• cümə, 29 Mart, 14:51
  • Baku Bakı 14°C

Zurabişvili Rusiya ilə münaqişəni dondurulmuş hesab etmir

21.05.19 17:57 468
Zurabişvili Rusiya ilə münaqişəni dondurulmuş hesab etmir
Qalmaqallı bəyanatları və açıqlamaları ilə gündəmi tutan Gürcüstan prezidenti Salome Zurabişvili artıq fikirlərində bir qədər korrekt olmağa başlayıb. Qərbin və onun təşkilatlarının ünvanına səsləndirdiyi qalmaqallı açıqlamalarla bağlı ciddi tənqidlərlə üzləşən prezident indi tamam fərqli açıqlamalarla çıxış edir.
Tək bir faktı xatırladaq ki, belə bəyanatlardan biri onun Birləşmiş Ştatlara nəzərdə tutulan səfərinin təxirə düşməsi ilə nəticələnmişdi. Bəyanat da ondan ibarət idi ki, Zurabişvili ölkəsinin NATO-ya üzvlüyünü mümkünsüz hesab etmişdi. Bu dəfə isə Estoniyanın ictimai teleradio korporasiyasına müsahibəsində fikirlərində daha korrekt olmağa çalışıb, Rusiyanı tənqid edib, ölkəsinin tək yolunun Avropa İttifaqına, NATO-ya üzvlük olduğunu diqqətə çatdırmağa çalışıb.
Beləliklə, Gürcüstan prezident qəti şəkildə əmindir ki, ölkənin Avropaya dönməkdən başqa yolu qalmır. Bu səbəbdən də Avropa İttifaqı və NATO-nun qapılarını döyməkdə davam etdiyini deyib. Müsahibədə Gürcüstanla Estoniya arasında gözəl münasibətlərin olduğunu deyən prezident bildirib ki, bunun səbəbini ölkələr arasında ümumi problemlərin olmamasında görür. "Bizim daxili və xarici siyasətdə ümumi vektorlarımız mövcuddur. Hər iki ölkə keçmiş sovet məkanından qurtulduqdan sonra birgə inkişaf edirlər. Biz demokratik inkişaf etmiş dövlət qurmaq üçün Avropaya qayıtmaq istəyirik. Biz bir çox məsələlərdə artıq NATO və Avropa İttifaqına inteqrasiya olunmuş Estoniyaya doğru istiqamət götürürük”, - deyə Salome Zurabişvili bildirib.
"Bəs Gürcüstan Aİ üzvü olarsa, hansı töhfəni verə bilər” sualına prezident "biz onsuz da öz töhfəmizi veririk. Əfqanıstanda, Malidə, Mərkəzi Afrika Respublikasında NATO-nun keçirdiyi sülhyaratma missiyalarında iştirak edirik. Beləliklə, Gürcüstan göstərir ki, tərəfdaş dövlətdir və məqsədi təkcə nəsə almaq deyil” deyib. Əlavə edib ki, terrorizmə qarşı mübarizədə öz töhfələrini vermək və tamhüquqlu üzv olmaq niyyətindədirlər: "Gürcüstan yaxşı bir qonşu olmağa cəhd göstərir”.
Yeri gəlmişkən, eston jurnalist Zurabişviliyə Azərbaycan və Ermənistan arasında illər uzunu davam edən Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı sual ünvanlayıb. Ondan Gürcüstanın münaqişənin həlinə necə kömək edə biləcəyini soruşub. Prezident bildirib ki, bu münaqişəyə müdaxilə etmək üçün hər iki dövlətin dövlət başçılarını dəvət etmək gərəkdir: "Gürcüstanın Qafqazda ənənəvi rolu balanslaşdırılmış qüvvə kimi qalmaqdan ibarət olub. Bizim ətrafımızda bir çox imperiyalar mövcud olub. Onlardan bir çoxu müxtəlif mərhələlərdə Gürcüstana hücum ediblər. Biz əsrlər boyu bu hücumlara sinə gərmişik. 25 əsrlik müddət göstərib ki, biz hamı ilə bərabər yaşaya və qala bilərik”.
Yenidən gürcü liderə Aİ ilə bağlı sual ünvanlayan jurnalist, "Gürcüstan sakinləri Aİ və NATO-nu dəstəkləyirlər. Lakin onlar bilirlərmi ki, Aİ necə işləyir? Tez-tez siqnallar daxil olur ki, insanlar Aİ-nin iş prinsiplərini anlamır və ondan yorulurlar” deyib. S.Zurabişvili cavabında "mən əmin deyiləm ki, digər ölkələr bunu üzv olana qədər başa düşsünlər. Bizim viza azadlığımız var. Sərhədlər açılandan sonra Gürcüstan vətəndaşları Aİ ölkələrində 756 min dəfə olublar. Gürcüstan yorğunluq hiss eləmir. Hərdən mən zarafat da edirəm ki, Gürcüstan yeganə ölkədir ki, Aİ-dən bezməyib. Axı elə ölkələr var ki, yorulublar. Əhalimizin 75 faizindən çoxu Aİ-yə üzvlüyü dəstəkləyir. Bu çox yüksək göstəricidir. Gürcüstan vətəndaşları bir çox detalları anlamaya bilərlər. Lakin bir şeyi dəqiq bilirlər – Gürcüstanın Avropaya dönməkdən başqa bir perspektivi yoxdur. Bizə yorulmaq olmaz. Avropalıların bəziləri gözlərini yumub bircə anlığa fikirləşsinlər ki, Avropa Aİ-siz necə ola bilər? Bəlkə onda onlar bu yorğunluğu hiss etməzdilər” deyib.
Gürcüstanın Çinlə azad ticarət zonasına malik olduğunu bildirən prezident Çinlə Avropa İttifaqı arasında aralıq mövqedə olduqlarını bildirib: "Qara dənizin bu biri sahilində ola-ola, biz avropalıların necə bir Gürcüstanı kəşf etdiklərini, Qara dənizin bölüşdürücü deyil, birləşdirici rol oynadığını görürük”.
Gürcüstan prezidenti Rusiya ilə mövcud münaqişəni dondurulmuş münaqişə hesab etmədiyini də deyib: "Bu, dondurulmuş münaqişə deyil. Söhbət işğal olunan ərazilərdən gedir. Bu böyük bir problemdir və işğal olunan ərazilərin hər iki tərəfində yaşayan, Gürcüstan və onun hüdudlarından kənarlara səpələnən 300 min qaçqının gündəlik faciəsidir. Biz hər gün məsələni həll etməliyik, işğal ərazilərində insanlar oğurlanır və biz bilmirik ki, insan nə vaxt və necə qayıdacaq. Demək olar ki, işğal ərazisində hər gün təxribatların yaşanması vəziyyəti gərginləşdirir. Biz tələyə işğal olunan ərazilərə görə deyil, Rusiyanın işğal siyasəti üzündən düşmüşük. İndi hamı tələdədir, çünki heç kim Rusiya ilə konstruktiv dialoq aparmaq iqtidarında deyil”. "Rusiya prezidenti ilə görüşsəniz nə deyərdiniz” sualına S.Zurabişvili belə cavab verib: "Bəs o mənə nə deyərdi? Beynəlxalq cəmiyyətin üzvü kimi Rusiya özünü çox pis aparır, heç kimə hörmət etmir. Tək Gürcüstana qarşı deyil, ümumiyyətlə hər kəsə qarşı belədir. Belə halda necə dialoq aparmaq olar: Putinlə görüşdə bildirərdim ki, Rusiya verdiyi bütün vədləri yerinə yetirməyib. 2008-ci il müharibəsindən sonra imzalanan sənədlərə, ərazi bütövlüyü məsələsinə əməl etməyib”. Zurabişvili "belə olan halda, işğal olunan ərazilərin hərbi yolla geri qaytarılacağı mümkündürmü” sualına "yox” cavabını verib: "Bir çox hallarda siyasət realizmdən başlayır. Bir sıra vasitələr var. Birinci və ən vacibi işğal altında olan ərazilərin əhalisi ilə əlaqə saxlamaqdır. Biz bu məqsədlə bütün vasitələri işə salırıq - pulsuz tibbi yardım, təhsil, tələbə mübadiləsi təklif edirik”.
Prezident daha sonra ölkə daxili məsələlərə toxunub. "Biz ideal dövlət deyilik və nə vaxtsa belə olacağıqmı? Ümumiyyətlə, belə bir dövlət mövcuddurmu” deyə sualla çıxış edib. Eks-prezident Mixail Saakaşvili də prezidentin diqqətindən kənarda qalmayıb. "Xahiş edirəm, onu elə oralarda da saxlayın. Bir şeyi deyə bilərəm ki, Gürcüstan siyasətində o əvvəlki kimi rol oynamır” – deyə fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər