Ziyarətgahdakı sirli zəncir - Reportaj - Fotolar

11 ayın sultanı olan
Ramazan ayını yaşayırıq. Dini bayramlarımız içərisində Ramazan bayramı mühüm
yer tutur. İslamdailin ayları arasında Ramazan ayı ən şəfqətli və
müqəddəs ay hesab edilir. Bu ayın gecələrinin birində müqəddəs kitabımız olan
Qurani Kərim nazil olub.
Təmirdən yeni çıxmış
ziyarətgah
Danılmaz faktdır ki, bu
ayda məscidləri, müqəddəs yerləri ziyarət edənlərin sayı çox olur. Biz də bu
müqəddəs ayda rəvayətə görə, dörd dəfə ölüb-dirilən Cərcis peyğəmbərin qəbrini
ziyarətə getdik. Beyləqan şəhərinin 4 km. şimal-şərqində yerləşən piri ölkənin
dörd bir tərəfindən ziyarətə gəlirlər. Ziyarətgahın yerləşdiyi binanın içərisi
bəzəkli memarlıq inciləri ilə təmir olunub. Binanın çöl hissəsində təmir işləri
yekunlaşmaq üzrədir. Təkcə kümbəzin yenidən restavrasiya işləri qalıb. Təmir prosesi
elə şəkildə aparılır ki, bu oranı ziyarət edənlər üçün heç bir maneçilik
yaratmır.

Ramazan ayında peyğəmbərin
qəbrini ziyarət edənlərin çoxluğunun şahidi olduq. Azərbaycanın müxtəlif
bölgələrindən insanlar bura gəlirlər. Gələnlərin kimisi qurbanlıq heyvan kəsir,
kimisi nəzir verir, kimisi orada niyyət tutur, qurban deyir... Ziyarətgahın
ətrafında qəbiristanlıq, daş sexi var. Həmçinin ərazidə dükan, qəssab və kabab
bişirənlər fəaliyyət göstərir. Qurbanlıq heyvan da satılır.
Uşaqlıdan bu peyğəmbər
haqqında müxtəlif fərziyyələr, deyimlər eşitmişəm. Zaman-zaman dünyaya çıxış
vasitəsi olan internet üzərindən özüm də Cərcis peyğəmbərin həyatı və fəaliyyəti
haqqında məlumatlar əldə etmişəm. Ancaq eşitmək başqa, canlı şəkildə görmək isə
tamam başqadır. Buraya gələn insanların söhbətindən və etdikləri dualardan,
şahidi olduğum nüanslardan anladım ki, burada əsas məsələ inancdır. İnsanlar
buraya inanaraq, qəlbən sevərək gəlirlər. Onlar buraya gəldikdən sonra
dünyasını dəyişənlərin ruhlarının dinclik tapdığına, niyyətlərinin həmin an
həyata keçəcəyinə inanırlar. Onlar məhz beləcə rahatlıq tapırlar. Buraya gələn
ziyarətçilərin bu peyğəmbər haqqında düşüncələri fərqlidir. Belə ki, kimisi
binanın 3 dəfə başına fırlanır, divarları öpə-öpə qəbri dövrə vurur, kimisi də
divardan öpməyi natəmizlik hesab edərək istəklərini sadəcə olaraq ürəklərində Allahdan
istəməyə üstünlük verirlər.

