WUF13 dünyanın diqqətini Bakıya yönəltdi
WUF13-ü yeni şəhər gündəliyinin icrasının formalaşdırılmasına mühüm töhfə kimi dəyərləndirmək olar. Forumda iştirak edən qonaqlar ölkəmizdə həyata keçirilən quruculuq və inkişafı yüksək qiymətləndiriblər.
Dünyanın ürəyi yenidən Odlar Diyarında döyündü. Azərbaycan daha bir qlobal tədbirə - Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etdi. 17-22 may tarixlərini əhatə edən altı gün ərzində dünyanın 180-ə yaxın ölkəsindən 40 mindən çox nümayəndə paytaxt Bakıda toplaşdı. Onlar “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş müzakirələrdə qlobal mənzil çağırışlarını ön plana çəkərək mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi qiymətləndirdilər. Ümumilikdə WUF13-ü yeni şəhər gündəliyinin icrasının formalaşdırılmasına mühüm töhfə kimi dəyərləndirmək olar.
Qeyd edək ki, BMT-nin ən nüfuzlu tədbirlərindən birinin paytaxt Bakıda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlərin göstəricisidir. Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi eyni zamanda ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir. Azərbaycanın uğurlarını, WUF13-ün yüksək səviyyədə təşkilini qlobal tədbir çərçivəsində ölkəmizdə səfərdə olan qonaqlar, o cümlədən rəsmi şəxslər, diplomatlar, jurnalistlər də mediaya açıqlamalarında xüsusi vurğulayıblar.
“Bu, Cənubi Qafqaz regionunda keçirilən ilk sessiyadır”
Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Bakıda keçirilən WUF13 “tarixdə bir neçə rekorda” imza atıb və BMT-nin Məskunlaşma Proqramı tərəfindən indiyədək təşkil olunan ən böyük tədbirə çevrilib. Onun sözlərinə görə, “Urban Expo” sərgisi də WUF tarixində ən böyük sərgi olub və burada mənzil tikintisi, şəhər idarəçiliyi və dayanıqlı inkişaf sahələrində innovativ həllər təqdim edilib: “Bu, Cənubi Qafqaz regionunda keçirilən ilk sessiyadır. Azərbaycanın təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə olaraq 20-yə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə Liderlər Sammiti təşkil olunub. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın artan hərtərəfli gücünü və beynəlxalq nüfuzunu tam şəkildə nümayiş etdirir”.
“Azərbaycanlı bacı və qardaşlarımla qürur duyuram”
Pakistanlı tədqiqatçı Şer Şah Xan WUF13-ün Bakıda çox yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Onun sözlərinə görə, tədbirin hər bir hissəsi düşünülüb və bura fikir mübadiləsi, yeni ideyalar qazanmaq baxımından əvəzsiz platformaya çevrilib: “COP29 zamanı Bakıda olmuşdum və WUF13 üçün yenidən buradayam. Burada COP29-da tanış olduğum bir çox insanla yenidən görüşdüm. Bu da göstərir ki, belə platformalar real fəaliyyət və əməkdaşlıq üçün imkan yaradır”.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə də münasibət bildirən Şer Şah Xan bu prosesi yüksək qiymətləndirib: “Müharibədən sonra Şuşaya səfər etdim. Gördüklərim məndə xoş təəssürat yaratdı. Pakistanlı olaraq azərbaycanlı bacı və qardaşlarımla qürur duyuram. Torpaqların geri qaytarılması və ardınca onların sürətlə inkişaf etdirilməsi diqqətçəkəndir. Münaqişədən sonra iki-üç il ərzində aparılan yenidənqurma və mənzil layihələri böyük işdir. Bu proses yalnız dövlətin deyil, Azərbaycan cəmiyyətinin və özəl sektorun birgə səyləri nəticəsində həyata keçirilir. Bütün bunlar uzun illər ərzində formalaşmış boşluqların qısa müddətdə aradan qaldırılmasına yönəlib”.
WUF13 dayanıqlı şəhər inkişafı üçün fürsət yaradır
Tanınmış amerikalı urbanist, strateji şəhərsalma mütəxəssisi və memarlıq nəzəriyyəçisi Maykl Mahaffi bildirib ki, WUF13 dayanıqlı şəhər inkişafı və şəhərsalmaya müasir yanaşmaların tətbiqi üçün mühüm fürsət yaradır. “Sustasis Foundation” fondunun (ABŞ) icraçı direktoru olan və çoxsaylı qlobal tədqiqat mərkəzləri ilə əməkdaşlıq edən M.Mahaffi qeyd edib ki, Bakı və Azərbaycan paytaxtında baş verən genişmiqyaslı transformasiyalar onda dərin təəssürat yaradıb: “Müasir inkişaf layihələri həyata keçirilərkən, şəhərin tarixi irsinin və milli kimliyinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bakı rahat şəhər mühitinin vacib komponentləri olan piyada və əhalinin miqyasına hesablanmış yeni şəhər məkanlarını uğurla tətbiq edir”.
Azərbaycan qlobal şəhərsalma gündəliyində aktiv rol oynayır
WUF13-də iştirak edən Hindistan nümayəndəsi Şefali Batra Sarin də qlobal Forumun Bakıda yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. O bildirib ki, çoxlu sayda nümayəndələrin WUF13-də iştirakı tədbirin əhəmiyyətini və Azərbaycanın qlobal şəhərsalma gündəliyində oynadığı aktiv rolu nümayiş etdirir: “Bu mötəbər tədbir müxtəlif ölkələrin şəhərsalma, davamlı və dayanıqlı şəhərlərin formalaşması kimi aktual mövzular ətrafında müzakirələr aparması baxımından çox faydalı platformadır".
Kolumbiyanın mənzil tikintisi, şəhərlər və ərazilər nazirinin müavini Ayde Marsilya Bello Bakı şəhərini çox bəyəndiyini dilə gətirib. Nazir müavini qeyd edib ki, Azərbaycanın paytaxtı ona müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu gözəl bir şəhər kimi görünüb: “Çox maraqlı tarixiniz var. Azərbaycanın nisbətən gənc bir dövlət olmasına baxmayaraq, ölkə zəngin tarixi irsə malikdir. Memarlıq, şəhər mühiti, görməli yerlər - bütün bunlar çox maraqlıdır. Həmçinin xoşuma gəldi ki, ölkə dünyaya açıqdır və tanınmağa çalışır. Kolumbiya üçün Azərbaycan çox uzaq bir ölkə kimi görünür, lakin bu səfərdən sonra buraya ailəmlə birlikdə qayıtmaq istəyi yarandı. Əslində, məsafəyə baxmayaraq, mənə elə gəlir ki, ilk baxışda görünə biləcəyindən daha çox ortaq cəhətimiz var”.
“Azərbaycan həmişə iri tədbirləri əla təşkil edir”
Meksikanın ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero Azərbaycanın həmişə qlobal tədbirləri əla təşkil etdiyini söyləyib. Diplomat vurğulayıb ki, Meksika və Azərbaycan şəhər xidmətləri və sosial proqramlar sahəsində təcrübə mübadiləsi apara bilər: “Meksika nümayəndə heyətinin Azərbaycanda WUF13 çərçivəsində tədbirlərdə iştirakı Mexikoda keçiriləcək növbəti Ümumdünya Şəhərsalma Forumuna hazırlıq fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həmişə iri tədbirləri əla təşkil edir və WUF13 də istisna deyil. Şəhər siyasətinə əsas yanaşmalarla bağlı isə deyə bilərəm ki, söhbət inklüziv proqramların ayrılmaz hissəsi kimi mənzil təminatından gedir. Bu, həm də sosial cəmiyyətə qayğıya, yaşlılara, uşaqlara və qadınlara diqqətə aiddir. Bu, bizim üçün də çox vacibdir. Biz Bakının təcrübəsini götürəcəyik və onu daha da inkişaf etdirəcəyik. Mexikoda qadınların, uşaqların və yaşlıların müxtəlif proqramlara və xidmətlərə çıxış əldə etdiyi "Utopias" mərkəzləri mövcuddur. Bu təcrübə yeni şəhər layihələri üçün faydalı ola bilər. Azərbaycanın ASAN və DOST kimi strukturları var və onların mümkün qarşılıqlı fəaliyyəti təcrübə mübadiləsinin çox maraqlı nümunəsinə çevrilə bilər".
“Bakıda WUF13-ün təşkili ən yüksək qiymətə layiqdir”
"Urban Solutions Journal"ın əməkdaşı Laura Puttkamer söyləyib ki, Bakıda WUF13-ün təşkili ən yüksək qiymətə layiqdir. Onun sözlərinə görə, yerli könüllülərin qüsursuz işi də tədbirin ən güclü tərəflərindən biri olub. Jurnalist qeyd edib ki, karyerası ərzində artıq dörd WUF forumunda işləyib, lakin Bakı sammiti öz atmosferi ilə müsbət mənada fərqlənib: “Belə yüksək keyfiyyətli hazırlığa görə Bakının zəhmətini layiqincə giymətləndirmək lazımdır. Könüllülərin rolunu xüsusi vurğulamaq istəyirəm - onlar sadəcə möhtəşəmdirlər. Onların mehribanlığı və kömək etməyə səmimi şəkildə hazır olmaları hər bir nümayəndə üçün rahat mühit yaradır. Forumun rahat nəqliyyat əlçatanlığını və şəhərin həyat ritmini daha yaxşı hiss etmək imkanını da vurğulamaq istərdim. Əgər Qahirədəki əvvəlki forumda konfrans mərkəzi təcrid olunmuş və yaşayış məhəllələrindən uzaqda yerləşirdisə, Azərbaycan paytaxtında iştirakçılar metropolitendən asanlıqla istifadə edə və şəhər mühiti ilə aktiv şəkildə təmasda ola bilərlər. Eyni zamanda urbanizm və təbiətin vəhdəti, xüsusən də Xəzər dənizinə yaxınlığı sayəsində Bakı məndə güclü təəssürat yaradıb”.
“Gördüklərim məndə çox xoş təəssürat yaratdı”
Ekvadorun Kito şəhərinin sabiq meri Maurisio Rodas Bakının inkişaf səviyyəsinin və şəhər infrastrukturunun keyfiyyətinin heyranedici olduğunu söyləyib. O, ölkəmizin inkişaf etmiş şəhər infrastrukturuna, səmimi qonaqpərvərliyinə diqqət çəkib: “İnkişaf etmiş şəhər infrastrukturuna və həqiqətən səmimi qonaqpərvərliyə malik bu heyrətamiz ölkədə olmaqdan çox məmnunam. Azərbaycanın paytaxtında abadlıq və şəhər mühitinin rahatlıq səviyyəsi yüksəkdir. Gördüklərim məndə çox xoş təəssürat yaratdı: bu, gözəl, yaxşı təşkil olunmuş, ən yüksək səviyyəli infrastruktura malik səliqəli və təmiz bir şəhərdir. Xüsusilə yerli sakinlərin səmimiliyini və qonaqpərvərliyini qeyd etmək istəyirəm. Burada olmaqdan həqiqətən məmnunam".
Təşkilatçılıq miqyasına görə ən böyük urbanistik forum
UN-Habitat-ın Azərbaycandakı proqramının rəhbəri Anna Suve Bakıda keçirilən WUF13-ün iştirak və təşkilatçılıq miqyasına görə ən böyük urbanistik forumlardan birinə çevrildiyini dilə gətirib. Onun sözlərinə görə, Bakıda həm WUF formatı ilə ilk dəfə tanış olan iştirakçılar, həm də əvvəlki sessiyalarda iştirak etmiş ekspertlər bir araya gəlib: “Bu gün burada olduğum üçün çox qürur duyuram. Çoxdandır tanıdığım insanların simalarını, eləcə də Foruma ilk dəfə gələn yeni iştirakçıları görürəm. Forum iştirakçılara pavilyonlar, tərəfdaşlıq zonaları və tematik sessiyalar arasında sərbəst hərəkət etməyə imkan verən açıq formatı ilə fərqlənir. Belə bir struktur "şəhər daxilində şəhər" atmosferi yaradır. Forumun ekspozisiya hissəsi də fantastikdir. Bir çoxları mənə bunun hətta COP29-dan da yaxşı olduğunu deyir”.
“Forumun Azərbaycan tərəfindən qəbul edilməsi təqdirəlayiq haldır”
Gürcüstan Texniki Universitetinin professoru, urbanist və ekspert Merab Bolkvadze şəhərlərin gələcəyinin Bakıda müzakirə olunduğunu vurğulayıb. Professor BMT-nin WUF13 sessiyasının işini yüksək qiymətləndirib: “Qardaş ölkəmiz Azərbaycanda - Bakıda çox böyük bir Forum keçirilib. Forum ümumilikdə məskunlaşma məsələlərinə həsr olunub və WUF13 dünyada yaşayış məntəqələri ilə bağlı problemləri əhatə edib. Belə bir mötəbər Forumun Azərbaycan tərəfindən qəbul edilməsi təqdirəlayiq haldır. Tədbirdə gürcü mütəxəssislər və şəhərsalma üzrə ekspertlər də iştirak ediblər. Forum çərçivəsində aparılan müzakirələr şəhərsalma və dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Şəhərlərin və yaşayış məntəqələrinin dayanıqlı inkişafı baxımından şəhərsalma mövzusunda keçirilən belə forumlar və görüşlər olduqca önəmlidir. Ümumilikdə, Gürcüstan tərəfi, gürcü memarlar və şəhərsalma mütəxəssisləri bu cür forum və görüşləri yüksək qiymətləndirir və dəstəkləyirlər”.
Açıqlamalardan da göründüyü kimi Azərbaycana gələn, paytaxt ilə yaxından tanış olan qonaqlar ölkəmizdə həyata keçirilən quruculuq və inkişafı yüksək qiymətləndirirlər. Onlar Bakı şəhərində qlobal tədbirlərin, o cümlədən BMT Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək təşkilatçılıq səviyyəsində baş tutduğunu xüsusi qeyd edirlər. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın reallıqlarını bir daha dünyaya çatdırır, ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir.
Ərturan İSMAYIL