Daş evlər, isti ocaqlar qəsəbəsi - REPORTAJ
Basqalda tarixi məhəllələrin, küçələrin və bir sıra abidələrin bərpası davam edir. Turizm inkişaf etdikcə yerli əhali də geri qayıdır. Lahıcda isə misgərlik, dəriçilik və digər sənət sahələri bu gün də yaşayır.
İsmayıllı rayonunun turizm potensialı yəqin ki, çoxlarımıza məlumdur. Rayon həm yay, həm də qış turizmi ilə məşhurdur. Rayonun dillər əzbəri əraziləri isə Basqal və Lahıc qəsəbələridir. Bu ərazilərdə qış turizmi öncəsi görülən işlər ilə tanış olmaq üçün noyabrın 18-19-da Dövlət Turizm Agentliyi tərəfindən “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edildi.
Qayaların sinəsində uyuyan türbə
Səfərimizin ilk dayanacağı Qobustan ərazisindəki “Diri Baba” türbəsi oldu. Türbə 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilib. Naməlum sufi şeyxlərindən birinin qəbrinin yerləşdiyi bu abidə yerli əhali tərəfindən müqəddəs ziyarətgah kimi qəbul olunur. Abidə qayalıqlar arasında yerləşən mağaralar, kahalarla əhatə olunub. Türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindəndir. Qayanın içində uzanan dar keçidlər, mağaraların sərin havası, orta əsrlərə aid qəbiristanlıq – hər addımda tarixin nəfəsi duyulurdu.
“Çinli turistlər də bizimlə eyni heyranlığı yaşayırdılar”
Qobustan ərazisində üşüsək də, Basqal bizi günəşlə qarşıladı. Qoruqları İdarəetmə Mərkəzinin İdarə heyətinin sədri Murad Ağabəyli bildirdi ki, Basqal adı “basılmaz qala” adından götürülüb: “1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektardır. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir. Hazırda Basqal kəndində bərpa işləri həyata keçirilir. Son dövrlərdə Basqalda sayca üçüncü küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib. 2025-ci ildə burada mərasim evi yaradılıb. Bununla da turistik məkan daha da genişlənib”.
Dambulu bulağı Basqala ticarət məqsədilə gələn qonaqların istifadəsi üçün bazara gedən yolda tikilib. Bazar meydanına çatdıqda bizi Hacı Bədəl məscidi qarşılayır. Hazırda məscid bərpa olunur. İşlərin növbəti ilin əvvəlində tamamlanması nəzərdə tutulur. Məscidin qeyri-adi qatlanmış damı diqqətimizi çəkir. Bələdçi deyir ki, Basqalda evlər ənənəvi qatlama damlardır.
“Yeddi kəndin hamamı”
Mərkəzə doğru irəlilədikdə qarşımıza Basqal tarixi hamamı çıxır. Hamam bərpa edilib, 17-ci əsrin abidəsidir. 1997-ci ilə qədər hamam kimi istifadə olunub. Bələdçimizin sözlərinə görə, Basqalın bütün yeddi kəndinin sakinləri bu hamama gəlirdi: “Hamam həftənin cüt günləri qadınlar, tək günləri kişilərə xidmət göstərirdi. Bir gün də toy hamamı olurdu. Toy hamamı günü qırmızı fitə bağlayırdılar ki, yad kimsə gəlməsin”.
Məşhur Şeyx Məhəmməd məscidi hamamın solunda yerləşir. Burada da bərpa işləri gedir. Murad bəy deyir ki, məscidin içi qazılıb və arxeoloji nümunələr üzə çıxıb: “Məscid arxeoloji park olacaq”. Məscidin tam qarşısında Basqalın məşhur çinar ağacını görürük. Bu ağacın 500 ilə yaxın yaşı var. 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkilib. Bu səbəbdən də ağac yerli əhali tərəfindən müqəddəs sayılır. Bu ağac Basqal sakinlərinin yaddaş kitabı kimidir. Onun kölgəsi altında dayananda elə bil keçmiş sənin çiyninə toxunur.
Məşhur Basqal halvası
Basqal camaatının bir hissəsi əvvəllər şəhərlərə köçmüşdü. Qapıların əksəriyyəti qıfıllı idi. Lakin əraziyə turistlərin marağı artdıqca, ailələrin bir hissəsi geri qayıdıb. Basqalda 20-dən çox kiçik sahibkarlıq subyekti mövcuddur. İnsanlar həyətlərində çay evləri, yeməkxanalar açıblar. Sənətkarlıq mağazalarında suvenirlər, kəlağayı, Basqal halvası satılır.
Halvaçı Cahid ustanın dükanında bu halvadan daddıq. Çinli turistlər də halva yeməyə gəlmişdilər. Üzlərindəki məmnunluqdan görünürdü ki, halvanın qeyri-adi dadı onların da xoşuna gəlir. Halvanın xüsusiliyi onun saatlarla hazırlanmasında imiş. Bəlkə də ona bu spesifik dadı verən də məhz ortadakı əməkdir.
İpəyin üzərində rəqs edən möhürlər
Kəlağayı sexinə də baş çəkdik. Hazırda burada üç kəlağayı istehsalı mərkəzi fəaliyyət göstərir. Kəlağayı hazırlanan yerdə parafin qoxusu ətrafa yayılmışdı. Usta xüsusi möhürlə parça üzərinə naxışlar çəkirdi. Deyir ki, bu kəlağayılar saf ipəkdən hazırlanır və hazırlanmasında yalnız təbii boyalardan istifadə olunur.
Qayaların qoynunda yaşayan sənətkarlıq
Günün ikinci yarısı Lahıc qəsəbəsinə yola düşdük. Qəsəbə 1980-ci ildən qoruq elan olunub. Qoruqla bizi direktor Nəzər Əliyev tanış etdi: “Tapılan antik qəbirlərə görə buranın dörd min il yaşı olduğu güman edilir. Qəsəbədə 100-dən çox tarixi abidə mövcuddur. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qəsəbədə mövcud olan yeddi məsciddən beşi salamatdır. Digərləri İkinci Dünya müharibəsi illərində dağılıb”.
Direktorun sözlərinə görə, Lahıcın bütün küçələrinə çay daşı döşənib: “İkimərtəbəli evlər də çay daşlarından tikilib. Küçə döşəmələrin altında 700-800 il bundan öncə kanalizasiya xətləri (kürəbənd) çəkilib. Kürəbəndlər də çay daşı ilə tikilib. Borulardan istifadə edilməyib. Hazırda qəsəbədə iki min sakin yaşayır”.
Alov, çəkic səsi və metalın nəfəsi
Qəsəbənin mərkəzi küçəsi Böyük küçə və ya Bazar küçəsi adlanır. Bura sənətkarlar məhəlləsidir. Lahıcın demək olar ki, bütün mis mağazaları, emalatxanaları burada yerləşir. Lahıc soyuq silahların istehsalına, oyma dizayn ilə bəzədilmiş mis məmulatların hazırlanmasına görə məşhurdur. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Ekskursiya zamanı Bədöyün məscidi, Hacı Gəray bulağı, Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olduq.
“Böyük bir sahədə parkinq salınır”
Nəzər Əliyevin sözlərinə görə, hazırda Lahıcda tikinti işləri gedir: “Böyük bir sahədə parkinq salınır. Hazırda yollar darısqaldır və maşınların çoxluğu ciddi sıxlıq yaradır. Bu səbəbdən parkinq ərazisindən qəsəbəyə çıxmaq üçün xüsusi pilləkən və döşəmələr salınır ki, yerli və xarici turistlərin rahatlığı təmin olunsun”.
Zərif Salmanlı