• cümə, 29 Mart, 09:16
  • Baku Bakı 5°C

Özünün çanta brendini yaradan azərbaycanlı - Fotolar

08.01.20 09:30 13658
Özünün çanta brendini yaradan azərbaycanlı - Fotolar
Aynurə Musayeva Boulis: "Özün qurduğun iş üçün çalışanda, saata diqqət yetirmirsən”
Dəb sahəsinə məktəb illərindən marağı olsa da, valideynlərinin yönəltməsi nəticəsində başqa sahədə təhsil alır. Fərqli sahələrdə bakalavr, magistr, doktorantura təhsili alır, şirkətlərdə çalışır. Ancaq bir müddət sonra öz istədiyi dəb sektoruna yönəlir və bu sahədə öz işini qurur.Müsahibimiz "Patricia Boulis” çanta brendinin yaradıcısı və dizayneri azərbaycanlı xanım Aynurə Musayeva Boulisdir.Bildirək ki, Aynurə xanım hazırda Pakistanda yaşayır. Ailəlidir, bir qızı var.Qeyd edək ki, A.Musayeva Xəzər Universitetində ingilis dili və ədəbiyyatı üzrə bakalavr, biznesin idarə edilməsi üzrə magistr təhsili alıb. Yunanıstanda Salonikin Aleksandr Texnoloji Təhsil İnstitutunda maliyyə üzrə doktorantura, İtaliyanın Bocconi Universitetində isə dəb və lüks şirkətlərin idarə edilməsi üzrə onlayn təhsil alıb.

- Dəbə marağınız nə vaxtdan yaranıb? Çünki bakalavr, magistr və doktorantura təhsillərinizin bu sahə ilə bağlılığı yoxdur.
- Dəbə marağım uzun illərə dayanır. Hətta məktəb illərində moda və dizaynla maraqlanmışam. Sadəcə olaraq çox vaxt Azərbaycanda uşaqların düşüncələri arxa plana atılır. Təhsil alacağın ixtisası seçəndə, öz istəklərinin arxasınca deyil, valideyn yönəldilməsi ilə başqa istiqamətə gedirsən. Buna görə, bir çox tələbələr öz istədikləri sahədə təhsil almırlar. Məndə də bir az elə oldu. Ancaq gec olmadan moda üzrə dəblə bağlı onlayn təhsil aldım. Çünki marağım bu sahəyə idi və onun arxasınca gedirdim. Bilirdim ki, işimlə bağlı bu təhsil mənə lazımdır. Düzdür, işimi bilirdim, lakin mütəxəssis olmaq üçün müəyyən texniki biliklərə də yiyələnməliydim.


- İşləməyə nə vaxt və hansı sektorda başladınız?
- İşləməyə hələ bakalavr təhsili aldığım dönəmdə başlamışam. Xəzər Universitetində oxuyurdum, elə orda dekanlıqda yarım ştat işlədim.

- Tələbə vaxtı işləməyinizin səbəbi nə idi?
- Düşünürəm ki, 17 yaşına çatan hər bir kəs əgər əmək qabiliyyətlidirsə, savadı yetirsə, yarım gün də olsa, işləməlidir. Bu, həm iş təcrübəsi yığmaq üçün yaxşıdır, həm də ki valideynlərin maliyyə yükü azalır.

- Magistr təhsili aldığınız dönəmdə də universitetdə çalışdınız?
- Magistratura təhsilimi də həmin universitetdə almışam, ancaq orda işləmədim. Universitetdə dərslər axşam 7-də başlayırdı. Bu, işləmək üçün gözəl sistem idi. Gündüz işləyirdim, axşam dərsə gedirdim. Magistr təhsilim dönəmində "Mcdermott” neft şirkətində sağlamlıq və təhlükəsizliyin təminatı mütəxəssisi idim. Sonra doktorantura təhsili almaq üçün Yunanıstana getdim.

