Bakıda növbəti möhtəşəm beynəlxalq Forum
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. Forum çərçivəsində Azərbaycana gəlmək üçün qeydiyyatdan keçənlərin sayında rekord qeydə alınıb. 180 ölkədən 32 mindən çox şəxs WUF13-də iştirak etmək istəyini bəyan edib.
Bakı növbəti möhtəşəm beynəlxalq Foruma hazırdır. 17-22 may tarixlərində keçiriləcək BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) dünyanın diqqətini yenidən ölkəmizə yönəldəcək. Son məlumatlara görə, Forum çərçivəsində Azərbaycana gəlmək üçün qeydiyyatdan keçənlərin sayında da rekord qeydə alınıb. Belə ki, 180 ölkədən 32 mindən çox şəxs WUF13-də iştirak etmək istəyini bəyan edib. Bu WUF tarixində indiyə qədər qeydə alınan ən böyük göstəricidir. Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr ediləcək.
Əsas məkan Bakı Olimpiya Stadionu olacaq
WUF13-ün əsas məkanı Bakı Olimpiya Stadionu olacaq. Yeri gəlmişkən, Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində görülən işlərlə tanış olub. Tədbir məkanı Bakı Olimpiya Stadionu ilə yanaşı, onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Yüksəksəviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.
Gündə 300-ə qədər paralel sessiya, görüş və tədbir keçiriləcək
Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır. Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarət dili xidməti nəzərdə tutulub.
41 ölkədən 121 pavilyon
Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir. Bulvar ərazisi “Expo zonası”na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.
“Urban Expo zonası” isə 3,5 hektar sahəni əhatə edir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.
Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub.
Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.
Azərbaycanın "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları
Azərbaycanın Forum çərçivəsində dünyaya təqdim edəcəyi zəngin təcrübəsi və innovativ yanaşmaları var. Belə ki, bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakının artan rolu
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın davamlı şəhər inkişafı məsələlərində inklüziv qlobal dialoq üçün beynəlxalq məkan kimi artan roluna dəlalət edir. Xatırladaq ki, bundan əvvəl Azərbaycanda Qoşulmama Hərəkatı, COP29 kimi mühüm tədbirlərə ev sahibliyi edib. Bu, rəsmi Bakının həm də qlobal problemlərlə bağlı dialoqun təşkilində mühüm ev sahibi platformasına çevrildiyinin əyani göstəricisidir. WUF13 Azərbaycanın birbaşa diplomatik səyləri və vasitəçiliyi ilə uğurla yekunlaşan, iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində tarixi razılaşmaların əldə edildiyi COP29-un davamı kimi də dəyərləndirilir. 2024-cü ildə COP29-un Bakıda keçirilməsi Azərbaycanın inklüziv dialoq üçün müxtəlif tərəfləri birləşdirən mərkəz kimi artan rolunu dünyaya nümayiş etdirdi. İndi isə WUF13 çərçivəsində beynəlxalq ictimaiyyəti ciddi narahat edən mühüm məsələlərin müzakirəsi gündəmdədir. Bakı ev sahibi kimi bu müzakirələrin layiqli və yüksək standartlarda təşkili, ümumiyyətlə Forumun yadda qalan nəticələrlə yekunlaşması üçün bütün zəruri şəraiti yaradıb.
F.Abasoğlu