“Özümü həmişə hamıdan inadkar saymışam” - Uğur hekayəsi
Bizneslə məşğul olmağı sevir. Hətta o qədər sevir ki, gəlirdən çox
gördüyü işdən zövq aldığını deyir. Bu bir az inandırıcı gəlmir? Deyir ki, onun
bu yanaşmasına sadəcə iki dostu inanır, çünki onu daha yaxından tanıyırlar.
Müsahibimiz MUSK, "Boba” kimi şirkətlərinin
qurucusu, beynəlxalq treydinqlə məşğul olan Bəhruz Babayevdir.
- Bəhruz bəy, biznesə nə vaxtdan
başlamısınız?
- Belə uşaq yaşlarımdan da demək olar. Çünki uşaq vaxtı oyuncaqlarımı
məhlədəki uşaqlara kirayə verirdim (Gülür). Amma öz işimi qurmağa gəlincə, 3-cü
kursdan artıq başladım. Maliyyə-kredit üzrə təhsil alırdım, 3-cü kursdan sonra
liseydən bir sinif yoldaşımla reklam və dizayn işi görən şirkət qurduq. Düzdür,
işi qurandan sonra dərsə çox da vaxt ayıra bilmədim, amma bunun üçün peşman
olduğumu da deməzdim.
- Demək ki, müsbət tərəfləri çox
olub...
- O vaxtın təcrübəsi mənə çox şey qazandırıb. İş dünyasında bir növ
uşaq kimi olursan, utanmırsan, çəkinmirsən, "bu adama 5 dəfə zəng vurdum cavab
vermədi, bir də niyə yığım?” – demirsən. Bir
adama 15 dəfə də zəng vururdum, çəkinmirdim. Hətta o illərdən yadımdan
çıxmayan bir məqam da var. Deməli, bir mətbəəyə getmişdim, mətbəənin müdiri
ofisdə tək idi, mənə su təklif etdi, içdim, dedim birini də verə bilərsiniz?
Gedib bir stəkan da gətirdi. Sonra bir dəfə də istədim, kefini pozmadan yenə gətirdi.
Düzdür, onunla səmimiyyətimiz var idi, amma yaşca böyük idi və mən suyun yerini
öyrənib özüm də götürə bilərdim. Həmin adamın hörməti, mənim "üzsüzlüyüm”ə xoş
münasibəti yadımdan çıxmır. Yəni demək istədiyim odur ki, elə yaşda idim ki,
eqo yox idi, istənilən işi görürdüm. O vaxt əldə etdiyim təcrübə mənə çox kömək
oldu, o vaxt qazandığım əlaqələrin bir çoxu indiyə kimi davam edir.
- İndi iş qurmaq üçün onlayn
üsullar çoxdur. Amma əvvəllər iş quranda ofis götürməliydin. Ofisiniz var idi?
- Bəli, ofis kirayəsinə 500 manat verirdik. O vaxt böyük pul idi.
Hamı şoka düşürdü ki, tələbə adamlarsız, heç bir əlaqəniz yoxdur, sıfırdan
başlamısınız, ofisə 500 manat pul verməklə risk edirsiniz.
- 500 manat ofisə verirmisinizsə,
deməli, qazanc yaxşı olub. Belə məbləğlə danışsaq, nə qədər qazanırdınız ki?
- Kirayə xərcini və işçilərin pulunu çıxarırdıq (Gülür). Düzü, heç
vaxt qazanc haqqında fikirləşməmişəm, çünki pul həvəskarı deyiləm. Məsələn,
Leonardo da Vinçi hansısa rəsmi sevdiyi üçün çəkir. Kimsə həmin əsərə bir
milyon verib alırsa, bu, müəllifin günahı deyil. Mən də biznesi sevirəm. Deməli,
2 il bundan əvvəl Braziliyadan Kosta-Rikaya mərmər satdıq. Bir-birinə yaxın ölkədirlər, amma
biz Azərbaycandan durub Braziliyadan Kosta-Rikaya mərmər satmışıq. Satışı
etdik, Braziliyada bir dostumun tanışına dedim ki, ödənişi sənin hesabına
köçürsünlər, sonra bizə verərsən. Elə oldu ki, həmin tanışın pulu hesabından çəkib
bizə göndərməyi yubandı. Tanışlar deyirdilər ki, pulun batdı. Deyirdim ki, əsas
həzzi Braziliyadan Kosta-Rikaya məhsul satmaqdan aldım. Pulu qaytarmasa da,
olar. Bu sözümə iki dostum inanır, başqalarını inandırmaq bir az çətindir. Pul
heç vaxt mənə maraqlı olmayıb.
