• cümə, 26 Aprel, 17:52
  • Baku Bakı 23°C

“100 illik tariximiz”ə baxış Masallıdan başladı

28.06.18 09:30 1073
“100 illik tariximiz”ə baxış Masallıdan başladı
İyunun 25-də Masallı şəhərindəki Heydər Əliyev Parkında böyük canlanma vardı. Hər tərəf bayramsayağı bəzədilmişdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "100 illik tariximiz” devizi altında "Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalına ilk dəfə məhz Masallıdan start verilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi də zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişidir.
Festival çərçivəsində respublikanın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunub.
Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradacaq.
Masallıda keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilib. Həmçinin hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları olub.
Cümhuriyyətin 100 illiyinə həsr edilmiş festivalın sərgisində
Masallı, Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar və Lənkəran Regional Mədəniyyət İdarələrinin kollektivləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.
Sonra hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
100 il əvvəl Azərbaycan Şərqdə ilk demokratik dövləti quraraq, tarix yazdı. Ötən əsrin sonunda daha güclü, əbədi bir dövlət qurduq! Biz bu gün də tarix yazırıq! Ölkəmiz günü-gündən inkişaf edir. Azərbaycanımızın hər bir bölgəsi həm iqtisadi, həm sosial, həm də mədəniyyət sahəsində inkişafı ilə diqqəti cəlb edir. Bütün sahələrdə yeniliklər, müasirləşmə müşahidə edilir. Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festival iştirakçılarını salamlayaraq tədbirə Masallıdan start verilməsini rayon sakinlərinə göstərilən yüksək etimad kimi dəyərləndirib, festival iştirakçılarına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsəd və vəzifələrindən danışaraq bildirib ki, Masallı rayonunun beynəlxalq festivalların keçirilməsində zəngin təcrübəsi var. İki il əvvəl Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Bölgələrdən paytaxta” layihəsinə də məhz Masallıdan start verilmişdi.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektiv, folklor və rəqs qrupları qala-konsert proqramı ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə, alqışlarla qarşılanıb.
Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ötən illərdə Nazirlik tərəfindən həyata keçirilən "Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonların mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə, qarşılıqlı konsert və sərgilər keçirilir.
Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi şərəfinə gerçəkləşən festival ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin yaradacaq.
Qeyd edək ki, növbəti tədbir iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə Lənkəran şəhərində keçirilib. Daha sonra festival digər regionlarda (ümumilikdə 15 şəhər və rayonda) davam edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə bütün ölkə ərazisində təqdim və təbliğ olunacaq.
banner

Oxşar Xəbərlər