• çərşənbə axşamı, 16 aprel, 08:00
  • Baku Bakı 14°C

“Özünü siyasətçi hesab edən şəxs başqasına qara yaxmamalıdır”

02.11.13 10:03 1748
“Özünü siyasətçi hesab edən şəxs başqasına qara yaxmamalıdır”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Facebook” sosial şəbəkəsindəki səhifəsində ALP lideri Lalə Şövkət, sabiq spiker Rəsul Quliyev, baş nazirin sabiq birinci müavini Abbas Abbasov haqqında sərt fikirlər səsləndirib. O, Azərbaycan xalqını naqis, “bədbaxt” hesab edib, yadların köləsi olanlara bəzən güzəştə getdiklərini bildirib. A.Hacılı zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyinin nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədiyini vurğulayıb. Qeyd edib ki, şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdır. Başqa bir Müsavat funksioneri, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə mətbuata müsahibəsində Milli Şuranı təsis edən qurumların yarısının digər yarısına qarşı olduğunu diqqətə çatdırıb. Milli Şurada xarici dövlətə, konkret olaraq Rusiyaya bağlı olan siyasi liderlərin olduğunu iddia edib. R.Arifoğlu seçki kampaniyası dönəmində bir sıra liderlərin, xüsusilə Rəsul Quliyev və Lalə Şövkətin verdiyi açıqlamaları müxalifətin kürəyinə saplanan bıçaq kimi qiymətləndirib.
Söylənilənlərlə bağlı “Kaspi”yə açıqlama verən Azərbaycan Liberal Partiyanın sədri Əvəz Temirxan Arif Hacılının və Rauf Arifoğlunun bu tipli fikirlərinə münasibət bildirmək, qalmaqala qoşulmaq istəmədiyini dilə gətirib. Amma qarşı tərəfin yersiz ittihamlarına da cavab vermək məcburiyyətində qaldığını bildirib: “Kiminsə Lalə Şövkəti və Liberal Partiyanı müxalifət sayıb-saymaması bizim üçün əhəmiyyət kəsb etmir. Unutmasınlar ki, müxalifətə keçərkən, nə Arif Hacılıdan, nə də İsa Qəmbər və Əli Kərimli kimi insanlardan icazə istəməmişik. Bundan sonra da belə bir istəyimiz olmayacaq. Yaxşı olar ki, onlar həm keçmişlərini, həm də indilərini unutmasınlar. Arif Hacılı bizə qarşı tənqidi mövqe ortaya qoymazdan əvvəl onun başqanı İsa Qəmbər cəmiyyətə izah etsin görək, niyə 1998-ci ildə nüfuzu sayəsində siyasətə, Ali Sovetin sədri vəzifəsinə gəldiyi Əbülfəz Elçibəyin 2 illik keçid dövrü üçün vahid namizədliyini dəstəkləmədi? 10 il əvvəl mətbuatda İsa Qəmbərin ünvanına “Molotov” ləqəbli, 0579 nömrəli “KQB agenti” informasiyası yayan adamı indiyədək niyə məhkəməyə vermədiyini cəmiyyətə izah etsin, onu məhkəməyə versin. 2003-cü ildə İsa Qəmbərə səslərin xeyli hissəsinin Rəsul Quliyevə görə verildiyini niyə unudurlar? 2005-ci ildə imzasına sadiq qalan Lalə Şövkət deputat mandatından imtina edəndə Müsavatın deputatları Milli Məclisə gedərək parlamentin legitimləşməsində həlledici rol oynadılar. Niyə İsa Qəmbər, Arif Hacılı və Rauf Arifoğlu niyə bunu müdafiə etdilər? Niyə İsa Qəmbərin təbliğatçısı Rauf Arifoğlu Milli Şuraya qoşulmadı, onu baltaladı, son zamanlar isə onun “vəkili”nə çevrilib? Arif Hacılı niyə ən axırıncı məqamda Milli Şuraya qoşuldu? Niyə İsa Qəmbər Milli Şuranın yerli şöbələrinin, İdarə Heyətinin, Məşvərət Şurasının yaradılmasına mane oldu? Niyə İsa Qəmbər siyasi liderlərdən birinin konsensusla vahid namizəd olmasına imkan vermədi, bununla da, müxalif partiyaların bir araya gəlməsini və xalqın müxalifətə inamını xeyli zəiflətdi? Axı, bu müxalifəti daha sıx toplayardı. Bu il avqustun 21-də 6 partiya rəhbərinin görüşündə Lalə Şövkət və Rəsul Quliyev seçkilərdə vahid namizəd kimi iştirak etmək iddiasında olmadıqlarını və siyasi liderlərdən birinin namizədliyini dəstəkləyəcəklərini bəyan etdikləri halda, niyə İsa Qəmbər o namizədin ya konsensus, ya da Milli Şurada reytinq səsverməsi ilə müəyyən olunmasına imkan vermədi? Hətta o görüşdə mən təklif etmişdim ki, qələbə qazanılacağı halda, reytinq səsverməsində ikinci yeri tutan siyasi lider baş nazir və sonra da vitse-prezident olsun”.
