• cümə, 26 Aprel, 17:20
  • Baku Bakı 23°C

Özünü ölümə, sürücünü həbsə yollayanlar - ARAŞDIRMA

24.07.21 10:00 2467
Özünü ölümə, sürücünü həbsə yollayanlar - ARAŞDIRMA
Və ya faciələrə yol açan piyada məsuliyyətsizliyi
Yol hərəkəti təhlükəsizliyi sahəsində həllini tapmayan əsas problemlərdən biri də piyada məsuliyyətsizliyidir. Qaydalara riayət etməyən, o cümlədən piyada keçidi olmayan ərazilərdən yolu keçməyə çalışan, işıqfora, qadağanedici işarələrə əhəmiyyət vermədən avtomobilin altına atılan vətəndaşlar həm özlərinə, həm də sürücülərə təhlükə yaradırlar. Belə laqeydliyin nəticəsidir ki, yol-nəqliyyat hadisələrində həlak olanların ümumi sayının 50 faizini məhz piyada məsuliyyətsizliyi təşkil edir. Müasir dövrdə istər paytaxtda, istərsə də regionlarda təhlükəsizlik kameraları quraşdırıldığından, yol hərəkəti qaydalarını pozan sürücülər avtomobilin qeydiyyat nömrəsi ilə dərhal müəyyən edilir, qanunla nəzərdə tutulmuş qaydada cərimələnirlər. Lakin piyadalarla bağlı bu metod işləmir. Ona görə də, bir çox hallarda piyadalar ətrafda polisinin olub-olmadığını müəyyən edib, yolu istədikləri kimi keçirlər. Bu da bir qədər əvvəl vurğuladığımız kimi, faciələrə səbəb ola bilir.


Statistik göstəricilər: 6 ayda290 nəfər həlak olub

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında yerləşdirilən statistikaya görə, təkcə cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (0,5%) fakt, ölənlərin sayı 35 (10,8%) nəfər, yaralananların sayı isə 3 (0,4%) nəfər azalıb.Müəyyən edilib ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4%) baş verib. Bu qayda pozuntularının 302-si (39,9%) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5%) yolayrıcılarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3%) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı). Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma 66-8,7%). Həlak olan 290 nəfərdən (qadınlar - 53 nəfər, 7-16 yaş - 26 nəfər,) 123-ü piyada, 87-si sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-si isə digər hərəkət iştirakçısı olub.


Piyadanın vəzifəsi və məsuliyyəti

Qanunvericiliyə nəzər salsaq, görərik ki, "Yol hərəkəti haqqında” Qanunun 40-cı Maddəsində "Piyadaların vəzifələri” əks olunub. Orada qeyd edilib ki, piyada, dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltıvəyerüstükeçidlərlə, bunlar olmadıqda isəyolayrıclarında səki xətti vəya yolçiyni xətləri boyunca keçməlidir. Piyada, hərəkətin nizamlandığıyerlərdənizamlayıcının vəya piyada işıqforunun, o olmadıqda isə nəqliyyat işıqforunun işarəsiniəsas tutmalıdır, yolun hərəkət hissəsindəzərurət olmadan ləngiməməli vədayanmamalıdır. Bildirilib ki, piyada, nizamlanmayan piyada keçidlərindəyolun hərəkət hissəsinəyalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən vəyolu keçməyin onlarüçün təhlükəsiz olacağınıyəqin etdikdən sonraçıxa bilər. Təbii ki, bu vəzifələrin yerinə yetirilməməsinə görə piyadalar məsuliyyət daşıyır və İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq miqdarda cərimə olunurlar. Məcəllənin "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” adlı 29-cu Fəslinin "Piyadanın məsuliyyəti” başlıqlı 338-ci Maddəsində göstərilib ki, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni piyada işıqforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulub. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə də iyirmi manat məbləğində cərimə edilir.


Cəriməyə görə deyil, həyatına görə qərar ver

Göründüyü kimi, həm "Yol hərəkəti haqqında” Qanunda, həm də İnzibati Xətalar Məcəlləsində piyadaların davranış qaydaları, məsuliyyəti, tələblərə riayət etmədikləri halda, onlara tətbiq olunacaq cərimələr aydın şəkildə verilib. Lakin hər piyadaya bir yol polisi təhkim etmək, ümumilikdə yol hərəkəti qaydalarını pozan piyadaların hamısını cərimələmək, onların hərəkətlərini nəzarət altında saxlamaq qeyri-mümkündür. Belə olan halda, hər bir vətəndaş məsuliyyətli olmalı, təhlükəsizlik qaydalarına riayət etməli, cərimələnməmək üçün deyil, özünün və başqalarının həyatını təhlükəyə atmamaq üçün qaydalara riayət etməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deyib ki, yol hərəkəti qaydalarını pozan piyadaların təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilməsi qeyri-mümkündür. Onun sözlərinə görə, hər bir vətəndaş, piyada "Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməlidir: "Tövsiyə edərdim ki, piyadalar yol keçərkən son dərəcə diqqətli olsunlar, öz həyatlarını təhlükəyə atmasınlar. Hətta piyada zolağı olan yolları keçərkən belə, "yol mənimdir, üstünlük mənə məxsusdur” deyib, tələskənlik etməsinlər. Avtomobilin sürətini, onun əyləc məsafəsini, hər hansı texniki çatışmazlıq səbəbilə, yaxud qəfil avtomobilin qarşısına çıxan zaman sürücünün nəqliyyat vasitəsini saxlaya bilib-bilməyəcəyini düşünsünlər. Xüsusilə də gecə saatlarında son dərəcə diqqətli olsunlar, yolun müəyyən edilməyən hissələrindən, yaxud işıqlandırılma olmayan yerlərdən yolu keçməsinlər. Axşam saatlarında görüntünün məhdudlaşdığını nəzərə alıb, qara və tünd deyil, əlvan rəngli geyimlərə üstünlük versinlər ki, hərəkətdə olan sürücü onları daha tez görə bilsin, bununla da baş verə biləcək qəzanın qarşısı alınsın. Bəzən piyadalar hərəkətdə olarkən qulaqlıqdan istifadə edirlər. Belə piyada nəqliyyat vasitəsinin qarşısına qəfil çıxanda sürücü nə qədər siqnal versə də eşitmir. Nəticədə qəzadan qurtulmaq mümkünsüz olur”.


Sosial dəyərləri dəyişmək, dünyagörüşü artırmaq

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bizimlə söhbətində bildirib ki, dünyanın bir çox ölkələrində "face kontrol” – üz tanıma sistemləri var. Onun sözlərinə görə, beynəlxalq təcrübədə bu üz tanıma sistemləri vasitəsilə ictimai təhlükəsizliyə ümumi nəzarət olunur: "Üz tanıma sistemini kütləvi istifadə edib yol hərəkəti qaydalarını pozan piyadaları cərimələməyi, hələlik hər hansı ölkə tətbiq etməyib. Belə bir təcrübənin indiyə qədər hansı ölkədə tətbiq edildiyindən məlumatsızam. Yol hərəkəti qaydalarının müəyyənləşdirilməsində, bu qaydaları pozanların inzibati məsuliyyətə cəlb edilməsində başlıca hədəf, çoxlu cərimə yazmaq deyil. İnsanlar kütləvi cərimələnməklə intizamlı olmurlar. Düzdür, cərimə də lazımdır. Amma yalnız cərimənin tətbiqi çıxış yolu deyil. Ümumilikdə, hüquqi məsələlərə laqeyd münasibət, intizamsızlıq ortadan qalxmalıdır. Yol hərəkəti mədəniyyəti, hüquq mədəniyyəti deyilən anlayışlar var. Hüquq mədəniyyəti odur ki, insan qaydaları, qanunları, davranış normalarını bilir və onlara şüurlu surətdə, könüllü şəkildə riayət edir. İnsan bunlara nə dərəcədə riayət edirsə, demək, onun hüquq mədəniyyəti bir o qədər yüksəkdir. Təəssüf ki, bizim cəmiyyətdə ictimai qaydalara, davranış normalarına laqeydlik var. Misal üçün, çəkdiyi siqaretin kötüyünü, xırda məişət tullantısını, o cümlədən içdiyi suyun, şirənin və sairin qabını, çeynədiyi saqqızı hara gəldi atmaq pis bir ənənəyə çevrilib. Yaxud hər hansı bir ünvanda növbəli sistem tətbiq olunduğu halda, kiminsə növbədənkənar oraya soxulmaq cəhdi və sair bu kimi hallar, ümumilikdə hüquq mədəniyyətinin aşağı olmasından qaynaqlanır. Belə bir mühitdə, sadəcə cərimələr hesabına vətəndaşları, o cümlədən piyadaları yüksək intizamlı edə bilmərik. Ümumilikdə, cəmiyyətimizdə sosial dəyərlərə yanaşmaların müsbət istiqamətə dəyişməsi üçün müvafiq işlər görməli, təbliğat, maarifləndirmə işləri aparmalıyıq. Bu işə yaxşı nümunələrlə ailədən, bağçadan, məktəbdən, universitetdən başlamaq lazımdır. Çünki valideynlərinin, müəlliminin ictimai qaydalara biganəliyini görən uşaq, yeniyetmə böyüyəndə eyni əməli təkrarlayacaq və onu yalnız cərimələrlə islah etmək mümkün olmayacaq. Ona görə də, sosial dəyərləri dəyişmək, dünyagörüşü artırmaq vacibdir. Bu istiqamətdə işlər görmək lazımdır”.


Bəşəriyyət üçün ağır itki

Sonda qeyd edək ki, yollarda baş verən hadisələr nəticəsində dünyada hər il 1,3 milyon insan həyatını itirir, 50 milyona qədər insan xəsarət alır. "Davamlı İnkişafa Doğru” İctimai Birliyinin 2017-ci ildə nəşr etdirdiyi "Yol mədəniyyəti həyatımızın qarantıdır” adlı nəşrdə göstərilib ki, yol-nəqliyyat qəzaları dünyada 15-29 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir ki, bu da gündə təxminən 1000 nəfər deməkdir. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən ölüm halları 5-ci yerdə olacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. Planetimizdə 15-44 yaşda dünyasını dəyişənlərin 25%-i yol qəzalarında həlak olanlardır. Yol-nəqliyyat hadisələri nəticəsində sağlam insanların faciəvi şəkildə həlak olması bəşəriyyət üçün ağır itkidir.

Rufik İSMAYILOV

Foto: Tapdıq Abdullayev/ Global Media Groupvə Firudin Səlimov / Global Media Group

banner

Oxşar Xəbərlər