Son illərin ən rəqabətli mövsümü
Çempionlar Liqasında bu mövsüm əldə edilən nəticənin təkrarlanması çox çətindir. Bu isə neytral azarkeşlərin yenidən məhz “Qarabağ”ın bu turnirə getməsini arzulamaları ilə nəticələnib. Lakin qaydalara görə ÇL-ə çempion gedir. Hazırkı məqamda isə buna daha yaxın olan “Sabah”dır.
Çəkinmədən söyləmək olar ki, futbol üzrə Azərbaycan Premyer Liqasında son illərin ən rəqabətli mövsümünü izləyirik. Bir qayda olaraq “Qarabağ”ın hegemonluğu ilə davam edən çempionatda bu dəfə daha bir fiqur ön plandadır. Söhbət “Sabah”dan gedir. Təsadüfi deyil ki, “futuristlər” yarışın sonuna 11 tur qalmış zirvədə məskunlaşıblar. 22 qarşılaşmada 53 xal toplayan Valdas Dambrauskasın komandası vahid liderdir. Ehtiyatında bir oyunu da olan “Qarabağ” 46 xalla ikinci pillədədir.
Çempionlar Liqası səviyyəsində oyun
Ötən bazar Premyer Liqada mövsümün ən maraqlı oyunu baş tutdu. Çempionluğa əsas iddialılar Tofiq Bəhramov adına Respublika stadionunda münasibətlərinə aydınlıq gətirdilər. “Nyukasl”la ağır oyunlardan sonra “Sabah”ın qarşısına çıxan “Qarabağ” üçün çempionluq yarışında geri qalmamaq baxımından ev oyunu böyük əhəmiyyət kəsb edirdi. Əks cəbhədə isə əsas rəqiblə qarşılaşmada sərfəli nəticə əldə edib zirvədəki komfort mövqeyini davam etdirmək niyyətində olan “Sabah” var idi.
Qarşılaşma əsl triller oldu. Yəqin ki, heç kəs oyunun ssenarisinin belə olacağını gözləmirdi. Bir saatın tamamında artıq “Sabah”ın 3 topluq üstünlüyü var idi. Əgər qarşılaşma “bayquşlar”ın qələbəsi ilə başa çatsaydı, güman ki, artıq indidən bu komandanı çempion hesab etmək mümkün idi. Lakin “Qarabağ” təcrübəsini göstərməyi bacardı. “Atlılar” 10 dəqiqə ərzində rəqib qapısına 3 qol vuraraq çətin situasiyadan xalla çıxmağı bacardılar. “Sabah” mövsümün sonunda çempion olmasa, məhz həmin 10 dəqiqədəki zəif performansa görə şikayətlənməlidir. Digər tərəfdən, “Qarabağ” qızıl medalları əldə etməyi bacarsa, məhz bu qısa periodda hücum xəttinin göstərdiyi əla oyuna minnətdar olmalıdır.
Nəticə hər nə olursa-olsun, azarkeşlər hər iki komandanın ifasında möhtəşəm oyun izlədilər. Qollar, maraqlı kombinasiyalar, güzəştsiz mübarizə, aşıb-daşan emosiyalar - bu qarşılaşmada hər şey var idi. Azarkeş və mütəxəssislərin fikrincə, bu oyun əsl Çempionlar Liqası matçı idi. Meydanda yaşananlar niyə məhz bu iki komandanın çempionluğa əsas iddiaçılar olduğunu göstərdi.
Yeri gəlmişkən, “Qarabağ” – “Sabah” oyununda elə ağdamlıların Çempionlar Liqası görüşlərindəki atmosfer var idi. Matçı tribunadan 10 mindən artıq azarkeş izlədi. Bu isə Premyer Liqada son 8 ilin mütləq rekordudur.
Çempionata qayıdan “Qarabağ”
Uzun Çempionlar Liqası kampaniyasından sonra “Qarabağ” bütün diqqətini Premyer Liqaya yönəldə bilər. Bu mövsüm avrokubok macərası Qurban Qurbanovun komandası üçün çox məhsuldar oldu. “Süvarilər” ikinci dəfə iştirak etdikləri Çempionlar Liqasında yeni tarix yazdılar. Liqa mərhələsində ilk “24-lük”də yer almağı bacaran komanda ilk dəfə pley-off oynadı.
Artıq komanda qitənin bir nömrəli klub turniri ilə vidalaşıb. “Qarabağ”ı yenidən ora aparan yol isə Azərbaycan Premyer Liqasından keçir. Bunun üçün yenidən çempion olmaq lazımdır. Lakin bu, əvvəlki qədər asan deyil. Möhkəm “Sabah”a qarşı üstünlük heç də “atlılar”ın tərəfində deyil. İki cəbhədə oynamağın da təsiri ilə bir sıra vacib xallar itirən “Qarabağ” təşəbbüsü rəqibinə verib. İndi onlar təqibçi rolundadırlar. Düzdür, artıq bütün diqqət çempionata yönəlib və bundan sonra hansısa komandanın “Qarabağ”ı büdrədəcəyi asan görünmür. Lakin “Sabah” da çox güclüdür və inamla irəliləməyə davam edir.
Sürətlə böyüyən “Sabah”
Masazırda məskunlaşan komandanın hazırkı nəticələri təsadüfi deyil. 2018/19 mövsümündən Premyer Liqada yarışan kollektiv ilk vaxtlardan peşəkar yanaşması ilə diqqət çəkib. Bu isə davamlı inkişafla nəticələnib. “Sabah” hər mövsüm əvvəlkindən daha yaxşı nəticə göstərməyi bacarır. Son illər bir qayda olaraq avrokuboklara vəsiqə qazanmağı bacaran komanda keçən mövsümün sonunda ilk dəfə titul əldə etdi. Məhz “Qarabağ”la Azərbaycan Kubokunun finalında üz-üzə gələn “futuristlər” yekunda kuboku başları üzərinə qaldırdılar. Bu mövsüm isə komanda artıq çempionluğa əsas namizəddir.
“Sabah”ın seleksiya işindəki keyfiyyəti xüsusi diqqət çəkir. Bu mövsüm komandaya cəlb olunan Stiv Solvet, Akim Zedadka, Velyko Simiç, Timoteuş Puxaç, Aron Maluda kimi adlar qısa zamanda səviyyələrini ortaya qoydular. Üstəlik, komandada baş məşqçi seçimi də çox dəqiq alınıb. Litvalı Valdas Dambrauskas komandaya çox baxımlı futbol oynadır.
Ümumilikdə, “Sabah”ın inkişafı çox sürətlə davam edir. Artıq çempionluq iddiası xəyal yox, reallıqdır.
Çempionlar Liqasına kim gedəcək?
Azarkeşlər üçün ölkə çempionatı ilə yanaşı avrokubok nəticələri də çox önəmlidir. Son illər “Qarabağ”ın müəyyənləşdirdiyi çox böyük bir standart var. Ağdam təmsilçisi futbolsevərləri qrup mərhələlərinə, hətta oradan da uzaqlara öyrəşdirib. Xüsusilə, Çempionlar Liqasında bu mövsüm əldə edilən nəticənin təkrarlanması çox çətindir. Bu isə neytral azarkeşlərin yenidən məhz “Qarabağ”ın bu turnirə getməsini arzulamaları ilə nəticələnib. Lakin ÇL-ə çempion gedir. Hazırkı məqamda isə buna daha yaxın olan “Sabah”dır. Çempionlar Liqası iştirakçısı olmaq, orada mübarizəni erkən dayandırsan belə, digər turnirlərdə əlavə şanslar yaradır. Məhz belə mərhələlər klubları böyüdür. Bu gün çempionluğa iddia edən komanda sabah artıq ölkə futbolunun beynəlxalq vitrini olur.