• cümə, 29 Mart, 18:22
  • Baku Bakı 14°C

Zülfiyyə Veysova: Azərbaycanda təhsilə dövlət qayğısı yüksək səviyyədədir

25.02.20 11:30 753
Zülfiyyə Veysova: Azərbaycanda təhsilə dövlət qayğısı yüksək səviyyədədir
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, elm və təhsilə göstərilən dövlət qayğısı da ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat ilk növbədə Azərbaycan təhsilinin uğurlu gələcəyinə istiqamətlənib.
Bu fikriAZƏRTAC-a müsahibəsində Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova söyləyib. O bildirib ki, bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə bütün sahələrdə aparılan səmərəli islahatlar, müasir tələblərə cavab verən infrastrukturun qurulması göz qabağındadır. Artıq dövlətimiz dünyada öz sözünü təsdiqləyən, rəqabətədavamlı daxili və xarici siyasəti həyata keçirən, sürətli iqtisadi yüksəlişə imza atan müstəqil ölkə kimi yerini tutub. Təbii ki, bütün bunlar təhsil sistemimizin keyfiyyətcə inkişafı olmadan mümkün deyil. Danılmaz faktdır ki, sosial, iqtisadi və digər sahələrdə əldə edilən uğurlar keyfiyyətli kadr potensialından birbaşa asılıdır. Kadrların ölkədə yetişdirilməsi və dünya standartlarına müvafiq olaraq inkişaf etdirilməsi təhsil sistemimizin inkişaf tendensiyalarının bariz nümunəsidir.
Z.Veysova qeyd edib ki, dövlətimizin təhsilə, məktəbə, müəllimə yönəldilmiş qayğısı təhsil sistemimizin inkişafı və bununla yanaşı, gənc kadr potensialının keyfiyyətcə yüksəldilməsi, yeni yanaşmalarla, müasir həyat prinsipləri ilə yetişdirilən nəslin formalaşdırılması üçün güclü zəmin yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə böyük diqqəti və qayğısı nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Ölkə rəhbərinin təhsilə göstərdiyi dəstək onu sübut edir ki, təhsilimizin inkişafı son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib: "Əlbəttə, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir”.
Çox sevindirici haldır ki, respublikamızda heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Həmçinin məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş kompüter sinifləri yaradılıb.
Direktor xüsusi vurğulayıb ki, rəhbərlik etdiyi təhsil müəssisəsi dövlətimizin xüsusi qayğısı və dəstəyindən kənarda qalmayıb. Təqdirəlayiq haldır ki, Bakı Avropa Liseyində gənclərimizin yüksəkkeyfiyyətli elm, bilik almaq, hər bir sahə üzrə uğurlu addımlar atması üçün hər cür şərait yaradılıb. Şagirdlərimizin bir çox beynəlxalq layihələrdə fəal iştirak edərək qalib adı qazanmaları, məzunlarımızın ölkədaxili və dövlətimizin hüdudlarından kənarda dünyanın ən nüfuzlu ali təhsil ocaqlarına qəbul olub respublikamızı layiqincə təmsil etmələri ölkə rəhbərliyinin təhsilimizə göstərdiyi dəstəyi olmadan mümkünsüz idi.
"Qabaqcıl təhsil müəssisəsi kimi pedaqoji kollektivimiz təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatların vacibliyini və məsuliyyətini dərk edir. Müasir Azərbaycan təhsilinin zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etdirilməsi zəruriliyini daim öz vəzifə və mənəvi borcu hesab edərək bu istiqamətdə hər zaman kömək etməyə hazırdır. Ölkə rəhbərliyi tərəfindən təhsil sistemimizin inkişafı üçün yaradılan şərait təhsil işçilərimizi ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Belə bir qarşılıqlı əməkdaşlıq bir daha əmin olmağa əsas verir ki, Azərbaycanın daha parlaq gələcəyi olacaq və gənc nəsil dövlətimizi dünya səviyyəsində layiqincə təmsil etməyə qadirdir”, - deyə Z.Veysova bildirib.
banner

Oxşar Xəbərlər