Özü cavanlaşır, gəncləri isə yaşlıya bənzədir - ARAŞDIRMA
Xroniki
yorğunluq, stress, gərginliklə bağlı diqqətimizdə yaranan problemlər yaddaş
pozğunluğuna səbəb ola bilir. Müxtəlif xəstəliklər, bəzi virus infeksiyaları,
qidalarımızın vitaminləşdirilmiş və balanslaşdırılmış olmaması da problem
yaradır.
"Son vaxtlar
yaddaşım çox zəifləyib. Əvvəl nəyisə harasa qoyduğumu unudurdum, düşünürdüm ki,
normaldır. Ancaq son dövrlər vacib görüşləri belə unutduğum olur” - bu sözləri
bizimlə söhbətində 25 yaşlı Arif dedi.
34 yaşlı
Nigar da yaddaş problemindən əziyyət çəkdiyini bildirir: "Son 4-5 ilə qədər
yaddaşım çox güclü idi, bir çox adamın telefon nömrəsi belə əzbər yadımda
qalırdı. Ancaq son illər çox yaddaşsız olmuşam. Çox şeyi unuduram. Qeyd etməsəm,
tez bir zamanda yadımdan çıxıb gedir. Bəzən ətrafdakılar buna inanmır, amma həqiqətən
unuduram”.
Nə yaşınız var ki...
Gənclər yaddaşsızlıqdan şikayətlənəndə yaşlılar çox
vaxt "sizin nə yaşınız var ki” deyirlər. Ancaq Arif və Nigar kimi yaddaşının zəifliyindən
şikayətlənən gənclərin sayı çoxdur. Əvvəllər yaddaş zəifliyi, vacib nələrisə
unutmağı yaşlı adamlarda müşahidə edirdiksə, indi problemin gəncləşdiyi göz
önündədir. Bəs xəstəliyin cavanlaşmasının səbəbi nədir? Necə edək ki, həm
yaddaşımızı qoruyaq, həm də itən yaddaşımızı geri qaytaraq?
Yaddaşsızlığın səbəbi
Nevropatoloq Rima İbadova deyir ki, əvvəllər yaddaşsızlığa daha çox 60-65
yaş üstü insanlarda rast gəlinirdisə, indi 35-40 yaşdan etibarən insanlar bu
problemlə üzləşirlər: "Bəli, yaddaşsızlıq gəncləşib. Xroniki yorğunluq, stress,
gərginliklə bağlı diqqətimizdə yaranan problemlər yaddaş pozğunluğuna səbəb ola
bilir. Müxtəlif xəstəliklər, bəzi virus infeksiyaları, qidalarımızın vitaminləşdirilmiş
və balanslaşdırılmış olmaması da problem yaradır. Xüsusən, texnologiyanın
inkişaf etməsi, işimizin monitor qarşısında olması, gün ərzində internetdə çox
vaxt keçirməyimiz, yuxu rejimimizin normal olmaması da yaddaşsızlığa gətirib
çıxara bilər”.
Dərmanla müalicə etmək
Yaddaş problemi yaşayan adamlara "filan dərmanı iç,
yaddaşın düzəlsin” məsləhətini verənlər çox olur. R.İbadova bildirdi ki,
problemin səbəbi bilinmədən hər hansı dərman qəbul etmək olmaz: "Dərman içmək
üçün, birinci, yaddaşsızlığın nədən qaynaqlandığını bilməliyik. Uzunmüddətli
yaddaş problemi varsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki həkim tərəfindən
xəstə müayinə edilir, yaddaşın nə qədər zəiflədiyi, problemin səbəbi müəyyənləşdirilir.
Lazım olduğu halda müalicə tətbiq edilir. Yaşlı insanlarda rast gəldiyimiz
alzaymer-demensiya xəstəliyi, vitamin və ya biotin çatışmazlığına bağlı olan
yaddaş problemləri varsa, onlara uyğun dərmanlar təyin edərək xəstəliyin inkişafının
qarşısını almış olarıq. Qan azlığına bağlı yaddaşsızlıq olarsa, dəmir preparatlarının
qəbulu məsləhət görülür. Xroniki əzginlik, yorğunluq və ya depressiyaya bağlı
problem varsa, bu zaman antidepressant preparatlar yaddaşımızı yaxşılaşdıra bilər.
Davamlı yuxusuzluq, tiroid vəzi xəstəliklərində problemləri düzəldərək
yaddaşsızlığı da həll etmiş olarıq”.
Yaddaşı qorumaq və bərpa etmək
Nevropatoloqun sözlərinə görə, yaddaşı qorumaq və bərpa
etmək üçün tez hərəkətə keçmək lazımdır: "Yaddaşımızın pozulmasının qarşısını
almaq üçün ilk növbədə onu qorumağımız lazımdır. Problem gəncləşdiyinə görə tədbirimizi
də tez görməliyik. Monitor qarşısında keçirdiyimiz zamanı nizamlamalı, iş və
istirahət rejimimizi balanslaşdırmalı, stressdən, gərginlikdən kənar
durmalıyıq. Yaddaşımızı qorumaq üçün davamlı olaraq beynimizi inkişaf etdirməyimiz
vacibdir. Dil öyrənmək, şeir əzbərləmək, krossvordlar, riyazi məsələlər həll
etmək ən sadə məşqlərdəndir. Balanslaşdırılmış və sağlam qidanın yeyilməsi
lazımdır. İdman ilə məşğul olmaq qan dövranımızı yaxşılaşdırır. Gün ərzində
piyada gəzinti, yuxumuzun normal olması və s. yaddaşımızı bərpa etmək və
qorumaq üçün təbii yollardandır”.
Demensiyanın yaddaşsızlıqdan fərqi
Nevropatoloq Zərifə Hacıbəyli deyir ki, gənclərlə yaşlıların yaddaş problemlərinin
səbəbi eyni deyil: "Yaşlılarda problem yaşla əlaqədar idi və qan dövranının
pozulmasına gətirib çıxarırdı. Məsələn, təzyiq, şəkər xəstəsi və s. illər
keçdikcə yaddaş azlığı ilə rastlaşa bilər. Yaşlılarda olan yaddaş azlığı beyin
toxumasının zədələnməsi ilə əlaqədardır və demensiya adlanır. Demensiya xəstəliyi
yaşlı adamlarda görünür. Yaddaş problemi olan şəxsin beynində hər hansı dəyişiklik
varsa, bu demensiyadır. Əgər yoxdursa, gənclərin rastlaşdığı yaddaş zəifliyidir.
Gənclər əvvəllər idmanla məşğul olurdular, sağlam qidalanırdılar, stress,
depressiya, informasiya az idi deyə, yaddaş problemi yaşamırdılar”.
Ən tənbəl
orqan
Zərifə
Hacıbəyli bildirir ki, beynimizi məşq etdirmədikdə, yaddaş ilə bağlı problemlər
meydana gəlir: "Yaddaş azlığı nevroloji və ya neyropsixi səbəblərdən irəli gələ
bilər. Baş beyin ən tənbəl orqanlardan biridir və onu məşq etdirməsək, yaddaş
problemimiz yaranır. Yaddaşımızı necə gücləndirək? Fərqli oyunlar oynayın,
kitabları səsli oxuyun, audiokitablar dinləyin, yeni yerlərə gedin, hərəkətləri
gözüyumulu etməyə çalışın, yeni yeməklər sınayın, geyiminizi və rənglərinizi dəyişin,
yuxu rejiminizə diqqət edin”.
Zərif
Salmanlı