AZE | RUS | ENG |

«2013-cü il müxalifətə böyük uğursuzluq vəd edir»

«2013-cü il müxalifətə böyük uğursuzluq vəd edir»
Əli Əhmədov: «Azərbaycanda keçiriləcək prezident seçkisində İlham Əliyevə rəqib olmaq parametrlərinə yaxın gələ biləcək siyasətçi mövcud deyil»

Hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədovun Trend-ə müsahibəsini ixtisarla təqdim edirik.

- Yeni Azərbaycan Partiyasının qarşısında duran prioritet məsələlər hansılardır və ümumiyyətlə, Yeni Azərbaycan Partiyası seçkilərdə hər hansı bir qüvvəni özünə rəqib görürmü?

- Əgər Yeni Azərbaycan Partiyasının və partiyamızın namizədi cənab İlham Əliyevin qarşıdan gələn beş illik fəaliyyətilə əlaqədar proqramı nəzərdə tutursunuzsa, cənab Prezidentin çıxışlarında bu barədə aydın mənzərə artıq formalaşıb. On il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan möhtəşəm bir inkişaf mərhələsini yaşayıb. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı dəfələrlə artıb, digər sahələrdə də çox ciddi dəyişikliklər baş verib. Bütövlükdə, Azərbaycan on il ərzində tamamilə dəyişib. Biz əgər 2003-cü il illə 2013-cü ili müqayisə etsək, artıq tamamilə başqa bir Azərbaycanın gerçəkliyə çevrildiyinin şahidi olacağıq. Bu illər ərzində təkcə Azərbaycan dəyişməyib, hər bir Azərbaycan vətəndaşı dəyişib. İnsanlarımız dəyişib, onların həyatı dəyişib, həyat səviyyəsi, həyat dəyərləri, həyat standartları dəyişib və yeniləşib. İndi Azərbaycan müasir dünyanın demək olar ki, fəal və qarşısında böyük perspektivləri dayanan üzvlərindən biridir. Azərbaycan dövləti, müstəqil Azərbaycan bütün dünya tərəfindən həm iqtisadi, həm də digər cəhətlərdən, sürətlə inkişaf edən və çox yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasına daxil olmağa namizədlərdən biri sayılan ölkələr sırasındadır. Bu, Azərbaycanın on il ərzində keçdiyi yolun ən ümumi şəkildə xarakteristikasıdır. Prezident İlham Əliyevin növbəti fəaliyyət dövrünün də proqramının əsas cəhətləri Azərbaycanın on il ərzində bizim hər birimizin müşahidə etdiyimiz inkişafını davam etdirmək və Azərbaycanı inkişafın daha yüksək bir pilləsinə qaldırmaq məqsədlərini və hədəflərini öz qarşısına qoymaqdan ibarətdir. Əgər bir az da konkretləşdirsək, Azərbaycan iqtisadiyyatının qarşıdakı müddət ərzində iki dəfə artacağını da ifadə etmək olar. Təsəvvür edin, on il ərzində Azərbaycanın iqtisadiyyatı üç dəfə inkişaf edib və növbəti yaxın müddət ərzində üç dəfə inkişaf etmiş Azərbaycan iqtisadiyyatını yenidən iki dəfə inkişaf etdirmək hədəf seçilib. Etiraf etmək lazımdır ki, bu, möhtəşəm iqtisadi sıçrayış nümunəsidir. Təsəvvür edin ki, 15 il ərzində Azərbaycanın iqtisadiyyatı 5-6 dəfə inkişaf etmiş olacaq. Bu, möhtəşəm bir vəzifə olaraq qarşıya qoyulub. Təbii ki, Azərbaycanda adambaşına düşən illik gəlirin də 10 min dollardan yuxarı səviyyəyə çatdırılması qarşıya qoyulan vacib vəzifələrdən biridir. İnsanların rifahının yaxşılaşdırılması, əmək haqlarının, pensiyaların yüksəldilməsi də bu hədəflər içərisindədir. Azərbaycandakı yeniləşmə strategiyasının bundan sonra da davam etdirilməsi güman edirəm ki, hər bir Azərbaycan vətəndaşının həyatının dəyişdirilməsi və yaxşılaşdırılması baxımından doğru seçilmiş hədəflərdən biri sayılmalıdır. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu sektorun bütövlükdə Azərbaycanın iqtisadiyyatında üstün mövqeyinin təmin edilməsi də qarşıda duran illər ərzində həll edilməsi nəzərdə tutulan Prezident proqramının vacib bir müddəasıdır. Bu minvalla bütövlükdə növbəti beş il ərzində İlham Əliyev Azərbaycanın daha da inkişaf etdirilməsini, daha da müasirləşməsini, yeniləşməsini və insanların həyatının daha da yaxşılaşdırılmasını nəzərdə tutan seçki proqramını müəyyənləşdirib. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşına çox yaxşı məlumdur ki, İlham Əliyevin seçki proqramı sadəcə vəd hesab oluna bilməz. Bu, həyata keçirilməsi ciddi şəkildə ölçülüb-biçilmiş, ciddi iradəyə və təcrübəyə əsaslanan konkret fəaliyyət proqramıdır. İlham Əliyev 2003-cü və 2008-ci ildə seçki proqramında nəzərdə tutulan bütün müddəaları artıqlaması ilə yerinə yetirib. Seçki proqramında nəzərdə tutulan elə bir müddəa olmayıb ki, istər 2003-cü ildən sonra, istərsə də 2008-ci ildən sonrakı beşilliklər ərzində o müddəalar yerinə yetirilməmiş qalsın. Onlar artıqlaması ilə yerinə yetirilib. Misal üçün, 2003-cü ildə beş il ərzində 600 min yeni iş yerlərinin yaradılmasından ibarət olan, o zaman üçün möhtəşəm bir vəzifə kimi müəyyənləşdirilən hədəf yerinə yetirildi və on il ərzində 1 milyon 200 min yeni iş yeri yaradıldı. Çadır şəhərciklərinin ləğv olunması barədə İlham Əliyevin bəyan etdiyi proqram da uğurla yerinə yetirildi. Azərbaycanda yoxsulluq həddinin aşağı salınması sahəsində yenə də Prezidentin müəyyənləşdirdiyi seçki proqramı uğurla yerinə yetirildi və Azərbaycanda yoxsulluq həddi 50 faizdən 6 faizə qədər endirildi və bu da dünya miqyasında buna bənzər nümunənin tapılması mümkün olmayan əzəmətli uğurlardan biri sayılmalıdır. Beləliklə, İlham Əliyevin vətəndaşlara öz fəaliyyəti ilə əlaqədar olaraq verdiyi bütün vədlər əslində proqram xarakterlidir və onların hamısının yerinə yetirilməsi ciddi şəkildə əsaslandırılır və ardıcıl surətdə həyata keçirilir. Odur ki, mənim demək istədiyim fikir ondan ibarətdir ki, İlham Əliyevin çıxışlarından növbəti beş il ərzində Azərbaycanın inkişafının əsas parametrlərindən ibarət olan mənzərənin reallığa çevriləcəyi və Azərbaycanın daha da inkişaf etmiş olacağı təbiidir.

O ki qaldı seçki kampaniyasının gedişində Yeni Azərbaycan Partiyasına və onun namizədinə müəyyən problemlər yarada biləcək alternativ namizədlər məsələsinə, mən birmənalı şəkildə dəfələrlə səsləndirdiyimiz bu fikri bir daha çatdırmaq istəyirəm ki, Azərbaycanın bugünkü reallıqlarında İlham Əliyevə rəqib ola biləcək, nəinki rəqib ola biləcək, rəqib olmaq parametrlərinə yaxın gələ biləcək bir siyasətçi mövcud deyil. Azərbaycan cəmiyyəti belə bir rəqibin mövcud olduğunu real hesab etmir. Birmənalı şəkildə Azərbaycan vətəndaşlarının əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini, əslində Azərbaycanın bundan sonrakı illər ərzində inkişafının təminatı kimi qəbul edirlər. Təbii ki, Azərbaycanın inkişafı hər bir Azərbaycan vətəndaşının şəxsi maraqlarına da uyğundur. Beləliklə də, İlham Əliyevin namizədliyinin vətəndaşlarımızın əksəriyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsi, müdafiə edilməsi digər namizədlərin seçki kampaniyasında əhəmiyyətli şansa ümid etməsini qeyri-real edib. Bununla əlaqədar olaraq, mən seçki kampaniyasında iştirak etmək istədiklərini bu və ya digər formada ayrı-ayrı zamanlarda bəyan edən partiyalar və partiyaların təmsilçilərinin sırasından İlham Əliyevə rəqib ola biləcək hər hansı namizəd görmürəm. Əlbəttə, Azərbaycan demokratik bir ölkədir, ayrı-ayrı namizədlər seçki kampaniyasına qoşulacaqlar, öz güclərini və şanslarını sınayacaqlar, onların güclərinin və şanslarının nədən ibarət olacağını zaman göstərəcək. Amma təbiidir ki, biz birmənalı şəkildə namizədimizin böyük, yüksək şansının olduğunu nəinki etiraf edirik, həm də bunu Azərbaycan reallıqlarının qəti şəkildə indidən təsdiq etdiyi gerçəklik kimi vurğulayırıq.

