• cümə, 26 Aprel, 14:57
  • Baku Bakı 23°C

20 ildir bir-birilərini didirlər…

10.09.13 10:26 1288
20 ildir bir-birilərini didirlər…
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov təşkilatın daxilində baş verən son prosesləri şərh edərkən müxalifət liderləri haqqında maraqlı bir fikir söyləyib. Daha doğrusu, çoxdandır mətbuatın yazdıqlarını o da etiraf etməli olub. Kinorejissor siyasətçi Lalə Şövkətin Milli Şuradan getməsini və bununla əlaqədar onun tərəfdarları ilə müsavatçılar və cəbhəçilər arasında gedən qarşılıqlı ittihamları şərh edərkən «müxalifət liderlərinin həmişə» bir-birlərini qırdıqlarını deyib. «Əzizim, bu, onların öz işləridir, mən bu işlərə qarışmıram. Onlar 20 ildir bir-birinə qarşı ittihamlarla çıxış edirlər, 20 ildir bir-birilərini didirlər, onların öz işləridir. Mənim tarixi addımım odur ki, bunları birləşdirdim. İndi bunların nə qədər imkanı olacaq ki, bir-biri ilə iş görsünlər, bu, məndən asılı deyil, xalqın xüsusiyyətlərindən, bizim tariximizdən, ərazimizdən asılıdır. Bunların münasibətlərinin də öz tarixi və xüsusiyyətləri var» - deyə Milli Şuranın Bakıya gəlmək istəməyən sədri vurğulayıb.
Doğurdan da müxalifət düşərgəsində hər seçki ərəfəsi müşahidə olunan qarşılıqlı ittihamlar bu il sözün həqiqi mənasında özünün pik nöqtəsinə çıxıb. Özü də bu il ittihamlar bir təşkilatda birləşib guya hakimiyyətə gəlmək planları cızan partiyalar, onların funksionerləri tərəfindən səslənir.
Bir komandada təmsil olunmaq planları quran, bir cəbhədə birləşib vahid namizəd seçən, inkişaf planlarını birlikdə yazmağı hədəfləyən bu adamlar sözün həqiqi mənasında didişməkdədirlər.
Elə çox uzağa getmək lazım deyil. Son bir ay ərzində baş verənlərə diqqət yetirək. Bu bir ay ərzində Milli Şuranın sədri seçdikləri Rüstəm İbrahimbəyovun haqqında olmazın ittihamlar, aşağılayıcı ifadələr işlətdilər. Müsavat bütün resurslarını işə salıb, həm də vahid namizəd elan edilmiş kinorejissorun demokratik düşərgənin istəklərini reallaşdıracaq şəxs olmadığını gündəmə gətirməyə çalışdı. Buna paralel olaraq AXCP-nin nəzarətində olan qüvvələr «Yeni Müsavat» qəzetinə və onun baş redaktoru Rauf Arifoğluna qarşı böyük bir kampaniya apardılar. Baş redaktoru hakimiyyətin sifarişlərini yerinə yetirməkdə ittiham etdilər, onun müxalifət düşərgəsindən uzaqlaşdırılmasını tələb etdilər. Bütün bunların fonunda Cəmil Həsənli vahid namizəd olmasından sonra «EL» hərəkatı AXCP-Müsavat cütlüyündən incik düşdü və didişmələr başladı. Dərhal hərəkat və onun rəhbəri qara siyahıya salındı. Eldar Namazovun, Eldəniz Quliyevin haqqında təhqirin biri bir qəpik oldu. Bu dəfə müsavatçıların sırasına cəbhəçilər də qoşuldu. «Azadlıq» qəzeti sıradan geri qalmamaq üçün düşərgə təmsilçilərini «Yeni Müsavat»ın üstünə saldı. Nəticədə iki qəzetin rəhbərliyi arasında söz dueli başladı.
Hazırda ABŞ-da məskunlaşan Rəsul Quliyev də bu məsələdə həmişə “formada olduğunu” nümayiş etdirməkdədir. Son bir ayda o, gah Cəmil Həsənli ilə, gah İsa Qəmbəri, gah da ümumilikdə Milli Şurada cəmləşən digər qüvvələri ittiham etməkdədir.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da didişmə yarışından kənarda qalmayıb. Milli Şuranın vahidi namizədi seçilən Cəmil Həsənlinin namizədliyinin qeydə alınması üçün imza toplanması işinin təşkili zamanı KAXCP-yə etimad göstərilməməsi, cəmi 1000 imza üçün vərəqin verilməsi Mirmahmud ağanı özündən çıxardı.
Liberal Partiyasının sədri Əvəz Temirxan isə konkret hədəf kimi Müsavat başqanı İsa Qəmbəri hədəf seçdi, onu Milli Şurada ara qarışdırmaqla məşğul olduğunu açıq şəkildə bəyan etdi.
Bunun ardınca Müsavat cəbhəsindən Əvəz Temirxana və onun lideri Lalə Şövkətə ünvanlnmış ittihamlar başladı və nəticədə ikinci Milli Şuradan getdiyini bəyan etdi.
Belə görünür ki, bu didişmələr artıq Rüstəm İbrahimbəyovu da bezdirib. Azərbaycan siyasətinə yeni qatıldığı dövrələrdə o, bu kimi halların qarşısının alınacağını, Milli Şuranın vahid bir orqanizm kimi fəaliyyət göstərəcəyini deyirdi. İndi isə çarəsiz şəkildə ənənəvi müxalifət liderləri arasındakı didişmələri seyr etməklə kifayətlənmək məcburiyyətindədir. Onun gücü ancaq arabir baş verənlərdən təəssüfləndiyini ifadə etməyə çatır. Belə görünür ki, Rüstəm İbrahimbəyov da artıq Azərbaycan müxalifətinin ənənəvi bəlasına çarə tapa bilməyəcəyini, onların didişmələrinin qarşısını ala bilməyəcəyini anlayıb.
Müxalifət liderlərinin xroniki hal almış bu xəstəliyi doğurdan da sağalmaz yaraya çevrilib. Nə kənardan gələn dəstək və maliyyə, nə vahid namizədin müəyyənləşdirilməsi, nə də hakimiyyət eşqi bu mərəzə çarə ola bilmir. 20 ildən çoxdur davam edən didişmə yenə də davam etməkdədir. Bu didişmənin nə vaxt başa çatacağını proqnozlaşdırmaq da çox çətindir. Əksinə, prezident seçkilərində artıq labüd olan məğlubiyyətdən sonra didişmələrin daha da artacağı gözlənilir. Təcrübə göstərir ki, hər çeçkidən sonra müxalifət liderləri və partiyaları arasında didişmələr daha da qüvvətlənir. Bu dəfə də belə olmayacağına heç bir təminat yoxdur. Odur ki, Rüstəm İbrahimbəyovu hələ bundan da məşəqqətli günlər gözləyir. O, hələ özünü hansı odun içinə atdığını təzə-təzə anlamağa başlayır.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər