“Özümü özümə rəqib kimi görürəm” - Uğur hekayəsi
Öz üzərində işləmək, çalışmaq onu xoşbəxt edir. Çox
çalışmaqdan heç vaxt yorulmur. Deyir ki, uğura gedən yol heç də hamar deyil. Əgər
bu yola baş vurmusunuzsa, yıxılmağı da, axsamağı da, çətinliyi də, məğlub
olmağı da gözə almalısınız. Ona görə uğur, komfort zonasına "yox” deyib, yeni
yola başlamağı bacarmaqdır. Müsahibimiz ICF sertifikatlı peşəkar kouç, ALPHA
Coaching & Consulting şirkətinin rəhbəri Fidan Əzimlidir.
Əvvəlcə müsahibimizi tanıyaq
Həmsöhbətimiz ilk işinə BDU-nun psixologiya
kafedrasının müəllimi kimi başlayıb. 14 il ərzində həmin universitetdə yaş, pedaqoji,
nitq və təfəkkür psixologiyası fənləri üzrə dərs deyib. 2008-ci ildən etibarən
biznes aləmində praktik psixologiyanın tətbiq sahələrini araşdırır, müxtəlif
şirkətlərdə biznes təlimlərinin tədrisi və psixotexnologiyaların tətbiqi ilə məşğul
olmağa başlayır. 2011-ci ildə "Alpha Business Services” şirkətini yaradır.
2012-ci ildə "Embawood” şirkətinin təklifi ilə təlim mərkəzinin yaradılması və
idarə edilməsi layihəsinə cəlb olunur və layihəni təhvil verdikdən sonra həmin
mərkəzə rəhbərlik etmək təklifini alır. 2013-cü ildə "Embawood” şirkətinin "Ən aktiv rəhbər” nominasiyasını əldə edir. 2014-cü
ildə Stockholm School of Economics biznes məktəbinin təqdim etdiyi proqramda irəli
sürdüyü layihə 1-ci yeri qazanır və həmin ildə də "Embawood” şirkətinin İnsan
resursları departamentinin rəhbəri vəzifəsində çalışmağa dəvət olunur.
2016-cı ildə Kanadanın Adler İnternational Learning
İnstitutunun Türkiyə üzrə filialında kouçinq üzrə beynəlxalq sertifikasiyası
proqramını tamamlayır. 2016-cı ildə təsis etdiyi və rebrendinq edilmiş "ALPHA
Coaching & Consulting” şirkəti kouçinq üzrə beynəlxalq sertifikasiyalı təlimlərinin
Azərbaycan, Qazaxıstan və Gürcüstanda təmsilçiliyini qazanır.
Dəfələrlə radio və televiziya proqramlarına dəvət
olunub, müxtəlif forumlarda spiker qismində çıxış edib. Təlim və kouçinq xidməti
verdiyi şirkət və təşkilatlardan Azercell, Bakcell, Azərsun, Nobel Oil, Norm,
Embawood, Unisef, ASAN Xidmət, Səhiyyə Nazirliyi, Pasha Life və s. qeyd etmək
mümkündür. Fidan Əzimlinin təlim auditoriyası 15.000 nəfəri keçib.
- Fidan
xanım, kouçinq nədir və gənclərə nələr verir?
- Kouçinq dəyişiklikdir. Gündəlik həyatını, vərdişlərini,
hədəflərini, insanlara və həyata olan yanaşmasını dəyişmək istəyənlər üçün bir
vasitədir. Kouçinq görüşü - sessiyası zamanı formalaşan etibarlı mühitdə öz üzərində
işləmək, güclü tərəflərini tanımaq və aktiv hərəkətə keçmək üçün imkan
yaradılır. Son zamanlarda gənclərimizin daha da fəallaşdığı müşahidə olunur.
Onlar startaplar, xaricdə təhsil, müstəqil həyat fikirləri ilə dolaşırlar. Bu
dövrdə düzgün seçim etmək çox vacibdir və biz bu işdə onlara köməklik göstəririk.
- Kouçinqdə də insanlarla söhbət aparıb daxili aləmlərini açırsınız. Psixologiya ilə kouçinqin əlaqəsi var demək ki...
- Çox sıx əlaqəsi var. Məsələn, psixiatrlar normalardan
kənarlaşan insanları müalicə etməklə onlara kömək edirlər. Burada əksər
hallarda dərman vasitələrindən də istifadə olunur. Psixoloqlar qeyri-normal vəziyyətə
düşmüş normal insanlara kömək edirlər. Kouçinq isə 3-cü pilləkəndir. Əksər
hallarda ətrafı da, özü də stabildir, lakin insan özü olduğu yerdə dayanmaq istəmir,
irəliləyiş arzulayır. Bəzən insanın keçmişlə bağlı dərin travmaları ola bilər.