- Həmin adam pulunuzu qaytardı?
- Bəli (Gülür).
- Əslində, iş qurmağı çox adam istəyə
bilər, amma hər kəs də başlamağa risk etmir. Başlamaq üçün adam özündə o gücü
hiss etməlidir?
- Heç vaxt özümü savadlı saymamışam. Çünki ətrafımda elə dostlarım
var ki, dünyada ən məşhur təhsil ocaqlarında oxuyublar. Bununla bağlı
kompleksim də yoxdur. Bir şeyi bilmirəmsə, rahatlıqla etiraf edirəm. Ancaq özümü həmişə hamıdan inadkar saymışam.
Bir şeyi ağlıma qoymuşamsa, mütləq edirəm. İnadcıllığım mənə çox şey verib.
Bir dostum var, onun atası Naxçıvanda sıfırdan çox yaxşı biznes
qurubmuş. Amma sonra o biznesləri tamam bağlanıb, sıfır yox, bir növ mənfidən
Bakıda yenidən iş qurmalı olublar. Bakıda kirayədə qalırmışlar. Bir müddət
sonra onlar Bakıda da yaxşı yerə gəlib çıxıblar. Onun bu yerlərə gəlməsinin səbəbi
nədir? Dostumun atası çox inadkar adamdır, deyir ki, qışda evlərinin üstünü qar
basıbmış, dama çıxıb qarları təmizləyib yerə töküb. Anası əsəbiləşdirib və o
yerə tökdüyü qarın hamısını təzədən aparıb damın üstünə yığıb. Onun müəyyən bir
yerlərə gəlib çıxması da inadcıllığının sayəsində olub.
TEDx-də bir seminar var, orda qeyd olunur ki, insanların müvəffəqiyyətli
olmasının səbəbini 100 il ərzində araşdırıblar. Birinci faktor inadkarlıq olub.
Qısacası, yıxıldınsa, durmalısan.
- Lisey mühitinin şagirdlərə başqa
keyfiyyətlər aşıladığı da deyilir. Bu inadkarlığı orda qazanmısınız, yoxsa hələ
uşaqlıqdan var idi?
- İnadkarlıq məndə uşaqlıqdan olub, amma utancaq idim. Utancaqlıq
lisey vaxtı yox oldu. İnsanlarla ünsiyyət qurduqca, oxuduqca deyirsən ki, niyə
utanım ki?
- Utancaqlığın getməsinə hər hansı
misal gətirə bilərsiniz?
- (Gülür) Bir dəfə evə getməliydim, maşında yanacaq bitirdi, cibimdə
də 30 qəpik pul var idi. Yanacaqdoldurma məntəqəsində dedim ki, 30 qəpiklik
benzin vursun. Üzümə baxıb dedi ki, gözlə bir dəqiqə soruşum. Başa düşdüm ki, məndən
başqa indiyə qədər heç kim 30 qəpiklik benzin tökməyib. Nəysə tökdü, evə
getdim. Evdə pulum var idi, üstümdə yox idi və mən o pulla benzin tökməkdən utanmadım.
- İnsanlar adətən bir sahədə
biznes qururlar, bir xeyli də o istiqamətdə davam edirlər. Sizdə isə fərqli sahələrdir.
- Universitet vaxtı reklam və dizayn sahəsində iş qurmuşduq, sonra əsas
məşğul olduğum və sevdiyim iş beynəlxalq ticarət olub. Beynəlxalq alver də demək
olar (Gülür). Fərqli ölkələrdə müştərilərimiz var. Daha çox internetdən
rahatlıqla tapıla bilinməyən məhsulları satırıq. Məsələn, bir müştərimiz bizdən
həsir xammalı istəyirdi. Onu internetdə 4-5-ci əlini tapa bilərsiniz. Çünki bamboonun
vətəni İndoneziya, Vyetnamdır, heç kim ordan birbaşa məhsul almaq istəmir.
