• cümə, 29 Mart, 09:26
  • Baku Bakı 5°C

Zirvənin mənzili birbaşa deyil

22.10.18 15:00 1572
Zirvənin mənzili birbaşa deyil
Əsas qayəsi məyusluq və ruh düşgünlüyünə qələbə çalmağa yardımçı olan şeir xalq şairi Nəriman Həsənzadə üçün həm də səmimiyyət, incə, zərif ruh ürpərtisidi. Məhz bu səmimiyyət və zəriflik aynasında o, qəmin özünü belə gözəllik tacı lalə, hüzurlu piyalə şəklində təqdim edir, ondan məyusluq və ruh düşkünlüyünü yenən qalib döyüşçü obrazı yapır:
Qəm üzündə lalədi,
Saçların şəlalədi.
Qəm də bir piyalədi –
Nuş elə gülə-gülə...
Özgə sevincindən bəxtəvər olmaq, özgə kədərini alıb daşımaq Nəriman şeirinin baş mövzusudu:
O qədər qaş-qabaq gördüm,
baş yerində ayaq gördüm.
Ürəyini mən pak gördüm
üzünü gülər görəndə.
Bir az birtəhər oluram,
bir az xoşxəbər oluram.
Bir az bəxtəvər oluram,
belə bəxtəvər olanda.
Nəriman Həsənzadə bir qayda olaraq bütün ədəbi uğurlarına yüksək hissiyyatının, səmimi lirizm və kövrəkliyinin, intellektual bəsirətinin ənənədən gələn və novatorluqla sonuclanan reallıqları ilə nail olub. Nəriman Həsənzadənin ədəbi-bədii dünyagörüşü "kainatda mövcudluğunun yeganə üslubu onların təfərrüatı ilə bağlıdır” (Bileyk) həqiqətinə tapınıb. O mənada ki, qələmə aldığı bütün mövzuları ilk növbədə ifadə edilməsi mümkünsüz olan bir genişlik, əhatəliliklə ifadə edir. Və bunu uzun-uzadı, yorucu şəkildə yox, çox kiçik, adicə və yaddaqalan ştrixlə verə bilir. N.Həsənzadə poeziyası bütövlükdə zərrədə dəryanı, kainatı ifadə edə bilmək təcrübəsi, faktıdı. Nərimanın döyüşə, vuruşa, qisasa olan çağırışının iç dünyasında belə insanı insan yapan bir xeyirxahlıq, səmimiyyət, barış nöqtəsi var. İnsan xoşbəxtliyinin, əmin-amanlığın tərənnümü onun yaradıcılığında lap ilkdən, başdan gəlir:
Mənim həyatımın nə mənası var,
Sizin üzünüzdə gülüş olmasa.
Babamın yadigar bir duası var:
Səngər nəyə gərək döyüş olmasa.
Nəriman Həsənzadə poeziyasının başlıca özəlliyi və gözəlliyi ondadır ki, bu poeziya hər bir halıyla insan qəlbinin, düşüncəsinin və əməllərinin motivlərini aydın təsəvvür etməklə yanaşı, ilk növbədə Xeyrin və Yaxşının dostu, sirr yeri, məsləhətçisi ola bilir.
Dünyaşöhrətli yazıçı Ernest Heminquey "Yazıçılıq işi haqqında” essesində bəyan edirdi ki, mən hər şeyə görə yalnız özünə borcluluğun ədəbiyyatda ən parlaq nümunəsiyəm...
Bu fikri haradasa bütövlükdə Nəriman Həsənzadə ömürlüyünün, sənət yolunun etirafı kimi də qəbul etmək olar. Eyni zamanda bəlli bir həqiqətdir ki, bu parlaq özünəborcululuq həqiqətini həm də bənzərsiz istedad reallığı şərtləndirir. N.Həsənzadə o xoşbəxt, bəxtli şairlərdəndi ki, onun sənət yolunu yenilməz inadkarlıq, ardıcıl sənət axtarışları və ilk növbədə parlaq istedad qoşa qanad kimi daim irəli, yüksəkliyə götürüb.
Akademik Nizami Cəfərov haqlıdı: "Nəriman Həsənzadə hissiyyatlı, həzin və kövrək notlar üzərində söz deməyi bacaran emosiyalı şairdir. Onun xarakterindəki, davranışındakı nəzakət, diqqət, kövrəklik və səmimiyyət bütövlükdə yaradıcılığının canına, qanına hopub”.
Dəqiq müşahidədi ki, bir söz, sənət adamı kimi Nəriman Həsənzadənin sevgisi, məhəbbəti, cəmiyyətə olan münasibəti müasir dünyamızın bitkin, müdrik dastanıdır. Eyni zamanda Nizami Cəfərovun bu poetik baxışı həqiqətin ən böyüyünü, gözəlini ifadə edir: "Kim sevgidə hörmətli olmaq istəyirsə Nəriman Həsənzadənin şeirlərinə üz tutsun”. Yəni bu şeirlərin təlqin etdiyi mənəvi ucalığa, sevmək, sevə bilmək istedadına hesablansın. Arınıb-durulsun. Bütövləşsin və bülövləşsin..”
. Nəriman Həsənzadə poeziyasının "Sən fikir eləmə, gözəldir həyat” həqiqəti, "ölsəm, ayağın altda, orda da torpağam fikir eləmə, orda da dayağam, fikir eləmə” təskinliyi var. Nəriman Həsənzadə poeziyasının "gəl görüm, gəl görüm, gəl görüm səni” intizarı, nigaranlığı, "gəldin öz evinə xatirələrlə” bitkinliyi var. Eyni zamanda bu poeziya qayğı, könüldaşlıq qaynağı, böyüklük mənbəyidir:
Yenə Zaqatala, güllər diyarı,
Çəməni mən gəzim, bulağa sən düş.
Bayaq bir gözəlin susdu nəğməsi,
O səsə mən gedim, sorağa sən düş.
...Dünya dedikləri bu qədim saray,
dostun süfrəsilə bəzəndi bu yay.
Yaş ötür, Nəriman, haray, ay haray,
Dostu başa keçir, ayağa sən düş.
Nəriman Həsənzadə hər yaşda duyğulu bir uşaqlıq dünyası olan şairdi. Bu dünya bir sirdir, özü də bir sirr, əsir etdiyinə özü də əsir. Onun poeziyasında Vaqif şuxluğu, Vidadi kövrəkliyi, Səməd Vurğun şahanəliyi bir arada, vəhdətdədir. Və bu vəhdətin, bütövlüyün hikmətilə yazır ki:
Gedirəm, illərə sorağım düşür,
İnsan öz-özündən ayrılır demək.
Yuxarı baxıram – papağım düşür,
Aşağı baxıram – gözümdən eynək.
Tam bir həyat fəlsəfəsi, müdrik müşahidənin poetik təsdiqidi. Cild-cild kitabın mətləbidi bu dörd misrada ifadə edilən fikir; "zirvənin mənzili birbaşa deyil, dağ mənə söykənir, mən dağa hərdən” həqiqətilə bir arada. Eyni zamanda məntiqli, poetik həqiqəti ilə unudulmazdı bu sətirlər:
Zirvəyə qalxıram dolama yolla,
bu yol həqiqətdi, tamaşa deyil.
Qalxıram tədbirlər, hisslə, ağılla,
Zirvənin mənzili birbaşa deyil.
Birbaşa olmayan sənət yolunda inamla keçibdi hər çətinliyi. Belə ucalıbdı Nəriman müəllim. Özünün yazdığı kimi:
Bir insan ömrünü girov qoyubdu,
Bir şair ömrünü yaşamaq üçün.
Gülayə
banner

Oxşar Xəbərlər