Ə.Temirxan Müsavat Partiyasının Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və Liberal Partiyanın əleyhinə fəaliyyət göstərdiyini vurğulayıb. Deyib ki, Liberal Partiya partiyalararası narazılıqları qabartmadığı halda, Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri olan A.Hacılı LP-nin nümayəndələrini Seçki Qərargahından təcrid edib, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi seçki prosesində iştirakının qarşısını alıb. Onun sözlərinə görə, A.Hacılı hətta Müsavat Partiyasının yerli şöbələri ALP-nin nümayəndələrinin səlahiyyətli nümayəndə kimi namizədliklərini irəli sürəndə belə, onların sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) verməyib: “Cəmil Həsənlinin tapşırığına baxmayaraq, mənim, Milli Şuranın üzvləri, bölgədə nüfuz sahibləri olan Liberal Partiyasının Quba rayon təşkilatının sədri Hacıağa Dadaşov və Qusar rayon təşkilatının sədri İlham Murtuzayevin Milli Şuranın vahid namizədinin vəkili olmasına maneələr törədilib. Bu barədə müvafiq sənədlər MSK-ya təqdim edilməyib. Mənim İctimai Radioda Cəmil Həsənlinin xeyrinə çıxış etməyimə də imkan verilməyib. Bütün bunlara A.Hacılının aydınlıq gətirməsini istərdim. Maraqlıdır, nə üçün İsa Qəmbər “Rusiya proyektini Azərbaycan proyektinə çevirdik” deyərək, Milli Şura daxilində təxribat törədib, onun yaxın adamları bu gün də sosial şəbəkələrdə Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən uzaqlaşdırılmasını gündəmə gətirirlər? Niyə İsa Qəmbrə yaxın “Yeni Müsavat” qəzeti Milli Şura və onun sədrinə hücum etməkdə davam edir? Yaxşı olardı ki, Cəmil Həsənlinin seçki kampaniyasının xeyli sönük aparılmasında onlar öz günahlarını etiraf edəydilər. İndi bütün bunlardan sonra kim zəmanət verir ki, haqqında iqtidarın əlində “Molotov” dəyənəyi olan İsa Qəmbər və onun ən yaxın ətrafı müxalifət daxilində iqtidarın tapşırığını yerinə yetirmirlər?”.
Açıq Cəmiyyət Partiyası Ali Məclisinin keçmiş sədri, sabiq millət vəkili Zəminə Dünyamalıyeva da Rəsul Quliyev və Lalə Şövkət haqqında söylənilənlərə münasibətini bildirib. O, A.Hacılı ilə R.Arifoğlunun cəmiyyətdə hörməti olan siyasətçilərə şər-böhtan atdığını, qara yaxdığını diqqətə çatdırıb: “İnsan güzgüyə baxanda eybini düzəltmək üçün sifətinə əl gəzdirməlidir, əksinə hərəkət edərək güzgünü vurub sındırmamalıdır. Həyatda elə bir insan yoxdur ki, onun qüsuru olmasın. Amma bu o demək deyil ki, kiminsə fəaliyyətinin üstündən bütövlükdə xətt çəkəsən. Arif Hacılı öncə 1992-ci ildə baş verən hadisələri xatırlasın. Bu, heç də uzaq tarix deyil. Əgər yaddaşı zəifləyibsə, internetdə, “You tube”də o illərdə baş verən hadisələri izləsin, həmin illərin tarixinə baxsın, yalnız bundan sonra kiməsə şər-böhtan atmaq fikrinə düşsün. Digər tərəfdən, Lalə Şövkət də, Rəsul Quliyev də Azərbaycanda istər müxalifətdə olduqları dövrdə, istərsə də hakimiyyətdə olduqları dövrdə fəaliyyətlərinə görə həm Allah və xalq, həm də vicdanları qarşısında kifayət qədər rahat ola bilərlər. Lakin Arif Hacılı kimiləri keçmişə baxanda xəcalətdən yerə girməlidirlər. Özünü siyasətçi hesab edən, siyasi fəaliyyət göstərən şəxs başqasına qara yaxmamalıdır. Əgər 20 ildə bunlar ciddi bir iş görə bilməyiblərsə, atdıqları addım hər zaman kökündən yanlış olubsa, o zaman başqalarına çirkab atmağın nə mənası? Mən deyərdim ki, bunların dünyaya gəlişi də yanlışdır. Bunlar 1988-ci ildə kim olublar axı? Özlərinin fəaliyyəti hesab etdikləri sovet dövrünün bir axarı idi. O zaman 15 müttəfiq respublikanın birliyi parçalandı və azadlıq Azərbaycana da şamil olundu. Əgər buna qiymət vermək lazımdırsa, bu, xalq hərəkatı idi. Həmin hadisələr Arif Hacılıların hərəkatı deyildi ki, bunu özəlləşdirib öz adlarına çıxsınlar. Doğrudan da belə olsaydı, o zaman 1991-ci ildə müstəqillik aktının qəbulundan sonra Azərbaycanın inkişafı mərhum prezident Heydər Əliyevlə deyil, onlarla bağlı olardı. Bu nöqteyi-nəzərdən onların həm Lalə Şövkət və Rəsul Quliyev, həm də digər nüfuzlu siyasətçilər haqqında söz deməyə haqqı yoxdur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər