• şənbə, 20 Aprel, 08:53
  • Baku Bakı 14°C

“1918-ci ilin mart soyqırımı bir qaranlıq gecə idisə, onun işıqlı səhəri Cümhuriyyət oldu”

31.03.20 17:43 2634
“1918-ci ilin mart soyqırımı bir qaranlıq gecə idisə, onun işıqlı səhəri Cümhuriyyət oldu”
Anar İsgəndərov: "1918-20-ci illərdə "ermənilər bizi niyə qırır” sualına cavab tapsaydıq, onda 20-ci əsrin sonlarında torpaq itkimiz, qaçqınlarımız olmayacaqdı”
1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 102-ci ili tamam olur. Tarixin ən qanlı səhifələrindən biri ilə bağlı "Kaspi”nin suallarını BDU professoru, tarix elmləri doktoru Anar İsgəndərov cavablandırır.
- Anar müəllim, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu, nə üçün baş verdi?
- 1918-ci il martın 31-də azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı Azərbaycan tarxinin ən dəhşətli və kədərli hadisələrindən biridir. Məlumdur ki, 1914-cü ildə Birinci Dünya Müharibəsi başladı. Müharibəyə daxil olan hər bir dövlətin öz marağı var idi. O cümlədən Osmanlı dövlətinin də. Ancaq müharibənin ilk dövrü üçün Çar Rusiyası ilə Osmanlı arasındakı münasibətlər kəskin idi və hamıya aydın idi ki, bu tərəflər bir-birinə qarşı olacaqlar. Təəssüf doğuran o idi ki, yüz illər boyu Osmanlı ərazisində yaşayan, Osmanlı çörəyi yeyən ermənilər müharibə başlayacağı təqdirdə Rusiyanı müdafiə edəcəklərini bəyan etdilər. Şərqi Anadoluda mülki əhaliyə qarşı qırğına başladılar. 2 milyona qədər türkün həyatına son qoyuldu. Hətta ermənilər rus ordusunun köməyi ilə Van Erməni Dövlətini yaratdılar. Təbii ki, tarixin sonrakı məqamlarında Osmanlı dövləti özünə gəldi, güc topladı, rus ordusunu qovdu və onların yanında olan erməni silahlı dəstələri də Osmanlı ərazisindən çıxmağa məcbur oldu. Bu ordunun bir hissəsi Qərbi Azərbaycana, bir hissəsi də Şimali Azərbaycan torpaqlarına daxil olaraq buradakı müsəlman əhalisinə qarşı soyqırıma başladılar. Mülkü türk, müsəlman əhaliyə qarşı Şərqi Anadoluda törətdikləri qırğınları, erməni silahlı dəstələri 1917-ci ilin payızından etibarən tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında - indiki Ermənistan Respublikası, Cənubi Azərbaycan, indiki Azərbaycan Respublikası və Tiflis quberniyası ərazilərində törətdilər. Erməni silahlı qüvvələrinin mülkü azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu.
- Soyqırıma qədərki dövrdə bizim etdiyimiz səhvlər, buraxdığımız boşluqlar var idi? O zamanki şərait necə idi?
-1914-cü ildə Birinci Dünya Müharibəsinə qədər də Azərbaycan torpaqlarında ermənilər yerləşdirilibsə, onu biz etməmişdik.1813-1828-ci il Gülüstan və Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası Azərbaycan torpaqlarında məcburi şəkildə erməniləri yerləşdirdi. Əslində tarix boyu Azərbaycan torpaqlarında ermənilər yaşayıbsa, bu, əhalinin kiçik hissəsi idi. Hətta bu da tarixi faktdır ki,1805-ci ildə Çar Rusiyasının generalı Sisianov Kürəkçay müqaviləsini Qarabağ xanı İbrahimxəlil xanla bağladı. Xanlıq Azərbaycan xanlığı idi. Müqavilədəki 11 maddənin heç birində ermənilərlə bağlı bir cümlə belə yoxdur. Çünki burada erməni əhali böyük əksəriyyət təşkil etmirdi. Biz də bu gün dünyaya bəyan edirik ki, bizim haqqımızı tapdalayan, hər an ermənini müdafiə edən qərb cəmiyyəti 1805-ci ildə bağlanan müqavilənin 11 bəndinə diqqətlə baxsınlar. Əgər Qarabağ torpaqları ermənilərin idisə, nə üçün Çar Rusiyası müqaviləni ermənilərlə bağlamırdı? Tarix boyu ermənilərin bu ərazilərdə yerləşdirilməsinin ideoloqu bizlər olmamışıq... Ancaq burada maraqlı bir həqiqət var ki, 1905-1906-cı ildə ermənilər ilk dəfə Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında nəyə qadir olduqlarını sübut etmək üçün qırğınlara başladılar. Bu qırğınlarla bağlı Mir Mövsüm Nəvvabın və Məmməd Səid Ordubadinin maraqlı əsərləri var. O əsərlərin heç birində "ermənilər bizdən nə istəyir” sualının cavabı yoxdur. Əslində 1890-cı ildə yaradılan Daşnaksütyun partiyasının əsas qayəsi Böyük Ermənistan qurmaq idi. Həmin dövləti yaratmaq üçün bu bölgədə yaşayan xalqlar yer üzündən silinməli idi. Ən dəhşətli nəzəriyyə bundan ibarət idi - Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər olan ərazidə yaşayan bütün xalqlar məhv edilməli idi. Bu şəraitdə qırğınlar törətmək üçün onlara kiçik bir bəhanə lazım idi. Təbii ki, əgər 1905-1906-cı illərdə "ermənilər bizdən nə istəyir” sualına cavab tapa bilsəydik, onda gərək 1918-20 qırğınları olmayaydı. 1918-20-ci illərdə "ermənilər bizi niyə qırır” sualına cavab tapsaydıq, onda 20-ci əsrin sonlarında torpaq itkimiz, qaçqınlarımız olmayacaqdı. Sadəcə olaraq, erməni məkrinin mahiyyətini dərk edə bilmədiyimizə görə, biz tarixin bu mərhələlərində cəzalandırıldıq.