- Axşama qədər iş, sonra dərs. Bu, necə rejim idi?
- Elə də asan rejim deyildi. Magistr təhsili dönəmində semestr imtahanları ilə yanaşı, həm də ara imtahanları olurdu. Ara imtahanlarına hazırlaşmaq üçün vaxt lazım idi. İşlədiyim üçün mənim rejimim heç də rahatlıqla buna imkan vermirdi. İşdən çıxıb 7-də dərsə gedirdim. 9-10-un yarısı evə gəlirdim. Bir az dincəldikdən sonra gecə 3-4-ə qədər imtahanlara hazırlaşırdım. 2-3 saat yatırdım, 7-də durub, hazırlaşıb işə gedirdim. Çünki 8-də işdə olmalıydım. Ara imtahanları ərəfəsində bir ay belə rejimdə olurdum.

- 2-3 saatlıq yuxu rejimi normal deyil. Bezmirdiniz?
- Universitet vaxtı idi və bunun müvəqqəti olduğunu düşünürdüm. Anam həmişə məni motivasiya edirdi ki, təhsil dönəmi müvəqqətidir, çətinliyinə dözmək lazımdır və s. Ancaq mənim təhsilim bir az müvəqqəti olmadı (Gülür). Çünki ondan sonra doktorantura, iki onlayn təhsil aldım. İşi görürdüm, hiss edəndə ki bunun üçün təhsil almaq, yaxud hansısa sertifikatı əldə etmək lazımdır, onu edirdim. Təhsilim heç vaxt müvəqqəti olmayıb. Daim özümü inkişaf etdirmişəm.

- Doktorantura təhsilindən sonra otel sektorunda çalışmısınız...
- Mən doktorantura təhsilimi başa vurduğum dönəmdə Azərbaycanda otel sektorunda inkişaf başlandı. Ona görə o sektordakı işlədə baxdım. "Jumeirah Group” və "Autograph Collection” kimi otellərdə 6 ilə yaxın təlim və keyfiyyət meneceri işləmişəm. Doktorantura təhsilim maliyyə üzrə idi. Orda aldığım bilikləri otel sektorundakı işdə daha da təkmilləşdirirdim. Öyrəndiklərimi işimdə tətbiq edirdim.

- İş həyatınızda təhsil aldığınız sahələrin olmamasının səbəbi nə idi?
- Mən magistr təhsili aldığım dönəmdə elə işdə çalışmaq istəyirdim ki, təhsil haqqımı qarşılayacaq maaşı olsun. Maaşı yaxşı olan da neft şirkəti idi. Ona görə orda işlədim. Təhsil haqqımı ödəmək üçün fərqli yerlərdə çalışmalı olurdum. Mən magistraturanı biznes idarəetməsi ilə bağlı oxumuşam. Magistr dövründə o sahəylə bağlı hansı şirkətdə işləsəydim, 200 manat maaş təklif edilən işlər olacaqdı. Bununla mən təhsil haqqını ödəyə bilməzdim. Ona görə seçimi sahəmə görə deyil, yaxşı maaş verilməsinə görə edirdim.


- Bəs öz işinizi qurmaq qərarı verməyiniz necə oldu?
- Otel sektorunda çalışdığım dönəmdə ailə qurdum və yoldaşımın işindən dolayı Pakistana köçməli olduq. Düzdür, dəblə bağlı təhsilimi daha tez alsaydım, elə karyerama da bu sektorla başlayardım. Ancaq demək ki, qismət bu zamanlaraymış. Mən hazırda doğru ölkədə yaşayıram. Burda dəri məmulatları zavodlarının sayı çoxdur. İstehsal etdikləri məhsullar bir çox ölkələrə ixrac olunur. Dünya standartlarına cavab verən iş görən zavodların sayı çoxdur. Ona görə qərar verdim ki, burda belə bir şirkət qurum.

