• çərşənbə axşamı, 09 iyun, 08:25
  • Baku Bakı 22°C

Bir gümüş, üç bürünc

25.04.26 02:27 564
Bir gümüş, üç bürünc

Azərbaycan cüdoçularının Avropa çempionatındakı çıxışını uğurlu hesab etmək olar. Komandamızın potensialı daha böyük uğurlar qazanmaq üçün yetərlidir. Xüsusilə Bakıda keçiriləcək dünya çempionatında bu potensialdan daha dolğun istifadə edilməsi üçün hazırlığın maksimum səviyyəyə çatdırılması vacibdir.

Azərbaycan cüdoçuları 2026-cı ilin ilk böyük sınağında ölkəmizi layiqincə təmsil etdilər. Yapon döyüş sənətinin ustaları Avropa çempionatı çərçivəsində Tbilisi şəhərində tatami üzərinə çıxdılar. Komandamız qonşu ölkədən medallarla qayıtmağı bacardı.

Gürcüstana yollanan geniş heyət

Azərbaycan 16-19 aprel tarixlərində keçirilən yarışda 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) ilə təmsil olundu. İlkin heyətdə yer alan Ruslan Paşayev zədə səbəbindən siyahıdan çıxarıldı və onu Turan Bayramov əvəzlədi.
Kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Slavko Tekiç və Robert Kravçikin rəhbərliyi altında çıxış etdi. Bu heyətdə Balabəy Ağayev, Əhməd Yusifov, Turan Bayramov, Hidayət Heydərov, Zelim Tçkayev, Ömər Rəcəbli, Murad Fətiyev, Zelim Kotsoyev və Kənan Nəsibov yer almışdı.

Qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi altında mübarizə apardı. Komandada Könül Əliyeva, Şəfəq Həmidova, Leyla Əliyeva, Gültac Məmmədəliyeva, Südabə Ağayeva və Madina Kaisinova çıxış etdilər.

Ümumilikdə dörd medal

Komandamız mötəbər turniri ümumilikdə bir gümüş və üç bürünc olmaqla dörd medalla başa vurdu.
İlk yarış günündə iki bürünc medal qazanan cüdoçularımızdan -60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov komanda yoldaşı Balabəy Ağayevi üstələyərək üçüncü oldu. -66 kq-da isə Turan Bayramov Rusiya təmsilçisi Abdullax Parçiyevi məğlub edərək fəxri kürsüyə yüksəldi.

Daha sonra -73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu Hidayət Heydərov finala qədər irəlilədi. O, həlledici görüşdə gürcüstanlı Laşa Şavdatuaşviliyə məğlub olaraq gümüş medalla kifayətləndi.

Komandamızın son medalını isə -81 kq-da Zelim Tçkayev qazandı. O, üçüncü yer uğrunda qarşılaşmada belçikalı Mattias Kasse üzərində qələbə qazanaraq bürünc medala sahib çıxdı.

Hakim haqsızlıqları

Bürünc medal görüşündə komanda yoldaşı Əhməd Yusifova uduzaraq medalsız qalan Balabəy Ağayev əslində Avropa çempionatını daha yüksək nəticə ilə başa vurmağa layiq çıxış sərgilədi. Yarımfinala qədər rəqiblərini inamla üstələyən idmançımız bu mərhələdə yerli cüdoçu Giorgi Sardalaşvili ilə qarşılaşdı. 28 yaşlı Ağayev görüşün sonlarına yaxın yuko xalı ilə öndə olsa da, hakimlər rəqibin hərəkətini daha yüksək - vaza-ari kimi qiymətləndirdi və hesab dəyişdi. Azərbaycan Cüdo Federasiyası rəsmilərinin etirazından sonra vəziyyət videoda yenidən incələnsə də, qərar qüvvədə saxlanıldı. Qalan qısa zaman kəsiyində hesabı dəyişmək mümkün olmadı və görüş Sardalaşvilinin qələbəsi ilə başa çatdı.

Hakim qərarları ilə bağlı müzakirələr bununla da bitmədi. Olimpiya çempionu Zelim Kotsoyev yarımfinalda niderlandlı Simeon Katarina ilə görüşdə qadağan olunmuş fəndə görə birbaşa “hansoku-make” alaraq bürünc medal şansını itirdi. Bu epizodla bağlı etirazlar da nəticəsiz qaldı. Halbuki, oxşar hallarda belə sərt qərarların nadir tətbiq edilməsi suallar doğurdu.
Ümumilikdə, turnirin bəzi epizodlarında hakim qərarlarının birmənalı qarşılanmaması Azərbaycan komandasının nəticələrinə də təsirsiz ötüşmədi.

Potensial daha böyükdür

Azərbaycan cüdoçularının Avropa çempionatındakı çıxışını ümumilikdə uğurlu hesab etmək olar. Komanda bir gümüş və üç bürünc medal qazanaraq yaxşı nəticə göstərsə də, potensial baxımından daha yüksək nailiyyət, xüsusilə qızıl medal əldə etmək imkanı da real görünürdü.

Turnir boyu bəzi görüşlərdə xırda detallar, epizodik səhvlər və mübahisəli qərarlar yekun nəticələrə təsirsiz ötüşmədi. Ayrı-ayrı cüdoçuların çıxışında medal üçün yetərli səviyyə görünsə də, həlledici anlarda ya diqqət çatışmazlığı, ya da vəziyyətin doğru qiymətləndirilməməsi onların irəliləməsinə mane oldu. Bu baxımdan, bəzi çəkilərdə daha yaxşı nəticələrin mümkün olduğu açıq hiss olunurdu.

Bununla yanaşı, müasir cüdonun rəqabət səviyyəsinin son dərəcə artdığı da nəzərə alınmalıdır. Həm Avropada, həm də dünya miqyasında idmançılar yüksək hazırlıqla çıxış edir və hər bir səhv dərhal cəzalandırılır. Azərbaycan millisinin çıxışı isə göstərdi ki, komanda bu rəqabətdə geri qalmır və daim medal uğrunda mübarizə aparmaq gücündədir.

Ümumi mənzərə onu deməyə əsas verir ki, nəticə qənaətbəxş olsa da, potensial daha böyük uğurlar qazanmaq üçün yetərlidir. Qarşıdakı yarışlarda, xüsusilə Bakıda keçiriləcək dünya çempionatında bu potensialdan daha dolğun istifadə edilməsi üçün həm texniki, həm də psixoloji hazırlığın maksimum səviyyəyə çatdırılması vacibdir. Cüdoçularımız son illərdə böyük yarışlarda qazandıqları uğurlarla həm ölkənin idman nüfuzunu yüksəldiblər, həm də özlərinə olan gözləntiləri xeyli artırıblar. Artıq hər turnirdə onlardan yalnız medal deyil, daha yüksək - qızıl uğrunda mübarizə gözlənilir və bu da komandanın üzərinə əlavə məsuliyyət qoyur.

banner

Oxşar Xəbərlər