• cümə, 29 Mart, 11:27
  • Baku Bakı 5°C

Özünü “o” adlandıran

27.07.15 21:26 1489
Özünü “o” adlandıran
1931-ci ildə İsveçin paytaxtı Stokholmda anadan olan şair Tomas Transtromer olduqca nüfuzlu ədəbi mükafatların sahibidir. 1981-83-cü illərdə poeziya üzrə “Bonnier” mükafatı, Qərbi Almaniya Patriarx ödülünü almış şairin amerikalı tərcüməçi Ekko Press tərəfindən ingilis dilinə tərcümə olunmuş “Seçilmiş şeirlər 1954-1988” sərlövhəli kitabı dünya ədəbiyyatına bəxş edilmiş qiymətli hədiyyələrdən hesab olunur. T.Transtromer 2011-ci ildə Nobel mükafatına layiq görülüb. T.Transtromerin şəxsi saytında (tomastranstromer.net) dərc edilən müsahibələrdə həyatı, uşaqlığı, ədəbiyyat və iş sistemi ilə bağlı səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq.
“Ən azad ruhlu yazarların belə beynində müəyyən bir oxucu auditoriyası olur. İddia etmirəm ki, bunu bilərəkdən formalaşdırır, amma bu, yazının ayrılmaz hissəsidir, insan özü istəmədən də formalaşır. Bu, əslində gözəgörünməz, yazarın beyninin xüsusi ayrılmış bir hissəsində əyləşib nə yazacağını gözləyən auditoriyadır. Əvvəllər mənə elə gəlirdi ki, bu auditoriyadakı maraqlı baxışlar ən yaxın dostlarıma, doğmalarıma, çox yaxın olduğum, məni anlayan insanlara aiddir. Amma zamanla yeni mühitlərə qoşulub, başqa ölkələrdə həyat qurub, ya da mütəmadi səfər etdikdən sonra düşündüm ki, o gözəgörünməz auditoriya insanın ətrafında ona təsir edən insanlardan formalaşır, o auditoriyada düşüncələrinə heyran qaldığın, təsirləndiyin, səni motivasiya edən insanlar əyləşir”.
“Hər dəfə yeni kitab nəşr etdirəndə tənqidçilər özünüinkişaf mərhələsini çox ləng keçdiyim üçün məni qınayırdılar. Onlar istəyirdilər ki, daim daha yaxşı yazım. Məsələn, iddia edirlər ki, birinci kitabımda yazdığım hansısa şeiri bu və ya digər dərəcədə təkrar yazıram. Amma oxuyub baxıram ki, tamamilə fərqli formada, fərqli şeylər yazmışam”.
“Təzə-təzə yazmağa başlayanda dildən hərtərəfli istifadə edirdim. Şeirlərin üzərində indikindən daha çox dayanırdım, ənənəvi metrikliyə çox diqqət edirdim. Nədənsə mənə elə gəlir ki, əvvəlki şeirləri tərcümə etmək daha çətindir. Şeirlərin ingilis dilində oxuduğunuz variantı bir az daha sadələşdirilmiş formadadır. Amma sonrakı şeirləri, ən azından başqa dildə qarşılığını tapmaq baxımından, tərcümə etmək daha asandır. Bir məsələ də var. Şeirin forması və mövzusunu müzakirə etməkdən xoşum gəlmir. Son zamanlar yazılmış şeirlərin mövzusu daha ağır və mürəkkəbdir, çünki onlarda dərinlik və daha çox həyat təcrübəsi var. Birinci kitabın müəllifinin mövzuları təbiətə və uşaqlıq xatirələrinə daha yaxın idi. Başqa mövzular o yaşda şair üçün “geniş ərazi” deyil. Ancaq indi yazmaq istədiyim mövzuların içindən keçmişəm, məni yazmağa sövq edəcək bütün hissləri yaşamışam”.
