri-neft sektorunun inkişafı öz sözünü deyir. Belə ki, ötən müddətdə neftdən gələn gəlirlərdən istifadə edilərək qeyri-neft sektorunun inkişafı layihələrinin reallaşdırılması bu gün mühüm nəticələr verir.
Məhz regional inkişaf proqramlarının icrası, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, düşünülmüş siyasət, sənayeləşmə siyasəti, xarici investisiyaların cəlb edilməsi, neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi sayəsində bu gün Azərbaycan dövləti və xalqı neft böhranını ciddi şəkildə hiss etmir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsində həyata keçirilən ciddi infrastruktur layihələrinin də mühüm rolu vardır. Belə ki, məhz yaradılmış infrastruktur xarici investisiyaların cəlbində mühüm rol oynayır.
Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasında mühüm amillərdən biri də yerli istehsalın stimullaşdırılmasıdır. Bu istiqamətdə dövlət dəstəyinin 2015-ci ildə də davam etdirilməsinin vacibliyini prezident nitqində xüsusi vurğulayıb: “Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il o cümlədən öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsaiti qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar”.
Qeyri-neft sektoruna xarici investisiyaların cəlbi də bu sahənin inkişafında öz müsbət nəticələrini verə bilər. 2015-ci ildə qarşıda duran vəzifələr sırasında bu da elan edilib. Prezident xarici investorların daha çox neft-qaz sektorunda maraqlı olmalarına baxmayaraq, qeyri-neft sektorunda da bu amildən maksimum yararlanmağın vacibliyini qeyd edib.
Məlumdur ki, hazırda Azərbaycanda ciddi texnologiya parkları, iri sənaye layihələri həyata keçirilir. Məhz bu kimi proyektlər xarici sərmayədarları cəlb etməyə bilməz. Lakin ölkəmiz, onun iqtisadiyyatı barəsində informasiya bolluğunun yaradılması istiqamətində fəaliyyətlərin də mühüm rolu vardır. Qlobal iqtisadi forumlarda yaxından iştirak, ayrı-ayrı ölkələrin biznes dairələrinin iştirakı ilə mütəmadi olaraq keçirilən forumlar məhz bu amilə hesablanıb.
2015-ci ildə ölkənin inkişaf tendensiyasının qorunub saxlanmasında dövlət xərclərinə qənaət edilməsi, prioritet olmayan layihələrin icrasının təxirə salınması da əhəmiyyət daşıyacaqdır. Bu mənada Prezident dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Məhz digər, qeyri-prioritet sahələrdə aparılan qənaət tədbirləri sosial layihələrin vaxtında və tam şəkildə icra olunmasına yardımçı olacaqdır. Sosial proqramların icrasının labüdlüyünü prezident nitqində xüsusilə vurğulayıb: “Bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir. Ünvanlı sosial yardım, əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Məktəb, xəstəxana tikintisi davam etdiriləcək. Eyni zamanda, infrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək. Qazlaşdırma, elektrik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu infrastruktur layihələri və meliorasiya ilə bağlı olan tədbirlər ölkəmiz üçün çox önəmlidir. Çünki biz keçən il və 2013-cü ildə iki nəhəng layihəni istismara vermişik – Şəmkirçay və Taxtakörpü su anbarlarının tikintisi başa çatıbdır. Azərbaycan tarixində bu layihələrin çox böyük yeri var. Biz bu layihələri ancaq müstəqillik dövründə icra edə bilmişik və bu layihələr Azərbaycanın nə qədər güclü ölkə olduğunu bir daha göstərir”.
Müşavirədəki nitqində prezident ərzaq təhlükəsizliyi ilə bağlı da dayanıqlı tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edərək, dövlətin bu sahəyə diqqət yetirəcəyini ifadə edib.
Məlum olduğu kimi, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Hazırda Azərbaycan bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal edir. Bu mənada daxili istehsalın maksimum artırılması, fövqəladə hallar üçün vacibdir. Çünki ötən illərdə bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulması halları müşahidə olunmuşdu.
Dövlət bu istiqamətdə daim fermerlərə öz dəstəyini göstərib. Kənd təsərrüfatı sahəsində uzun illərdir ki, vergi güzəştləri həyata keçirilir. Dövlət tərəfindən texnika, cins mal-qara alınır. Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi də çox önəmlidir. Bu sahədə ixrac potensialının artırılması da dövlət qarşısında duran məsələlərdən biridir. Çünki aparılan islahatlar, göstərilən dövlət dəstəyi gələcəkdə daxili tələbatı təmin edəcək. Beləliklə, ixrac üçün potensial yaranacaq.
Bunu artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının yaradılması prosesinin başlanması daha əminliklə deməyə əsas verir.
2015-ci ilin prioritetləri sırasında yeni iş yerlərinin yaradılması da vardır. Prezident müşavirədə qeyd edib ki, Azərbaycan əhalisi artır. Bu, böyük üstünlüyümüzdür. Lakin demoqrafik artım özü ilə bəzi problemlər də gətirir, o cümlədən işsizlik. Ona görə biz nə qədər yeni iş yerləri yaratsaq da, yenə də iş yerlərinin yaradılmasına ehtiyac var.
Məlum olduğu kimi, 2004-cü ildən bu günə qədər bir milyon 300 min iş yeri yaradılıbdır. Bununla da ölkədə işsizliyin azaldılmasına nail olunub. Problemin tam aradan qaldırılması üçün yeni sənaye istehsallarının yaradılmasına ehtiyac var ki, bu istiqamətdə də dövlət siyasəti davam etdirilir.
Bu il ərzində əvvəlki illərdə başladılmış mühüm strateji əhəmiyyətli layihələrin icrasının davam etdirilməsi zəruriliyi də qeyd edilməlidir. Məsələn, Ələtdə yeni dəniz ticarət limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatdırılması ölkəmizin iqtisadiyyatının neftdən asılılığının təmin olunmasında mühüm rol oynamaq imkanına malikdir.
Həmçinin hava nəqliyyatına yatırılan investisiyalar da eyni məqsədə xidmət edir. Ümumiyyətlə, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin strateji əhəmiyyətini artırır: “Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilibdir. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcəkdir”.
2015-ci ilin prioritetləri sırasında birinci Avropa Oyunlarının uğurla keçirilməsi də dayanır. Prezident İlham Əliyev müşavirədəki nitqində bu sahədə işlərin uğurla getdiyini bildirib: “Oyunların keçirilməsinə beş ay qalıbdır. Təşkilat Komitəsi çox fəal işləyir, bütün vəzifələri icra edir. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə oyunlar keçirilməmişdir. Bu oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.
Prezident nitqində ölkəmizin özünəməxsus nadir inkişaf modelinə malik olduğunu qeyd edib.
O, qeyd edib ki, bu, hər kəs üçün açıq olan modeldir. Azərbaycan iqtisadi islahatları aparmaqla, eyni zamanda, siyasi islahatlara da böyük önəm verir: “Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir. Əgər bütün ölkələr öz daxili işləri ilə məşğul olsaydılar, başqa ölkələrin daxili işlərinə qarışmasaydılar və əsassız tələblər irəli sürməsəydilər, dünya daha da sabit olardı, təhlükəsizlik daha da çox təmin edilərdi”.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər