Bu dəfə sevindirdilər
Azərbaycan yığması əzmkarlıq və xarakter nümayiş etdirərək “FIFA Series” turnirinin qalibi adını qazanmağı bacardı. Komandamız bu turnirdə tarixində ilk dəfə bir oyunda altı qol vuraraq, beş top fərqi ilə qələbə də qazandı.
Futbol üzrə Azərbaycan milli komandası 2026-cı ilə titulla başladı. Yığmamız “FIFA Series”in qalibi oldu. Sumqayıtda təşkil olunan miniturnirdə Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent-Lusiya və Syerra Leone ilə qarşılaşmalarda üstün olaraq kuboku başı üzərinə qaldırdı.
“FIFA Series” nədir?
Əksər azarkeşlər üçün turnirin mahiyyəti tam aydın deyil. Bu baxımdan “FIFA Series” barədə qısa arayış verməyə ehtiyac var.
Bu yarış FIFA tərəfindən təşkil olunan və iki ildən bir keçirilən dəvətli futbol turniridir. Müxtəlif konfederasiyalara məxsus milli komandalar arasında yoldaşlıq oyunlarını əhatə edən turnir hər cüt ilin mart ayında baş tutur. Onun ilk buraxılışı 2024-cü ilin martında keçirilib.
Turnir çərçivəsində dünyanın bütün altı FIFA konfederasiyasını təmsil edən komandalar bir araya gətirilir. Yarışlar mini-turnir formatında təşkil olunur. Hər qrupda üç və ya dörd komanda iştirak edir və oyunlar FIFA-nın mart ayı üçün nəzərdə tutulmuş rəsmi pəncərəsində, mərkəzləşdirilmiş bir məkanda keçirilir. FIFA iştirakçı milli komandalara maliyyə dəstəyi göstərir və ev sahibi assosiasiya ilə birlikdə təşkilati prosesləri birbaşa həyata keçirir.
“FIFA Series” artıq ikinci dəfə ölkəmizdə təşkil olundu. 2024-cü ildə Tanzaniya, Monqolustan və Bolqarıstanla mübarizədə komandamız bir qələbə və bir heç-heçə ilə çıxışını başa vuraraq yekunda bolqarların ardınca ikinci yeri tutmuşdu. Bu dəfə isə yığmamız daha inamlı performans sərgiləyərək turniri qələbə ilə tamamladı və titula yiyələndi.
Ən böyük hesablı qələbə
“FIFA Series” Azərbaycan milli komandasının tarixində ən böyük hesablı qələbə ilə də yadda qaldı. Bu uğur Sent-Lusiya ilə qarşılaşmada qeydə alındı. Hazırda dünya reytinqində 168-ci pillədə qərarlaşan Karib hövzəsi təmsilçisinə qarşı oyunda millimiz 6:1 hesablı parlaq qələbə qazandı.
Görüşə sürətli başlayan komandamız artıq ikinci dəqiqədə Emin Mahmudovun qolu ilə hesabı açdı. İlk hissənin sonuna qədər Rəhim Sadıxov və Musa Qurbanlı fərqi üç topa çatdıraraq oyunun taleyini böyük ölçüdə həll etdilər. Fasilədən sonra da hücumların ardı-arası kəsilmədi. İkinci yarıda Toral Bayramov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə də adlarını tabloya yazdıraraq hesabı daha da böyütdülər. Rəqib isə yalnız Donavan Philipin penaltidən vurduğu təsəlli qolu ilə fərqlənə bildi.
Beləliklə, milli komandamız tarixində ilk dəfə bir oyunda altı qol vuraraq, beş top fərqi ilə qələbə qazandı. Buna qədər ən böyük hesablı uğurumuz 2017-ci ildə San-Marino ilə görüşdə qeydə alınmışdı. Həmin vaxt komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda 5:1 hesablı qələbəyə sevinmişdi.
Kubok qazandıran penaltilər
Həlledici qarşılaşmada rəqib daha güclü idi. Hər halda, Syerra Leoneni Sent-Lusiya ilə müqayisə etmək düzgün olmaz. Afrika təmsilçisinin heyətində müxtəlif Avropa klublarında çıxış edən futbolçuların yer alması bunu deməyə əsas verir. Üstəlik, rəqib FIFA reytinqində də millimizdən daha yüksək pillədə qərarlaşıb.
Final görüşünün ilk hissəsi milli komandamızın planlaşdırdığı ssenari üzrə keçmirdi. Bunun məntiqi nəticəsi kimi hələ yarım saat tamam olmamış Daniel Kanu rəqibi hesabda irəli çıxardı. Qoldan sonra yığmamızın təşəbbüsü ələ almaq üçün imkanları olsa da, fasiləyə qədər tarazlığı bərpa etmək mümkün olmadı.
İkinci hissədə oyun tamamilə dəyişdi. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hücumların sayını, sürətini və kəsərini artıraraq rəqib qapısı qarşısında təzyiqi yüksəltdi. Bu təzyiq 72-ci dəqiqədə öz bəhrəsini verdi. Mərkəz müdafiəçimiz Rahil Məmmədov akrobatik tullanışla vurduğu baxımlı qolla hesabı bərabərləşdirdi.
Turnirin formatına əsasən, oyunda mütləq qalib müəyyənləşdirilməli olduğundan 90 dəqiqə başa çatdıqdan dərhal sonra penaltilər seriyasına keçildi. Gərgin və uzun çəkən seriyanın sonunda millimiz 9:8 hesabı ilə üstün oldu. Beləliklə, Azərbaycan yığması əzmkarlıq və xarakter nümayiş etdirərək “FIFA Series” turnirinin qalibi adını qazanmağı bacardı.
“Yeni yolun başlanğıcı”
Komandamızın turnirdə qazandığı nəticə azarkeşləri iki yerə bölüb. Bəzi futbolsevərlər rəqiblərin səviyyəsini əsas gətirərək bu uğuru ciddi hesab etmirlər. Lakin düşünürük ki, yığmanın keçirdiyi oyunlar və əldə olunan nəticə komanda üçün kifayət qədər faydalı olub. Uzunmüddətli qələbəsizlik seriyasının qırılması, futbolçuların yoxlanılması və FIFA reytinqinə təsir bu baxımdan diqqət çəkən məqamlardandır.
Ən önəmlisi isə Ayxan Abbasovun demək olar ki, dəvət etdiyi bütün futbolçulara şans verməsidir. Mütəxəssis kimlərin potensialını artırmalı olduğunu, kimlərin isə milli üçün yetərincə faydalı olmadığını əyani şəkildə görmək imkanı qazandı. Millətlər Liqası oyunları ərəfəsində bu, xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, rəqibin kimliyindən asılı olmayaraq – hərçənd, Syerra Leone heç də aşkar zəif komanda deyil – hər qələbənin və hər titulun öz dəyəri var. Bu, ilk növbədə qalib psixologiyasının formalaşması və komandada özünəinamın artması baxımından vacibdir.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev də turnirdən sonra verdiyi açıqlamada qələbənin kiçildilməsinin düzgün olmadığını vurğulayıb və bunu “yeni yolun başlanğıcı” kimi dəyərləndirib.