• cümə, 19 Aprel, 00:14
  • Baku Bakı 18°C

ÜZGÜN ÖMRÜN BAYATI YAĞMURU

01.12.18 14:00 1041
ÜZGÜN ÖMRÜN BAYATI YAĞMURU
Onu haqqında fikirləşəndə həmişə bəxtəvər uşaqlığım yadıma düşür. Rəhilə Şahbuz rayonunun Nurs, mən də Sisyanın Urud kəndində məktəbli həyatımızı yaşayardıq. Gec-gec görüşürdük, amma müntəzəm məktublaşardıq. Anası Zəhra - böyük bacım dünyasını çox tez dəyişmişdi. Atası İbrahim müəllim bibim oğlu idi. İkimizin də qibləsi Məmməd İbrahim (sonradan Məmməd Araz-F.X.) olduğundan bütün söz-söhbətimizin sarı simi onun şeirləri olardı. Rəhilə məndən bir-neçə yaş böyük idi, bəlkə də bu səbəbdən mənim xalalıq missiyam arxa plana keçmişdi. Biz bir-birimizdən ötrü dəli-divanə idik. Demək olar ki, hər gün bir-birimizə məktub yazırdıq. Yadımdadır ki, 1988-ci ildə ermənilər bizim kəndin sakinlərini Naxçıvan tərəfdə qarın içinə tökəndə, anam qoynunda məhz o məktubları və mənim uşaq ikən yazdığım gündəlikləri və bir də evimizin açarını gətirmişdi…
O, bir müddət Bakıda, əmisigildə yaşadı. Məmməd Araz onun üçün həyatın özü və yaşamaq səbəbi idi. Bu məhəbbətin mehvərində təbii ki, qürur və fəxarətli duyğuların öz yeri var idi. Heç unutmuram ki, Rəhilə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olanda mən necə sevinirdim, uçmağa qanadım yox idi. Vaxt yetişdi, Bakıya gəldim, sənədlərimi həmin ali məktəbin jurnalistika fakültəsinə verdim. O zaman qəbul imtahanları uzun çəkirdi. Təqribən bir ay ərzində 4 imtahan verirdik. Rəhilə həyəcanla nəticəni - müsabiqəni gözlədi. Çox fikir etdiyimi duyduğundan, məni tək qoymazdı. Danışardıq, gülərdik, mənə şəhərin görməli yerlərini göstərərdi. Qəbul olduğumu eşidən də isə… O sevinci ifadə etməyə acizəm.
Rəhilə ali məktəbi bitirdikdən sonra Naxçıvanda müxtəlif məsul vəzifələrdə çalışdı, ailə qurdu ( toyu da indiki kimi yadımdadır). İki qız övladının hər cür sevincini yaşadı, dünyaya sevimli nəvələri gəldi. Bütün bu ömür naxışlarının əlvan rəngləri isə sözə-poeziyaya əbədi bağlılığı oldu. Amma həyatı bəd "bəxşiş”lərdən də əskik olmadı. Neçə əzizinin qəfil ölümü onsuz da nisgilli ürəyini tarı-mar etdi. Qardaşı-nakam Elçinin adını özünə təxəllüs seçərək təskinlik tapmağa çalışdı. Beləliklə də, qəm gölündə qərib bir adaya döndü. Əslində Rəhilə Elçin həyatın bütün acılıqları, sınaqları qarşısında zərif çiyinlərinə götürdüyü ağırlıqlara sinə gərməyi, əyilməməyi, məğrurluğu, başını dik tutmağı bacardı, amma əmisi Məmməd Arazın bir etirafı onun da həyat və yaradıcılıq devizi oldu: "Anadan, bacıdan gizlətdiyimi, qələmdan kağızdan gizlətməmişəm”.