Həmin insanlara əvvəl psixoloqa, özünü tam hazır bildikdən sonra isə kouça
müraciət etməyi tövsiyə edirik.
- Gənclərlə
çox işləmisiniz. Azərbaycan gəncliyində nədən narazısınız?
- Gənclərin bəziləri onların qarşısında bütün
yolların açıq olduğunu bilmir. Əfsuslar olsun ki, bu yolda getmək üçün onlar az
güc sərf edirlər. Çalışırlar ki, daha qısa, asan yollarla getsinlər,
araşdırmalar etmirlər, seçdikləri yolun fürsətlərini axtarmırlar. İmkanlarla
dolu cavan yaşlarında nə qədər çox araşdırma edib, öz üzərlərində çalışsalar, o
qədər də tez və itkisiz istədikləri nöqtəyə çatarlar. Bəzi gənclər var ki, tənbəldirlər,
bəziləri də var ki, bir az çalışan kimi özlərini həmin nöqtəyə çatmış hesab
edirlər. Müdrik insan illərlə öyrənir, yenə də dayanmır, daim öz üzərində işləyir.
Azərbaycanda fürsətlər çoxdur, amma gənclərin müəyyən bir qismi istedadları
olsa belə, öz üzərində işləmir və uğur qazana biləcəkləri yanlarını inkişaf
etdirmirlər.
- İşə çox
bağlı insansız, CV-nizdən də görünür ki, bir yerdə dayanmırsız. İş sizin üçün nədir?
- Bekar qala bilmirəm. Daim öz üzərimdə işləməliyəm.
Mən rəqabəti sevən insanam. Digər insanları yox, məhz özümü rəqib kimi götürürəm
və daha çox çalışıram. İş mənim üçün işə gedib gəlmək, pul qazanmaq deyil, daim
öz üzərimdə işləmək imkanıdır. Belə olanda özümə güvənirəm və xoşbəxt oluram.
İşin çoxluğu məni yormur, amma iş az olanda özümü çox yorğun hiss edirəm. Axşam
evdə fikirləşəndə ki, mən bu gün işdə nələrə nail oldum.
- Bəzi kişilər
uğurlu qadından çəkinirlər...
- Məncə, bir xanım əgər qarşısına "mən həyatımda
nailiyyətlər qazanmaq istəyirəm” məqsədini qoyubsa, o zaman həyat yoldaşı
seçiminə diqqətlə yanaşmalıdır. Uğurlarına sevinməyən insanı seçib, sonralar həyat
boyu onu dəyişmək üçün səy göstərən xanımlar az deyil. Azərbaycanda çox güclü
xanımları tanıyıram və əksər hallarda arxalarında dayanan kişilər də zəif
insanlar deyil. Güclü insan yanında güclü birinin olmağından qorxmaz. Ailəmizdə
daim bir-birimizə dəstək olmuşuq. Bilirik ki, problem olsa, ilk yardımı etibar
etdiyimiz ailədən ala bilərik. Güclü həyat yoldaşının olması özünü təkmilləşdirilmə
üçün geniş imkanlar yaradır.
- Uğurlu
kişinin arxasında uğurlu qadın dayanır deyirlər. Bəs sizcə uğurlu qadının
arxasında kim dayanır?
- Uğurlu qadının arxasında böyük həyat dayanır. Bu,
uşaqlıq dövründən formalaşmış davranış tərzindən və gələcəkdə öz üzərində işləməkdən
ibarətdir. Ailədə uşaqları hansı mesajlarla böyütməyimiz çox vacibdir. Kiçik
yaşlarından valideynlər uşaqlara qanad da verə bilərlər, onları böyük problemlərlə
də yükləyə bilərlər. Lakin hər iki variantda uğurlu qadına çevrilmək üçün daim
öz üzərində çalışmaq, olduğu yerdə maksimal nailiyyətlər qazanmaq və həyatdan həzz
almaq üçün əlindən gələni etmək lazımdır. Uğurlu qadın təkcə iş qadını deyil, həm
də evində çalışan xanımdır. Öz üzərində çalışan qadın işində də seçiləcək,
evində də daim öz həyat yoldaşına maraqlı olacaq.
- Karyera
vurğunu olan insanlar ailə qurmaqdan qorxurlar. Uğurlu karyerada ailə nə dərəcədə
rol oynayır?
- Dünyanın ən uğurlu insanlarının həyat hekayələrinə
baxsaq görərik ki, əksəriyyəti ailəlidir. Dünya miqyasında iş adamları işləri
ilə bərabər gözəl ailə sahibi də olublar. Uğurlu karyera və uğurlu ailəni bir
yerdə aparmaq mümkündür. Sadəcə, düzgün planlaşdırmaq lazımdır. Məsələn, iş
yerində işə, evdə evinizə diqqət etməlisiniz. İşi evə aparmaq olmaz. Həmçinin, işdə
evi bir kənara qoymaq lazımdır. O balansı saxlamaqla insanlar daim uğurlu ola
bilər. Mən həmişə fikirləşmişəm ki, əgər işdə ailəmlə danışıramsa, deməli, iş
vaxtımdan oğurlayıram. İş və evi ayırmaq çox vacibdir. Bu balansı saxlaya
bilirsinizsə, karyerada istədiyiniz kimi inkişaf edə bilərsiniz.
- Uğurlu
karyerada qadın olmağın üstünlükləri və əskikləri nədir?
- Avropa ölkələrində bu, elə də çətin məsələ deyil. Amma Azərbaycanda problemli məsələlər
var. Amerikadakı qadın həyat yoldaşına "sən yeməyi qarışdır, mən işimi görüm”
deyə bilər. Amma Azərbaycanda bu düzgün qarşılanmır. Azərbaycan qadınının həyatda
daha çox funksiyası var, nəinki amerikalı qadının. Həm ev qadını funksiyasını
uğurla yerinə yetirmək, həm də işdə uğur qazanmaq asan deyil. Bəzən liderlik
xüsusiyyətlərinə malik olan qadınlar artıq "mənə kişi lazım deyil, özüm kişi
kimiyəm” sözləri ilə fəxr edirlər. Məncə, qadınlar məhz qadına xas liderliyi
özlərində daşıya bilərlər. Lider olmaq üçün kişi kimi olmaq şərt deyil. İşgüzar
qadının içində də qadınlığı daşımaq çox gözəldir və bu, dolğun həyatı yaşamaq
üçün kömək edir.
- Uğursuzluqla
qarşılaşanda nədən motivasiya alırsınız?
- İşim alınmayanda deyirəm ki, "Fidan, sən
bacaracaqsan”. Düşdüyün yerdən özünü dartıb çıxarmağı bacarmalısan. Əgər
yıxılmısansa, qalxıb yeni addımı atmalısan. Bəzən çox böyük hekayə ilk balaca
bir addımla başlayır. Məşhur rejissor Tarantino deyirdi ki, yeni bir ssenariyə
başlayanda mənim üçün ən çətini mağazaya gedib, bloknot almaqdır. O addımı mütləq
atmaq lazımdır. Sonra görəcəksiz ki, həqiqətən də alınır.
- Uğura gedən
yol düzdür, yoxsa kələ-kötürlü?
- Uğur yolu asan deyil. Əgər bu yola baş
vurmusunuzsa, yıxılmağı da, axsamağı da, çətinliyi də gözə almalısız. Uğur yolları
əksər hallarda yeni, çətin, bilmədiyimiz, bəzən də bizi qorxudan yollardır.
Uğur olduğun komfort zonasına "yox” deyib, yeni yola başlamağı bacarmaqdır.
Böyük nailiyyətlər çətinliklərdən sonra gəlir. Hər bir uğurun arxasında öz üzərində
işləmək durur. Uğur həmişə nəyinsə arxasında gizlənir. Siz işlədikcə o üzə
çıxır. Mən görməmişəm ki, insan ürəkdən istəsin, çalışsın və qapı açılmasın.
Çox istəkli olsan, öz üzərində düzgün çalışsan, mütləq hədəfə çatacaqsan.
- Gələcək planlarınız nədir?
- Biz ALPHA şirkəti kimi kouçinq məktəbini Azərbaycana
gətirdik. Eyni zamanda, həmin məktəbin Gürcüstanda və Qazaxıstanda yeganə təmsilçiliyini
də aldıq. İndiki zamanda 2 böyük layihəni həyata keçirdirik: ALPHA Lider
proqramı və işgüzar xanımlar üçün ALPHA Woman proqramı. Hədəfimiz odur ki, Azərbaycanda
o qədər güclü kadrlar yetişdirək ki, onlar xaricə gedib təlimlər aparsınlar. Bu,
çətin deyil. Bizim çox ağıllı insanlarımız var. Sadəcə, o brilyantları toplamaq
lazımdır. Bəzən görürük ki, insan çox ağıllıdır, nailiyyətlər qazana bilər, amma
bir az təkana ehtiyac duyur. Azərbaycan gəncini brilyant səviyyəsinə çatdırmaq
üçün əlimizdən gələni edəcəyik.
Aygün ƏZİZ