AZE | RUS | ENG |


" İqtisadiyyatınızı diversifikasiya etdirməyə çalışmağınız müsbət haldır" - Fotolar

Səfir Tsuquo Takahaşi: "Azərbaycan böyük çətinliklərdən keçərək indiki müasir və gözəl bir ölkəyə çevrilib"

"Artıq noyabr ayında Azərbaycanda səfir kimi fəaliyyətə başlamağımın 3 ili tamam olacaq. Düzü, Azərbaycan mənim üçün adi deyil, qəlbimə çox yaxın və vacib ölkədir”. Bu fikirlər "Kaspi”nin "Səfir danışır” layihəsində qonaq olan Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin dilindən səsləndi. Səfir görüş zamanı ölkəsinin tarixi, mədəniyyəti, təhsilindən söhbət açdı. 

Yaxın və əziz ölkə

- Cənab səfir, artıq 3 ildir ki, Azərbaycanda fəaliyyət göstərirsiniz. Ölkəmiz haqqında fikirləriniz, təəssüratlarınızı eşitmək maraqlıdır.
- Mən həmişə Azərbaycanın çox mürəkkəb regionda yerləşdiyini düşünürəm. Hazırkı ölkə kimi mövcudluğu ona çətinliklə başa gəlib. Azərbaycan böyük çətinliklərdən keçərək indiki müasir və gözəl bir ölkəyə çevrilib. Mən bu yaxınlarda «Əli və Nino» filmini seyr etdim. Həmin filmdən də Azərbaycanın çətin tarixini anlaya bildim. Artıq noyabr ayında Azərbaycanda səfir kimi fəaliyyətdə olmağımın 3 ili tamam olacaq. Düzü, Azərbaycan mənim üçün adi deyil, qəlbimə çox yaxın və vacib ölkədir. Bir az keçmişə qayıdaq - sovet dövrü dağılandan sonra mən Tokioda Xarici İşlər Nazirliyində yeni yaranmış ölkələrlə məşğul olan şöbədə çalışırdım. Həmin şöbədə işlədiyim vaxtda -1998-ci ildə Yaponiya hökuməti ilk dəfə olaraq Azərbaycanın prezidenti Heydər Əliyevi səfərə dəvət etdi. O zaman mən həmin səfərin təşkilində birbaşa iştirak etmişəm. Səfər zamanı Azərbaycanda Yaponiya səfirliyinin açılması qərara alındı. Artıq o dövrdən Azərbaycanla yaxın münasibətim yaranmışdı. Ona görə mənim üçün xüsusi olaraq əziz olan bir ölkəyə səfir təyin olunmağım böyük şərəfdir. 

-  Yaponiya ilə Azərbaycan arasında çoxsahəli əməkdaşlıq mövcuddur. Sizcə hansı istiqamətdə münasibətləri daha da genişləndirmək mümkündür? 
- Yaponiya ilə Azərbaycan arasında ilk növbədə siyasi, iqtisadi, sosial və mədəni sferada yüksək əlaqələr qurulub. Bu sahələr arasında iqtisadi sahəni xüsusi qeyd etmək lazımdır. İki ölkə arasındakı əlaqələr enerji sahəsində daha çox inkişaf edib. Hamı bilir ki, «Azəri-Çıraq-Günəşli» layihəsində Yaponiyanın "İtochu”  və INPEX şirkətləri birlikdə15 faizə yaxın paya sahibdir. Bu iki şirkət arasında INPEX şirkətinin təxmini 20 faizinin sahibi Yaponiya hökumətidir. INPEX şirkəti üçün «Azəri-Çıraq-Günəşli» layihəsi həyata keçirdiyi layihələr arasında Abu-Dabidən sonra ikinci ən böyük layihədir. Bilirsiniz ki, Yaponiyada təbii ehtiyatlar mövcud deyil. Ölkəmiz enerji resurslarının demək olar ki hamısını xaricdən idxal edir. Neft-qaz kimi resurslar əsasən Yaxın Şərq, İndoneziya, Avstraliya kimi ölkələrdən idxal edilir. Bakı nefti birbaşa Yaponiyaya idxal olunmasa da, buradan əldə olunan enerji resursları Yaponiya üçün böyük əhəmiyyətə malikdir. İndiyə qədər Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda enerji sahəsində əlaqələr əsas rol oynayırdı, lakin son vaxtlar Yaponiya şirkətləri Azərbaycanla qeyri-enerji sahəsində də əməkdaşlıq qurmağa çalışırlar. "İtochu” şirkəti təkcə enerji sahəsində deyil, digər sahələrdə də fəaliyyət göstərir. Eyni zamanda, Yaponiyanın "Mitsui” və"Mitsubishi” kimi böyük şirkətləri də Azərbaycanda qeyri-enerji sektorunda fəaliyyətə maraq göstərirlər. İndiki iqtisadi duruma baxsaq, neftin qiymətinin aşağı düşməsi heç kəsə sirr deyil. Mən tez-tez mediaya nəzər salanda, həmçinin prezident İlham Əliyevin çıxışlarını dinləyəndə Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirməyə çalışdığını görürəm. Bunun üçün müxtəlif islahatlar həyata keçirildiyini düşünürəm. Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etdirməyə çalışması müsbət haldır. Bildiyimə görə, Azərbaycan hökuməti İT, kənd təsərrüfatı, turizm, həmçinin istehsal sahələrini inkişaf etdirməyə çalışır. Hesab edirəm ki, Yaponiya ilə Azərbaycan arasında qeyri-neft sektorunda da daha geniş əlaqələrin qurulması mümkündür. Hazırda Bakıda yaşayan yapon biznesmenlərinin sayı o qədər də çox deyil. Buna baxmayaraq, Moskva, İstanbul kimi yaxın şəhərlərdə fəaliyyət göstərən yapon biznesmenləri tez-tez Bakıya səfər edir və burada yeni iş qurmaq şanslarını araşdırırlar. Keçən həftə İstanbulda fəaliyyət göstərən yapon biznesmenlərinin nümayəndə heyəti Bakıya səfər etdi. Ümid edirəm ki, bu səfərlə yapon iş adamlarının indiyə qədər müxtəlif sahələrdə əməkdaşlıq qurmaqla bağlı iş birlikləri daha da dərinləşəcək.  

-  Azərbaycanla Yaponiya arasında texnologiya istehsalı sahəsində də əməkdaşlıq planlaşdırılırdı. Bu istiqamətdə hansı addımlar atılıb? 
- İki ölkə arasında texnologiya sahəsində əməkdaşlığın inkişafı haqqında söhbətlər gedir. İlk növbədə yaponiyalı mütəxəssislərin biliklərini, təcrübəsini çatdırmaq üçün müxtəlif treninqlər təşkil edirik. Məsələn, ölkələr arasında enerji sahəsində treninqlərin təşkil olunması vacibdir. Yaponiyanın "JICA” təşkilatı Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərən mütəxəssisləri Yaponiyaya dəvət edərək onlar üçün müxtəlif treninqlər təşkil edir. Həmçinin Yaponiyanın INPEX şirkəti ilə Azərbaycanın SOCAR şirkətinin texniki mütəxəssislərini Yaponiyaya dəvət etməklə onlar üçün müxtəlif treninqlər həyata keçirir.  Müxtəlif ölkələrdə fabriklərin tikilməsi ilə məşğul olan Yaponiyanın "JGC” şirkəti də azərbaycanlı mütəxəssisləri Yaponiyaya dəvət etməklə onlar üçün treninqlər təşkil edir. Bu şirkət həmçinin Sumqayıt texniki parkında əczaçılıq zavodunun tikintisinə başlamaq məqsədiylə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalayıb. Bu layihə Azərbaycanın "Avromed” şirkəti ilə əməkdaşlıq etməyi planlaşdırır. Amma hələ ki, layihənin hazırlıq mərhələsindəyik. Yaponların işin yürüdülməsi ilə bağlı düşüncəsinə əsasən, hər hansı bir layihəyə daxil olan zaman hər şeyi çox xırdalıqla ölçüb-biçmək xüsusiyyəti var. Bizə görə ilkin mərhələlər çox vacib baza olmalıdır. Bir xüsusiyyət də var: əgər hər hansı bir işə qərar vermişiksə, onu sonuna qədər yerinə yetiririk. Yaponiyanın "İsuzu” şirkəti "Aztexnika” şirkəti ilə birgə Azərbaycanda yük avtomobillərinin yığılması zavodunu açıb. Bu şəkildə məhsul istehsal edən şirkətlər artsa, Yaponiyanın da texnologiya ilə bağlı biliklərinin Azərbaycan tərəfinə çatdırılacağını düşünürəm. Hamınız bilirsiniz ki, yaxşı avtomobillərin qiyməti bahadır. Məsələn, bahalı yapon avtomobillərini alandan sonra yaponlar bu avtomobillərə sonrakı xidmətlə bağlı çox yaxşı biliklərə malikdirlər. Yaponların düşüncə tərzinə görə, avtomobilə çox məbləğ ödəyib alsan da, ondan uzun müddət istifadə etmək bir o qədər  də xərc tələb etməyəcək. Çünki keyfiyyəti çox yüksəkdir. Bu, Yaponiya istehsalatının əsas şərtlərindən biridir. Azərbaycanda fəaliyyət göstərən yapon biznesmenlərindən Azərbaycanın vergi sistemi ilə bağlı eşitdiyim bəzi  məsələlər var. Məsələn, burada hansısa məhsul istehsal etdiyimiz zaman onun müəyyən hissələrinin Azərbaycana idxal etməklə hazır məhsulu idxal etməyin gömrük rüsumu eynidir. Belə olan halda, şirkətlər, iş adamları Azərbaycanda nə isə istehsal etməkdənsə, hazır məhsul gətirməyin daha sərfəli olmasını düşünürlər. Azərbaycan hökuməti hal-hazırda ölkədə istehsalat müəssisələrinin qurulması üçün çox çalışır. Bu cür gömrük rüsumlarının tətbiqi səbəbindən bu işlər bir qədər çətin başa gəlir. Bu yaxınlarda bu məsələ ilə bağlı prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovla da danışdım. O, hal-hazırda Azərbaycanda islahatlar aparıldığını və vergi rüsumları məsələsinin də ora daxil olduğunu qeyd etdi. Mən vergi və gömrük rüsumlarının tezliklə balanslaşdırılmasını və yapon, o cümlədən digər ölkələrin biznesmenlərinin Azərbaycanda müxtəlif istehsal fəaliyyətinin qurulmasını istərdim.  
 
Fundamental güc

-  Cənab səfir, İkinci Dünya müharibəsindən sonra Yaponiyanın iqtisadiyyat, biznes, elm, texnologiya sahələrində fantastik inkişafa nail olmasının səbəbini necə izah edərdiniz? Bu inkişafın əsasında təhsil, işgüzarlıq yoxsa milli mentalitet dayanır? Deyilənə görə, Yaponiyada təqaüdçü anlayışı yoxdur. Yəni insanlarla əmək müqaviləsi ömürlük bağlanır. Hətta işə bağlılıqlarına görə işçilərin məzuniyyət götürməsi də qəbul olunmur. Bu fikirlər nə qədər həqiqətdir?  
- Bir çox insanlarda səhv fikir formalaşıb ki, Yaponiyanın inkişafı ölkənin müharibədə uduzandan sonrakı dövrünə təsadüf edir. Ancaq bu tarix bir az fərqlidir. Hər bir ölkənin inkişafı üçün təhsil, işgüzarlıq, mentalitet kimi xüsusiyyətlər çox vacibdir. Müharibədən öncəki illərdə də Yaponiyada təhsil sahəsinə böyük önəm verilib. Tarixən Yaponiyada samurayların - hərbçilərin hakimiyyət başında olduğu dövr var idi. Sonra bu quruluş dağıldı, Meyci dövrü başladı və müxtəlif islahatlar həyata keçirildi. Bu sistemə görə yaxın və digər ölkələrin təhsil təcrübəsi Yaponiyaya verilir və ölkənin adət-ənənələri ilə qarışdırılaraq tətbiq edilirdi. Yaponiyanın müharibədən öncə qurulmasına başlanan təhsil sistemi müharibə başa çatandan və ölkə bu savaşda uduzandan sonra da həmin baza əsasında davam etməyə başlamışdı. Ona görə «İkinci Dünya müharibəsi bitdi, biz uduzduq və ondan sonra ölkə dəyişdi» - sözlərini demək düzgün deyil. Fikrimcə, o vaxt xalqın artıq fundamental olaraq gücü var idi. Yaponiyada təqaüd sisteminə gəlincə, bu sistem mövcuddur. Təqaüd sistemi olmazsa, biz təqaüdə çıxdıqdan sonra çətinliklərdə üzləşə bilərik. Əvvəllər hər hansı bir şirkətə iş üçün daxil olmusansa, təqaüdə qədər həmin o şirkətdə işləmək kimi ömürlük iş sistemi mövcud idi. Həmin vaxtlarda uzun müddətli məzuniyyət götürmək çətin olsa da, son illərdə tətil götürməyə çalışıram. İndiki gənc nəsil isə aktiv şəkildə tətil götürür.

- Yaponiyanın hazırkı təhsil sisteminin əsas prioritetləri haqqında məlumat almaq da bizim üçün maraqlıdır.
- Yaponiyada təhsil sahəsi Təhsil Nazirliyinin tabeliyindədir. Ölkədə məktəb daxilində kiçik, orta və yüksək siniflər mövcuddur. Mən şagird olan dövrdə Yaponiyada təhsil sisteminin əsas prioriteti beyni mümkün qədər biliklərlə doldurmaqdan ibarət idi. Bu, uzun müddət davam edən bir təhsil sistemi idi. Lakin sonradan bu sistemin uşaqlar üçün o qədər effektli olmadığını düşünməyə başladılar. Mən də şagird olan dövrdə hər gün saat 9.00-dan 15.00-a qədər məktəbə gedir, oxumaq, bilik əldə etmək üçün çalışır, məktəbdən qayıdandan sonra da yenə evdə dərs oxuyur, müxtəlif kurslara gedir, imtahanlara hazırlaşırdım. Bu, uşaqlar üçün çox ağır bir cədvəl idi. Beyni müxtəlif biliklərlə dolduran bu təhsil sistemi ilə  uşaqların düşünmə qabiliyyətinin inkişaf etmədiyi fikrinə gəlinmişdir. Beləliklə, bu təhsil sistemini dəyişmək qərarı verilmişdi. Yeni təhsil sistemində uşaqları daha çox sərbəst buraxmaq və öz gücləri ilə düşünməyə vadar etməyin  lazımlığını düşündülər. Lakin belə bir sistem yürüdüləndən sonra yenə də bunun çox yaxşı olmadığı haqqında düşünməyə başladılar. Məsələn, Pi ədədi (π ) 3.14... kimi sonsuzluğa qədər davam etsə də, yeni təhsil sistemi ilə 3 kimi hesablamağa icazə verilmişdi. Belə olduğu halda isə uşaqlar π  ədədinin sonsuz olması anlayışını dərk edə bilmirlər. Bu isə riyaziyyatın ən elementar anlayışlarından birinin qavranmaması deməkdir. Bu baxımdan, Yaponiyada təhsil haqqında müxtəlif  ziddiyyətli fikirlər mövcuddur. Fikrimcə, indi daha çox bu iki təhsil sisteminin balanslaşdırılmış şəkildə yürüdülməsinə çalışılır. 
 
Atom bombasından ziyan çəkən ölkə

-  Yaponiya Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələrdəndir. Sadə yaponlar bu münaqişə barədə nə dərəcədə məlumatlıdırlar?
- Düzünü desəm, sadə yapon xalqı Dağlıq Qarabağ münaqişəsi barədə o qədər məlumatlı deyil. Ancaq mənim kimi diplomatik fəaliyyətlə məşğul olan, bu regionda çalışan biznesmenlər, tarixçilər, media işçiləri təbii ki, bu münaqişə ilə bağlı məlumatlıdırlar. Çox təəssüf ki, sıravi əhali Dağlıq Qarabağ problemi haqqında məlumatı olan insanlar o qədər çox deyil. 

-  Yaponiya Xirosima və Naqasaki hadisələrindən sonra dünyada sülhü qorumaq üçün atom bombasına malik ölkələrə üz tutaraq bu silahdan imtina etməyə səsləyib və dünya birliyinə «nüvəsiz dünya»- çağırışı edib.  Şimali Koreya tərəfindən sizin ölkəyə də təhdid mövcuddur. Bu çağırışa cavab verən oldumu?
 - Atom silahlarının aradan qaldırılması çox mürəkkəb məsələdir. Bildiyiniz kimi, Yaponiya dünyada atom bombasından ziyan çəkən yeganə ölkədir. Atom bombası atılandan sonra 5 il ərzində Xirosimada 200 min, Naqasakidə isə 140 min insan həlak olub. Fikrimcə, İkinci Dünya müharibəsi bitdikdən sonra Yaponiya atom silahının azaldılması və ümumiyyətlə aradan qaldırılması istiqamətində fəaliyyət göstərən yeganə ölkədir. Atom silahı olan ölkələrlə bu silaha sahib olmayan ölkələr arasında müxtəlif fikir ayrılıqları mövcuddur. Hesab edirəm ki, həmin ölkələr öz aralarında razılığa gəlməlidirlər. Başqa heç bir həll yolu mümkün deyil. Deyərdim ki, Yaponiya həmin ölkələr arasında danışıqların aparılması istiqamətində bir növ körpü rolunu oynayır. Sizin də qeyd etdiyiniz kimi, Şimali Koreya hazırda atom silahını inkişaf etdirmək istiqamətində işlər görür. Fikrimcə, dünyada atom silahının olmamasından gözəl şey yoxdur. Lakin, reallıqda Yaponiya hazırda Amerikanın atom silahı çətiri altına sığınıb. Əgər Amerika atom silahından imtina edərsə, Yaponiya təhlükəsizlik baxımından çətin situasiyaya düşəcək. Bu, mövcud reallıqdır.

Sosial şəbəkələrdə zəifəm

- Diplomat həyatı maraqlı olduğu qədər də çətindir. Müxtəlif ölkələr, insanlar, mədəniyyətlər, adət-ənənələr, tarix… Səfir kimi sizin dünya xəritəsində olmaq istədiyiniz daha hansı ölkə var?
- Real olaraq yaşla əlaqədar mən artıq Azərbaycandan sonra başqa bir ölkədə səfir kimi fəaliyyət göstərə bilmərəm. Çox adam Avropada fəaliyyət göstərmək istərdi. Mənimçün iş cəhətdən maraqlı ölkələr, Azərbaycan, Rusiya daxil olmaqla keçmiş postsovet ölkələridir. 

- Diplomat hansı keyfiyyətlərə malik olmalıdır? Məlumdur ki, onun işinin bəlli qrafiki yoxdur. Siz həmişə formada qalmağa necə nail olursunuz? Ümumiyyətlə, bir iş gününüzü necə təsvir edərsiniz?
- Səfir olaraq müxtəlif işlərlə məşğul oluram. Mən ilk növbədə Yaponiyanın Azərbaycandakı nümayəndəsiyəm. Burada həm iqtisadi, həm də siyasi cəhətdən öz ölkəmi təmsil edirəm. Ölkəmi təmsil etmək üçün Azərbaycanın ictimai-siyasi xadimləri ilə görüşür, rayonlara ezamiyyətə gedir, eyni zamanda, burada Yaponiya mədəniyyət tədbirlərinin təşkil olunması ilə məşğul oluram. Azərbaycanda digər dövlətlərin milli bayramları ilə bağlı təşkil olunan gecələrə qatılıram. Bəzən səfirliyin iqamətgahına qonaqlar dəvət edirəm və onlarla şam yeməyi əsnasında müxtəlif fikir mübadiləsi aparırıq. İstirahət günləri tennis oynamağı xoşlayıram. 

- Təbii ki, Azərbaycanda çalışıb onun muğamını dinləməmək, İçərişəhərinin dar küçələrini gəzməmək, Göygölü, Maralgölü seyr etməmək, mavi Xəzərin qızılı qumlarında dincəlməmək... mümkün deyil. Burada istirahət etmək üçün sevimli məkanınız varmı?
- Mən İçərişəhər və Bulvarı çox xoşlayıram. İçərişəhərin küçələrindəki kiçik daşlı yolları da çox sevirəm. Azərbaycana həmişə Yaponiyadan qonaqlar gələndə biz Milli Parka tərəf gedirik və onlara İçərişəhərin qala divarlarını göstərərək "Azərbaycanın bu hissəsi Fransız Rivierası olan Côte d'Azur və ya Monakonu xatırladır” deyirəm. Azərbaycanın regionlarında da gözəl yerlər çoxdur. Şəki, Lahıc, Göygöl, İsmayıllı, Yardımlı - məndə çox dərin təəssüratlar oyadıb. Yardımlıda dağlar arasında ağaclar və ağacların altında gəzən qoyun-quzunun məndə yaratdığı xoş hissləri unuda bilmirəm.
 
-  Sosial şəbəkələrə münasibətiniz. Passiv, yoxsa aktiv istifadəçisiniz? Virtual, yoxsa real dostluq münasibətlərinə üstünlük verirsiniz?
- Bu sahədə bir qədər konservativəm. İPhone-un istifadəsini də köməkçimdən öyrənmişəm. Yalnız bacardığım proqramlardan istifadə edirəm. 

- Cənab səfir, dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə və suallarımızı cavablandırdığınıza görə sizə minnətdarıq.
- Ənənəsi olan bir qəzetə məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. İşlərinizdə uğurlar arzulayıram!
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022