- Göründüyü kimi, Milli Şura artıq çətin duruma düşüb, vahid namizəd dalanından çıxa bilmir. Milli Şuradakı qüvvələr artıq parçalanıb. Bir qrup Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanır, digər qrup isə alternativ namizədin irəli sürülməsini təklif edir. Sizcə, seçkilərə çox az bir vaxt qaldığı halda Milli Şura bu çətin vəziyyətdən çıxa biləcəkmi?

- Əvvəlcə onu qeyd etmək istəyirəm ki, ümumiyyətlə hər bir seçkinin taleyini həll edən əhəmiyyətli amillərdən biri də uğurlu namizədin müəyyənləşdirilməsidir və eyni zamanda bu namizədin vaxtında müəyyən edilib bu barədə müvafiq qərarın çıxarılmasıdır. Yeni Azərbaycan Partiyası olaraq, biz bu məsələni həmişə diqqət mərkəzində saxlamışıq və Yeni Azərbaycan Partiyası heç bir tərəddüd keçirmədən çox ciddi siyasi məsələ ilə bağlı öz qərarını qəbul edib. Özlərini bizim rəqiblərimiz hesab edənlərin sırasında isə tamamilə başqa bir əhval-ruhiyyə müşahidə olunmaqdadır. Müxalifət düşərgəsində qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar namizədin müəyyənləşdirilməsi ilə bağlı böyük problemlər yaşanmaqdadır. Mən hesab edirəm ki, bunun başlıca səbəbi müxalifətin özünə, öz gücünə inamının olmamasıdır. Digər bir səbəb təbii ki, müxalifətin vətəndaşlar tərəfindən dəstəyinin olmadığının da onlara məlum olmasıdır. Beləliklə də, müxalifət seçkilərdə iştirak etmək istəyir, amma seçkilərdə iştirakın onlara hansısa bir dividend gətirə biləcək formasını və bu dividendi gətirə biləcək namizədi axtarıb tapmaqda çətinlik çəkirlər.

Çətinlik də ondan ibarətdir ki, sadəcə olaraq müxalifətin içərisində belə bir namizəd yoxdur. Birincisi, Azərbaycan vətəndaşlarının etimadını qazana biləcək, dəstəyini əldə edə biləcək, ikincisi Azərbaycan vətəndaşlarına onların ürəyindən keçə biləcək sözlərin əhəmiyyətli bir hissəsini demək iqtidarında olan namizədləri yoxdur. O ki qaldı Milli Şuranın müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyov məsələsinə və onun şanslarına, bu barədə biz fikirlərimizi dəfələrlə səsləndirmişik. Mən hesab etmirəm ki, Rüstəm İbrahimbəyovun Milli Şura tərəfindən bir namizəd kimi qəbul olunması onun siyasi çəkisi ilə əlaqədardır. Bəlkə də bu, daha çox müxalifətin içərisindən 2013-cü ilin seçki kampaniyasında müxalifəti lazımınca təmsil edə biləcək bir namizədin axtarılıb tapıla bilinməməsi ilə əlaqədardır və bu axtarışlar Rüstəm İbrahimbəyovun üzərində bir qərar qəbul edilməsinə gətirib çıxarıb. Hesab etmirəm ki, bu, uğurlu bir qərardır. Ən azından ona görə ki, Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətinin azacıq olsa da bir hissəni birləşdirmək imkanlarına malik olan bir şəxs deyil. O ki qaldı guya müxalifətin böyük birlik məsələsinin təmin edilməsinə, müxalifətin Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında birləşməsinin səbəbi seçki kampaniyasında azacıq da olsa şansı ola biləcək bir namizədi tapa bilməməklə bağlıdır. Onlar kənardan bir namizəd tapmaqla azacıq da olsa seçki kampaniyası zamanı şans əldə etmək istəklərini ortaya qoyublar. Əslində isə onlar böyük bir səhvə yol veriblər və bu səhvlərin də acılarını yaşamaqdadırlar. Seçki artıq elan edilib, müxalifət isə namizədini müəyyənləşdirə bilməyib. Əgər namizəd müəyyənləşdirilə bilinməyibsə, demək müxalifətin seçki kampaniyası ilə əlaqədar hədəfləri məlum deyil. Onlar nə istəyirlər? Onların məlum olan yeganə bir istəyi var - prezident seçkilərində iştirak etmək. Nə məqsədlə? Hansı proqramla? Bunlar yəqin ki, onları heç düşündürmür də. Məqsədi, proqramı, resursları məlum olmayan namizədin və onun arxasında duran partiyanın isə seçkilərdə uğur qazanmaq şansı sıfıra bərabərdir. Əgər onlar özləri üçün nə etmək istədiklərini aydınlaşdıra bilməyiblərsə, xalqa hansı vədləri verəcəklər? Yəni Azərbaycan vətəndaşları siyasi cəhətdən kifayət qədər səriştəli insanlardır və onların etimadını qazanmaq üçün istənilən sadəlövh vədləri də vermək mümkün deyil. Bütün bunların hamısını ümumiləşdirərək mən qeyd etmək istəyirəm ki, Milli Şuranın içərisində və ətrafında baş verən proseslər ondan xəbər verir ki, müxalifətin daxilində böyük bir anlaşılmazlıq var. Bu anlaşılmazlıq, birincisi, ideoloji anlaşılmazlıqdır. İkincisi, bir çox başların bir qazanda qaynamasının qeyri-mümkün olmasından irəliyə gələn anlaşılmazlıqdır. Üçüncüsü, insanlar tərəfindən hər hansı bir dəstəyin olmamasından irəliyə gələn inamsızlıq və bu inamsızlığın müxalifət daxilində yaratdığı anlaşılmazlıqdır. Bütün bunların hamısı ondan xəbər verir ki, Milli Şurada birləşən müxalifət qarşıdan gələn prezident seçkilərinə ümumiyyətlə hazır deyillər.

