2 mart- Nuru Paşanın haqq dünyasına qovuşduğu gün
2 mart
1949-cu il həyatı boyu neçə-neçə şanlı qələbələrə və müzəffər yürüşlərə müəlliflik
etmiş Nuru paşanın (1889-1949) haqq dünyasına qovuşduğu gündür.
Nuru
Killigil 1889-cu ildə İstanbulda anadan olmuş, ilkin təhsilini başa vurduqdan
sonra əmisi Xəlil paşanın və qardaşı Ənvər paşanın yolunu davam etdirərək,
1906-cı ildə Quru qoşunları məktəbinə daxil olur. 1909-cu ildə bu məktəbi başa
vuran Nuru paşa Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başlayır. 1911-ci
ildə Hərbi Akademiyada təhsilini başa çatdırdıraraq, bir sıra hərbi vəzifələrdə
xidmət edir. 1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı və 1918-ci ildə- Azərbaycana
gəlməsi ərəfəsində paşa (general) rütbəsi
alır və bu rütbədə də həyatını başa vurur.
1909-cu
ildə - 20
yaşında ikən İtaliyada, Liviya və Balkanlarda Osmanlı ordusunun tərkibində müxtəlif
döyüşlərdə iştirak etmiş, xidmətinin qalan dövrünü isə türk ordusunun Qafqaz cəbhəsində
ingilislərə, ruslara, ermənilərə və digər işğalçılara qarşı döyüşlərdə
keçirmişdir.
1918-ci
ildə Nuru paşanın rəhbərlik etdiyi müzəffər Qafqaz İslam Ordusu Azərbaycanın
paytaxtını- Bakı şəhərini, Azərbaycan Xalq Cümhuriyyətinin digər ərazilərini-
Naxçıvandan Bakıya, Batumdan Gəncəyə qədər çoxsaylı bölgələri, şəhər və qəsəbələri
yadelli bolşevik-erməni işğalçılarından azad etmişdir. 1918-ci il sentyabrın
15-də Qafqaz İslam Ordusu Nuru paşa başda olmaqla, yenicə qurulmuş Azərbaycan
Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə döyüşə-döyüşə Bakıya
daxil olmuş, minlərlə türk və azərbaycanlı şəhid əsgərin qanı bahasına bu şəhəri
erməni-bolşevik işğalçılarından azad etmiş və Bakının Azərbaycanımızın gələcək
paytaxtına çevirilməsi sahəsində misilsiz tarixi missiya yerinə yetirmişdir.
Lakin, I
Dünya müharibəsinin yekunlarına görə -
Osmanlı imperiyasının süqutunun ardından 30 oktyabr 1918-ci ildə Antanta dövlətləri
bloku ilə Osmanlı imperiyası hökuməti arasında imzalanan "Mondoros sülh müqaviləsi”nə
uyğun olaraq, Nuru paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu da Bakını və Azərbaycanın milli hüdudlarını,
bütövlükdə Qafqazı tərk etmək məcburiyyətində
qaldı. Onun rəhbərlik etdiyi ordu həmin ildə buraxıldı, Nuru paşa 1919-cu ildə
Batum vasitəsilə Qafqazı tərk etmək istərkən avqustun 8-də ingilis silahlı qüvvələri
komandanlığının tapşırığı ilə həbs edildi. Lakin, həbs yerinə aparılarkən yerli
müsəlman əhalinin köməyi ilə o, ingilislərin əlindən alınır və gizli yollarla
Türkiyəyə yola salınır.