Rəhilə Elçin müxtəlif kitabların müəllifidir. Bu sırada şeirlər, məqalələr, xatirələr, qəzəllər, poemalar toplusu var. Sözlərinə neçə-neçə tanınmış bəstəkarımız tərəfindən musiqi yazılıb. Məşhur ifaçılarımızın repertuarlarında xüsusi yer tutan bu mahnıların mövzusu əsasən vətən, torpaq, millət yolunda canını qurban vermiş mərdlərimizin qəhrəmanlığıdır. Yəni Rəhilə Elçinin yaradıcılığına müxtəlif bucaqlardan nəzər salmaq və yazmaq mümkündür. Amma mən istədim ki, bu üzgün ömrün, dünyamızı tez və qəfil tərk etmiş Rəhiləmizin bayatılarından söz açam. Özünün bir sözü vardı ki, dolmuş buludam, amma yağa bilmirəm. Bu günlərdə - həyata "əlvida” dediyi günün birilliyində bayatılarını nisgilli bir ovqatla oxudum və anladım ki, ömründən dəhşətli bir bayatı yağmuru keçib. Bu dərdli, qəmli, bəzən gilavar, bəzən də xəzrini xatırladan rüzgarların ahəngində həm pıçıltı, həm də haray var. Bayatı yazmaq poema yazmaqdan çox çətindir. Məqsədini, amalını, məlalını cəmi dörd misrada ifadə etmək müəllifindən istedad və ustalıq tələb edir. Ömrünü üzən bir etibarsıza ünvanladığı etirafdan ürəyim od aldı: "Əlin özgə əlində, dərdlərin mənə qaldı!” Açıq deyim ki, vəfasızlığın hər üzü Rəhilə Elcinin həyatını daban-dabana izləyib. Aldığı bu mənəvi zərbələrsə, onun cavan ömrünü ara vermədən mişarladı. Dərdlərini nə qədər içinə çəksə də, taleyində əsən rüzgarlar bayatılara çevrilib bizə nişanə qaldı:
Bu dərdin əlaçı nə,
Həbi nə, ilacı nə?
Çəkilməz bu dərdləri,
Çəkirəm, əlacı nə?
Rəhilə illər boyu gözləmədiyi dərdləri çəkə-çəkə gəzəri bir dərdə çevrilmişdi. Ağrıları üzməyə can atırdı, "can”, "qurban olum” sözləri dilindən düşməzdi. Hərdən də kimsə eşitməsin deyə, kağızla-qələmlə bağrıbadaşlıq edərdi: "Bu fələyin əlindən özümə gələmmədim”. Bu səbəbdən də əlindəki qələmi, başını əydiyi kağızı qəlbinin xiffətinə bürünmüş sözü-kəlamı ağlatdı:
Yaram qan verib ağlar,
Könlüm can verib ağlar,
Tab edəmməz dərdimə,
Duysa sır-sıra dağlar.
Ürəyi gül kimiydi, tez küsər, tez inciyər, tez bağışlar, tez də barışardı. Ürəyi o qədər yumşaq, qəlbi elə geniş idi ki , hamıya əl tutmağı, yaxşılıq etməyi sevərdi. Bəzən də umduğu dağlar başına qar ələyəndə heç kimi qınamazdı. Eləcə, öz-özünə fikirləşərdi : "Qəniməm özüm mənə”. Qəribə etirafdır. Çəkdiyi əziyyətlərin, aldığı zərbələrin, üzləşdiyi xəyanətlərin önündə kimsənin bostanına daş atmazdı. Yadıma şair Məmməd Aslanın bir deyimi düşdü: "Mən ona bal verdim, o mənə zəhər, neyləsin, fağırın olanı buymuş”. İnandığının etibarsızlığını görəndə də, günahı özündə axtarırdı. Verdiyi sualların cavabı tapılmasa da, qınağının ünvanı öz bəxti idi:
Əzizim, bəxtim belə,
Yıxıldı bəxtim, belə,
Bilməzdim qənim çıxar,
Mənə öz bəxtim belə.