Peyğəmbərim simvolu olan
Zəncirin hekayəsi
"Zəncirli pir”, "Sarı peyğəmbər”
kimi də adlandırılan bu ziyarətgahı fərqləndirən əsas detal oradakı qəzəbli
ilan kimi qıvrılan müəmmalı zəncirdir. Zəncir düz mərkəzdən, kümbəzin
ortasından sallanır. İnsanlar zəncirin ucundakı ilgəyə yaylıq atır. İnanca
görə, zəncir qıvrılıb yaylığı yerə atmırsa, demək tutduğun dilək həyata
keçəcək...
Ziyarətgahın xuddamı Hacı
Mirsəməd ağa ilə söhbətimiz zamanı bu zəncir barədə müxtəlif fərziyyələrin olduğunu öyrəndik. Belə ki, kimisi
onun hava axınına görə, fiziki qanunauyğunluğa görə hərəkət etdiyini, kimisi də
yaylığın ağırlığının onu hərəkətə gətirdiyini iddia edir. Hacı Mirsəməd ağa
ziyarətgaha üz tutan ziyarətçilərə peyğəmbərin həyatı haqda danışmağı özünə
borc bilir: "Cərcis miladi təqvimi ilə 315-392-ci illərdə yaşayıb. Bütün peyğəmbərlər
kimi o da bizə göndərilib. Tarixi mənbələrdə onun doğum yeri Fələstin göstərilir.
Onun əsil adı Cərcis bin Anaq olub. 315-ci ildə Mosulda tacir ailəsində anadan
olub və atasının yolunu davam etdirib. Tarixi İpək Yolu ilə qədim Beyləqan
torpağından keçərək Dağıstana və başqa vilayətlərə səfərlər edib, ticarətlə
məşğul olub. Bütün sərvətini təkallahlığı yaymaq yolunda sərf edib, 77 il ömür
sürüb və 392-ci ildə dünyasını dəyişib. Qəbri bizim torpaqdadır, amma onun
adına biri İraqın Mosul vilayətində, 2-cisi Yunanıstanın Afina şəhərində və
3-cüsü Türkiyənin Urfa vilayətində olmaqla, daha üç məbəd də var. Cərcisin
əmisi burada hakimiyyətdə olub. Peyğəmbər Beyləqan torpağına gəldiyi dövrdə əmisi
dünyasını dəyişmişdi, bu yerlərdə Dərziyanə adlı zalım bir şah hökmranlıq
edirmiş. Cərcis peyğəmbər təkallahlığı təbliğ etməyə başlayır və az zaman
içərisində onun gətirdiyi dini qəbul edən insanların sayı 33 min nəfərə
çatır.

Dərziyanə şah Cərcis peyğəmbərin
gəlişindən sonra nüfuzunu itirməyə başlayır. Buna görə də Cəris peyğəmbəri həbs
edib doğratdırır və bir quyuya atdırır. Lakin peyğəmbər Allahın əmri ilə
yenidən dirilib, quyudan çıxır. Bu hadisə düz üç dəfə təkrarlanır. Nəhayət,
dördüncü dəfə doğranılıb quyuya atılan Cərcis peyğəmbər Allahdan onu bir daha
həyata qaytarmamağı xahiş edir. Bundan sonra quyu torpaqla doldurulur və bu
ziyarətgah yaranır.
Dörd dəfə ölüb-dirilən
Cərcis adının farsca "cahar” və "cur” sözlərindən əmələ gəldiyini və "dörd dəfə
ölüb-dirilən” mənasını verdiyini iddia edənlərin məhz yuxarıdakı rəvayətə
əsaslandığı göz qabağındadır. Rəvayətin ərəb mənbələrindən qaynaqlandığı da
şübhəsizdir.Ona erkən yaşlarından sağlığında 28-ə qədər möcüzəni
insanların gözü qarşısında göstərmək kəraməti vermişdir. Belə ki, insanların
gözü qarşısında qurumuş ağaclara can, xəstələrə şəfa vermək və sair kimi
möcüzələr göstərərdi. Cərcis bizim şəhid peyğəmbərimizdir. Daha sonra insanlar
onun ətrafında birləşib, onun basdırıldığı yerin ətrafında dəfn olunublar. Bildiyiniz
kimi, bura həm də qəbiristanlıqdır. Bu qəbiristanlığın tarixi də artıq 17 əsri
keçib”.