Çünki risklidir, ödədiyin pulun qarşılığında çox keyfiyyətsiz məhsul gələ, hətta
ümumiyyətlə, gəlməyə, pulunuz bata bilər. Biz gedib həmin ölkəni gəzib keyfiyyətli
malı tapıb satışını aparırıq.
- Çinə toyuq ayağı, Fransaya
qurbağa budu ixrac etmək də sizin işlərdəndir. Bu sahələri nəyə əsasən
seçmişdiniz?
- Araşdırmağı sevirəm. Bəzən səhərə
qədər ofisdə qalıb biznes araşdırması aparmışam. Sevdiyim işi görürəm deyə
yorulmuram. Universitetdən sonra bankda işləyirdim, bir Allah bilirdi ki, necə əziyyətlə
işə gedirdim. Çünki sevdiyim iş deyildi. Qurbağa budunu bir vloqdan oxumuşdum,
sonra araşdırdım və məşğul olduq. Elə işlər olur ki, 6 ay araşdırıb o sahəyə
giririk. Eləsi olur ki, 6 ay araşdırandan sonra qərara gəlmişik ki, bu, uğurlu
olmayacaq. Araşdırmaqla yanaşı, həm də gəzirəm. Bir ölkəyə gedəndə mütləq
marketlərinə baxıram, nəyin daha çox satıldığına, nə olub-olmadığına fikir
verirəm.
- Bankda nə qədər müddət işlədiniz?
Yəni nə qədər işçi olmusunuz?
- Bankda 3 il işlədim. Amma orda işə başladığım ikinci il artıq öz
şirkətimi qurmuşdum, zavodlara xammal verirdim. Hətta işlədiyim filialın müdiri
mənə dedi ki, bankı ofisin kimi işlədirsən. Bəzən hesaba 10 min pul gəlirdi, o
pulu almaq üçün də müdir qol çəkməliydi. Yəni işlərimdən xəbərləri olurdu
(Gülür). Müdirimiz məni başa düşürdü, iş görüşüm olanda, icazə alırdım problem
etmirdi. Və Elvin adlı bir iş yoldaşım var idi, onun həmin müddətdə mənə köməyi
lap çox dəyib. Biz ikimiz bankda kassada işləyirdik. Elə vaxt olurdu ki, gecə
4-5-ə qədər evdə öz şirkətimin işlərini görürdüm, 5-də yatıb səhər 8-də banka
gedirdim. Yuxulu olurdum, pulların saxladığı yerə girib bir-iki saat yuxumu
alırdım. İş yoldaşım məni həmin vaxt yola verirdi, işlərimi də görürdü.
- İndi öz işçiləriniz var. Kiminsə
işdə yatdığını bilsəniz, reaksiyanız necə olar?
- Düzü, o vaxt işdə yatmağımdan müdirin xəbəri olmurdu. Çünki pullar
saxlanan otaqda kamera yox idi. Mənə gəlincə, pis reaksiya vermərəm. Birincisi,
özüm də yatmışam (Gülür). İkincisi, yatıbsa, deməli, nə isə səbəbi var, bir
problemi olub-olmadığını öyrənərəm. Üçüncüsü, bildiyim qədərilə "Google”,
"Samsung” kimi böyük şirkətlər işçilərinə gün ərzində işdə bir saat yatmağa
icazə verir. Çünki bu zaman beyin, qan dövranı daha yaxşı işləyir. İşçilər çox
önəmlidir. 50 min qazansam, işçimə 3000
maaş verərəm. Çünki mənə pulu qazandıran onlardır.
- İndi hansı işlərlə məşğulsunuz?
- Dediyim kimi, treydinq işidir, zavodlara xammal veririk. Bunun adı
"Boba”dır. Mən şüvəlanlıyam, orda babaya
boba deyilir. Mənim soyadım da Babayevdır. Liseydə mənim boba deməyimə həmişə
gülürdülər. Məktəbdə iki Bəhruz var idi deyə, məni soyadla çağırırdılar. Elə
ordan Boba dedilər. Bəhram oğlu Bəhruz Babayev də elə "Boba”ya uyğun gəlir. Ona
görə adını belə qoydum.
Gürcüstanda bir yanğınsöndürmə işində investoram. Sevmədiyim bir iş də
var, amma çox yaxşı davam edir. Azərbaycan, Gürcüstan və İndoneziyada biz bu
işi görürük, sonra mən orda şəriklikdən çıxdım. Otellərə, mağazalara qoxu
aparatı quraşdırırıq, havalandırma sisteminə qoyursan, böyük bir müəssisəni
qoxulandırır. Məsələn, bütün mağazadan kofe qoxusu, bişmiş kruasan və s. iy gələ
bilər. İstənilən qoxunu ala bilirik. Qoxu işini görən şirkətin adı MUSK-dır.
Müşk və ənbər qoxusunun ingiliscə adıdır.
- İndiki iş rejiminiz necədir? Əvvəllər
daha çox işlədiyinizi dediniz?
- Gündə 3 saat yatıram, çox oxumağa çalışıram. Bəzi hədəflərim var,
ona görə oxumalıyam. Oxuyanda insanın müqayisə etmək bacarığı yaxşı olur. Səhərlər
idmana da vaxt ayırıram, sonra işə gedirəm. Günortalar nahar etmirəm, həmin bir
saatı yatıram. 2-3 ildir ki nahar etmirəm. Eşidənlər "öləcəksən” deyirlər, amma
mən bunun xeyrini bilirəm.
- 3 saat yatmaq gün ərzində
yuxusuz olmağınıza səbəb olmur?
- İnsanların yuxu tsiklı 90 dəqiqə - 90 dəqiqə bölünür. Üç 90 dəqiqən
270 dəqiqə edir. Siz 240 dəqiqə yatın, mən 90 dəqiqə. Mən sizdən daha gümrah
olacam. Çünki siz yuxu tsiklını başa vurmamısınız. 270 dəq yatsanız, bu, artıq
normal olacaq. Mən bunları kor-koranə yox, oxuyub araşdırıb tətbiq edirəm.
Günorta bir saat yatıram, günortanın bir saatlıq yuxusu gecənin 2 saatına bərabərdir.
- İşə, araşdırmalara çox vaxt sərf
edən biri ailəyə vaxt ayıra bilir?
- Şənbə-bazar günü işləmirəm, işlə bağlı görüşə çağıran olanda getmirəm.
Amma həmin günlər də 3-də oyanıram. Bir kitabda oxumuşdum ki, ailəyə daha çox səhərlər
vaxt ayırmaq lazımdır. Səhər yeməyində bir oluruq, harasa yeməyə, gəzməyə
gedirik. Ailəyə yetərli qədər vaxt ayırdığımı düşünürəm. İş səfərlərinə gedəndə
həyat yoldaşımı da özümlə aparıram, bəzi iş görüşlərinə də mənimlə gedir, deyirəm
təcrübə yığsın.
- İki oğlunuz var. Özünüzdə olan
inadkarlığı onlarda görürsünüz?
- Yoldaşım da inadkardır, ona görə uşaqların ikisində də bu, var.
- İki inadkarın bir evdə yola getməsi
çətin olmur? Yəni biri od olanda, o biri su olsun kimi...
- Bir gün bir nəfər xanımının yanına əlində bir qab yeməklə gəlir.
Deyir ki, bunu bir xanım bişirib bizə verib. Adam da yoldaşına çox güvənir, necə
insan olduğunu bilir. Amma xanımı qısqanc olur, uşaqların yanında əsəbiləşir
qabı yerə atır, yemək dağılır. Bizim mentalitetlə yanaşsaq, kişi arvadı
vurardı, amma o, əyilib övladlarının yanında yerdən yeməyi qaba yığır və deyir
ki, yenə ananızın cinləri üzərindədir. Bu misal evlilik həyatında mənə dərs
olub. Xanım od olanda, mən su ola bilirəm. Yeri gələndə də yoldaşım su olur. Demək
istədiyim odur ki, kişi olaraq belə şeyləri problem etmirəm.
- Ənənəvi sualımız: uğurun sirri nədir?
- Birincisi inadkarlıq. İkincisi, qarşıma yaxşı insanlar çıxıb. Belə
bir ifadə var, sürətli getmək istəyirsənsə, tək get. Uzaq məsafəyə getmək istəyirsənsə,
birlikdə get. Ətrafımda həmişə yaxşı insanlar olub.
Aygün Asimqızı