Rəhilə Elçinin 2013-cü ildə çap olunmuş "Bayatılar” kitabından əvvəl də , sonra da xeyli nəşrləri oxuculara təqdim edilib. Əvvəldə dediyim kimi, hər birinin də öz məramı və ədəbi prosesdə öz yeri var. Amma məhz bu kitab Rəhiləmizin mənəvi portretidir. Həqiqətən də söz insanın içinin ətridir. Bu bayatılar onun daxili aləminin, ovqatının sözlə çəkilmiş şəkilidir. Bəzən deyirlər ki, Rəhilə çox qəmli şeirlər yazırdı. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin sözüdür ki, şeir haray yox, pıçıltıdır. Məmməd Araz da söyləyirdi: "Kövrəklik olmayan yerdə heyrət, heyrət olmayan yerdə isə kəşf yoxdur”. Rəhilənin öz fikri də bəzi mətləblərə aydınlıq gətirir: "Gözlərim qəm istəmir, kirpiyim nəm istəmir...” Amma neyləsin ki, həyatın təzadları onu qəmlərin bəstəsi, dərdlərin dəstəsi etdi:
Bu sevdam mənim sevdam,
Hər anı qəmim sevdam,
Səni mənə yetirmir,
Bəxtimdə kəmim sevdam.
Körpəliyindən ömrünün sonuna kimi anasızlığın ağrı-acılarında qovruldu. Özündən kiçik bacı-qardaşlarına analıq etdi. Həmişə də narahat idi "İnanmıram yarıya, qismətdə anasızlar”. Bəzən də qəmin özündə bir təsəlli, ümid axtarardı:
"Gah əlimdən yapışar, gah da yıxar qəm məni”. Hərəsi bir biçimdə olan dərdlərin içindən sıyrılaraq namərdlərə meydan oxumağı, təskinlik tapmağı da olardı:
Əziziyəm, dərdim çox,
Nisgilim çox, dərdim çox,
Çəkmə namərd dərdini,
Bu dünyanın mərdi çox.
Mənim sevimli Rəhiləm, heç bilmirəm ki, sənsizliyimizin bu bir ili nə tez yetişdi. İndi yana-yana təəssüf edirəm ki, sağlığında yaradıcılığınla bağlı heç nə yazmadım. Yaxşı ki, Atatürk Mərkəzində səninlə bağlı keçirilən bir tədbirdə danışmaq imkanım oldu. Sonralar deyirdin ki, o tədbirdə məni ən çox sən kövrəltdin. Eh, çıraq öz dibinə nə vaxt işıq salıb ki... Birdə həmişə o qədər təvazökar olmuşuq ki... Biz yazmağa, yaratmağa üstünlük vermişik, bir-birimizi tərifləməyə yox, amma indi sənsizlik məni elə sızlatdı ki, yazmasam özümü bağışlamaram. Sənin yoxluğun bacın Sevili ( O da gözəl şairdir -F.X.), gül balaların Səmanı, Röyanı, kürəkənlərini, sevimli nəvələrini-səni sevənləri bir bilsən necə sarsıdıb. Bu bir ildə bircə saat da sənsiz olmadılar. Sözlərinin əvvəli də sənsən, sonu da... Məzarını gülüstana çeviriblər. Tez-tez ziyarətində olurlar. Hələ də toxtaya bilmirlər. Bir söhbətimiz yadıma düşür. Deyirdin ki, dünyanın faniliyini çoxu anlamır. Anlasaydılar, dünya pislikdən, xəyanətdən qurtulmuş olardı.
Beləcə, yazılı söhbətimi elə sənin bayatılarınla sona yetirirəm. Ruhun şad olsun!
Balalar fidan qaldı,
Oduna yanan qaldı,
Mələk tək uçub getdin,
Bizlərə qalan qaldı...
Dağ boyda dağım mənim,
Bayatım, ağım mənim,
Sən mələksən, ölməzsən,
Həmişə sağım mənim.

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist







banner

Oxşar Xəbərlər