Şəhərsalmanın nəbzi Bakıda döyünəcək
Bakı BMT-nin qlobal əhəmiyyətli WUF13 forumuna ev sahibliyi etməyə hazırlaşır. WUF13 çərçivəsində həm gələcəyin urbanizasiya modelləri müzakirəyə çıxarılacaq, həm də işğaldan azad edilmiş ərazilərdəki unikal "ağıllı şəhər" təcrübəsi dünyaya nümayiş etdiriləcək.
Bakı BMT-nin Məskunlaşma Proqramının 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə tam hazırdır. 17-22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək və "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və məskənlər" mövzusuna həsr olunan forum qlobal müzakirə mərkəzi olacaq.
Marafon Xankəndidə yekunlaşıb
Tarixdə ilk dəfə Liderlər Sammiti formatında baş tutacaq tədbir dövlət başçılarını, beynəlxalq təşkilatları, urbanizasiya ekspertlərini və "Urban Expo" sərgisini bir araya gətirəcək. Tədbirə hazırlıq çoxşaxəli şəkildə davam edir. BMT-nin Vyana Ofisi və ATƏT-dəki təqdimatlardan sonra, aprelin 28-dən respublikamızda WUF13 festivallarına start verilib. Bakıdan başlayan və müxtəlif regionlarımızı əhatə edən bu təbliğat marafonu mayın 10-da Xankəndidə təntənəli şəkildə yekunlaşıb. Beynəlxalq ictimaiyyətin foruma marağı və dəstəyi yüksək səviyyədədir.
“Bölgəmiz üçün mühüm tarixi hadisədir”
Milli Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə görə, WUF13-ün Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə təşkil olunması bölgəmiz üçün mühüm tarixi hadisədir. Bu, sadəcə ənənəvi beynəlxalq tədbir deyil, eyni zamanda region ölkələrinin qlobal şəhərsalma gündəliyinə daha fəal inteqrasiyası üçün real zəmindir: “Forum vasitəsilə ölkələrimiz yerli çağırış və prioritetlərini qlobal inkişaf hədəfləri ilə daha düzgün uzlaşdıra biləcəklər. Xüsusilə davamlı şəhərlərin qurulması, əlçatan mənzil təminatı, ekoloji tarazlıq, innovativ nəqliyyat və rəqəmsal xidmətlər sahələrində beynəlxalq təcrübədən faydalanmaq üçün geniş imkanlar yaranır. Bununla yanaşı, region dövlətləri öz unikal təcrübələrini qlobal müstəvidə bölüşərək bu prosesin fəal iştirakçısına çevriləcəklər”.
“Bakının rolu xüsusi vurğulanmalıdır”
T.Mirkişilinin fikrincə, qlobal urbanizasiya prosesində paytaxt Bakının rolu xüsusi vurğulanmalıdır. Şəhərimiz belə bir mötəbər tədbirə ev sahibliyi etməklə həm beynəlxalq dialoq platformasına çevrilir, həm də öz inkişaf modelini dünyaya nümayiş etdirir: “Son illər Bakıda həyata keçirilən strateji infrastruktur layihələri, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və şəhər mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər artıq beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq etməklə müasir və dayanıqlı şəhərsalma sahəsində yaratdığı yeni model WUF13 çərçivəsində beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla öyrəniləcək. WUF13 bütün regionumuz üçün yeni əməkdaşlıq üfüqləri açacaq, şəhərlərimizin daha dayanıqlı, ekoloji cəhətdən təmiz ("yaşıl") və insan mərkəzli inkişafına birbaşa töhfə verəcək”.
Dünyanın ən nüfuzlu platformalarından biri
Millət vəkili Vüqar Rəhimzadə bildirdi ki, indiyədək ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə yüksək təşkilatçılıq qabiliyyəti və uğurlu nəticələri ilə seçilən Azərbaycan, bu dəfə də qonaqlarını yüksək səviyyədə qarşılamağa hazırdır. Dünyanın ən nüfuzlu platformalarından biri olan bu forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal urbanizasiya proseslərinə verdiyi mühüm töhfənin və etibarlı tərəfdaş kimi qazandığı ali etimadın bariz göstəricisidir: “Müasir dövrdə qlobal iqlim dəyişiklikləri fonunda şəhərlərin dayanıqlı inkişafı bəşəriyyətin əsas prioritetinə çevrilib. Enerji səmərəliliyi, tullantıların idarə olunması, alternativ nəqliyyatın təşviqi və “yaşıl zona”ların genişləndirilməsi artıq beynəlxalq şəhərsalma siyasətinin ayrılmaz hissəsidir. WUF13 Azərbaycanın bu istiqamətdə mövcud potensialını və “yaşıl şəhər” konsepsiyasını qlobal ictimaiyyətə təqdim etməsi üçün unikal platforma olacaq”.
V.Rəhimzadənin sözlərinə görə, Azərbaycan qlobal iqlim və şəhərsalma çağırışlarının həllində, eləcə də innovativ yanaşmaların formalaşmasında artıq təşəbbüskar və etibarlı tərəfdaş kimi tanınır: “WUF13 ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirməklə yanaşı, regionda “ağıllı şəhər” modellərinin təşviq edilməsində liderlik rolunu daha da gücləndirəcək. Forum çərçivəsində təşkil olunacaq beynəlxalq səviyyəli panel müzakirələri və ikitərəfli görüşlər fərqli ölkələr, həmçinin beynəlxalq təşkilatlar arasında yeni əməkdaşlıq körpülərinin qurulmasına imkan verəcək”.
“Azərbaycan dünyaya unikal təcrübə bəxş edir”
Deputat Aydın Mirzəzadə qeyd etdi ki, tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin zəngin şəhərsalma tarixinə və mədəniyyətinə beynəlxalq səviyyədə verilən yüksək qiymətin təzahürüdür: “Dövlət müstəqilliyimizin bərpasından sonra paytaxtımızın və regionlarımızın hərtərəfli inkişafı, o cümlədən infrastrukturun müasirləşdirilməsi xarici mütəxəssislərin diqqətini cəlb edir. Eyni zamanda, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa işləri ilə dünya şəhərsalma elminə unikal təcrübə bəxş edir. Bu baxımdan, forumun məhz ölkəmizdə təşkili həm qlobal şəhərsalma prioritetlərinin müzakirəsinə, həm də iştirakçıların qabaqcıl Azərbaycan modeli ilə əyani şəkildə tanışlığına geniş imkan yaradacaq. Qonaqlar ölkəmizin qədim tarixi, zəngin mədəni irsi və bugünkü inkişaf reallıqları ilə yaxından tanış ola biləcəklər”.
Yeni intellektual mərhələnin başlanğıcı
Millət vəkili Rövşən Muradov isə bildirdi ki, Bakıda keçiriləcək Forum sıradan bir beynəlxalq tədbir deyil. Bu, ölkəmizin müasir inkişaf fəlsəfəsinin, dövlət idarəçiliyi baxışının və gələcəyin şəhərlərinə dair strateji düşüncəsinin qlobal müstəvidə təqdim olunduğu mühüm tarixi platformadır: “Şəhərlər hər bir dövlətin sivilizasiya yaddaşıdır. Bu mənada, şəhərsalma yalnız binaların ucaldılması, yolların çəkilməsi və ya infrastrukturun genişləndirilməsi demək deyil. Bu, insan həyatının təşkili, təhlükəsizliyin, sosial ədalətin, ekoloji məsuliyyətin və gələcəyə inamın məkan üzərində ifadəsidir. Tarixən mədəniyyətlərin, ticarət yollarının və ideyaların qovuşduğu Bakının bu mötəbər foruma ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun, yüksək təşkilatçılıq potensialının və urban inkişaf sahəsindəki yeni baxışının göstəricisidir”.
R.Muradovun fikrincə, forumun Azərbaycan üçün xüsusi əhəmiyyəti həm də ölkəmizin şəhərsalma sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə bağlıdır. Bu cür qlobal tədbirlər milli şəhərsalma siyasətimizə bir neçə mühüm istiqamətdə təkan verəcək: “İlk növbədə, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və yerli reallıqlara uyğunlaşdırılması üçün əlverişli mühit yaranır. İkincisi, dövlət qurumları, şəhər planlayıcıları, investorlar, akademik dairələr və beynəlxalq təşkilatlar arasında yeni əməkdaşlıq körpüləri qurulur. Nəhayət, şəhər inkişafına daha uzunmüddətli, dayanıqlı və insan mərkəzli yanaşma mexanizmi güclənir”.
Zərif Salmanlı