“Əgər hansısa yazıçı şəxsiyyət olaraq mənim daxili marağıma səbəb ola bilirsə, orada mütləq Robert Blayın rolu var. Məsələn, o, Norveçdə olmuşdu və Skandinaviya yazıçılarının əsərlərini oxumuşdu, onları amerikalılara tanıtmaq istəyirdi. “Qarlı tarlalarda sükut” (“Silence in the Snow Fields”) əsərində Blay Skandinaviyanın ədəbiyyatını, orada yaşayanların həyat tərzini, təbiətini o qədər mükəmməl formada təsvir etmişdi ki, inanmıram kimsə həmin əsəri oxuya və onun beynində qaranlıq nəsə qala. Blayın yazdığı şeirləri haçan oxusam da, kimin yazdığını dərhal bilirəm. Odur ki, özüm kimi işlədiyindən əmin olduğum insanlarla ünsiyyətdə olmaq məni ürəkləndirir. Yazıçı və şairlərin gərək öz tərcüməçiləri olsun. Yazdığın əsərləri hər tərcüməçiyə əmanət etmək olmaz. Şeirlərim istedadına bələd olduğum şairlər tərəfindən tərcümə edildiyi üçün xoşbəxtəm, şanslıyam. Məsələ əsərlərin hansısa dilə mükəmməl formada tərcümə olunması deyil, əsas məsələ hansı dildə olursa-olsun, şeiri və poeziyanı duya bilən tərçüməçi tərəfindən tərcümə olunmaqdır”.
“Mən Ikinci Dünya müharibəsindən qalmış adamam. Həyatımın olduqca ağır keçən illəri olub. Heç nə İsveçdə başlayan bu rahat və cənnəti xatırladan həyatda olduğu kimi deyildi. Amma bu həyatı mənə xəyalım verdi. Mən böyütmək istədiyim, hər dəfə sərhədlərini daha da açacağım xəyal qurdum. O dövrdə mənim üçün müharibə insanları əsl qəhrəmanlar idi. Düşünürdüm ki, müharibədən sonra yəqin ki, Afrikaya səyahət edəcəyəm. Amma heç də elə olmadı, Stokholma gəldim, arxipelaqları və cənnəti kəşf etdim. İlk kitabımdan qazandığım bütün pulu Türkiyə və yaxınlıqdakı Şərq ölkələrinə səfər etmək üçün xərclədim. Bu, inanılmaz təcrübə idi. İndi dünyanın hər yerindən milyonlarla gənc bunu edir. O dövr üçün bu, əsl macəra idi. Dünyanın yeni yerlərini görmək, yeni üzlər, yeni səslər, başqa iqlimlərlə tanış olmaq, başqa toxunuşlar duymaq bir şair üçün yeni dünyadır. O səyahət də mənim üçün yeni dünyanın qapısı oldu, odur ki, 1954-cü ildən gəzirəm, durmadan. Bu, mənim üçün iş kimi bir şey olub.
Amma özümü ən çox anam kimi qadının övladı olaraq dünyaya gəldiyim üçün xoşbəxt hiss edirəm. Məni nəinki fiziki, mənəvi yaralanmalardan, bədbinlikdən, xudbinlikdən, qorxaqlıqdan da qoruyub. Qayıqçı baba ilə müəllim nənənin yeganə nəvəsi idim – sərbəst, sorğulayan, çənədən saz. Bəlkə də məni xəyallarıma sıx-sıx bağlayan da bu insanların ruhundakı sərbəstlik idi. Əsla qadağalarla cəzalandırılmazdım. Görmədikləri hər şeyi görməyimi, yaşamadıqları hər şeyi yaşamağımı təmin etməyə çalışdılar. Dövrə görə özümü rahat və qayğısız həyat keçirən biri kimi qələmə verə bilmərəm, amma o qədər bərbad həyatım yox idi”.
“Nəyisə özüm yaratmağa çalışanda üzərində o qədər işləyirəm ki, oxucu şeir oxuduğunu hiss etməsin. Ona elə gəlsin ki, şəklə baxır. Ya da o təsvir oxucuya xəyalları qədər aydın olsun”.
“Desəm ki, dindar idi, bu, yanlış assosiasiya doğurar, guya ki, o, mühafizəkar, adət-ənənə dəlisi imiş. Yox, elə deyildi. Sadəcə, onun Allahla olan sevgisi bir uşağın Allaha inanması, ona sığınması kimi idi. Saf idi. O, bəlkə də dindar idi, amma onun tutduğu yol, xeyirxah, nikbin bir yol idi. Uşaq olanda hamı kimi mən də hər şeyə şübhə ilə, maraqla baxırdım. Bir az böyüdükdən sonra təbiət elmlərinə marağım gücləndi və hər şeyin mexaniki olduğu bir dünyada nəyin, necə və niyə yarandığının səbəblərini öyrənməyə çalışırdım. Ona görə də hansısa ayini icra eləməkdən, konformasiyadan (kilsəyə üzv olma – E.S.) tamamilə imtina etdim, bunu açıq-aşkar deyəndə vur-tut 15 yaşım var idi. Nəsildə hamının icra etdiyi dini əməlləri – konformasiyanı mən etmədim. Anam da bu səbəbini bilmədiyi imtina ilə barışdı. Çünki mən buna inanmırdım. Amma müəyyən zaman keçəndən sonra sövqi-təbii dinə bağlandım. Konformasiya olunanda inanclı biri deyildim, sadəcə, bu yolu seçmişdim. Sonradan inandım. Onu da deyim ki, bunun insanın özünü, xarakterini, həyatını dəyişdirən bir şey olduğuna inanıram. Kilsəyə dini ayinlər oxumaq üçün getmirəm. Bütün bunlarla yanaşı, o binaları sevirəm. Tez-tez yolumu ordan salıram. İndiyəcən heç bir dini qrupa, icmaya qoşulmamışam. İçimdə elə şeylərə dərin bir inam yoxdur. Bütün bunlarla yanaşı, ölməmişdən əvvəl qəlbimdəki bu izahı çətin sualları, ruhi təbəddülatları həll etmək istərdim”.
“Məndə xəyal qurmaq vərdişi uşaqlıqdan var. Böyüdükcə də onları da böyütdüm. Mənim üçün mütəmadi beynimdə çəkilən şəkillər, mənzərələr olmağa başladılar. Xəyal qurmağı beynində portretlər rəngləməyə bənzədirəm. Sonra şeirlə iç-içə olmağa başladığımız zamanlarda o xəyalları yaratmağa çalışdım. Bəzən şeirlərdə sadəcə, xəyalını qurduğum şeyləri, o xəyalın hiss etdirdiklərini qələmə aldım. Oxucu bəyənəndə ziddiyyətdə qaldım, ortaq xəyallar ola bilərmi? Bəyənilən mənim şeirim, ifadələrimdir, yoxsa xəyallarım? Bir müddət sonra bunun əhəmiyyəti qalmadı. Xəyal etdikcə daha sürətlə yaşayırsan, xəyal etdikcə daha ürəkli olur, daha həvəsli işləyirsən. Amma yaşlandıqca vəziyyət çox dözülməz olur, inanılmaz xəyallar qurursan, yatanda, sakitcə nəyisə izləyəndə, amma ara verəndən sonra, ya da yazmaq istəyəndə o xəyalı unutmuş olursan. O anda dözülməz daxili sarsıntı keçirirsən”.
“Əvvəllər nədənsə “mən”i işlətməkdən qorxurdum. Diqqət etsəniz, ikinci kitabda artıq “mən”ə daha çox rast gələ bilərsiniz. İkincidə eqomu bir az da ön plana çəkmişəm, böyütmüşəm. Sonrakı kitablarım isə “mən”lə doludur. Əvvəlki kitablarımla son zamanlar yazdıqlarım arasındakı ciddi nəzərəçarpan fərqlərdən biri də budur. Bu o demək deyil ki, əvvəlki kitablarımda özümə yer verməmişəm. Yox. Sadəcə, əvvəl özüm haqqında daha utancaq, ağayana danışırdım. Çox zaman özümü işarə edəndə üçüncü şəxs əvəzliyi işlədirdim – “o” deyirdim. Ancaq deyim ki, indi də özüm haqqında nəyisə təsvir edərkən “o” deməyi sevirəm. Bu hal əvvəllər məndə ambisiya kimi idi, hansısa naməlum səbəbdən görünməz insan olmağı seçmişdim. Sonra düşündüm və qərar verdim ki, özümü göstərmək daha cəsarətli və daha effektivdir. Onda yazdıqlarım da daha dürüst görünür. Həm də hamı bilir ki, əksəriyyətimiz öz təcrübələrimizdən və hisslərimizdən yazırıq”
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər