• çərşənbə axşamı, 09 iyun, 08:25
  • Baku Bakı 22°C

Həyəcan pik həddə

18.04.26 03:18 535
Həyəcan pik həddə

Avropada futbol mövsümü sona yaxınlaşır. Bəzi liqalarda müəyyən sualların cavabına böyük ölçüdə aydınlıq gəlsə də, ümumən intriqa qorunur və bir çox taleyüklü məsələlər son turlarda həllini tapacaq.

Payız-yaz sistemi ilə keçirilən futbol liqalarında həyəcan pik həddə çatıb. Mövsümün sonlarına doğru çempionluq, avrokubok və elitada mövqeyi qorumaq uğrunda mübarizə daha kəskin xarakterlidir. Bəzi liqalarda müəyyən sualların cavabına böyük ölçüdə aydınlıq gəlsə də, ümumən intriqa qorunur və bir çox taleyüklü məsələlər son turlarda həllini tapacaq. 

“Topçular”ı qovan “şəhərlilər”

Çempionluq mübarizəsinin ən gərgin olduğu çempionat İngiltərə Premyer Liqasıdır. Son günlərə qədər “Arsenal” çox üstün görünsə də, ötən tur “Bornmut”a yenilgi “topçular”ın vəziyyətini gərginləşdirib. 70 xalı olan Mikel Artetanın komandası son 6 oyuna 6 xallıq üstünlüklə yollanır. Lakin indi “Mançester Siti” daha yaxındır. Rəqibinin xal itkisindən maksimum yararlanan “şəhərlilər” bir oyun az keçiriblər və 6 xal geri qalırlar. “Dumanlı Albion”da son turların gərgin olacağına şübhə yoxdur, çempionun adına isə son oyunun son dəqiqələrində aydınlıq gələ bilər.

“Mançster Yunayted”lə “Aston Villa” böyük ölçüdə Çempionlar Liqası (ÇL) vəsiqəsinin öhdəsindən gəliblər. 5-ci biletin əsas müştərisi isə “Liverpul”dur. “Qırmızılar” “Çelsi” ilə 4 xallıq fərqi qorumağa çalışacaqlar, londonlular onlara çatmağın yolunu axtarırlar. Mövsümün uğursuzları “Tottenhem” və “Nyukasl”dır. Bu mövsüm ÇL-də yarışan kollektivlərdən “sağsağanlar”ın avrokubok şansı cüzi də olsa, var. London təmsilçisi isə liqada qalmağa çalışır. “Tottenhem” 30 xalla 18-cidir. Komanda “Vest Hem” və “Nottinqem”lə mübarizədə mövqeyini qorumağa çalışır. “Bernli” və “Vulverhempton” üçün isə “qatar çoxdan gedib”.

Bombardirlik yarışında “Mançester Siti”nin “qol maşını” Erlinq Holann liderdir. 22 dəfə fərqlənən norveçli “Brentford”un ulduzlaşan üzvü İqor Tyaqunu 1 top üstələyir. Qalan oyunlar bombardirlik yarışı baxımından da əhəmiyyət daşıyır.

Çempionluğun bir addımlığında

İngiltərə Premyer Liqasından fərqli olaraq “Böyük beşliy”in digər 4 çempionatında vəziyyət daha sadədir. Almaniya Bundesliqasında “Bavariya” inamla növbəti çempionluğa gedir. Sona 5 tur qalmış 76 xalı olan münhenlilər ən yaxın izləyicisi Dortmund “Borussiya”sını 11 xal üstələyir. Artıq gələn tur çempionun adına aydınlıq gələ bilər. Komandanın əsas qol silahı Harri Keyn isə bombardirlik yarışında aşkar favoritdir. 31 dəfə fərqlənən forvard ən yaxın izləyicisi Deniz Undavı 13 qol üstələyir. “Ştutqart” və “Leypsiq” Çempionlar Liqasına əsas iddiaçılardır. “Haydenhaym”la “Volfsburq” isə böyük ehtimalla növbəti mövsüm 2-ci Bundesliqada yarışacaqlar.

Fransada PSJ-nin ənənəvi üstünlüyü hökm sürür. “Lans” Paris təmsilçisinə rəqabət təklif etsə də, hazırda 63 xalı olan Luis Enrikenin komandası ən yaxın izləyicisini 4 xal üstələyir. Paytaxt klubunun ehtiyatda bir oyunu da var. PSJ-nin növbəti dəfə Fransanın ən güclüsü olacağına şübhə edənlərin sayı çox azdır. “Lill”, “Marsel”, “Lion”, “Renn” və “Monako” isə ÇL-ə getmək uğrunda mübarizə aparırlar. “Nant”la “Mets” böyük ölçüdə elita ilə vidalaşıblar. Liqa 1-in ən sərrast oyunçuları isə hərəyə 16 qolla “Renn”dən Esteban Lepaul və “Strazburq”dan Xoakin Peniçellidir.

İspaniya və İtaliya

İspaniya La Liqasında “Real Madrid” və “Barselona”, adətən, son turlara qədər çempionluq mübarizəsini davam etdirsələr də, bu mövsüm mənzərə bir qədər fərqlidir. Kataloniya klubu sona 7 tur qalmış ciddi üstünlüyə malikdir. 79 xalı olan Hansi Flikin komandası əzəli rəqibini 9 xal üstələyir. Onları da PSJ və “Bavariya” kimi çempionluğun bir addımlığında hesab etmək olar. Komandasından fərqli olaraq, Kilian Mbappe fərdi mükafat qazanmağa yaxındır. “Real Madrid”in forvardı 23 qolla mövsümün ən sərrast oyunçusudur. İspaniyada ÇL mübarizəsində də cavablar aydındır. Güman ki “Vilyarreal” və “Atletiko Madrid”i növbəti mövsüm qitənin əsas klub turnirində izləyəcəyik. Aşağı pillələrdə isə vəziyyət daha gərgindir. Hətta sonuncu “Ovyedo” belə, son tura qədər mübarizəni davam etdirmək əzmindədir. Eynilə 13-cü “Rayo Valyekano” da heç nədən sığortalanmayıb.

İtaliya A Seriyasında da vəziyyət oxşardır. “İnter” sona 6 tur qalmış 75 xalla vahid liderdir və ən yaxın izləyicisi “Napoli”dən 9 addım öndədir. Burada əsas mübarizə Çempionlar Liqasına vəsiqə uğrundadır. “Milan”, “Yuventus”, “Komo” və “Roma” iddialarını davam etdirirlər. “Verona” ilə “Piza” güman ki, növbəti mövsümü B Seriyasında keçirəcəklər. “Leççe” və “Kremoneze” onlara qoşulmamaq üçün mübarizəni davam etdirirlər. A Seriyasının bombardiri “İnter”in forvardı Lautaro Martinesdir. 16 qolu olan argentinalı ən yaxın izləyicilərini 5 top üstələyir.

Türkiyənin ən güclüsü kim olacaq?

Azərbaycanda böyük izləyici kütləsi olan Türkiyə Super Liqasında turlar keçdikcə gərginlik daha da artır. “Qalatasaray”ın xal itkilərindən maksimum istifadə etməyi bacaran “Fənərbağça” fərqi 2 xala qədər endirib. Sona 5 tur qalmış “sarı-qırmızılar” 68 xalla liderdirlər. Lakin “bülbüllər”in nəfəsini çox yaxından hiss edirlər. İki tur sonra İstanbul nəhəngləri “Qalatasaray”ın meydanında derbi oyununda üz-üzə gələcəklər. Mütəxəssislər çempionun adına məhz həmin qarşılaşmada aydınlıq gələcəyini düşünürlər. Hazırkı məqamda hər iki komandanın taleyi öz əlindədir. Qalan 5 qarşılaşmanı qazanan digər oyunların nəticəsindən asılı olmayaraq, çempionluğu əldə edəcək. Əslində 3-cü pillədəki “Trabzonspor”un da kifayət qədər şansları var. Bu mövsüm parlaq çıxış edən Qara dəniz təmsilçisi liderdən cəmi 4 xal geri qalır. Derbidə onlar hər iki komandanın büdrəməsinə ümid bəsləyəcəklər. 4-cü “Beşiktaş” isə Avropa Liqasına vəsiqəni demək olar, təmin edib. Liqada qalmaq uğrunda da gərgin mübarizə gedir. “Karagümrük”, “Eyüpspor” və “Kayserispor” elitada mövqelərini qorumağa çalışırlar.

Super Liqanın ən məhsuldar oyunçusu isə Pol Onuaçudur. “Trabzonspor”un uğurlu çıxışında əsas pay sahiblərindən olan forvard 22 qolla zirvədədir. Ona çatmaq 18 top vuran Eldor Şomurodov üçün çox çətin görünür.

banner

Oxşar Xəbərlər