Dramatik oyunda möcüzəvi sonluq
“Qarabağ”ın bu il Çempionlar Liqasında etdiyi uzun illər futbol tariximizdə inanılmaz nəticələr kimi qalacaq. Qurban Qurbanovun komandası həqiqətən də Avropanın və dünyanın bir nömrəli turnirində inanılmazı reallaşdırır.
Avropadakı qürurumuz Ağdamın “Qarabağ” klubu növbəti dəfə azarkeşlərinə inanılmaz sevinc hissi yaşadıb. Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin yeddinci turunun Bakıda keçirilən oyununda təmsilçimiz Frankfurt "Ayntraxt"ını dramatik qarşılaşmada 3:2 hesabı ilə məğlub edərək möhtəşəm uğura imza atıb. Ağdam klubunun qələbə qolunu 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Bununla da Bəhlul ÇL-in Liqa mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Bu, həm də bir Azərbaycan klubunun avrokuboklarda Almaniya klubları üzərində ilk qələbəsi olub. Buna qədər alman klubları ilə keçirilən oyunlarda komandalarımız ən yaxşı halda heç-heçə edə bilmişdilər.
Qələbəni bu qədər diqqətçəkən edən həm də “Qarabağ”ın üzləşdiyi hakim ədalətsizliyi idi. Oyunu idarə edən isveçrəli hakim Sandro Şererin komandamızın qapısına təyin etdiyi penalti hamını özündən çıxarmışdı. Daha çox da ona görə ki, cəmi iki dəqiqə əvvəl qonaqların qapısı qarşısında baş verən tamamilə oxşar epizodda oyunu davam etdirmişdi. Şükür ki, komandamız ruhdan düşmədi və bu haqsız qərardan sonra iki dəfə fərqlənərək qələbəni təmin etdi. Qələbə qolunun son saniyələrdə gəlməsi isə başqa bir dramatik an idi.
Futbol şansı da komandamızın yanında idi
Ümumiyyətlə, komandamız oyuna yaxşı başlamışdı. Erkən qol azarkeşləri xeyli ümidləndirmişdi. Lakin qonaqların tezliklə hesabı bərabərləşdirməsindən sonra meydanda taktiki mübarizə gedirdi. Tərəflər meydanda maksimum güc sərf etsələr də, ehtiyatı da əldən vermirdilər. Heç-heçə tərəflərin heç birinə, xüsusən də qonaqlara sərf etmirdi. Amma son dəqiqələrdə qələbəni daha çox istəyən təmsilçimiz idi. “Qarabağ” "Ayntraxt"a inanılmaz təzyiq edirdi. Rəqib həm bu təzyiqi neytrallaşdırmaq, həm də qələbə topu üçün irəli atılmaq zorunda idi.
Etiraf edək ki, dünən futbol şansı da komandamızın yanında idi. Sanki futbol tanrısı soyuq havada stadiona toplaşan 30 min azarkeşin, evlərində televiziya ekranları qarşısında həyəcanla oyunu izləyən milyonlarla azərbaycanlının dualarını qəbul etdi.
ÇL-in növbəti mərhələsinin bir addımlığında
“Qarabağ”ın bu il Çempionlar Liqasında etdiyi uzun illər futbol tariximizdə inanılmaz nəticələr kimi qalacaq. Qurban Qurbanovun komandası həqiqətən də Avropanın və dünyanın bir nömrəli turnirində inanılmazı reallaşdırır. Kiçik büdcə, böyük olmayan təcrübə ilə özündən dəfələrlə böyük imkanlara malik klubları özü ilə hesablaşmağa məcbur edir.
Bu qələbə komandanın qrupdan çıxmaq şanslarını da xeyli artırmış olub. Əminliklə demək olar ki, “Qarabağ” ÇL-in növbəti mərhələsinin bir addımlığındadır. Qurban Qurbanovun komandası hazırda turnir cədvəlində 10 xalla 18-cidir. "Qarabağ" sona bir tur qalmış pley-off-a yüksəlmək şansını artırıb. Komandamız sonuncu turda yanvarın 29-da səfərdə "Liverpul"la qarşılaşacaq. Ağdamlılar hətta son turda xal qazanmasa da, pley-offa vəsiqə verən yerlərdən birini tuta bilərlər.
“Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”
Komandanın uğurunu Prezident İlham Əliyev də yüksək qiymətləndirib. Oyundan sonra paylaşım edən dövlət başçısı “Qarabağ”ı təbrik edib, baş hakimlə bağlı iradlarını bölüşüb: “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”
AFFA prezidenti Rövşən Nəcəf də “Qarabağ”ı qələbə münasibətilə təbrik edib: “Qarabağ” Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi “Ayntraxt” üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq”.
"Liverpula inamlı gedəcəyik”
Oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının intizamlı oyununa diqqət çəkib: “Bəzi oyunlarda olmayan intizam bu gün var idi. Sona qədər intizamı pozmamağı, qələbəyə inanmağı gördük. Şükürlər olsun ki, alındı. Daha sadə, daha sərbəst, daha güvənli, daha cəsarətli olmağa çalışdıq".
Q.Qurbanov növbəti turdakı "Liverpul"a qarşı oyun haqqında da danışıb: "Liverpula inamlı gedəcəyik. Həmin oyunda futbolçularımdan çəkinməyərək oynamağı istəyəcəyəm. Hər zaman demişəm ki, hər böyük qalibiyyət gələcəyə böyük inam verir. Bu cür klubların Bakıya gəlməsi, qələbələr qazanmağımız futbol azarkeşlərimizi sevdirir".
“Ayntraxt"ın baş məşqçisi Dennis Şmitt “Qarabağ”ı qələbə münasibətilə təbrik edib: "Meydanda iki güclü komanda var idi, hər ikisi mübarizə aparırdı. Biz səhvi daha çox etdik və uduzduq. Amma uduzmuşuqsa, bu o demək deyil ki, potensialımız yoxdur. Azərbaycan klubuna məğlub olmaq faciə deyil. Bura Çempionlar Liqasıdır, Liqa mərhələsindəki bütün komandalar yüksək keyfiyyətlidir".
Çempionlar Liqası, Liqa mərhələsi
21:45."Qarabağ" (Azərbaycan) - "Ayntraxt" (Almaniya) - 3:2
Qol: Kamilo Duran, 4 (1:0), Can Uzun, 11 (1:1), Şaybi, 78-pen. (1:2), Kamilo Duran, 80 (2:2), Bəhlul Mustafazadə, 90+4 (3:2)