Türkiyəyə
qayıdan Nuru paşa öz doğma vətənində yeni sınaqlarla və təqiblərlə üzləşir. O zaman sovet Rusiyasının bolşevik rəhbərliyi
Azərbaycanda bolşevik-erməni daşnak hakimiyyətinə qarşı qətiyyətli mübarizə
aparan və Xalq Cümhuuriyyəti dövlətini müdafiə edən Nuru paşanın təqibini
Türkiyə ərazisində də davam etdirməyə başlayırlar. Sovet Rusiyanın rəhbərliyi
ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı
Nuru paşanın Azərbaycan ərazisində sovet hakimiyyətinə və bolşeviklərə qarşı
mübarizə aparması faktı ciddi tənqidlə qarşılanır və Türkiyə milli mücadiləsinin
fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qoyulur. Buna
baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə
qarşı Azərbaycan Xalq Cümhuriyyəti ərazisində 1918-ci ildə cəbhə tutması reallığı
təqdir də olunmadı. Bütün bunlar Nuru paşanın mənəvi və fiziki gərginliyini
daha da artırdı, sağlamlığında bəzi ciddi problemlər ortaya çıxardı. Bir tərəfdən
də həmin illərdə onun maddi dolanışıq çətinlikləri özünü büruzə verməyə başladı
ki, bu da Nuru paşanın həyatında ağrılı səhifələrdən birini təşkil edir. Yeni şəraitdə
Nuru paşanın ailə üzvləri də pərən-pərən düşmüşdü. Qardaşı Ənvər paşa ingilis təqiblərindən
qurtulmaq üçün Rusiyaya sığınmış, anası Ayişə İstanbulda tək qalmış, digər
qardaşı Kamil və bacısı Mediha da yeni şəraitin çətinlikləri ilə üzbəüz
qalmışdılar…
1920-ci il
sentyabr ayının sonlarında Nuru paşa Türkiyənin azadlıq mübarizəsinə qoşulmaq qərarı
verir və Sarıqamış ətrafındakı döyüşlərə qatılır. Mənbələrin verdiyi məlumata görə, Nuru
paşa bu döyüşlərə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli
süvari alayı ilə birgə daxil olur ki, bu da bir daha onun Azərbaycana
bağlılığının nümayişi idi. Həmin döyüş mənbələrin məlumatına görə, uğurla nəticələnir
və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ
keçirir. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə bölgədə
Türkiyəyə qarşı vuruşan erməni və digər silahlı qruplarını darmadağın edərək,
Ərzuruma daxil olur. Bundan sonrakı dövrdə, tarixi mənbələrin verdiyi məlumata
görə, Nuru paşa səhhətində yaranan problemlərə görə hərbi xidmətdən birdəfəlik
ayrılır və bir müddət xaricə müalicəyə yollanır.
1921-1924-cü illərdə Nuru paşa Almaniyada müalicə alır və müəyyən özəl
sahibkarlıq fəaliyyətləri quraraq, orada yaşamağa məcbur olur. 1924-cü ildə təkrar Türkiyəyə qayıdır və
ömrünün sonunadək
öz ölkəsində yaşayır.
1927-ci
ildə Türkiyədə ilk sənaye üsulu ilə silah istehsal edən Sütlücə fabrikini Nuru
paşa qurur və ömrünün sonuna qədər onun işinə rəhbərlik edir, ordu üçün silah
istehsalı ilə məşğul olur. 1949-cu il martın 2-də fabrikin mərmi saxlanılan
anbarlarından birində işçilərin ehtiyatsızlığı nəticəsində yanğın başlayır və
partlayış olur. Bu partlayışdan fabrikin digər işçilərini xilas etmk istəyən,
Türkiyənin Çanaqqala
və Kütül Amarə zəfərləri ilə yanaşı, üç əsas qələbəsindən birinə- Qafqaz İslam
Ordusunun müzəffər Bakı əməliyyatına rəhbərlik etmiş rəşadətli komandan, Bakı Fatehi Nuru paşanın özü də həyataını
itirir.
Nuru
paşanın əziz və nurlu xatirəsi, Qafqaz İslam Ordusunun Azərbaycan xalqı və dövlətçiliyi
qarşısındakı unudulmaz xidmətləri, qəhrəman türk-azərbaycanlı əsgərlərin rəşadətli
döyüşləri ötən əsrin sonlarından öz müstəqilliyini yenidən qazanmış Azərbaycan
Respublikasında həm cəmiyyət, həm də dövlət səviyyəsində daim xüsusi ehtiramla
yad edilir. Bu ehtiramın ən bariz təcəssümü Azərbaycan xalqının qəlbində və
Bakı şəhərinin Şəhidlər xiyabanında, respublikanın digər ərazilərində Qafqaz
İslam Ordusuna ucaldılan xüsusi abidə kompleksi hesab oluna bilər.
Əli Həsənov,
professor