• şənbə, 20 Aprel, 08:09
  • Baku Bakı 14°C

Üzümün orqanizmə faydaları və saxlanılma şəraiti

11.06.21 20:15 236
Üzümün orqanizmə faydaları və saxlanılma şəraiti
Üzümün meyvəsi şəkər, sellüloz, üzvi turşular, askorbin turşusu, A, B1,B2, B6, PP, C və s. vitaminlər, pektin maddələr, mikroelementlər və fermentlərlə zəngindir.
Kaspi.az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin bitki sağlamlığı şöbəsi əməkdaşlığının hazırladığı məqalədə onun faydalı xüsusiyyətləri və saxlanılma qaydası haqqında bəhs olunur.
Üzümün faydaları
Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli maddələr var. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində isə çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. var. Qeyri-adi dada və ləzzətə malik üzümün toxumları və yarpaqları bitki mənşəli dərmanların, habelə pəhriz əlavələrinin istehsalında istifadə olunur. Həmin polifenollar həm də çoxsaylı bioloji fəallığa və sağlamlıq üçün yüksək potensiala malikdir. Üzüm qabığı ilk növbədə antosiyaninlərdən, flavanollar, fenol turşulardan və stilbenlərdən (resveratrol) ibarətdir. Digər meyvə və tərəvəzlər kimi, üzüm də yaxşı lif və su mənbəyidir. Üzümdə C vitamini və manqan kimi tanınmış antioksidanlar, beta-karotin və resveratrol kimi daha az tanınan antioksidanlar da mövcuddur.
Üzüm bır sıra xəstəliklər zamanı xüsusilə xeyirlidir
Üzüm insan orqanizminə müsbət təsir göstərən müstəsna qida və müalicəvi xüsusiyyətlərinə görə əvəzolunmaz məhsuldur. Müalicə vasitəsi kimi onun meyvəsi, şirəsi və yarpaqlarından istifadə edilir.
Üzüm tənəffüs yollarının iltihabının müalicəsində çox faydalıdır, eyni zamanda, qan azlığı, mədə şirəsi çox olan qastrit, bronxial astma zamanı, maddələr mübadiləsi pozulanda, böyrək, qaraciyər və ürəyin funksional xəstəliyi, hipertoniya və yuxusuzluqda məsləhət görülür. Meyvə və şirəsində olan qlükoza ürəyin yığılma fəaliyyəti və əzələ tonusuna müsbət təsir göstərir. Üzüm və üzüm şirəsi ilə müalicə olunduqda yağlı ət, süd, spirtli, mineral və digər içkilər məsləhət görülmür. Üzüm piylənmədə, şəkərli diabetdə, mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində, ishalda və xroniki faringitdə məsləhət görülmür. Arsen, morfin, kokain, stirxinin və s. ilə zəhərləndikdə üzüm zəhər əleyhinə vasitə kimi işlədilir.
Kimyəvi tərkibinə görə üzüm bir qədər ana südünə oxşayır. Belə ki, üzümdə olan üç vitamin bilavasitə qan və qan əmələ gətirən sistemə aiddir: foll turşusu (B qrupuna daxil olan vitamindir) qan əmələ gətirməni gücləndirir; K vitamini qanın laxtalanma sisteminə müsbət təsir göstərir; P vitamini qan damarlarının divarlarını möhkəmləndirir və qan təzyiqini normallaşdırır.
Üzüm dişlərin emalının dağılmasına səbəb olduğu üçün onu yedikdən sonra dişləri təmiz yumaq məsləhətdir.
Üzümü necə seçməli?
Üzüm seçərkən nəzərə almaq lazımdır ki, onun üzərindəki qəhvəyi nöqtələr və piqmentasiya heç də meyvənin keyfiyyətsizliyindən xəbər vermir. Sadəcə, meyvənin zədəli olmamasına diqqət yetirmək lazımdır. Tər üzüm giləsinin qabığının üzərində ağımtıl ərp olur. Qabığı qalın, meyvəsi bərk olan üzüm daha uzun müddət qalır. Bundan başqa, tünd rəngli üzüm növləri açıq rənglilərdən uzunömürlüdür.
Üzümü necə saxlamalı?
Üzümün saxlanılması XIX əsrin axırları-XX əsrin əvvəllərindən geniş yayılmağa başlamışdır. Hazırda üzümün bir neçə saxlanma üsulu mövcuddur: müxtəlif qablaşdırma materiallarından istifadə etməklə, dondurulmuş halda, parafində, antiseptiklərdən və qamma şüalarından istifadə etməklə. Üzümü yaza qədər saxlamaq üçün müxtəlif xalq üsullarından istifadə edilir. Bunlardan ən geniş yayılanı bandaq üsuludur. Tətbiq edilən digər üsul üzüm salxımını öz yarpağına bükərək, torpağa basdırmaqdır. Bütün bunlardan başqa, Gəncədə, Ordubadda, Abşeronda üzümün kəhrizlərdə də saxlanması məlumdur. Həmin üsulun üstünlüyü əlavə xərcin olmaması, məhsulun təravəti, dad və keyfiyyətini itirməməsidir. Mətbəx soyuducusunda 1-2 dərəcə C temperaturda üzüm 2-3 həftə saxlanıla bilər.
Abşeronun məşhur yerli üzüm növləri
Abşeron üzümçülük sahəsi bir sıra spesifik xüsusiyyətlərə malikdir. Həmin xüsusiyyətlər yarımadanın yerləşdiyi ərazi, torpaq-iqlim şəraiti ilə səciyyələnir. Abşeronda üzümlüklər qumda bitir və 50-dən artıq üzüm növü yetişdirilir. Onlardan ən geniş yayılanı "Ağ şanı", "Qara şanı", "Sarıgilə", "Xatını", "Pişraz", "Göybəndam", "Qızıl üzüm", "Kişmişi" və "Dərbəndi" növləridir. Digər regionlarla müqayisədə Abşeronda bir çox növlər indiyədək qorunub saxlanılıb və burada sənaye üzümçülüyü olmayıb. Hazırda yarımadada həyətyanı bağ sahələrində bu növlərin hər birini tapmaq mümkündür. Maraqlıdır ki, şirinlik dərəcəsinə görə "Şanı" bütün digər növləri geridə qoyur. Bu, ilk növbədə, qeyd etdiyimiz kimi Abşeronun torpaq-iqlim şəraiti, həmçinin regionun "qızıl torpağı"ndakı kompleks mikroelementlərlə bağlıdır.
banner

Oxşar Xəbərlər