• çərşənbə axşamı, 09 iyun, 07:25
  • Baku Bakı 22°C

Tarixinin ən böyük WUF-u başa çatdı 

23.05.26 05:09 288
Tarixinin ən böyük WUF-u başa çatdı 

Növbəti sessiyaya sədrlik Meksikaya təhvil verilib. Rekord sayda iştirakçını bir araya gətirən WUF13 təkcə miqyası ilə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə xatırlanacaq. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimi keçirilib. Mayın 17-də başlamış WUF13 mayın 22-də başa çatıb.

Tədbirdə çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün uğurlu təşkili prosesində sıx əməkdaşlığa və göstərilən fasiləsiz dəstəyə görə UN-Habitat komandasına xüsusi təşəkkür edib: “Bu güclü tərəfdaşlıq sayəsində WUF13 dialoqu və davamlı gələcəyə olan ortaq öhdəliyimizi əks etdirən bir platformaya çevrildi”.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin fədakar komandasına xüsusi təşəkkürünü bildirən milli koordinator deyib: "Sizin müstəsna fədakarlığınız və yorulmaz səyləriniz sayəsində missiyamızı nailiyyətə çevirdiniz və bu fövqəladə miqyaslı, rəngarəng və əhəmiyyətli sessiyanın qüsursuz şəkildə həyata keçirilməsini təmin etdiniz".

İnklüziv iştirak və məzmunlu nəticələr

Anar Quliyev Azərbaycan xalqına da təşəkkür edib: “Onların açıqürəkliliyi və qonaqpərvərliyi WUF13-ün uğuruna böyük töhfə verdi və tədbir boyunca dostluq, birlik və ortaq məqsəd mühitinin yaradılmasına kömək etdi”. Onun sözlərinə görə, WUF13 gündəliyi mənzil məsələsini qlobal şəhər gündəliyinin mərkəzinə qoydu və bir daha təsdiqlədi ki, adekvat, əlçatan, təhlükəsiz və dayanıqlı mənzilə çıxış dövrümüzün ən mühüm çağırışlarından biri olaraq qalır. Sessiya çərçivəsində aparılan müzakirələrdə vurğulandı ki, mənzil təkcə əsas insan ehtiyacı deyil, həm də ləyaqət, dayanıqlıq, sosial inklüzivlik, iqtisadi imkanlar və davamlı şəhər inkişafının təməlidir.

Milli koordinator əmin olduğunu bildirib ki, WUF13 təkcə miqyası ilə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə xatırlanacaq.

Təcrübəmizi bölüşməyə hazırıq

Anar Quliyev bildirib ki, Azərbaycan WUF13 təcrübəsini WUF14-ə hazırlıq prosesində bölüşməyə hazırdır. Onun sözlərinə görə, WUF14-ə gedən yolda şəhərsalma gündəliyini irəli aparmaq və mənzil problemlərini işıqlandırmaq üçün əlimizdə daha bir mühüm platforma olacaq. Bu da Türkiyədə keçiriləcək olan COP31-dir. Onun sözlərinə görə, “Bakı standartları”nın tətbiqinə dair niyyət məktubunun imzalanması WUF13-ün mühüm irsi nəticələrindən biridir. Bu sənədin gələcəkdə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək ölkələr tərəfindən rəhbər tutulacağı barədə razılaşma olduqca təqdirəlayiqdir.

WUF13-ün ən əlamətdar məqamlarından biri

Anar Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə forum tarixində ilk dəfə keçirilən Liderlər Sammiti WUF13-ün ən əlamətdar məqamlarından birinə çevrilib. "Dövlət və hökumət başçılarının, yüksəksəviyyəli qonaqların və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı qlobal şəhər gündəliyinin irəliləməsi və davamlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hər kəs üçün adekvat mənzil və dayanıqlı icmaların təmin edilməsinə dair ortaq öhdəliyə güclü siyasi iradəni aydın şəkildə nümayiş etdirdi",- deyə o əlavə edib.

Yenilənmə və dayanıqlılığın nümunəsi 

Rəsmi bağlanış mərasimində çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Muhammed WUF13-ə ev sahibliyində göstərdikləri qonaqpərvərliyə və liderliyə görə Azərbaycan hökumətinə, xalqına minnətdarlığını bildirib: “Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaları inkişaf etdirərək, həmçinin çoxəsrlik ənənələrə hörmətlə yanaşaraq, urbanizmi qlobal müstəviyə qaldırıb”.

Amina Muhammed qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf işləri həyata keçirilir, icmaların yenidən inteqrasiyası, infrastrukturun və sülh mühitinin bərpası istiqamətində mühüm addımlar atılır. Bu proses nəticəsində ərazilər tədricən mədəni canlılığın, sosial həmrəyliyin və iqtisadi inkişafın mərkəzinə çevrilir. “Dünyanın ən qədim və fasiləsiz məskunlaşılmış şəhərlərindən biri olan Bakıda biz, eyni zamanda, yenilənmə və dayanıqlılığın nümunəsini görürük”, - deyə BMT rəsmisi vurğulayıb.

Amina Muhammed vurğulayıb ki, Bakı müzakirələr üçün çox uyğun məkan oldu. “Bu sessiyanın uğur qazanmasında mühüm rol oynayan sarsılmaz fədakarlıqlarına və peşəkarlıqlarına görə Azərbaycan heyətinə, BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) ən dərin təşəkkürümü bildirmək istəyirəm”, - deyə Amina Muhammed bildirib.

WUF13 rekord sayda iştirakçını bir araya gətirdi

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qeyd edib ki, WUF13 rekord sayda iştirakçını bir araya gətirib və güclü, vahid bir mesaj verib: “Biz mənzil təminatının gələcəyi üçün həlledici bir məqamdayıq. Artıq hərəkət vaxtıdır. Dünya cüzi tərəqqidən sistemli transformasiyaya doğru addımlamalıdır”. O bildirib ki, Bakıda verilən mesaj aydındır. Növbəti onillik sürətləndirilmiş icra, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçüləbilən müsbət təsirlərlə xarakterizə olunmalıdır. “Azərbaycan hökumətinə bizə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”, - Anaklaudia Rossbax söyləyib. “İndi isə böyük həyəcanla Meksikada keçiriləcək növbəti WUF14-ə boylanırıq”, - deyə o əlavə edib.

Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyasına sədrlik Azərbaycandan Meksikaya təhvil verilib.
Mayın 22-də WUF13-ün təşkil olunduğu Bakı Olimpiya Stadionunda BMT rəsmi bayrağının və Azərbaycanın Dövlət Bayrağının endirilməsi mərasimi də keçirilib. Bayraqların endirilməsi mərasimi forumun rəsmi olaraq yekunlaşdığını simvolizə edib.

 

 

banner

Oxşar Xəbərlər