• çərşənbə axşamı, 09 iyun, 08:26
  • Baku Bakı 22°C

Tiranada parlaq mənzərələr 

02.05.26 03:22 550
Tiranada parlaq mənzərələr 

Albaniyanın paytaxtında keçirilən Avropa çempionatında Azərbaycan güləş məktəbi yenidən “köhnə qitə”nin ən güclüsü olduğunu sübuta yetirdi. Klassik güləş komandamız iki qızıl, üç bürünc, sərbəst güləşçilərimiz isə üç qızıl, iki gümüş və bir bürünc medal əldə etdilər.

Azərbaycan idmanından söz düşəndə ağla gələn ilk sahələrdən biri, şübhəsiz, güləşdir. Pəhləvanlıq ənənələrinin yaşadıldığı bu torpaqda güləş milli kimliyin bir parçasıdır. Elə buna görə də ölkəmizin beynəlxalq arenada ən çox uğur qazandığı sahənin məhz güləş olması heç də təsadüfi deyil. Pəhləvanlarımız bu gün də eyni dəst-xətti davam etdirirlər. Bu reallıq növbəti dəfə Avropa çempionatında öz təsdiqini tapdı. Albaniyanın paytaxtı Tiranada keçirilən mötəbər yarışda Azərbaycan güləş məktəbi yenidən “köhnə qitə”nin ən güclüsü olduğunu sübuta yetirdi.

“Klassiklər”dən ardıcıl ikinci çempionluq

Yarışa ilk olaraq yunan-Roma güləşçilərimiz qoşuldular. Millimiz uğurlu çıxış edərək çempion titulunu qorumağı bacardı. Tiranaya 10 idmançı ilə yollanan komandamızın heyətində beş güləşçi fəxri kürsüyə qalxmağı bacardı. Onlardan ikisi qızıl medal qazanıb Azərbaycan bayrağını dalğalandırdısa, üç pəhləvanımız “bürünc”lə geri döndü.

Millinin heyətində Həsrət Cəfərovla Qurban Qurbanov qızıl, Rəşad Məmmədov, Nihat Məmmədli və İslam Abbasov bürünc medal qazandılar. Xüsusilə, Cəfərovun nəticəsi diqqətəlayiqdir. Finalda türkiyəli Murat Fıratla gərgin qarşılaşmadan 7:5 hesablı qələbə ilə ayrılan idmançı tarixi uğura imza atdı. Belə ki, 4-cü dəfə Avropa çempionu olan Cəfərov Azərbaycan yunan-Roma güləşində yeni rekord müəyyənləşdirdi. Qurban Qurbanov isə ardıcıl 2-ci dəfə Avropanın ən güclüsü adını qazandı. O, həlledici görüşdə rusiyalı Adlet Tyulbayevə 4:2 hesabı ilə qalib gələrək titulunu qorudu, bununla da bir növ sabitlik mesajı vermiş oldu.

Yekunda klassik güləş komandamız iki qızıl, üç bürünc medal qazanmaqla 133 xalla yenidən Avropa çempionu adını qazandı. Türkiyə 121 xalla ikinci, Gürcüstan isə 118 xalla üçüncü yeri tutdu.

Sərbəst güləşçilərimizdən tarixi rekord

Yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız da Avropanın zirvəsini fəth etməyi bacardı. Bu növdə də 10 idmançı ilə təmsil olunan Azərbaycan komandası altı çəkidə medal əldə etdi. Onlardan üçünün əyarı qızıl idi.
Tiranada İslam Bazarqanov, Ali Tsokayev, və Giorgi Meşvildişvili himnimizi səsləndirməyə müvəffəq oldular. 57 kq-da yarışan İslam finalda rusiyalı Musa Mextixanovla qarşılaşdı. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını almağa müvəffəq oldu. 8:6 hesabı ilə qələbə qazanan pəhləvanımız ilk dəfə böyüklər arasında Avropa çempionu adını qazandı. Ali Tsokayev finalda bolqarıstanlı Ahmed Batayevə 5:3 hesabıyla qalib gələrək debüt etdiyi Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Çempionatın son görüşündə isə Giorgi Meşvildişvili Macarıstan təmsilçisi Vladislav Baytsayevlə qarşılaşdı. Rəqibinə heç bir şans tanımayan təmsilçimiz titulunu qoruyaraq, 2-ci dəfə Avropanın ən güclüsü oldu. Sərbəst güləşdə Turan Bayramov və Arseniy Djioyev gümüş, Cəbrayıl Hacıyev isə bürünc medal qazandılar.

Yekunda üç qızıl, iki gümüş və bir bürünc medal əldə edən millimiz 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu oldu. 
Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu. Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atdı. Üç qızıl, iki gümüş və bir bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Qızlardan iki medal

Azərbaycanın qadın güləşçiləri də Tiranadan əliboş qayıtmadılar. Düzdür, onların nəticələrini yunan-Roma və sərbəst güləşçilərlə müqayisə etmək mümkün deyil. Lakin hər halda iki medal əldə etmək də bir nəticədir. Beş qadın güləşçimizdən ikisi fəxri kürsüyə qalxmağı bacardı.

Jalə Əliyeva bürünc medal uğrunda görüşdə belaruslu Arina Demçankaya “tuş”la qalib gələrək üçüncü yeri tutdu. Bu, onun böyüklər arasında analoji yarışda üçüncü (1 gümüş, 2 bürünc) medalı oldu. Günay Qurbanovanın uğuru isə onun üçün daha əlamətdardır. Bürünc uğrunda görüşdə belaruslu Marta Hetmanavanı 7:5 hesabı ilə məğlub edən güləşçimiz ilk dəfə çıxış etdiyi Avropa çempionatında fəxri kürsüyə qalxmağı bacardı. Cəmi 18 yaşı olan idmançı gələcəyinin parlaq olduğunun siqnalını verdi.

“Qızıl dubl”un davamı necə gəlməlidir?

Həm yunan-Roma, həm də sərbəst güləşdə Avropanın ən güclüsü olan Azərbaycan komandası artıq bu üstünlüyünü sabitləşdirməkdədir. Millimiz son 5 ildə ikinci dəfə “qızıl dubl”a imza atdı. 2022 və 2025-ci illərdə olduğu kimi, bu dəfə də hər iki növdə bütün rəqiblər arxada qaldı. Lakin əldə olunan nəticələr arxayınlaşmaq üçün əsas vermir. Cəmi bir neçə ay sonra keçiriləcək dünya çempionatında mübarizə daha sərt olacaq. Bu dəfə təkcə Avropa deyil, bütün qitələrin ən güclüləri eyni döşəkdə qarşılaşacaq.

Daha geniş perspektivdə isə hədəf Olimpiya Oyunlarıdır. Azərbaycan güləşçilərinin qazandığı 13 medalın 8-i olimpiya çəkilərində, 5-i isə qeyri-olimpiya çəkilərində əldə olunub. Bu balans gələcək seçimlər üçün ciddi siqnaldır. Avropa çempionatı yalnız medallar uğrunda yarış deyil, həm də milli komandanın əsas heyətinin formalaşdığı, seçimlərin dəqiqləşdiyi mühüm mərhələdir. Belə turnirlər məşqçilər üçün optimal heyəti müəyyənləşdirmək baxımından əvəzsiz rol oynayır.

Ümumilikdə, Albaniyada keçirilən çempionatın nəticələri bu gün üçün parlaq mənzərə yaradır, sabah üçün isə böyük ümidlər və eyni zamanda ciddi məsuliyyət qoyur.

Qeyd edək ki, yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları, onların məşqçilərini Prezident İlham Əliyev də qəbul edib.

banner

Oxşar Xəbərlər