Dünya liderlərindən şəhərsalma mesajları
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlərin Sammiti də maraqlı çıxışlarla yadda qaldı.
Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünya liderlərinin beynəlxalq ictimaiyyətə ünvanladıqları mühüm mesajlar və çağırışlar ilə yadda qaldı. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan qlobal toplantını təşkil edərək, şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə sadiqliyini bir daha nümayiş etdirir.
Dövlət başçısının sözlərinə görə, indi Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır: “Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar”. Prezident qeyd edib ki, hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır.
Xəzərin incisi - gözəl Bakı
Forum çərçivəsində Liderlərin Sammiti də maraqlı çıxışlarla yadda qaldı.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumu qlobal inkişafın ən aktual məsələlərinin müzakirəsi üçün nüfuzlu platformadır. "Bugünkü konfransın Xəzərin incisi - gözəl Bakı şəhərində qüsursuz təşkilinə və bizə göstərilən isti qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim", - o deyib.
Vətəndaşlar üçün layiqli həyat şəraiti
Qırğızıstanın Prezidenti Sadır Japarov WUF13-ün ən yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib. O həmçinin vurğulayıb ki, WUF13 urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və əlçatan mənzil məsələlərinin müzakirəsi üçün unikal platformadır: "Biz vətəndaşlarımız üçün layiqli həyat şəraitinin yaradılmasının məsuliyyətini daşıyırıq. Şəhərlər iqtisadi inkişaf, innovasiya, eləcə də insan kapitalı mərkəzlərinə çevrilib. Eyni zamanda, şəhərlər ilk olaraq iqlim dəyişikliyinin fəsadları, infrastrukturun həddindən artıq yüklənməsi, mənzil problemləri, eləcə də təhlükəsizlik məsələləri ilə üzləşirlər".
“Gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik"
Serbiya Prezidenti Aleksandar Vuçiç hər dəfə Azərbaycana səfər edərkən çoxlu dəyişikliklə rastlaşdığını bəyan edib. Vurğulayıb ki, dəyişikliklər Azərbaycanın bütün qlobal dəyişikliklərə nə qədər asanlıqla uyğunlaşdığını nümayiş etdirir. "Bundan əlavə, biz görürük ki, dövlətiniz son illər ərzində nə qədər irəliləyiş əldə edir və bunun izahı kifayət qədər sadədir. Sizin işiniz və, əlbəttə, sədaqətiniz - bu, cənab Əliyevdə hamımızdan, ya da bəlkə də hamıdan daha çox olan bir şeydir. İlham Əliyev insanların rifahı üçün çalışır və məhz buna görə Azərbaycan bu gün bütün dünyada ən yaxşı yerlərdən biridir".
İqlim dayanıqlığı və mənzil təhlükəsizliyi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Forum təcrübə mübadiləsinin aparılması, təhlükəsiz və inklüziv cəmiyyətlərin ümumi baxışının təşviq edilməsi üçün çox mühüm platformadır. "Bu gün şəhərlər iqlim dayanıqlığı və mənzil təhlükəsizliyindən davamlı inkişaf və sosial birliyə qədər demək olar ki, bütün əsas qlobal çağırışların mərkəzindədir. "Gələcək nəsillər üçün cəmiyyətlərimizin sabitliyi, rifahı və dayanıqlığı şəhər məkanlarını necə planlaşdırmağımızdan, inkişaf etdirməyimizdən və qorumağımızdan asılıdır", - Kobaxidze qeyd edib.
“İnsan amilini mərkəzdə saxlamalıyıq”
Esvatini Kralı Əlahəzrət III Msvati Azərbaycanda baş verən çox təsirli modernizasiyaya heyran qaldıqlarını bildirib. O deyib ki, ölkələr bərpa olunan və "yaşıl enerji"yə investisiya qoymalıdır: "Biz insan amilini mərkəzdə saxlamalı, ənənəvi elektrik enerjisi mənbələri arasında tarazlıq yaratmalıyıq ki, şəhərlərimiz inkişaf etsin. Biz təhlükəsiz yaşayış məskənləri salmalıyıq. Biz yalnız özümüzü deyil, həm də xələflərimizi düşünməliyik. Mən Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür edirəm".
Ədalətli və çevik maliyyələşdirmə mexanizmləri
Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi bildirib ki, şəhərsalma problemlərinin həlli inkişaf etməkdə olan ölkələr üçün ədalətli və çevik maliyyələşdirmə mexanizmləri tələb edir: "Biz balanslaşdırılmış şəhərsalma siyasətini dəstəkləmək, davamlı şəhərsalma planlaşdırılmasını təşviq etmək, infrastruktur və əsas xidmətləri təkmilləşdirmək istiqamətində çalışırıq". Qonağın sözlərinə görə, Liviyada yenidənqurma səyləri son illər ərzində davam edərək ölkənin şimalında, cənubunda və şərqində, xüsusilə sel fəlakətindən sonra Dərnə şəhərində, qərbində isə müharibələrdən sonra böyük irəliləyişlərə şahidlik edib və bu, hazırda ölkədəki sabitlik sayəsində mümkün olub.
“Şəhərlər insanlar üçün tikilir”
Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi Çjan Qotsin bəyan edib ki, ölkəsi insan mərkəzli yeni urbanizasiya modelini irəli sürür və beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır: "İnsanlar üçün şəhərlər" baxışını rəhbər tutan Çin hazırda mərkəzdə insanın yer aldığı yeni urbanizasiya modelini irəli sürür. Çinin şəhər əhalisinin sayı 2012-ci ildəki 720 milyondan 2025-ci ildə 950 milyona yüksəlib”.
Tərəqqi, dözümlülük və müasirliyin parlaq nümunəsi
Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif qeyd edib ki, Prezident İlham Əliyevin dayanıqlı şəhərsalma sahəsindəki yanaşması, Bakının və bütövlükdə Azərbaycanın transformasiyası ilə əlaqədar planları ölkəni həqiqətən müasir, mükəmməl formada bir-birinə bağlı infrastrukturlara malik məkana çevirməyə istiqamətlənib.
"Mən burada, Bakıda olarkən özümü yad bir diyara gəlmiş kimi hiss etmirəm. Fəxr edirəm ki, xarici missiya çərçivəsində ilk səfərim məhz bu ölkəyə olub. Mən buraya - tərəqqi, dözümlülük və müasirliyin parlaq nümunəsini sərgiləyən Bakıya gəldim", - M. Şərif bildirib. Onun sözlərinə görə, Bakı öz müasir urbanistik quruluşu ilə qlobal qarşılıqlı əlaqəni nümayiş etdirir: "Şəhərin zəngin tarixi irsi sivilizasiyalar arasındakı bağları, qədim ticarət marşrutlarını, eləcə də Azərbaycanla Pakistan arasında əsrlər boyu davam edən münasibətləri özündə əks etdirir. Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə isti və səmimi qonaqpərvərliyə, mükəmməl təşkilatçılığa görə dərin təşəkkürümü ifadə edirəm. Çox sağ olun".
Azad Əliyev