• çərşənbə axşamı, 09 iyun, 07:29
  • Baku Bakı 22°C

İnşa ediləcək yeni stansiyalarla bağlı yenilik

16.05.26 00:14 403
İnşa ediləcək yeni stansiyalarla bağlı yenilik

Hazırda Bakı Metropolitenini dünyada xidmət göstərən 213 metropolitenlə müqayisədə sıxlıq dərəcəsinə görə top onluqda yerləşir. Bu sıxlığın azaldılması istiqamətində mühüm qərarların veriləcəyi bildirilir. 

"Bakı Metropoliteninin "bənövşəyi xətt"i üzrə inşa ediləcək yeni stansiyalarda yeddivaqonluq qatarlar hərəkət edəcək". Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

10 yeni stansiya inşa ediləcək

O bildirib ki, yeni stansiyaların platformaları "qırmızı" və "yaşıl" xətt üzrə fəaliyyət göstərən stansiyaların platformasından böyük olacaq: "Hazırda istismarda olan "qırmızı xətt" üzrə stansiyaların platformalarının uzunluğu 102-105 metrdir. Həmin stansiyalar 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Amma "bənövşəyi xətt" üzrə inşa edilən və yeni tikiləcək stansiyaların platformalarının uzunluğu 144 metrdir. Həmin xətt üzrə hərəkət edəcək qatarlar yeddi vaqondan ibarət olacaq".
B.Məmmədov bildirib ki, yeni inşa ediləcək "yaşıl xətt" üzrə stansiyalar da beşvaqonluq qatarlar üçün nəzərdə tutulacaq. Xatırladaq ki, 2030-cu ilə qədər Bakı Metropoliteninin "yaşıl" və "bənövşəyi" xətləri üzrə 10 yeni stansiya inşa edilərək istifadəyə veriləcək.

Sıxlığa görə top onluqda

Yeri gəlmişkən, "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov da bir neçə gün əvvəl metroda gözlənilən keyfiyyət dəyişiklikləri barədə mətbuata danışıb. Onun sözlərinə görə, hazırda Bakı Metropolitenini dünyada xidmət göstərən 213 metropolitenlə müqayisə etsək, sıxlıq dərəcəsinə görə top onluqda yerləşir: “Qısa müddətdə infrastrukturu genişləndirmək mümkün olmadığını nəzərə alaraq, daha çox intervalları azaltmaqla sərnişin sıxlığını qismən aradan qaldırmaq istiqamətində işlər görülür”.

İntervalı daha da azaltmaq üçün…

Sədr bildirir ki, intervalı daha da azaltmaq üçün fundamental işlər görmək lazımdır. Birincisi, qatarları idarə edən işarəvermə sistemi yenilənməlidir - cari ildə bununla bağlı tender keçiriləcək və bu layihənin icrası gələcəkdə qatarlararası məsafəni qısaldıb intervalı azaltmağa imkan verəcək. İkincisi, xətlərin ayrılması məsələsidir:  Qırmızı və Yaşıl xətlərimiz "28 May" stansiyasında birləşir və "28 May" - Həzi Aslanov” sahəsində texniki təhlükəsizliyi təmin etmək üçün 100–110 saniyəlik interval olması şərtdir. Nəzərə alsaq ki, bu qatarlar “İçərişəhər” və “Dərnəgül” istiqamətdən növbəli şəkildə gəlir, avtomatik olaraq həmin əks istiqamətdə intervalımız 200 saniyənin üzərində olur. Bu xətləri ayırmasaq, intervalı bundan aşağı salmaq imkanımız mümkün olmayacaq.

Hər bir xətt ayrıca müstəqil işləməlidir, müstəqil deposu olmalıdır. “Dərnəgül” deposunun tikintisi davam edir. Xətlər ayrıldıqdan sonra "28 May" stansiyası yalnız "İçərişəhər" istiqamətinə gedən qatarlardan istifadə edən sərnişinlər tərəfindən istifadə olunacaq. "Dərnəgül" istiqamətinə gedən sərnişinlər isə "Cəfər Cabbarlı" stansiyasından istifadə edəcəklər. "Cəfər Cabbarlı" ilə "28 May"ı birləşdirən əlavə bir sərnişin tunelini yay aylarında istifadəyə verəcəyik. Bu, xətlərin ayrılması layihəsi üzrə başa çatan ilk iş olacaq”.

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

Vüsal Aslanov bildirib ki, yeni mobil tətbiq sərnişinlərə metrodan daha rahat və səmərəli istifadə imkanı yaradacaq: "Mobil tətbiqdə sərnişinlər QR-kod vasitəsilə ödəniş edə biləcəklər. Hansı stansiyadan hansı stansiyaya daha tez çatmaq, günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görmək, qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilmək imkanları olacaq”.

banner

Oxşar Xəbərlər