Binanın
tikintisində mismardan istifadə olunmayıb
Binanın tarixinə gəlincə
isə, Hacı Mirsəməd ağa deyir ki, əvvəllər binanın üzərində balaca formalarda
kümbəzlər olub və bu tikilillər zəlzələlərdən, müharibələrdən, təbii fəlakətlərdən, baxımsızlıqdan
uçub dağılıb. Nəhayət, bina 1899-1905-ci
illərdə mərhum sifarişçi Hacı Qurban Hacı Nəbi oğlu tərəfindən inşa edilməyə
başlanılıb. O da namaz üstə dünyasını dəyişib.
Onun oğlu Hacı Qulu Hacı Qurban oğlu bu binanı inşa etdirib. Binanın
memarı usta Həsən Təbrizi olub. 6 ilə başa gələn bu bina Azərbaycan milli
ornamentində tikilmiş memarlıq abidəsidir”.
Məlumat üçün bildirək ki,
bu ziyarətgahın kümbəzi sütunsuzdur. Burada heç bir mismardan, taxtadan istifadə
edilməyib. Cərcis peyğəmbərin ziyarətgahı üçün tikilən bina 8 guşəlidir. Bu da
cənnətin qapılarını xatırladır. Ziyarətgahın xuddamı deyir ki, binanın
tikilişində də müəmmalı məqamlar var: "Memar bu binanın kümbəzini tikir, sonda
zənciri asır. Bunu sifariş edən tərəkəmə camaatı ona kömək edənlərdən olub. Sonda
yay vaxtında memar kümbəzdən zənciri asıb bir ay Təbrizə dincəlməyə gedib. Memar
oradaca dünyasını dəyişib. Zəncir o vaxtdan burda müəmmalı şəkildə asılı qalır.
Heç kim bilmir ki, bu zəncir buraya nə üçün asılıb. O vaxt kişilər papaq qoydular,
gördülər zəncir fırlanıb papağı yerə atır, sonra şam qoydular və zəncir şamı
söndürdü. 20 il keçir və xalq arasında belə bir inan yaranır ki, əgər zəncir
atdığın əşyanı götürürsə, duan qəbul olacaq, geri qaytarırsa, bir az səbir
etməyə işarədir. Hər bir memarın özünün
bir sənət əsəri olub. Bu zəncir onun bizlərə qoyub getdiyi bir sualdır. Zəncir
bizə yadigardır, əzizdir. Onu qoruyub saxlamaq və gələcək nəsilə ötürmək bizim
borcumuzdur. Ona toxunmaq olmaz”.

Bəzən xalq bu ziyarətgaha
"Sarı peyğəmbər” də deyir. Bunu də iki cür əsaslandırırlar. Birincisi, bunu
Cərcis peyğəmbərin sarıyanız və uzun adam olması, ikincisi isə ziyarətgahın kümbəzinin
və binanın çöldən sarı rəngdə olması ilə əlaqələndirirlər.
Hacı Mirsəməd ağa
ziyarətgaha gələn vətəndaşların suallarını cavablandırarkən, bəzən xaricilərin
də buraya gəlib Cərcis peyğəmbərin qəbrini ziyarət etdiyini dedi. Onun
sözlərinə görə, Cərcis peyğəmbərin məşhurluğu dünyanın dörd bir yanına yayılıb.
Belə ki, buraya Havay adalarından, Amerikadan, İrandan, Türkiyədən, Rusiyadan,
Dağıstandan, Avropadan və dünyanın bir çox yerlərindən ziyarətə gəlirlər.
Buranı ziyarətə gələn Rauf
Məmmədov deyir ki, o mütəmadi olaraq ildə iki dəfə bu peyğəmbəri ziyarət edir.
Niyyət tutur və Allahdan öz diləyini istəyir. Peyğəmbərin simvolu olan zəncirə
niyyət edib yaylıq atan ziyarətçi bu inancı dəfələrlə sınadığını və hər
dəfəsində niyyət etdiyi arzularının hasil olduğunu deyir.

Orada olduğumuz zaman
Amerikada yaşayan azərbaycanlı Sevinc Səfərova ilə həmsöhbət olduq. Dedi ki, "Zəncirli
pir” kimi tanıdığı ziyarətgaha bir neçə il əvvəl də gəlib: "Mən hər dəfə bu
ziyarətgaha gələndən sonra bir yüngüllük hiss edirəm. Sanki daxilim yenilənir
və mənə güc gəlir. Hər dəfə bu peyğəmbərə yeni arzularla, niyyətlə gəlirəm, amma
diləyimi Allahdan istəyirəm. Sadəcə olaraq, buraya olan inancımdan və dinimizə
bağlılığımdan gəlirəm. Hər nə qədər yaradıcılıq işləri ilə məşğul olsam da,
dinimizə çox bağlıyam və bu peyğəmbərə də inanıram. "Cərcis peyğəmbər” çox
məşhur bir yerdir, inanıram ki, buraya ümid bağlayan heç kimi naümid qoymayıb,
qoymayacaq da”.
Ziyarət etdi: Xəyalə Rəis