İndidən artıq görünür ki, onlar bu seçki kampaniyasının yanından ötüb keçiblər. Bir halda ki, onlar nə ideoloji, nə proqramın müəyyən edilməsi, nə namizəd, nə təşkilatı cəhətdən, nə də insani resursların səfərbər edilməsi cəhətindən seçki kampaniyasına hazır deyillər, belə olan halda seçki kampaniyasında iştirak etməklə uğur qazanmaq mümkün deyil. Reallıq bundan ibarətdir və mən güman edirəm ki, 2013-cü ilin seçki kampaniyası Azərbaycan müxalifəti üçün böyük uğursuzluq vəd edir. Bu uğursuzluğu onlar özləri qazanıblar. Müxalifətin bu uğursuzluğa görə kimisə günahlandırmaq haqqı yoxdur.

- Ümimiyyətlə, Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olunsa belə, onun prezident seçkilərində iştirakı qanunvericilik baxımından nə dərəcədə real görünür?

- Bunun bir texniki, bir də siyasi tərəfləri haqqında danışa bilərik. Siyasi cəhəti haqqında bəzi fikirləri artıq səsləndirdik. Rüstəm İbrahimbəyovun və ya müxalifətin başqa bir namizədinin qeydə alınmasının Yeni Azərbaycan Partiyasının namizədinə əngəl yaratmaq şansları sıfıra bərabərdir. Bu mənada, seçki kampaniyasında rəqiblərimizin kimlər olacağı bizi çox az maraqlandırır. Təbii ki, bizim rəqiblərimiz olacaq, yəni namizəd olaraq qeydiyyatdan keçənlər bizim rəqiblərimiz olacaq. Ancaq onların bizə rəqiblik etmək şansının nə dərəcədə olması başqa məsələdir. Bu mənada istər Milli Şura, istər ənənəvi müxalifətin digər partiyalarının adından olsun, seçki kampaniyasında kimin namizəd kimi iştirak etməsi bizi çox az qayğılandırır. Biz bu barədə demək olar ki, hətta heç düşünmürük də, çünki bu bizi narahat etmir. Bu məsələnin siyasi tərəfidir. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması da bizim üçün fərqli bir situasiya yaratmayacaq. İstər Rüstəm İbrahimbəyov namizəd kimi qeydiyyatdan keçmiş olsun, istər İsa Qəmbər, istərsə də başqa bir adam olsun, bu, bizim üçün hər hansı bir düşüncə yarada biləcək problem deyil.

Prezident seçilmək üçün isə kinorejissor olmaq kifayət deyil. Bunun üçün insanlar gərək ona etibar etsin. Etibar üçün isə ən azından etibar subyekti olan insanı gərək vətəndaş tanısın. Nəyə görə ona etibar etmək olar? Şəffaflığına, fəaliyyətinə, həyatına bələd olmayan bir insana bütün xalq necə etibar edə bilər? Bütün bunların hamısı onları düşündürən, qayğılandıran problemlərdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779