- O bəhanə də "Evelina” gəmisi idi. Bu hadisə necə baş verdi?
-1917-ci ilin fevralında 300 il hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Müvəqqəti hökümət bir tərəfdən Birinci Dünya Müharibəsini davam etdirir, digər tərəfdən də xalqlar həbxanası olan Çar Rusiyasındakı xalqları inandırırdı ki, qoy müharibə başa çatsın, xalqlarn müqəddəratını təyin etmək hüququnu onlara verəcək. Buna görə də artıq Çar Rusiyası ərazisində xalqların hər birinin düşüncəsində müstəqillik var idi. Ona görə də, 1918-ci ilin əvvəllərində ərazi muxtariyyəti söhbəti ortaya atılanda, təbii ki, o zaman Bakı Soveti qüvvələri, Şaumyan fikirləşirdi ki, Azərbaycan xalqı heç bir zaman muxtariyyət hüququ ala bilməz və Bakı onun paytaxtı ola bilməz. Ona görə də, azərbaycanlıları yaxın buraxmamaq üçün bu planı düşünülmüş şəkildə qurdular. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər Hərbi Dəniz Donanmasının matroslarını müsəlmanlara qarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə lazım idi. Belə bir bəhanə general Talışinski başda olmaqla müsəlman diviziyasının "Evelina" gəmisi ilə Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah etməsi oldu. Müsəlamn diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi. 1918-ci il martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə soyqırımına və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda "Kaspi” qəzeti redaksiyasını, "Dağıstan”, "İsgəndəriyyə” və "İsmailiyyə”ni yandırmışdılar. Bütövlükdə, qəddarlığı baxımından ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir.
- Anar müəllim, beynəlxalq aləmdə ermənilərin "qondarma soyqırımı” yaxşı tanıdılıb, yoxsa real soyqırım?
- Qərb dünyası tarix boyu erməninin göz yaşına inanıb. Ermənilər özləri də bilir ki, onların dedikləri soyqırımı, yalançı, uydurmadır. Soyqırımı əsaslandırmaq üçün arxiv sənədlərinə müraciət edilir. Amma heç bir sənəddə bunun kökü yoxdur. Bu tarixi hadisə deyil, bilərəkdən qurulan siyasi hadisədir. Çox təəsüflər olsun ki, dünya bu soyırımı qəbul edir, amma tarixi həqiqət ondan ibarətdir ki, tarix boyu türklər ermənini qırmayıb. Bu gün də şərqi anadolu ərzisində toplu məzarlar var. Hər məzarda 100-200 insan sümükləri var. Yüzlərlə məzarlıq var ki, hər biri ermənilərin etdiyi soyqırımı sübut edir. Lakin siyasi maraq tarixi həqiqətdən həmişə üstün olub, bu gün də üstündür.
- Uzun müddət soyqırmla bağlı danışmağa bizə iaczə verilməyib. Faktların üzə çıxarılmasında Heydər Əliyevin rolu nə qədər idi?
- Əslində 70 illik sovet dönəminin ən dəhşətli hadisələrindən biri 36 cilddən ibarət olan fövqəladə tədqiqat komsissiyasının sənədlərinin gizlədilməsi oldu. Nə yaxşı ki, sənədlər məhv edilmədi. Bu gün bu sənədlər əlimizdədir. Hələ Cümhuriyyət dövründə mart ayının 31-i milli matəm günü kimi qeyd olunub. Amma 70 illik sovet dönəmində soyqırımından bir söz belə salınmayıb. Əksinə, əsərlərində yalançı soyqırımlar təbliğ edilib. Müstəqillik əldə ediləndən sonra əsərlər silindi. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edilib. 1998-ci ildə imzalanmış Fərmanda qeyd edilir ki, 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib.
- 31 mart-4 aprel tarixləri arasında ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımdan sonra Qafqaz Seymindəki azərbaycanlı millət vəkilləri müstəqil dövlət elan etməyi qərara aldılar. Yəni ermənilərin soyqırımı nəticəsində bizim daha sıx birləşməyimiz qaçılmaz oldu. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, bir fəlakət gələndə insanlar birləşir. Bu gün dünyanı bürüyən virsu bütün xalqları, insanları birləşdirir, artıq siyasi partiyalar rol oynamır. O dövrdə də elə hadisə baş verdi ki, bütün insanlar birləşdi. Bu gün də erməni tapdağında olan torpaqlarımızı xilas etmək, erməni məkrini dünyaya yaymaq istəyiriksə, biz daha sıx birləşməli, Azərbaycanın dövlət başçası ilə bağlı böhtan kampaniyasına "yox” deməliyik. Gücümüzü birləşdirməliyik ki, torpaqlarımızı azad edək. 18-ci ilin mart soyqırımı bir qaranlıq gecə idisə, onun işıqlı səhəri 28 may, Cümhuriyyət oldu.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər