İçərişəhərdə yeni restoranlar açılmayacaq
İçərişəhərin cənub hissəsi əsasən turistlər üçün nəzərdə tutulub. Restoranlar və muzeylərin əksəriyyəti həmin zonada yerləşir. Yaşayış zonası əsasən Şirvanşahlar Sarayı ətrafını əhatə edir.
İçərişəhərdə yeni restoranların açılmasına dəstək verilmir. "Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərlərdə rəqəmsal transformasiya" adlı tədbirdə deyib.
Əsas diqqət keyfiyyətin artırılmasına yönəlib
R.Mahmudun sözlərinə görə, hazırda əsas diqqət mövcud restoranların xidmət keyfiyyətinin artırılmasına yönəlib: "Biz düşünürük ki, artıq böyük restoranların sayı kifayətdir. Ona görə yeni obyektlərin açılmasını dəstəkləmirik. Bəzi restoranların yalnız turist yönümlü fəaliyyət göstərməsi onların dayanıqlı işləməsinə mane olur. Qoruq İdarəsi restoran və hotellərdə mütəmadi görüşlər keçirərək onların problemlərinin həllinə dəstək göstərməyə çalışır".
İçərişəhər turist və yaşayış zonalarına bölünüb
R.Mahmud əlavə edib ki, İçərişəhər turist və yaşayış zonalarına bölünüb: "İçərişəhərin cənub hissəsi əsasən turistlər üçün nəzərdə tutulub. Restoranlar və muzeylərin əksəriyyəti həmin zonada yerləşir. Orada yaşayan insanların sayı azdır. Yaşayış zonası əsasən Şirvanşahlar Sarayı ətrafını əhatə edir. Bu yanaşma turist axını ilə sakinlərin rahat yaşayışı arasında balans yaratmağa xidmət edir".
Sakinlərin siyahıya alınması aparılır
Rüfət Mahmud bildirib ki, İçərişəhər ərazisində yaşayan sakinlərin siyahıyaalınması həyata keçirilir. Onun sözlərinə görə, hazırda əməkdaşlar və könüllülərdən ibarət qruplar qapı-qapı gəzərək sakinlər barədə məlumat toplayırlar: "İçərişəhərdə yaşayan sakinlərin sayını bu gün ancaq təxmini deyə bilirik. Hazırda əhalinin uçotu aparılır və bir neçə aydan sonra tam məlumat bazamız olacaq. Toplanan məlumatlar gender bölgüsü, yaş kateqoriyaları, ailələrin gəlir mənbələri və sosial vəziyyətini əhatə edir. Bu datanın formalaşdırılması gələcək idarəetmə və xidmətlərin planlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır".
Sakinlərin gündəlik həyatına təsir edir
R.Mahmud əlavə edib ki, İçərişəhər ərazisində artan turist axınının sakinlərin gündəlik həyatına təsiri hiss olunur. Onun sözlərinə görə, tarixi şəhərlərdə yaşamaq müasir şəhər mühitindən daha fərqli və çətin şərtlər tələb edir: "İçərişəhərdə və tarixi şəhərlərdə yaşamaq heç də asan deyil. Bizim vəzifəmiz sakinlərin rahatlığını maksimum təmin etməkdir. "Tourist pressure" adlanan turizm təzyiqinin düzgün idarə olunması üçün yeni yanaşmalar tətbiq edilir. Bu istiqamətdə nəqliyyatın idarə olunması, rəqəmsal xidmətlərin genişləndirilməsi və infrastrukturun daha səmərəli təşkili əsas prioritetlər sırasındadır".