- Pakistanda şirkət qurmaq üçün çox maliyyə lazım oldu?
- Həddindən artıq böyük büdcə tələb etmədi. Çünki burda iş qurmaq istəyən insanlara yaxşı imkanlar verirlər. Xarici vətəndaş olmağım da heç bir problem yaratmadı.

- Bəzən gənclər deyirlər ki, işçi olmaqdan bezdim. Öz işimi qursaydım, rahatlayardım. Öz işini qurandan sonra sizin üçün nə dəyişdi? Rahatlamaq kimi dönəm olubmu?
- Gözəl nöqteyi-nəzər olsa da, mən bununla razılaşmıram (Gülür). Çünki öz işini quranda, üzərinə daha çox məsuliyyət götürürsən. Bir çox sahədən müəyyən qədər məlumatlı olmalısan ki, işi idarə edə biləsən. Şirkətdə işləyəndə, saat 6-da çıxırsan, amma öz işində o imkanın olmur. Özün qurduğun iş üçün çalışanda, saata diqqət yetirmirsən. İş varsa, işləyirsiniz. Şənbə-bazar günləri də işləmək ehtimalı var. İlkin dövrlərdə rahatlamaq məsələsini unudun. Ancaq böyük bir komanda şəklinə gəldikdən sonra müəyyən qədər rahatlamaq olar.

- Neçə fərqli dizaynda məhsulunuz satışdadır?
- Bununla bağlı çox suallar verilir, niyə ad olduğunu soruşurlar. Ancaq deyim ki, bir çanta modelinin ortaya çıxması üçün xeyli vaxt lazımdır. İl yarımdır mən bu işi qurmuşam. Yeni şirkətik, bunu da nəzərə almaq lazımdır. Hər bir model də çox vaxt apardığı üçün hazırda cəmi 3 modelimiz satışdadır. Başqa brendləri nüsxələməklə işləsəm, model sayı daha çox olardı. Ancaq mən bu cür işləmirəm. Özümə məxsus dizaynla işlər ortaya qoymağın tərəfdarıyam. Bu isə zaman tələb edir.

- Pakistanda şirkətinizin məhsulları satılan bir mağaza var?
- Yeni şirkət olduğumuz üçün hələ ki onlayn şəkildə satış edirik. Gələcəkdə mağaza açmaq istəyirik. İlkin mağazamızı Yunanıstanda -Afinada açmaq fikrimiz var. Burda imkan var və işi bu ölkədə qurmuşam. Ancaq hədəf auditoriyamız pakistanlılar deyil. Məhsullar digər ölkələrə ixrac olunur.

- Niyə?
- Çünki Pakistanda xanımlar kiçik ölçülü çantalara üstünlük verirlər. Biz isə hazırda əsas iş qadınları üçün olan modellərin satışını aparırıq. Pakistanda işlərimizlə maraqlananların çoxu burda çalışan, yaşayan əcnəbi vətəndaşlardır. Mən burda "Marriot” otelində məhsullarımızın sərgisini keçirdim. Maraq göstərənlər çox oldu. Onların isə böyük hissəsi əcnəbilər idi. Dizayn etdiyim çanta isə əsasən iş xanımları üçün nəzərdə tutulub, böyükdür. İçində kompüter qoymaq üçün də yer var. Bu çantaların içərisinə nə qədər sənəd, kitab, kompüter qoyulsa da, altı əyilmir. Ancaq onu da deyim ki, birinci dizaynım kiçik ölçülü çanta olmuşdu.

- Azərbaycana sifariş edə bilərik?
- Bizim məhsulları bircə Ermənistan vətəndaşları sifariş edə bilməzlər. Qalan bütün dünya ölkələrinə satış aparırıq. Azərbaycandan da həmçinin. Onu da deyim ki, qiymətlərimiz münasibdir. Yeni başladığımız üçün məhsullarımıza münasib qiymətlər qoymuşuq.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər