• cümə, 29 Mart, 12:57
  • Baku Bakı 14°C

Özümüzə dəyər verək - Baş redaktordan

18.09.21 10:45 564
Özümüzə dəyər verək - Baş redaktordan
Bəzən mənə elə gəlir ki, özümüzü lazımınca qiymətləndirə bilmirik. Olanlarımız gözümüzə görünmür, əldə etdiklərimizin dəyərini verə bilmirik, uğurlarımızın miqyasını azaldırıq. Bəlkə də bu, 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalması gerçəkliyi ilə bağlı olub. Bəlkə də özümüzü məğlub millət hesab etməyimizin yaratdığı kompleks kimi zühur edib. Amma reallıq budur ki, biz Birinci Qarabağ müharibəsində ermənilərə, Ermənistana qarşı vuruşmamışıq. Sovet imperiyasının qalıqlarına, varislərinə qarşı 5 ildən artıq müqavimət göstərmişik. Müdafiə Nazirliyinin binası olmayan dövlət kimi ayaqda durmağı, tam darmadağın olmamağı bacarmışıq. Düzdür, torpaqlarımızın bir hissəsini itirmişik, amma sınmamışıq.
İndi biz qalib millətik
44 günlük müharibə ilə bu kompleksi də aradan qaldırmışıq. Çox qısa bir müddətdə özümüzə də, qonşularımıza da, bütün dünyaya da kim olduğumuzu göstərmişik. İndi biz qalib millətik. Özü də bu qalibiyyəti necə çətin geosiyasi reallıqlar şəraitində əldə etmişik, bunu kim də bilməsə özümüz bilirik axı. Biz 30 ilə yaxın davam edən sülh danışıqları çərçivəsində dünyanın 3 ən böyük dövlətinin təzyiqlərinə, hiylələrinə, yeri gələndə təhdidlərinə baş əyməmişik, "Qarabağ bizim qırmızı cizgimizdir” deyə bilmişik.
Şəhriyarın sözü olmasın
Özümüzü qiymətləndirməyimiz lazımdır. Bunun üçün əlimizdə çox əsaslar var. Güc deyəndə güc, zəka deyəndə zəka. Bu yerdə şahmatçımız Şəhriyar Məmmədyarovun bir fikri düşür yadıma. Şəhriyar müsahibələrinin birində deyirdi ki, "İran və Türkiyədə birlikdə 3 qrossmeyster yox idi. Amma bizim ailədə 3 qrossmeyster vardı". Həqiqətən də belədir. Bu gün dünyanın zəka sahibləri arasında azərbaycanlı şahmatçıların xüsusi yeri var. Bir vaxtlar deyirdilər, bizdə zəka oyunlarını daha çox başqa millətlərin nümayəndələri bacarırlar. Nümunə kimi də daha çox Bakı ermənisi Harri Kasparovun adını çəkirdilər. O gün bizim Şəhriyar həmin Kasparovu 7 gedişə məğlub etmədimi?
Faiqimiz, Qurbanımız var
Deyə bilərsiniz ki, biz fərdi oyunları bacarırıq, kollektiv oyunlarda isə zəifliyimiz var. Olmağına var, amma bu məsələdə də müsbət tərəflərimizi qabarda bilərik. Kollektiv oyun olan voleybolun Faiq Qarayev kimi azərbaycanlı məşqçisi var. Türkiyəli qardaşlarımız dəvət etdilər, işə cəlb etdilər, başına and içirdilər. Uzun illərdir "Qarabağ”la tarix yazan Qurban Qurbanov da azərbaycanlıdır axı.
Başqa sahələrlə bağlı da bu cür çoxsaylı nümunələr göstərmək olar. Sözümün canı odur ki, gəlin, özümüzə dəyər verək! Bütün sahələrdə...
İlham Quliyev
banner

Oxşar Xəbərlər