• çərşənbə axşamı, 09 iyun, 08:26
  • Baku Bakı 22°C

Uğurlarla dolu bir il

30.12.25 01:39 826
Uğurlarla dolu bir il

2025-ci il Azərbaycan idmanı üçün tarixi oldu. MDB Oyunları, UFC turniri, minifutbol üzrə dünya çempionatının ən yüksək səviyyədə təşkili, azad edilmiş ərazilərdə idman infrastrukturunun bərpası, beynəlxalq yarışlarda əldə olunan saysız medallar ölkəmizin idman potensialını nümayiş etdirdi. 

2025-ci il Azərbaycan idmanı üçün zəngin və uğurlarla dolu oldu. Təmsilçilərimiz beynəlxalq arenalarda fərdi və komanda səviyyəsində böyük nailiyyətlər əldə etdilər. Ölkəmizdə bir sıra mötəbər yarışlar uğurla təşkil olundu, eyni zamanda azad edilmiş torpaqlarımızda idman həyatının bərpası istiqamətində yeni addımlar atıldı. Dövlət səviyyəsində infrastrukturun inkişafına xüsusi diqqət yetirildi. 

MDB Oyunlarında yüksək təşkilatçılıq

Sentyabrın 28-dən oktyabrın 8-dək keçirilən III MDB Oyunları Azərbaycanın idman tarixində önəmli mərhələ oldu. 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə yarışlarda iştirak etdi. Azərbaycan 340 idmançı ilə ən böyük heyətlə təmsil olundu. Ümumi medal sayımız 184 oldu: 33 qızıl, 56 gümüş və 95 bürünc.

Güləş, boks və taekvondo ənənəvi güclü sahələr kimi çıxış etdi, lakin stolüstü tennis və üzgüçülük kimi yeni növlərdə də uğurlar əldə edildi. Stolüstü tennisçilərimiz fərdi və cütlük yarışlarında gümüş medallara sahib çıxdılar. Üzgüçülərimiz 13 medal qazandı, bu da su idman növlərində inkişafın göstəricisidir. U-16 futbol yığmamız finalda Rusiyaya məğlub olaraq gümüş medal qazandı, qadın basketbolçularımız (3x3) ikinci pillədə qərarlaşdı. Ənənəvi milli oyun olan çövkən komandamız isə qızıl medal əldə etdi.

Oyunlar regionlarda infrastrukturun inkişafına töhfə verdi. Yarışlar göstərdi ki, Azərbaycan yalnız uğurlu idmançılar yetişdirmir, həm də geniş infrastruktur və təşkilatçılıq bacarığını nümayiş etdirir. MDB Oyunlarının kamandan oxatma yarışlarının Xankəndidə yüksək səviyyədə təşkili xüsusilə simvolik idi.

Bakıda ilk UFC turniri

İyunun 21-də Bakı Kristal Zalında Azərbaycanda ilk dəfə UFC turniri keçirildi. Turnirdə 24 idmançı qüvvəsini sınadı, ilkin və əsas kartlarda maraqlı döyüşlər gerçəkləşdi. Əsas kartda üç azərbaycanlı döyüşçü çıxış etdi. Tofiq Musayev debütünü reallaşdırdı, lakin ilk raundda uduzdu. Nazim Sadıxov isə Nikolas Mottanı ikinci raundda nokaut edərək gecənin ən yaxşı döyüşü və nokautu nominasiyasında qalib oldu. Rafael Fiziyev çilili İqnasio Bahamondes üzərində hakimlərin qərarı ilə qələbə əldə edərək, uğurlu geridönüşünü rəsmiləşdirdi. Turnirin təşkili yüksək səviyyədə idi, UFC prezidenti Deyna Uayt Azərbaycana minnətdarlığını bildirdi və Bakı barədə xoş təəssüratlarını ifadə etdi. 

Minifutbol millimizdən dünya çempionluğu

Bu il ölkəmizdə təşkil olunan ən böyük turnirlərdən biri minifutbol üzrə dünya çempionatı oldu. Mundial həm möhtəşəm açılış mərasimi, həm ümumi təşkilatçılıqla rəğbət doğurdu. 

Milli komandamız isə azarkeşləri çempionluqla sevindirməyi bacardı. A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizədə lider olan yığma 1/8 finalda Rumıniyaya, 1/4 finalda İngiltərəyə, yarımfinalda Monteneqroya qalib gəldi. Finalda Macarıstanla üz-üzə gələn Azərbaycan millisi 4:2 hesablı qələbə ilə ilk dəfə dünya çempionu adını qazandı.

“Qarabağ”dan tarixi nailiyyət

Azərbaycan futbolunu beynəlxalq müstəvidə uğurla təmsil edən “Qarabağ” bu il nailiyyətlərinə daha birini əlavə etdi. “Atlılar” təsnifat raundlarını keçərək, tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazandılar. Burada da Qurban Qurbanovun yetirmələrinin işləri qaydasında gedir. 6 turdan sonra təmsilçimiz 7 xalla 22-ci pillədədir. “24-lük”də yer alan “Qarabağ” pley-offa yüksəlmək üçün yaxşı şansa malikdir. Komandamız “Benfika” və “Kopenhagen”lə qarşılaşmalarda əldə etdiyi parlaq qələbələrlə turnirdə adından söz etdirməyi bacarıb. Eyni zamanda, Bakıda İngiltərənin “Çelsi” klubu ilə qarşılaşmada əldə olunan heç-heçə “Qarabağ”ın top səviyyə rəqiblərlə layiqli mübarizə apara bildiyini növbəti dəfə sübuta yetirdi. Qarşıda “Ayntraxt” və “Liverpul”la oyunlarda qazanılacaq bir qələbə komandamızın növbəti tarixi nailiyyəti əldə edib mərhələ adlamasına səbəb ola bilər.

Bakı küçələrində yüksək sürət

Doqquzuncu dəfə Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-prisi yenə də mövsümün ən maraqlı mərhələlərindən biri oldu. Dar döngələr, uzun düz yollar və Xəzər sahilindən qalxan küləklər hər zamankı kimi pilotlardan maksimum texniki ustalıq və dəmir iradə tələb etdi. Pilotlar üç gün ərzində sürət və taktikanı birləşdirərək uğur qazanmaq üçün əllərindən gələni etdilər. Bu yarış hər zamankı kimi ölkə iqtisadiyyatının inkişafına böyük töhfəsi ilə diqqət çəkdi. 

Ümumilikdə, 2025-ci il Azərbaycan idmanı üçün tarixi oldu. MDB Oyunları, UFC turniri, minifutbol üzrə dünya çempionatının ən yüksək səviyyədə təşkili, azad edilmiş ərazilərdə idman infrastrukturunun bərpası, beynəlxalq yarışlarda əldə olunan saysız medallar ölkəmizin idman potensialını, beynəlxalq nüfuzunu və gənc nəsil üçün perspektivləri nümayiş etdirdi. 

banner

Oxşar Xəbərlər